Xoşqədəmə gözüyaşlı qadınlar lazımdır

Xoşqədəm Hidayətqızı, aparıcı

Xoşqədəm Hidayətqızı, aparıcı

13 dekabr 2021
# 15:24

Ötən gün feysbukda qabağıma bir video çıxdı. Xoşqədəm xanım yenə kimisə qabağına qoyub qışqıra-qışqıra danlayırdı. Şeytan məni dürtmələdi, dedim əsəbləşsəm də baxacam görüm yenə nə hoqqa verir bu xanım.

Demək, 26 yaşlı bir ana üç uşağını studiyaya gətirib ki, mən bu uşaqlara baxa bilmirəm, sizə təhvil verirəm, verin sığınacağa, ya da neyləyirsiz eləyin.

Altı, beş və dörd yaşında üç uşaq ağlaşa-ağlaşa qarışıblar bir-birinə. Ana da bir tərəfdə ağlayır.

Xoşqədəm xanım isə cani-dildən sarılıb şousuna. Gah qızın üstünə qışqırır “mikrofonu yaxın tut, ucadan danış”, gah icra məmurlarına “söz soxur” öz aləmində.

Studiyada ekspert qismində oturanlar da düşüblər qadının üstünə. Biri deyir, baxa bilmirdinsə, niyə doğurdun, biri deyir səni bura kim göndərib, bir vəkil də qışqırır ki, sizin evdə bir parça çörək yoxdu ki, bölüb bu uşaqlara da verəsiniz?

Allah haqqı, bir əlini havada yellədir, o birini də yellənən əlinə döyəcləyərək guya çörəyin miqdarını göstərir.

Verilişi hissə-hissə yutubdan tapıb baxsam da bu “çoxbilən” ekspertlərin kim olduğunu müəyyənləşdirə bilmədim. Təkcə psixoloq Elmir Əkbəri tanıdım.

Allah qoymasa, guya psixoloq olan bu bəy əfəndi səsini atıb başına qızın anasına necə bağırır, gəl görəsən. Eynəkli, orta yaşlı bir qadın ekspert də qışqırır ki, ay qızım, bu dəqiqə ölkədə sənin günündə nə qədər qadın var, heç bilirsən?

Bu cümlə ilə guya ağıllı bir qınaq edən xanım ekspert əslində, necə ciddi, vahiməli bir məqama toxunduğunun fərqində deyil, böyük ehtimal.

Burda bir balaca haşiyəyə çıxım, sonra mətləbə qayıdacam.

Bu ilin yayından bəri xəbərlərdə qarşıma bir neçə dəfə atılmış uşaqlar haqda materiallar çıxıb. Məsələn, 2021-ci ilin iyulunda Gəncədə gecəyarısı post patrul xidmətinə yaxınlaşan bir kişi onlara 5-6 aylıq körpə oğlan uşağı təhvil verir ki, guya uşağı yoldan tapıb. Axtarış zamanı məlum olur ki, atılmış uşağın atası elə onu polisə verən kişi imiş.

Avqust ayında Sumqayıtda zibil qutusundan atılmış yenidoğulmuş körpə qız uşağı tapılıb.

Avqust ayında Ucarda köhnə idarələrdən birinin qabağında atılmış körpə oğlan uşağı tapılıb.

Elə bu yaxınlarda Nəsimi rayonunda yaşayış binalarının birinin önündə yenə atılmış körpə qız uşağı tapılıb.

Yaydan bəri xəbəri çıxan dörd atılmış körpə.

Dəhşətli deyil?

Ümumiyyətlə, hər il xəstəxanalara ən azı 50 atılmış körpə daxil olur. Hələ böyük yaşlarda ailələr tərəfindən sığınacaqlara verilən uşaqların statistikasından xəbərim yoxdur.

Uşaqların atılması bütün dünyada baş verir. Hər il yerüzündə təqribən 22000 uşaqdan imtina edilir. On il öncə atılmış körpələr soyuqdan və acından ölməsin deyə bir çox Avropa ölkələrində “körpə qutuları” istifadəyə verilib. Uşağından imtina edən analar müxtəlif yerlərdə quraşdırılmış bu qutulara yaxınlaşaraq uşaqları ora qoyurlar. Otuz saniyə düşünmək haqqınız var. Otuz saniyə ərzində uşağı götürməsəniz qutunun qapağı bağlanır və uşaq qida və istiliklə təchiz edilmiş xüsusi sistemə daxil olur. Xəstəxanaya siqnal gedir və uşaq xilas olur.

İki həftə ərzində xəstəxanaya yaxınlaşıb uşağın valideyni olduğunuzu təsdiq edən testdən keçərək uşağı geri ala bilirsiniz. İki həftədən sonra uşaq sığınacaqlara təhvil verilir. Düzü, iki həftəni orta rəqəm kimi yazıram, çünki hər ölkədə bu müddət fərqlidir.

Bu gün Hindistan körpə qutularını çatdıra bilmir. O qədər atılmış uşaq var ki, bu qutular bəs etmir.

Bunu sadəcə məlumat kimi oxumaq belə adamın tüklərini biz-biz edir.

Insanlar uşaqlarından niyə imtina edir? Ya yoxsulluq üzündən ona baxa bilmir, məcbur qalır, ya da nikahdan kənar doğduğu üçün cəmiyyətin, ətrafın və ailəsinin qorxusundan ondan imtina etməli olur.

Yuxarıda haqqında danışdığımız 26 yaşlı qadın yoxsulluq üzündən uşaqlarından imtina edir. Nikah bağlamadan ərə getdiyi kişi öz uşaqlarına baxmayıb, onlara işgəncə verib, qadın ayrılmağa məcbur olub və ata-anasının yanına köçüb. Ata-ana xəstədir işləyə bilmir, qızın özü savadı, ali təhsili yoxdur, işləmir. Qalmağa ev belə yoxdur. Kirayədə yaşayan ata-anasına üç uşaqla birgə yükdür. Və çıxış yolunu uşaqlardan imtina etməkdə görür. O qədər cahil və savadsızdır ki, atadan aliment ala bilmək üçün keçiləcək prosedurları belə anlamır.

Bu qızı qoyublar qabaqlarına, o qışqırır üstünə, bu qışqırır.

Əvvəlcə o kim olduğunu müəyyən edə bilmədiyim vəkil üçün demək istərdim ki, əl-qolunuzu yellədə-yellədə qışqırırsınızee, bir belə çörək yoxdu indi sizin evdə bu uşaqlara yedirdəsən?- hörmətli ekspert, bu pafoslu qışqırığı kənara qoyub azca düşünsəniz, bəlkə sizə çatar ki, uşaq böyütmək ona bir tikə çörək tapıb vermək deyil. Özü də üç uşaq. Bu dəqiqə evinə gündəlik iki çörək almağa imkanı çatmayan insanlar vare, siz hansı dünyada yaşayırsınız?

Bu uşağın geyimi var, müalicəsi var, təhsili var, əyləncəsi var, yeyib-içməyi var, gəzməyi var.

Deyirsiniz ki, iş axtarmamısan, iş tapıb işləmirsən, çıxıb burda timsah göz yaşları axıdırsan. Hələ nitqini hansısa dahinin sözləri ilə bəzəyir - “qadının göz yaşları onun ən güclü silahıdır”.

Utanmırsınız heç?

Heç bir xüsusi bacarığı olmayan, təhsili olmayan o qadın nə iş tapa bilər? – uzağı qabyuyan, ofisiant və ya satıcı, xadimə. Bu işlər üçün də maksimum əmək haqqı 400 manat, heç bəlkə o qədər də deyil. 400 manatla həm kirayədə qalsın, həm kommunal xərclər ödəsin, həm uşaqları bağçaya qoysun, həm də dolansın? Necə də, necə?

“Bu ölkədə sənin günündə nə qədər qadın var, heç bilirsənmi?” sualını verən ekspert xalaya da demək istərdim ki, xalası, gözəl dediniz, əla dediniz, amma, burda durub belə haray-həşirlə bu qızın üstünə qışqırmaqdansa, niyə prezervativlər, doğum kontrol həbləri və ya spirallar haqda danışa bilmirsiniz?

Yoxsul, savadsız, təhsilsiz, dünya görüşü olmayan qızlar on yeddi ,on səkkiz yaşında ya zəlzələdən, ya vəlvələdən ailə qururlar, bir ucdan doğub tökürlər, abort cinayətdi, spiral qoydurmaq xərcdi, prezervativin adını çəkmək ayıbdır, amma uşaqları doğub küçələrə atmaq, sığınacaqlara vermək xub?

Ya da elə bir ucdan doğub-töküb bir qarnı ac, bir qarnı tox, onun-bunun köhnəsiylə, yoxsulluq içində, canını dişinə taxıb böyütməlidir qadın?

Ümumiyyətlə, niyə doğulmuş körpənin bütün məsuliyyəti ananın üzərinə yıxılır?

Ekrana çıxıb kömək istəyən o qadını alçaltmağa, onu məsxərəyə qoyub, üstünə qışqırmağa, qınamağa nə haqqınız var?

Psixoloq Elmir Əkbərə heç bir sözüm yoxdur. O cür reaksiya verən, qışqıran, orta statistik qeybətcil qadın tərzində danışan bir psixoloqa deyə biləcəyim bircə kəlimə də yoxdur.

Xoşqədəm xanım əgər bu qadınların, uşaqların taleyindən bu qədər narahatdırsa, verilişlərindən bircə dənəsini prezervativlərə, spirallara həsr etsin. Təcrübəsiz, xəbərsiz qadınları maarifləndirsin. Peşəkar həkimləri dəvət eləsin. Bu məhsullar haqda, istifadə qaydaları haqda əhaliyə məlumat versin. Bəlkə ekranda bu sözü eşidən insanlar aptekə girib rahatlıqla prezervativ ala biləcəklər, aptekçi qadınların, oğlanların gözləri bərəlməyəcək prezervativ istəyən qadın görəndə.

Bunu edə bilərmi Xoşqədəm xanım? Inanmıram. Çünki ona şou üçün üstünə qışqırmağa çarəsiz və gözüyaşlı qadınlar lazımdır, sağlam və xoşbəxt ailələr yox.

# 8668 dəfə oxunub

Müəllifin son yazıları

# # #