Həqiqəti heç kim bilmədi - İtalo Kalvinonun hekayəsi – İlk dəfə

İtalo Kalvino, italyan yazıçı

İtalo Kalvino, italyan yazıçı

21 noyabr 2021
# 11:00

Kulis.az məşhur italyan yazıçısı İtalo Kalvinonun “Həqiqəti heç kim bilmədi” adlı hekayəsini təqdim edir. Xatırladaq ki, hekayə ilk dəfə Azərbaycan dilində yayımlanır.

Çobanlar dan yeri söküləndə yola düşürdülər. Vadini bürüyən duman çəkilir, balaca göl və yamacdakı dəmir pəncərəli ovçu evləri görünürdü.

Ovçular hər gecə qapı-pəncərəni ehtiyatla, möhkəm bağlayıb evlərinə qapanırdılar. Bunun səbəbi bir az gölün nəmli havası, bir az da oğrulardan qorxmaqları idi. Əslində, bütün bu həngamə çobanlara görə idi. Çobanlar da hər şeyin fərqində idilər.

Ovçu evlərinin bacasından nazik duman yüksəlirdi. Bayıra ilk çıxan qadınlar idi. Günorta günəşindən qorunmaq üçün geydikləri iri həsir şlyapalar indidən başlarındaydı, ocaq qalamaq üçün quru budaq qırmağa gedirdilər. Ətrafda yenicə oyanan itlərin hürüşməsi eşidilirdi.

Cənab Zaudi əlləri cibində havanı yoxlamaq üçün bayıra çıxdı, yerə tüpürdü və qayıdıb isti evinə girdi. Ocağın alovunu körükləyən qızcığaz Airoldi başını qaldıranda qarşı yamacdakı çobanların ona baxdığını gördü və anasının qolundan çəkib barmağıyla çobanları işarə etdi. Bunu görən çobanlar dönüb qoyunların ardınca getdilər.

Eşikdə ən son görünən ovçu Airoldinin böyük qardaşı idi. Yola çıxmaq üçün hazırlaşmışdı. Ovçuların içində qadını olmayan bir o idi, hər işini özü görür, ona görə də tezcə hazır olurdu. Əynini soyunmadan, paltarlı yatar, yuxudan duran kimi pendir-çörəklə səhər yeməyi yeyər, bir fincan südlü qəhvə içdikdən sonra bir gecə əvvəldən təmizlədiyi tüfəngini çiyninə taxıb çıxardı.

Səhərin erkən saatında havanın dadına baxırmış kimi eynəyini taxmadan ətrafa boylandı, sonra bir daşın üstündə oturub eynəyinin şüşəsini silə-silə o birilərini gözləməyə başladı. İtlər boyunlarındakı zənciri yellədərək kəsik-kəsik hürürdülər. Görülən hazırlıqdan sahiblərinin dağkeçisi ovuna çıxacağını, bütün gün zəncirə bağlı halda evdə qalacaqlarını hiss edirdilər.

Ovçu evlərinin yerləşdiyi vadinin və çobanların sürünü apardığı otlağın yuxarılarında dağkeçiləri vardı. Sürü və ya böyük dəstələr şəklində dolaşır, dimdik tutduqları başlarını qəfildən bir yana çevirib günəşlənirdilər. O illər təpələr dağkeçisi ilə dolu olurdu. Səhərlər çobanların qoyunlar üçün duz səpdiyi daşlıq ərazilərə enirdilər və orda tələ qurmaq olardı.

Sentyabrın iyirmisində çobanlar qoyunları göldə çimdirib obaya enirdilər. Vaxt gəlmişdi artıq dava vaxtı deyildi. Ötən illərdə dağkeçisi ovçuları iyirmi sentyabra qədər çobanları öz ov şənliklərinə dəvət edirdilər. O il də həminki kimi edəcəkdilər, amma olanlar oldu.

Araları get-gedə lap pisləşmişdi. Qızcığaz Airoldi yuxuda evin önündən qoyun sürülərinin keçdiyini eşitsə, anasıyla birgə yatdığı yataqda büzüşürdü. Axşamlar bayırda heç nə unutmamağa çalışırdılar. Pəncərənin önündəki qabdan bir dilim pendir yoxa çıxsa, Airoldi qardaşlarının ən gombulu naməlum oğrunun qarasınca qışqırırdı. Sürünü önünə qatıb otlaqdan qayıdan çobanlar buna məhəl qoymamağa çalışırdılar.

Sonra bir gün cənab Bonvicinonun bayırda, pilləkənin üstündə unutduğu qırma yoxa çıxanda heç kim çobanlara bir söz deməyə cəsarət etmədi.

Bonvicino indi qırmanı qarnının üstünə sallanan torbada gəzdirirdi. Onun ardınca özündən uzun olan tüfəngini çiyninə almış Zaudi gedirdi. Ən arxadakı da sahiblərinin uzaqlaşdığını görüb hürüşən itləri söyən gombul Airoldi idi. Evdən çıxanda qadınları yeməyə göz-qulaq olsunlar deyə tənbeh etdi. Qadınlar da ona tərləyib küləkdə dayanmamağı tapşırdılar.

Cığırla dırmaşan adam gözdən itən kimi iri həsir şlyapalı qadınlar önlərində uzun bir gün olmasına rəğmən o soyuq dan vaxtı fincanları yumağa girişdilər.

Dağkeçilərinin olduğu yerə çatmaq üçün ovçular xeyli daban döyməli idilər. İri addımlarla yeriyən həkim Airoldi hamını arxada qoymuşdu. Heç danışmırdı. Burnu ilə iz axtarırmış kimi havanı qoxlaya-qoxlaya gedirdi. Cənab Bonvicinonun yeriməkdən xoşu gəlmirdi. Düz yoldan çıxır, süpürgəliklərin arasına girir, ağaclara baxırdı. Səhərin erkən saatlarında bir ardıc quşu ya bir ala qarğa görən kimi də silahına əl atırdı. O birilər ona hirslənirdi, hələ ov qanunlarına çox diqqət edən həkim lap dəliyə dönürdü. Quşa atəş açıb dağdakı bütün heyvanları hürkütmək ağlabatan iş idi? Bonvicino kəsə yollara dönüb, yan-yörəsini yoxlayıb, tüfənginə qırma doldurmaq üçün torbasına əl atdımı, bütün gözlər ona dikilirdi.

Ov planı yol boyunca tərtib edilir və hər dəfə də dava düşürdü. Gombul Airoldi hər dəfə yeni bir yol təklif edir və hamının onunla razılaşmasını istəyirdi. Biri burda dayansın, o biri o yanda ov eləsin deyir, tez-tez də fikrini dəyişdirirdi. İşlər yolunda getməyəndə də ona qulaq asmadıqları üçün belə olduğunu deyib dava salırdı. Hərə öz kefinə görə yaxşı bir yer seçib, heç kimin tanımadığı yollardan keçmək, dağkeçilərini mümkün qədər yaxına çəkib, vura biləcəyinə əmin olduqdan sonra atəş açmaq istəyirdi. Gombul Airoldi isə birini heyvanları hürkütmək üçün bir tərəfə, o birini yolu kəsmək üçün başqa tərəfə göndərib, özü ortada dayanır, onlardan qaçan dağkeçilərini sıldırım qayalıqlarda təkbaşına qovalayır, silahının səsi bütün vadidə əks-səda verirdi.

Çobanlarla getdikləri, ya da yanlarında yaxın kəndlərdən gələn başqa dağçılar olduğu vaxtlarda Airoldi yolları yaxşı tanıyanlara hörmət etdiyi üçün, bir az da yad insanların yanında dava salmaqdan çəkindiyi üçün sözəbaxan olurdu. Amma dostlarıyla getdiyi vaxt və ya sadəcə yanlarında gələn, heç nədən başı çıxmayan iki sərhəd polisi olduğu vaxtlarda həmişə dava salırdı.

Ən az əsəbləşən təsərrüfat alətləri satan, həmişə altdan-altdan gülən sincab sifətli Zaudi idi. Airoldinin davaları ucbatından dağkeçisi ovunun baş tutmadığı vaxtlarda geri qayıdıb itinin ardınca gedirdi. İtini götürüb təkbaşına təpələrin arxasında dovşan ovuna çıxırdı. Təpələrdə ağ çöl dovşanları olurdu. O fəsildə boz rəngdə olurdular. Qar yağan kimi isə tükləri ağ rəngə dönürdü. İtin qovduğu dovşanlar yuvalarına gizlənirdi. Bayıra çıxmasını saatlarla gözləməli olan Zaudi axşamtərəfi uzun qulaqları çantadan sallanan dovşanlarla geri dönürdü.

Amma həmin sabah gombul Airoldi çıxıb getdi.

Vadinin yamacındakı yolla irəliləyib tək-tək ovlanmalı olduqları halda sıldırıma dırmanmağı, təpələrin üstündə ovlanmalı olduqlarını deyirdi. Kim nə deyirdisə, onu fikrindən döndərə bilmirdi. Həmin vaxta qədər ağzını açıb bir kəlmə danışmayan, onlardan bir qədər yuxarıda, kəsə yolla yeriyən həkim Airoldi “Yox, – deyə bağırdı – yox. Yox. Həmişə getdiyimiz yolla gedəcəyik. İstəyirsən gəl, istəmirsənsə rədd ol, hansı cəhənnəmə gedirsənsə, get”.

Qardaşı qıpqırmızı olmuşdu.

- Mən sıldırıma dırmaşacam və o qədər keçi ovlayacam ki, bu il ov mövsümü artıq bağlanacaq.

Birdən “Ohooo’’ - deyə bir səs eşidildi. Ovçular çevrilib baxanda yaşıl yamacla incə bir bulud şəklində qıvrıla-qıvrıla gələn qoyun sürüsünü və bir qədər yuxarıda da əllərini dəyənəklərinin üstündə qovuşdurmuş, papaqları gözlərinin üstünə enmiş çobanları gördülər.

Gombul Airoldi qaçaraq uzaqlaşdı və yamacdakı sel yarığı boyunca təpəyə dırmaşmağa başladı.

***

Airoldi dağlar və dağkeçiləri haqda çox şeyi çobanlardan öyrənmişdi. Çobanlar müharibədən qalmış “doxsanbir’’ tüfəngləri ilə ova çıxırdılar. Yaxşı nişançı olmadıqları halda heyvanları və ətrafı yaxşı tanıyırdılar və demək olar ki, ov prosesini onlar idarə edirdilər.

O dəfə də altmışa yaxın dağkeçisindən ibarət sürünü “Fransa’’ yamaclarına çatan uzun bir yoldan keçirtdikdən sonra təpəyə qədər gətirən çobanlar idi və Airoldinin etdiyindən sonra ovçularla dalaşmaqda haqlı idilər.

Dik yolu qəzəblə təkbaşına dırmaşan ovçu aşağı vadiyə yayılan sürüdəki heyvanların cütdırnaqlı ayaqlarının daşlara toxunduqca çıxartdığı səsi eşidəndə həyəcanlandı. Dağkeçiləri nazik ayaqlarını gərmiş, belləri düz, buynuzları dik orda dayanmışdılar. Amma sürüdə sanki xəfif bir çaxnaşma da vardı. Ovçuların yaylım atəşi başlayan kimi köpüklənib axan çay boyunca hoppanaraq, arabir yıxılıb yaralanaraq açıqlığa doğru qaçdılar. Bu vaxt təpədə ard-arda tüfəng partlayışlarının əks-sədası yayıldı. Dağkeçiləri hürküb endikləri kimi sürətlə yuxarı dırmaşmağa başladılar və ikinci dəfə atəş açan ovçularla qarşılaşdılar. Beləcə, toplu qırğın başladı.

Sonra ovçu evinin önündə məşəllərin işığında hay-küy eşidildi. Dağkeçiləri kəndlilər, ovçular, çobanlar və sərhəddi keçənlərə göz yuman polislər arasında bölüşdürülürdü.

Zaudinin arvadı ilə Bonvicionun arvadı qanlı əlləri ilə heyvanları parçalayıb, bağırsaqları itlərin qabağına atırdılar. Gombul Airoldi vurduqları ən qoca, tükləri tökülmüş dağkeçisini göstərib “Çobanlara pay? Yox bir. Onlara ancaq bu yaraşar’’ - dedi. O birilər eyni fikirdə olmadıqları halda səslərini çıxartmadılar.

Airoldi keçi budunu kəsmək üçün aşağı əyilmişdi ki, o qoca heyvanın leşi düz ayaqlarının ucuna düşdü. Az qala altında qalıb əzilirdi. İki nəfərin ayaqlarından tutub tulladığı heyvan leşi yerə yapışdı. Hamı dönüb baxdı və qaranlıqda uzaqlaşan çoban yapıncılarını gördülər.

Və dava belə başladı.

Sonra bir bazar axşamı çobanların ən cavanı alış-veriş etmək üçün kəndə enəndə çayxanada da xoşagəlməz hadisə yaşandı.

Bəzi axşamlar Airoldi dostları və ailəsini qoyub təkbaşına gəzişir, kəndə enir, su kəmərinin işçiləri, əsgərlər və onlarla gələn qadınlarla iki qədəh içib, özünü göstərməyə gedirdi. Bu əyləncə gənc çobanla dalaşdığı, şərab şüşələrinin sındırıldığı həmin gecəyə qədər davam etdi.

Ertəsi səhər qoca çoban Airoldinin iti Çilinin ağılların yanında dolaşdığını və oğlunun iti çağırıb əlindəki çörək parçasını verdiyini gördü. İt çörəyi yedi. “Sən dəli olmusan, – deyə çoban bağırdı – indi qisas almaq üçün qoyunlarımızı zəhərləyəcəklər”.

Qoca çoban ağzından köpük gələn iti odeyala büküb ovçu evinin qabağına apardı və səhvən siçan zəhəri yediyini dedi. Həkim Airoldi heyvanı sağaltdı, it ölmədi, amma qardaşı bu hadisənin bir xəbərdarlıq olduğunu düşündü.

Həmin gündən sonra ovçularla çobanlar “salam-sağol’’u kəsdilər və ayrı-ayrı ovlanmağa başladılar.

***

Hər şeyi bildiyini düşünən gombul Airoldi özünə çox güvənirdi. Həmin sabah təngnəfəs sıldırımdan enərkən aşağı boylanıb vadidəki on dənə dağkeçisini görəndə soyuqqanlılığını itirmədi, gizləndi və çobanlardan tez-tez eşitdiyi bir hiyləyə əl atmaq fikrinə düşdü. Uzun, düz bir ağac tapıb bir ucunu yerə basdırdı, üst geyimini onun üstünə keçirdi. Papağını da çıxarıb yuxarısına yerləşdirdi. Uzaqdan baxanda insan qaraltısına oxşayırdı. Dağkeçiləri qabaq ayaqlarının biri havada, digəri gərilmiş halda başlarını qaldırıb diqqətlə qaraltıya boylanır, onun tərpənməyini gözləyirdi. Airoldi isə həmin vaxt vadiyə enən cığırla aşağı düşürdü.

Heyvanları vura biləcək məsafədə idi. Əlini silaha atıb tələsik nişan aldı və heyvanların birini yerə sərdi. İkincini vura bilmədi, tüfənginə qırma doldurub yenidən atəş açdı. Yaralanan heyvan yerə yıxıldı. Üçüncü keçini də yerə sərməyi bacardı.

Üç heyvan leşini daşların üstünə düzüb kömək çağırmaq üçün aşağı qaçdı. Bəxt üzünə güldüyü üçün sevincdən nəfəsi kəsilirdi, bomboş yamaclarda səsi yetdiyi qədər qışqırmaq istəyirdi.

Aşağı enəndə yamacda qoyun sürüsü otlayırdı. Yanında da bir çoban vardı. Lovğalanmaqdan başqa heç nə düşünməyən Airoldi “düz üç dənəsini vurdum – deyə qışqırdı – üç dənə, iri, erkək dağkeçisi vurdum. Qara qayanın başında, özü də təkbaşıma. Bir-iki nəfər gəlin, bunları aşağı daşıyaq”.

Çobanın hara baxdığı bilinmirdi, asta səslə itiylə danışırdı sanki. Airoldi təngnəfəs idi.

- Bu gün külfətinizi doydurmaq istəyirsiniz? İpləri, sırıqları götürüb yuxarı, Qara qayaya gəlin, bizim evə daşınacaq üç dənə dağkeçisi var.

- Mən burda təkəm. Sürüdən muğayat olmalıyam. Gələ bilmərəm. Gedin o birilərinə deyin – Çoban dilləndi.

- Hardadırlar?

- Aşağıda, “Yanıq daxma”nın oralarda çırpı yığırlar.

Airoldi qoyunları hürküdə-hürküdə yamacaşağı qaçırdı. On beş dəqiqə sonra “Yanıq daxma’’ya çatdı, amma orda ins-cins gözə dəymirdi. Yuxarı boylananda sürünün yola düzəldiyini və çobanın iki nəfər olduğunu gördü.

- Heyy, burda heç kim yoxdur.

Yuxarıdan nəsə cavab gəldi, amma nə dediklərini anlaya bilmədi. Airoldi – “mənim yoldaşlarım hansı tərəfə getdilər?’’ – deyə qışqırdı.

Çobanlar “Halla-halla’’- deyə nəsə qışqırıb dəyənəkləri ilə bir yeri göstərirdilər.

Airoldi yarım gün dolaşdı. Axşam düşəndə dostları və bir neçə kəndli ilə dağkeçilərini öldürdüyü yerə gəldi, yanılmadığına əmin olmaq üçün bir saat oralarda irəli-geri dolandı. Heyvan leşləri qeybə çəkilmişdi. Yerdə bir çəngə tük və qan ləkələri vardı, dostları onun yalan demədiyinə inandılar.

Airoldi qoruqçu komasında və polis məntəqəsində dava saldı. Onunla birgə ağılların önünə gedib çobanları onun vurduğu dağkeçilərini oğurladıqları üçün yaxalamağı tələb edirdi.

Qoruqçulardan biri – “Sizin keçiləriniz indi Allah bilir hardadır, – dedi – çobanlar gecələr də yola çıxır, Allah bilir indi hardadırlar’’.

Airoldi o gecə ov paltarının cibinə bir torba arsen zəhəri doldurdu. İtləri bağlayıb evdən çıxdı. Dolunay idi. Gecə səhərə qədər dolanıb bütün otlaqlara toxum səpər kimi zəhər tökdü.

Ertəsi sabah qapıdan ilk çıxan o oldu. Yağış yox idi. “İş tamamdır’’ – deyə düşündü. Ağıllar tərəfdə heç kim görünmürdü. Bir az sonra qoca çoban gəldi.

- Bu səhər otlağa gec gedəcəksiniz? – Airoldi soruşdu.

- Bu gün otlaq yoxdur, – qoca çoban vadini göstərdi – qoyunları göldə çimdirdik. İndi aşağı enəcəyik.

Soyuqdan titrəyən qoyunlar mələyə-mələyə cığırla aşağı enirdilər.

Vadinin təpəsindəki qayaların arasından böyük ehtimal ki, sürüdən ayrılıb itmiş balaca bir dağkeçisi göründü.

Airoldi gölə, qoyunlara, bacalarından tüstü çıxan ovçu evlərinə, paltar sərən qızcığaz Airoldiyə, qapının ağzında dayanan atasına, ordan keçən çobana baxdı. Uzun müddət baxdıqdan sonra addımlayıb gözdən itdi.

Heç kim heç vaxt həqiqəti bilmədi.

Tərcümə: Fəridə

# 5321 dəfə oxunub

Müəllifin son yazıları

# # #