Aşağıda Mövlana Ruminin altı cildlik fəlsəfi-didaktik mənzum hekayələr toplusu, dünya şöhrətli "Məsnəvi" əsərindən seçdiyimiz bir neçə hekayənin tərcüməsini təqdim edirik. Mənzum hekayələrində Ruminin misranın poetik deyimi üzərində çox da durmadığını nəzərə alıb hekayələri nəsrə çevirdik. Tərcümə zamanı "Məsnəvi"nin rusca nəşrindən yararlanmışıq. Hekayələrə ad qoymaqda sərbəstliyimiz onların fəlsəfi mahiyyətinə güzgü tutmaq məqsədi güdüb.
Fəxri Uğurlu
Süleyman peyğəmbər, ağcaqanad, bir də külək
Bir gün ağcaqanad Süleyman peyğəmbərin yanına şikayətə gəldi:
- Ya peyğəmbər, sənin ədalətin göylərə səs salıb. Şeytan da, mələklər də, insanlar da səndən razıdılar. Sənin ədalətin sayəsində cücülər də, heyvanlar da xoşbəxt yaşayırlar. Biz ağcaqanadları da zəifliyimizə bağışla, bizə kömək ol. Dünyada hər varlıq bizdən güclü, bizdən qəddardı. Sən öz ədalətinlə tanındığın kimi biz də öz cılızlığımızla məşhuruq...
- Bir de görüm, axı nə olub, ey Allahın heyvanı, - Süleyman peyğəmbər onun sözünü kəsdi, - nədən şikayətə gəlmisən, kim səni incidib? Hamıya bəllidi ki, mən taxta oturduğum gündən səltənətdə haqq-ədalət yerini alıb, şərə qulluq eləyənlər öz peşələrini dəyişiblər!
- Ya peyğəmbər, mənim şikayətim küləkdəndi, - ağcaqanad dedi, - külək bizi yaşamağa qoymur. Onun əlindən bilmirik hansı küncdə-bucaqda daldalanaq. Əmr elə, külək bizi bir də incitməsin!
Süleyman padşah dedi:
- Allahın buyruğuna görə, günahkar özü burda olmasa, hökm verə bilmərəm. Gərək onu da dinləyəm.
Bunu deyib Süleyman peyğəmbər küləyi çağırdı. Külək gələr-gəlməz ağcaqanad gözdən itdi.
- Hara getdin, - Süleyman padşah ağcaqanadı çağırdı, - mən ki, hökm verməmişəm!..
Ağcaqanad dızıldandı:
- Mən bədbəxt küləkdən daha çox qorxuram, nəinki məhkəmədən.
Ola bilsin, bizi də belə bir gün gözləyir. Ədalət məhkəməsinə susayan adamlar Allahın hənirini duyar-duymaz bir də görəcəksən gözdən itdilər...
Mükafatı verən kimdi?
Bir şair şaha yazdığı mədhiyyəni şahın hüzurunda oxumaq üçün saraya getdi. Şah şairə xəzinədən min dinar mükafat verdi. Vəzir dedi:
- Şah sağ olsun, bu cür sayğı-sevginin müqabilində bu az deyilmi? Bu mükafatın dəyərini on qat artırsan, daha yaxşı olmazmı?
Xəzinə dolu olsa da, o qədər qızıla şah qıymırdı. Buna baxmayaraq üzə düşüb razılaşdı. Şair on min dinarı qoltuğuna vurub sevinə-sevinə getdi. Üstəlik, gözəl nitqinə görə çiyninə əba da saldılar...
Yolda şair elə hey vəzirin ömrünə dua oxuyurdu. Hərdənbir şaha da Allahdan kömək diləyirdi.
Günahkarın ömrünə dua oxuyan
Bir molla həmişə pis adamların ömrünə dua oxuyurdu. Minbərə çıxan kimi deyirdi:
- Mən bir vaxtlar onlardan çox böyük xeyir görmüşəm. Əvvəllər özüm də şər işlərlə məşğuldum. Heç bir möminin öyüd-nəsihəti məni günahlarımdan ayıra bilmirdi. Yalnız günahkarların iyrənc əməlləri məni haqqın yoluna qaytardı. Ona görə də indi mənə yaxşılıq eləyən adamların ömrünə dua oxuyuram...
Dostlar, çox vaxt düşmən əməli mənə sizin xeyirxahlığınızdan daha çox fayda verir!
Əjdaha
Bir gün ilantutan dağlara ova çıxdı. Yenicə axtarmağa başlamışdı ki, bərk qar yağdı. Kor-peşman qayıdanda yamacda bir əjdaha ölüsü gördü. İlantutan çox sevincək oldu, indi o, quşbeyin adamları əvvəlkindən də artıq heyrətləndirəcəkdi. Əjdahanı qarın içiylə sürüyə-sürüyə Bağdada yendirdi. Heyvanın cəmdəyi lap saray sütununa oxşayırdı...
Ancaq əjdaha sağıydı, eləcə soyuqdan donmuş, bərkiyib keyimişdi. İlantutan Bağdada çatan kimi hər yana səs yayıldı, camaat möcüzəyə baxmaq üçün meydana axışdı. Hamı ilantutanın igidliyinə heyran qaldı. İlantutanın bazarı yaxşı gətirmişdi, ağıllı-dəli şəhərdə hamını başına yığmışdı. Günəş isə yavaş-yavaş qalxırdı. Buludlar dağılırdı, əjdahanın donu açılırdı. Sonra əjdaha yavaş-yavaş tərpənməyə başladı. Meydanda bir məhşər qopdu ki, gəl görəsən... Camaat hay-küylə, vay-şivənlə meydandan qaçmağa üz qoydu. Qaça bilməyən ayaq altında qaldı. İlantutan qəfil canavara ürcah gələn quzu kimi quruyub qalmışdı...
Əjdaha əvvəlcə ilantutanı uddu. Sonra da qabağına çıxanları bir-bir boğazından keçirdi...
Buz bağlamış ehtirasını isitməyə can atma. Nə qədər ki ehtirasın əjdaha kimi oyanmayıb, ömrün peşmançılıq yükü altında ağrımayacaq.
Ördəklərin cənnəti
Bir gün Şahin ördəklərə dedi:
- Ay yazıqlar, sizin ki qanadlarınız var!.. Nə görmüsüz bu bulanıq gölməçədə? Nədən uçub getmirsiz? Ucsuz-bucaqsız çölləri, sonsuz göyləri özünüzə niyə çox görürsüz?!
- Sən gəl bizi başdan çıxarma, - ördəklər dedilər, - bu su bizim qalamız, bu gölməçə cənnətimizdi. Sənin göylərindən bizə vətən olmaz, hər qanadlı quş sənin kimi uça bilməz. Tale səni göylərə bağışlayıb, bizi sulara.
"Mən", "Sən", bir də ikimiz
Biri işıqlaşanda dostunun qapısını döydü.
- Kimsən, ay gələn? - qapının o üzündən dostu soruşdu.
- Mənəm, - bayırdakı dedi.
- Yeri, sənnən danışmağa macalım yoxdu!
Ev yiyəsi dostunun üzünə qapı açıb onu salamlamaq istəmirdi:
- Mən kamilliyə çatmayanlarla dostluq eləmək istəmirəm. Uzun-uzun yolları tutub uzaq mənzillərə çatarsan, böyük işlər görüb yetişəndən sonra gəlib qapımı döyərsən. Haydı, üz tut uzaq ellərə, ayrılıq odunda öz "mən"ini yandır!
Kədərlə, həyəcanla qapıdan qayıtdı. Yol boyu sıxıntı məngənəsində, ayrılıq odunda öz bədənini əritdi. Və beş ildən sonra yenidən qayıdıb dostunun qapısını döydü. Sevgisində qovrula-qovrula, günahlarında boğula-boğula əlini uzadıb ürkək-ürkək qapı halqasını çəkdi. Ev yiyəsinin səsi gəldi:
- Kimsən, ay gələn?
- Sənin dostundu, özündən ayrılıb sən olan dostun!
Ev yiyəsi qonağı xoş üzlə qarşıladı.
- Bir dam altında iki "mən"ə yer yoxdu. İndi artıq bizim varlığımız ayrılmazdı, indi "sənin"lə "mənim" arasında fərq qalmayıb. Allah şahiddi ki, biz bu gündən tikanla gül kimi bənzərsiz olmayacağıq.
Axmağın ölümdən qaçması
Bir axmaq bir səhər Süleyman peyğəmbərin qapısını kəsdirdi.
- Nə istəyirsən, ay Allahın bədbəxti? - peyğəmbər soruşdu.
- Bu gecə Əzrayıl başımın üstünü kəsdirmişdi, - axmaq dedi, - düz gözümün içinə baxırdı!
- De görüm, məndən nə umursan?
- Ey böyük padşah, əmr et küləyə məni götürüb Hindistana aparsın ki, Əzrayılın gözündən yayına bilim!
Süleyman padşahın əmriylə külək axmağı qanadına alıb bir göz qırpımında Hindistana apardı.
Tezliklə Süleyman padşah bir yerdə Əzrayıla rast gəlib soruşdu:
- Ey allahın buyruqçusu, o bədbəxti evindən-ailəsindən ayırıb qərib çöllərə salmaq üçünmü gözünün içinə baxmışdın?
Ölüm mələyi dedi:
- Allah mənə o axmağın ruhunu Hindistan çöllərindən götürüb cəhənnəmə atmağı buyurmuşdu. Mən də günahkarın burda olduğunu görüb mat qalmışdım. Ancaq o, bir göz qırpımında oralara uçdu və mən də Allahın əmrini yerinə yetirdim. Həm də əmri yerinə yetirmək üçün düz-dünyanı dolandım.
Kaş biz də hara qaçdığımızı, kimdən qaçdığımızı bir düşünəydik. Özümüzdən qaçmağa gücümüz yetməz. Tanrıdan qaçmaq ehtimalı isə bundan da azdı.
Güclü olmaq qorxusu
Bir quldur ölkəyə göz verib işıq vermirdi. Günün günorta çağı dəmir libas geyinib camaatın gözü qabağında at oynadırdı. Günlərin birində bir oxatan qəfil bununla rastlaşdı. Nişançı qorxusundan cəld oxu yaya qoyub hazıryaraq durdu. Atlı quldur yalvarmağa başladı:
- Amanın bir günüdü, nişançı, vurma məni! Gövdəmin iriliyinə baxma. Gücsüzəm, gücsüzlüyümə bağışla! Bir quş məndən ürəklidi, inan!
- Neynək, - atıcı dedi, - allahına şükür elə ki, səni qorxudan atmadım. Əgər belə zəifsənsə, nahaq pəhləvan donuna girmisən. Belə cildə girməklə sən hər kəsdən irəli özün üçün qorxu yaratmısan.
Yanğın
Xəlifə Ömərin vaxtında bir şəhərdə böyük yanğın oldu. Alovun dilləri daş-divarı əridə-əridə şəhəri bürümüşdü, quşlar da yuvasından didərgin düşmüşdü. Sular da odun qorxusundan içinə çəkilmişdi. Alov yorulmaq nədi bilmirdi. Allahın mədənindən od alırdı elə bil. Ağsaqqallar yığışıb Ömərin yanına getdilər, tədbir dilədilər. Xəlifə dedi:
- Yanğın çox güclüdü, çünki sizin xəsisliyinizdən od alıb. Qapılarınızı açın, yoxsullara çörək verin, bəlkə Tanrı səsinizi eşidə.
Şəhərlilər dedilər:
- Bizim qapımız həmişə onların üzünə açıq olub.
- Çörək vermisiz, buna sözüm yox, - dedi xəlifə, - ancaq qürurunuzu, lovğalığınızı yenə bilməmisiz. Siz yoxsullara çörəyi onları yedirtmək üçün yox, öz qürurunuzu doyurmaq üçün vermisiz!