Məşhur feminist yazıçı: “77 yaşlı insan evlənər?” – Müsahibə

İzabel Alyende, Çili yazıçısı

İzabel Alyende, Çili yazıçısı

29 yanvar 2022
# 12:30

İzabel Alyende 1942-ci ildə Perunun paytaxtı Limada anadan olub. Bir neçə il sonra ailəsi Çiliyə köçüb. İzabel Alyende Çilinin keçmiş prezidenti Salvador Alyendenin qardaşı qızıdır. Salvador Alyendenin 1973-cü ildə öldürülməsindən sonra yazıçı ailəsi ilə birgə Venesuelaya sığınıb.

17 yaşında jurnalist kimi fəaliyyətə başlayıb.

San-Fransizkoya köçdükdən sonra romanlarını nəşr etdirməyə başlayıb.

İlk romanı 1982-ci ildə yayımlanan “Ruhlar evi”dir. Bu roman ona dünya şöhrəti gətirib.

Ardınca “Eşqdən və kölgədən”, “Eva Luna”, “Sonsuz düzən”, “Paula”, “Taleyin qızı”, “Solğun fotoşəkil”, “Ürəyimdəki ölkəm” adlı romanlarını çap etdirib.

“Canavarlar kəndi”, “Qızıl əjdaha krallığı” və “Piqmentlər meşəsi” adlı romanlardan ibarət trilogiyanın müəllifidir.

Realist dil və siyasi baxış bucağı ilə mistik realizm janrında yazan müəllif “Magik realizmin Latın kraliçası” adlandırılır.

Kitabları 42 dilə tərcümə edilib. 75 milyon nüsxə kitabı satılıb. Romanlarının çoxu ekranlaşdırılıb.

İzabel Alyende hazırda dünyada kitabları ən çox satılan müəlliflər arasındadır. Və İspan ədəbiyyatının yaşayan nümayəndələri içində ən çox tirajla satılan müəllifdir.

İzabel Alyende 80 yaşında “Violeta” adlı yeni romanla oxucuların görüşünə gəlir. Kitab yanvarın 25-də təqdim ediləcək.

Romanın mövzusu 1920-ci ildə baş vermiş İspan qripi və hazırkı Covid-19 pandemiyasının bir-biriylə əlaqəli hekayəsindən bəhs edir.

“The Guardian” qəzeti İzabel Alyende ilə yeni romanı haqda müsahibə edib. Kulis.az həmin müsahibəni təqdim edir.

- Necə oldu ki, bu romanı yazmağa başladınız?

- Covid-19 pandemiyasından bir az əvvəl anamı itirdim. Həmin vaxt ağlıma bəzi fikirlər gəldi. Anam 1920-ci ilə anadan olmuşdu. Həmin vaxtlar İspaniya qripi Latın Amerikaya da gəlib çatmışdı. Düşündüm ki, bu haqda roman yazmaq olar. Hekayə həmin pandemiyadan başlayıb bugünkü pandemiya ilə bitə bilər. Əslində, bir az da plansız başladım. Romanın mesajı mənə öncədən məlum deyildi.

Writer Isabel Allende: 'I wish I still had the innocence I lost in Chile's  military coup' | Financial Times

- Hekayənizin qəhrəmanı ananızdır?

- Qəhrəmanın Violeta anamla eyni sosial təbəqədən və eyni həyatdan gələn biridir. Oxucular hadisələrin Çilidə cərəyan etdiyini anlayacaqlar. Anam da qəhrəmanın Violeta qədər gözəl, istedadlı və gələcəyi görə bilən qadın idi. Amma onların ən önəmli fərqi odur ki, anam tabe olan qadın idi. Romanın qəhrəmanı Violeta isə, anamdan fərqli olaraq, azad, öz ayaqları üstündə dayana bilən, öz həyatını özü quran qadındır. Özün özünün arxanda dayana bilmirsənsə, kimdənsə asılı şəkildə yaşayırsansa, orda feminizmdən söhbət belə gedə bilməz. Çünki bu halda sənin həyatınla bağlı qərarlar başqalarından asılı olur. Anam başqalarından asılı yaşayan qadınlardan idi. Violetada isə tamam əksi oldu.

- “Violeta” məktub-romandır. Sizin “Ruhlar evi” adlanan romanınız da babanıza yazdığınız bir məktubdan doğulmuşdu. Özünüzü əla bir məktub yazarı hesab edirsinizmi?

- Anama həmişə məktub yazırdım. Bir dəfə baxdıq ki, evdə anamdan gələn 24 min məktub var. Anamın bütün həyatı o məktublarda idi. Hər şeyi orda yazardı. Artıq anam yoxdur. Elə bilirəm ki, daha həyatımın qeydlərini aparan kimsə yoxdur. Bəlkə də buna görə günlərin çox sürətlə keçdiyi hissinə qapılıram...

- Pandemiya müddətində nə ilə məşğul oldunuz?

- Son iki il ərzində feminist əsərim olan “Qadının ruhu”nu yazdım. “Violeta”nı bitirdim. Mühacirlərdən bəhs edən başqa bir roman da yazdım. Yəqin ki, 2023-cü ildə nəşr ediləcək. Bütün yazıçıların arzu etdiyi üç şeyə sahib olduğum üçün özümü şanslı hiss edirəm: - səssizlik, tənhalıq və zaman...

Quatro Cinco Um: a revista dos livros - Isabel Allende fala sobre seu novo  livro Mulheres de minha alma e sobre a luta feminista

- “Qadının ruhu” romanında feminizm sözünün mənasını bilmədən feminist olduğunuzu demişdiniz.

- Bəli. Mən də qadın kimi doğulmağın dezavantajlarını yaşamışam. Çox kiçik yaşlarımdan artıq bunun fərqinə varmışdım. Eyni zamanda sosial ədalətsizliklə də tanış oldum. Qəzəbli idim. Çünki dünya ədalətli deyildi.

- Ədalətsizlik sizi hələ də qəzəbləndirir?

- Əlbəttə. O qəzəb daima içimdədir. Çalışıram ki, özümü ələ alım.

- Sizcə, feminizm hərəkatının hələ ki, tamamlaya bilmədiyi ən önəmli missiyası nədir?

- Patriarxal düşüncəni tamamən darmadağın etmək. Addım-addım və səbirlə irəliləyirik. Temp çox yavaşdır və yəqin ki, mən özüm bu dəyişikliyi görə bilməyəcəm. Amma bir gün mütləq bu baş verəcək. Bütün dünyada patriarxal zehniyyət, düşüncə məhv olub gedəcək.

- Sonuncu evliliyinizdən gözləntiləriniz nələrdir? (Yazıçı üç dəfə evlənib. İkinci evliliyi 25 il davam edib. 2015-də boşanıb. İki il əvvəl 77 yaşında üçüncü dəfə Rocer Cukras ilə ailə qurub – tər).

- Mənim kimi gec yaşda yenidən ailə quran insan özüylə ağır bir yük daşıyır. 77 yaşlı insan evlənər? Olanda, olur. O məni radioda dinləyib aşiq olmuşdu. O, evliliyə çox önəm verdiyi üçün rəsmi ailə qurmalı oldum. Həyat yoldaşımın yeddi yaşlı nəvəsi kitabxanaçıdan soruşub ki, siz İzabel Allendeni tanıyırsınız? Kitabxanaçı da deyib ki, bəli, bir-iki romanını oxumuşam. Bizim uşaq da ona deyib ki, bilirsən, o mənim babamla yatır.

Isabel Allende: su visión sobre cómo cambiaremos durante estos tiempos  difíciles | Vogue

- Kitablarınızı yanvarın səkkizində yazmağa başlayırsınız. Bunun xüsusi bir səbəbi varmı?

- Bu həyatımın qarışıq bir dönəmində batil inanclara dayanıb verdiyim qərar idi.

- Evdə kitabxananız var?

- Heç vaxt evdə kitab saxlamıram. Oxuduğum kitabları kiməsə verirəm. Bu günə qədər saxladığım yeganə kitab on yaşımda ögey atamın hədiyyə etdiyi “Şekspirin bütün əsərləri” toplusudur.

- Oxumadığınız hansısa klassik əsər varmı?

- “Karamazov qardaşları”nı oxuya bilməmişəm. Çox sıxıcı idi. Yarımçıq saxladım.

- Uşaq vaxtı necə bir oxucu idiniz?

- Mənim uşaqlıq illərimdə televizor yox idi. Radio proqramları dinləmək də babam tərəfindən qadağan edilmişdi. Ziyanlı hesab edirdi. Heç vaxt kinoteatra getməmişəm. Buna görə də yaxşı bir oxucu oldum. Kitablardan başqa dostum yox idi. Böyüdükcə də tənha və əsəbi oldum. Hər şeydən qaçmaq üçün də kitablara sığındım.

Tərcümə: Fəridə

# 3766 dəfə oxunub

Müəllifin son yazıları

# # #