Kulis.az Fəridə Zeronun “Müharibə, siyasət, üç meymun və həftəbecər” yazısını təqdim edir.
Müharibə - ölüm deməkdir.
Müharibə - dağıntılardır, maddi, mənəvi ziyan deməkdir.
Müharibə - insanların taleyində sarsıdıcı yaralar açır.
Müharibə dəhşətlidir.
Aydın məsələdir.
Ard-ard qələbə xəbərləri, azad edilmiş ərazilər, şəhid xəbərləri, Gəncədə erməni terroru nəticəsində həlak olan günahsız körpələr...
Sülh çağırışları...
Telefon danışıqları...
Türk yazarın bu vurhavurda açıq-aşkar ermənipərəst paylaşımları...
Öz içimizdə ermənilərlə “cici-bacı” münasibətləri nümayiş etdirib, müharibəyə qarşı çıxmağının altında öz şəxsi kinini, aqressiyasını tirajlayan müxtəlif insanlar...
Cəbhə bölgəsində əsgəri geyimdə şəkil çəkdirən Tolik (burda ağlayan smaylik qoymaq istəyir adam)
Aləm bir-birinə dəyib. Bir anlıq sakitcə kənardan baxanda az qalır adamın başına hava gəlsin. Qarmaqarışıq yuxuya bənzəyir son günlər həyatımız. İstəyirsən, durub Dədə Qorqudu haraylayasan: “Dədə, bu yuxumu xeyrə yoz!”
Yaxşı ki, hələ internetə çıxış məhdudlaşdırılıb. Qadınlar arasında elə ağlasığmaz söhbətlər gedir, ermənilər bu söhbətlərdən də tirajlamağa xeyli material yığa bilərdilər. Deyirlər, video paylaşmayın, bir qaqaş video paylaşır üstündə qeyd edir: “Bunu deyirdiniz?”.
Məsuliyyət anlayışı olmayan insanlara nəyisə izah etmək çətindir.
Bəlkə, Müharibədən də çətindir!
Feysbukda mənzərə lap qəribədir. Ermənilərin geydirmə xəbərləri tirajlamaqla məşğul olduğu bu zamanlarda bizim sosial şəbəkə əhli Paşinyanin səhifəsində gəzişir...
Bir-birinə ürək atan, inboxa şəkil göndərən kim, Paşinyana bayatı çağıran kim... (Ən gözəl bayatılar Qan Turalınındır amma – F.Z.).
Kənardan baxanda elə təəssürat yaranır ki, mövcud durumu ciddiyə almırıq. Amma əksinə, ağlaşma qurmaq lazım deyil, elə bu cür ruh yüksəkliyi ilə başa çıxmaq lazımdır. Onsuz da qələbə bizimdir. Qoy ermənilər ağlasın.
Kosmopolit, humanizm, insan haqları deyə qışqıranları isə boş vermək lazımdır. Kənardan dayanıb danışmaq asandır. Otuz ildir binəsi qoyulmuş bu müharibənin bircə detalını, yarasını, qəlpəsini içində daşımayan, hiss etməyən insan üçün bəşəri ideyalardan danışmaq rahatdır.
Ən azı danışırlar yenə, bu da böyük şeydir. Bəzi qocaman ziyalılar kimi üç meymunu oynaya da bilərdilər. Nə şiş yansın, nə kabab prinsipiylə pusquda durub gözləyənləri deyirəm. Hər şey bitəndən sonra necə olsa bütün tədbirlərdə mikrofonların, tribunaların arxasından onların əsən başları boylanacaq.
Bu mənzərənin fonunda bir də bir qrup var ki, zorla özünü kədərli, nisgilli göstərməyə çalışır.
Darvazamızı düşünürəm, ay nə bilim, o qoşa çinar hələ o doqqazda dururmu. Məncə, bu qədərinə ehtiyac yoxdur. Yenə də siz bilərsiz, elə yox, bu cür kədərlən demək olmaz kiməsə.
Xüsusi diqqətə çarpan qisim isə uzaq və yaxın keçmişdə müxtəlif bəhanələrlə ölkəni tərk edib, siyasi köçkün adıyla hansısa ölkəyə sığınmış insanların reaksiyasıdır. Hər fürsətdə “Azərbaycan pisdir” demək onların işidir əlbəttə, gedişlərinin haqqını verməlidirlər, bu şüuraltı, psixoloji olaraq belə alınır. Məncə, burdan çıxıb getmisinizsə, tək məkan yox, fikir, düşüncə olaraq da çıxıb getməlisiniz.
Nə qədər şablon səslənsə də...
Ümumiyyətlə, mənə elə gəlir ki, tarix boyu din necə ki, meditasiya kontekstindən çıxarılıb, fanatizm səviyyəsinə qaldırıldı, eləcə də qərbdən dilimizə söz kimi keçmiş bəzi anlayışlar da eyni qədər yanlış düşüncəyə sürüklədi milləti.
Azərbaycan terrorist deyil!
Biz torpaqlarımızı işğaldan azad edirik. Erməni milləti otuz ildir isbat edir - bu münaqişənin danışıq yolu ilə həlli mümkün deyil.
Biz kiminsə balasının şəhid olmağını istəmirik, bizim də canımız, qanımız səngərlərdədir.
Biz də narahatıq.
Gəncədə bir gecədə bütün ailəsini itirmiş balaca qızcığaza heç kim heç vaxt bunları izah edə bilməyəcək. Onun taleyində açılmış bu yaranın kompensasiyası yoxdur.
Amma biz bu müharibəyə məhkum idik!
Yaşamaq uğrunda mübarizə - bəşəriyyətin təməl və aparıcı qanunudur. Bəşər övladı buna bir az vicdani, bir az əxlaqi bir az da haqq-ədalət ideyaları qataraq ilkin yaradılışdan üzü-bəri yol almaqdadır.
Kapitalizm, humanizm, sürət və kosmos əsri – heç nə insanın içindəki ibtidai duyğuları məhv edə bilmir. Çünki insan robot deyil. Hansi "izm"ə istəsən, pənah apar, harda istəsən gizlən, insan öz genlərindəkindən gizlənə bilməz.