“Bizim qadınlar təbiətcə yırtıcıdır”- POLEMİKA

“Bizim qadınlar təbiətcə yırtıcıdır”- POLEMİKA
20 noyabr 2012
# 09:00

Kulis.az evlənməyən kişi və qadınlarla bağlı layihəyə başlayır. Layihənin qonaqları yazıçı Seymur Baycan və jurnalist Nəsimi Nəbizadədir. Layihənin növbəti qonaqları qadınlar olacaq.

Seymur Baycan (37 yaş, yazıçı)

“Bizim qadınları təmin etməkdə acizəm”

- Evliliklə bağlı qorxuların var?

- Uşaqlıqdan sərbəst böyümüşəm və sərbəstliyi qazandığım üçün evlənməklə bağlı üzərimdə basqı olmadı. Aradabir deyirdilər evlən, mən də əsəbiləşirdim, susurdular. Sonra müharibə başladı, aləm qarışdı və vəziyyətimiz xeyli çətinləşdi. Sıfırdan başlamalı olduq deyə evlilik söhbətləri ixtisara düşdü. Yaş ötdü... İnsan kitablara meyl etdikcə, fikir dünyasına qərq olduqca, məişət problemlərinin əlində aciz qalır. Çoxlarının asanlıqla həll etdiyi problemlər insan üçün böyük maneə kimi görünür. Xüsusilə 27 yaşdan sonra həyat insanı qorxutmağa başlayır. Nə pis şey görürsən, başlayırsan fikirləşməyə ki, bu başıma gəlsə, mən nə edərdim. Əlahiddə varlıq axtarırsan ki, onu da tapmaq çətin olur. Halbuki, 20-25 yaşda evlənsən, o nöqsanları axtarmazsan. Biz ibtidai xalq olduğumuz üçün qadınlar daha çox ibtidai kişilərə üstünlük verirlər. Mən o qadınlar üçün maraqsızam.

- Çox qadın olub həyatında?

- Dörd il bir qadınla yaşamışam. Ancaq bu haqda ətraflı danışmaq istəmirəm.

- Sevdiyin qadın olub?

- Anar Məmmədlinin çox gözəl sözü var. Deyir ki, özüm haqqında ən gözəl sözləri başqa dillərdə eşitmişəm. Məni həmişə başqa xalqların qadınları başa düşür. Gürcü, erməni, rus, ukraynalı, hətta serb məni başa düşüb a kişi (gülür). Bizim cəmiyyət hələ tam formalaşmadığı, ibtidai hisslərin üzərində qurulduğu üçün onun təmin olunmasını tələb edirlər. Elələri də olur ki, romantikaya uyurlar, istəyirlər ki, ədəbiyyat adamıyla münasibət qursunlar. Yaxınlaşırlar, reallığı görəndə başa düşürlər ki, bu adi hiss imiş. Mən onların hisslərini təmin etməkdə acizəm. Başlayırlar nələrisə bəhanə edib, çıxıb getməyə. 37 yaşım var, çox da böyük yaş deyil, amma az da deyil. Müşahidələrimə əsaslanıb deyə bilərəm ki, mənimlə münasibətdə olan azərbaycanlı qadınların 99 faizi, sübut etmək istəyiblər ki, sən maraqlı, orijinal adam deyilsən, sən seçilmək üçün yazırsan, sənin yazdıqlarınla mənim fikirlərim üst-üstə düşmür. Sadəcə biri maşın alveri edir, biri dönər satır, sən də yazı yazırsan. Adi adamsan: “Davay do svidaniya”.

- Sevgi etirafları alırsan?

- Deyə bilmərəm ki, kasıbçılıq olur. Bu düz olmazdı. Çox adam elə bilir ki, tükəzbanlar haqda yazıram deyə mənim qız problemim var. Onların düşündükləri kimi deyil, mən sadəcə problemi görürəm və deyirəm. Bizim qadınlar yaradıcı adamın yanında dayanmağa, başa düşməyə, həyat şəraitləri ilə uyğunlaşmağa qadir deyillər.

- Azərbaycan qadını ilə bağlı ən böyük şikayətin?

- Geyimini dəyişir, üç filmə baxır və deyir ki, məndən heç nə tələb etmə. Bizim mətbuatımız indi debil-debil qadın yazarlarla aşıb-daşır. Kimdənsə ayrılıblar və ona sübut etməyə çalışırlar ki, mən yazsam, səndən yaxşı yazacağam. Bir qələmimiz var, onu da çox görürlər bizə. Qələmimizi də əlimizdən almaq istəyirlər. Azərbaycan qadının əri ilə fəxr etmə alicənablığı yoxdur. Əksinə ərinin istedadını qısqanır. Amma başqa xalqların qadınlarında bu var, ərinin yanında olmaqdan zövq alır. Bunun yüzlərlə nümunəsi var.

- Başqa xalqların qadınları ilə bizim qadınların fərqi nədir?

- Bunu müqayisə etsək, bizimkiləri şişirtmiş, onları təhqir etmiş olarsan. Bu barədə vəziyyət faciəvidir. Demirəm dahiyəm. Söhbət insani münasibətlərdən gedir də. Yoxdur da bizdə. Bəlkə də 100 ildən sonra yarandı. Bunlarınkı odur ki, gəlsin, səni söndürsün.

- Evlənmək üçün necə qadın düşünürsən?

- Ömər Xəttabın belə bir sitatı var: “Çıxılmaz vəziyyətə düşəndə qadınla məsləhətləş və nə desə onun əksini et”. Yaxşı qadın kimi azərbaycanlı qadının əksini deyə bilərəm. Bizim qadınlar kişilərdə olan pis cəhətləri, çatışmamazlıqları mənimsəyiblər. Qayğı göstərmələri bir tərəfə qalsın, maneçilik törətməsinlər bəsimizdir.


“Qadının həyatımın içində yox, yanında olmasını xoşlayıram”

Nəsimi Nəbizadə (38 yaş, jurnalist)

- Evliliklə bağlı qorxuların var?

- Evlənməyənlər qorxub evlənmirlər ki? Mən çox qısqanc adamam və bunun ailədə problemlər yaradacağını bilirəm.

- Çox qadın olub həyatında?

- Mən qadının həyatımın içində yox, həyatımın yanında olmasını xoşlayıram. Çox azad adamam. Qadını həyatının içinə buraxanda müdaxilələr başlayır və bundan heç xoşlanmıram.

- Qadınlar səni savadına, yoxsa xarici görünüşünə görə bəyənirlər?

- Bunu qadınlardan soruşmaq lazımdı (gülür). Amma bircə onu bilirəm ki, əgər bir qadın bir kişiyə vurulubsa, onun ən pis cəhətlərini, ən pis vərdişlərini də "görmür".

- Sevgi etirafları alırsan?

- Çox alıram...

- Azərbaycan qadını ilə bağlı ən böyük şikayətin?

- Ümumiyyətlə, qadınlar barədə şikayətim yoxdur. Qadınlardı da (gülür).

- Evlənmək istədiyin qadın necə olmalıdır?

- Qadından əvvəl evlənmək haqqında düşünmək lazımdı. Mən hər şeyin gözəlini, mükəmməlini sevirəm.

- Evlilik azadlığı məhdudlaşdırır?

- Məncə hə. Ancaq kimsə mənasız azaddırsa, onun azadlığı məhdudlaşsa yaxşıdır. Mənasız azadlıq təhlükəlidir.

- Başqa xalqların qadınları ilə bizim qadınların fərqi nədir?

- Bizim qadınlar təbiətcə yırtıcıdır. Genderdən, qadın azadlığından danışan savadlı xanımlarımızın səmimiliyinə inanmıram. Əslində bizim qadınlarımız avtoritar kişiləri daha çox sevirlər.

- Qadınlardan tez yorulursan?

- Adam bezdirən qadınlardan tez yoruluram.

# 5650 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #