İlqar Mikayıloğlu: "Dedim ki, sən çaşdın, ya çaşmadın, özün de"

İlqar Mikayıloğlu: "Dedim ki, sən çaşdın, ya çaşmadın, özün de"
7 dekabr 2012
# 11:18

Kulis.Az “Ekran üzü” layihəsinin budəfəki qonağı təcrübəli jurnalist, ANS-də yayımlanan “Günəbaxan” verilişinin aparıcısı İlqar Mikayıloğludur.

- Jurnalistikaya gəlişiniz barədə danışardınız...

- Jurnalistikaya gəlişim 1992-ci ilə təsadüf edir. Çingiz Mustafayevlə qonşu idik. Çingiz rəhmətə gedəndən sonra Qarabağa getmək, müharibədə iştirak etmək istəyirdim. O dövrün ümumi ab-havası vardı. Çingiz şəhid oldu, dəfn etdik və üstündən 3-4 gün keçməmişdi ki, Vahidgilə dedim, mən də sizə qoşulmaq istəyirəm. Soruşdular ki, kamera ilə işləmisən, jurnalistika biliyin var? Cavabım təbii ki, “yox” oldu. Memarlıq və İnşaat İnstitutunu bitirmişdim. Sovet ordusunda xidmət etmişdim. Topun, tankın nə demək olduğunu yaxşı bilirdim. Vahidgilə qoşulmaqda məqsədim jurnalist olmaq deyildi. Məsələ Qarabağa getmək idi. ANS-dən əvvəl getmək istəyirdim, amma hərbi komissarlıq “çağırarıq, çağırarıq” deyə başımı aldadırdı. O vaxtdan bəri hələ də çağırırlar (gülür). Sovet ordusunda xidmət etmişdim deyə qayda-qanunu, Qarabağa özbaşına getməyin düzgün olmadığını bilirdim. ANS-in vasitəsi ilə getmək olardı. Tezliklə də istəyimə çatdım. Bir tərəfdən Qarabağda idim, bir tərəfdən də yazmağı öyrənirdim. Əlim qələm tutdu. Qəzetdə maksimum 2-3 məqaləm çap olunub. İnanın ki, o qəzetin adı yadımda qalmayıb. Hərbi mövzulara uyğun, sırf hərbi məsələlərlə bağlı yazılar yazırdım.

- Qarabağda döyüşçü kimi kontuziya almısınız...

- Qarabağa əsasən dostum Asif Bağırovla gedirdik. Orda hiyləgərlik işlədirdim. Bakıdan çıxan kimi kamera onun, ora çatan kimi isə avtomat mənim olurdu (gülür). Asifə deyirdim sən çək, mən materialı düzəldəcəyəm. Bakıya qayıdanda bunu gizlədirdim. Qayda-qanun var idi. Jurnalist kimi getmişdinsə, jurnalist kimi də çalışmalı idin. Ancaq silah mənə daha maraqlı gəlirdi, nəinki çəkiliş.

1993-cü ildə Ağdamın Şelli kəndində gedən döyüşdə iştirak etmişəm. Kontuziyanı orda aldım. Maraqlı bir məqam yarandı. Orta yaşlı bir kişi mənə dedi ki, uşaqlar hündürlüyün arxasında erməniləri atəş altında saxlayır, onlara kömək etmək lazımdı. Bizdə sevindik ki, super, gedirik erməni qırmağa. Elə bildik ki, hündürlük bizdədi, sən demə ermənilərdəymiş.

Kəndin içi ilə gedəndə bizi pulemyotlardan atəşə tutdular. Pulemyot bizi yerə yatızdırdı. Kənd yolunun qırağındakı arxlara uzanmışdıq, bəlli məsələdir ki, ordan çıxmaq çətin məsələ idi. Yatmışdıq, tərpənmirdik. Sonra minamyotlarla atmağa başladılar. Uşaqlara dedim ki, minomyotdusa, bizi darmadağın edəcək. Qabağımdakı oğlanın qrantamyotu var idi. Ondan qrantamyotu aldım. Uşaqlara qışqırdım ki, qalxıb avtomatlardan atın və yatandan sonra mən bir snaryad atım ki, partlayış olsun. Heç olmasa həyətlərə girək. Başqa variantımız yox idi. Qrantamyotu qaldırdım, tətiyi çəkdim, atmadı (gülür). Uşaqların hamısını sağ-salamat qaçırtdım, heç birinə bir şey olmadı. 32-ci snaryad məni tutdu. Qaldırıb çırpdı yerə. Ayılanda gördüm ki, ayaqlarım işləmir, gözlərim torlanıb. Sonradan başa düşdüm ki, kontuziya almışam. Ayağım qan içində, şalvarım deşik-deşik idi. Gecə əməliyyat olunsam da, dəhşət ağrılar hiss edirdim. Hələ indiyə kimi də davam edir. Bu gün (red - müsahibə dünən olub) efirdə də burnumdan qan açıldı. Qulaqlarımda güclü uğultu yaranır, beynim işləmir. Həm də qəlpələrdən biri qalıb, onu hələ də çıxartmaq mümkün deyil.

- Qarabağdan başqa Gürcüstan, Çeçenistan və Əfqanıstanda da çəkilişlər aparmısınız. Səfər etdiyiniz ölkələrdə döyüşlər Qarabağa nisbətən şiddətli deyildi ki?

- Çeçenistanda, Əfqanıstanda olmuşam. Gürcüstanda isə gürcü-abxaz müharibəsi zamanı 2-3 günlük getmişdim. Gürcüstanı o qədər yaxşı xatırlamıram. Amma Çeçenistan və Əfqanıstan yaxşı yadımdadır. 1994-cü ilin dekabrında, birinci rus-çeçen müharibəsi başlayan kimi Çeçenistana getdik. Fevrala kimi orda qaldıq. Qroznı, Qudermes, Şali və Şatoyda gedən döyüşləri lentə almışdıq. Çeçenistanda gedən döyüşlər Qarabağdakı döyüşlərdən daha şiddətli idi. Bizdə qarşı tərəf demək olar ki, aviasiyadan istifadə etmirdi. Amma ruslar aviasiyadan geninə-boluna istifadə edirdi. Güllədən, mərmidən bir təhər qurtulmaq olurdu. Aviasiya isə sadəcə od qoyurdu. Çeçenistana Asif Bağırovla getmişdim. “Röyter”dən rəhmətlik Fərhad Kərimov, Adil Bünyadov da orda idilər.

- Müharibəni hansı tərəfdən işıqlandırırdınız?

- Döyüşləri çeçenlər tərəfdən işıqlandırırdıq. Ruslar tərəfdən mümkün deyildi. Birinci Moskvaya getməliydin, Rusiyanın Müdafiə Nazirliyindən icazə almalı idin. Bir sözlə, uzundərə idi. Çeçenlər isə deyirdilər ki, azərbaycanlıdı, müsəlman qardaşımızdı, buyurub işləsin.

- Çeçenistanda olduğunuz müddətdə çeçen komandirlərdən kimdənsə müsahibə ala bildiniz?

- Şamil Basayevin qardaşı Şirvanisən və Ruslan Gelayevin köməkçisindən müsahibə götürmüşdüm. Əsas bu iki nəfəri xatırlayıram. Cövhər Dudayevi ümumiyyətlə, tapmaq mümkün deyildi. Hə, bir də Aslan Məshədovdan qısa müsahibə almışam. Ruslarla görüşdən sonra Məshədovla danışa bildim. İki dəqiqəlik ayaqüstü müsahibə verdi. Ruslarla görüşün nəticələrinə dair açıqlamalar verdi. Çeçen komandirlər gizlənirdilər. Rusların xüsusi xidmət orqanları hər yerdə onları axtarırdı. Təbii ki, gizlənməli idilər.

- Ölkəmizdə ən yaddaqalan müsahibləriniz kimlər olub?

- Prezident İlham Əliyevi deyərdim. İlham Əliyevdən müsahibə alanda hələ prezident deyildi. Milli Olimpiya Komitəsinin (MOK) sədri idi. Həmin müsahibə ləzzət elədi mənə. MOK-a başqa material üçün getmişdik, yolda bizə dedilər ki, İlham Əliyevdən Avropa Şurası ilə bağlı münasibət öyrənmək lazımdır. Bir təhər Asiflə komitəyə keçdik. Digər jurnalistlər çöldə qalmışdı. Asifə dedim ki, gözdə-qulaqda ol. Gələn kimi xəbər et, hazır olum.

Asif xəbər etdi, gələn kimi suallarımı verməyə başladım. İlham Əliyev içəri girən kimi qapıları bağladılar. Jurnalistlər çöldə qaldılar. Özlərini öldürürdülər, təhlükəsizlik xidməti onları içəri buraxmırdı. 4-5 sualıma cavab aldım. Eksklüziv xəbər oldu. Qapıdan çıxanda çöldəki jurnalistlər bizə qanlı-qanlı baxırdılar (gülür). Ziya Bünyadov rəhmətə getməmişdən bir neçə gün əvvəl ondan müsahibə almışdım. Səfər Əbiyevlə müsahibə çətin olsa da danışdıra bilmişdim onu.

- “Marş” verilişinin aparıcısı idiniz. Müharibə şəraitində olan ölkənin telekanallarındakı hərbi verilişlərlə bağlı ümumi vəziyyəti sizi qane edirmi?

- Bostana daş atmaq olmasın, dəfələrlə görmüşəm ki, aparıcı hansısa bir generalla yaxın münasibətlər qurmağa çalışır. O generalla yaxın olmaq nəyinə lazımdır?! Generalla tanışlıq sənə nə verir axı?! İş qalır kənarda. Belə çıxır ki, o verilişin aparıcısına başqa şeylər maraqlıdır. Baxırsan ki, aparıcılar hərbi elmi əsgərlik səviyyəsində, hələ bəlkə ondan da aşağı səviyyədə bilir.

Səhər “Qalx”, günorta “Yemək”, axşam “Yat” komandalarından başqa heç nə bilmirlər. Hərçənd ki, materialları analiz edib, analitik materiallar hazırlamalısan. Rövşən Cahangirov hərbi verilişin aparıcısı kimi daha çox maraqlı idi. Onu həqiqətən də özümə rəqib sayırdım. Cəbhə xəttində erməninin başını çəkməklə iş bitmir. Bu düz deyil. Bilirsən işlə, bilmirsənsə getmə. Şou-biznesdən yaz, bu daha sərfəlidir, nəinki hərbi.

- ANS-də müxtəlif verilişlərin aparıcısı olmusunuz. Ancaq indiki kimi populyar deyildiniz. Populyar olmağınızda “Günəbaxan” verilişinin təsiri çox oldu?

- Jurnalist fəaliyyətim əsasən ANS-lə bağlıdır. “Marş”, “İç xəbər”, səhər proqramlarının aparıcısı olmuşam. Bir ara “Xəbərçi”ni də apardım. Birinci musiqili verilişi olan “Kamerton”u da apardım. Çempionlar Liqasının oyunlarını da şərh etdim. “Günəbaxan” verilişi tanınmağıma əməlli-başlı təsir etdi. İndiyə kimi dostlarım deyir ki, hərbçi kimi, “İç xəbər”dəki zəhmli sifətinlə qalmalı idin. “Günəbaxan”da səni gülərüz, zarafatcıl təsəvvür edə bilmirik. Fakt isə budur ki, hələ işləyirəm və verilişin reytinqi yüksəkdir. Demək nə isə var.

- Turan, ya siz daha çox reytinq gətirirsiniz?

- Məncə hərənin öz yeri var. Turanın aparıcılıq tərzi başqa idi. Turanın da vaxtında proyekt uğurlu idi və baxılırdı. Turan getdikdən sonra Mirşahin dedi ki, verilişi İlqar aparsın. Dedim ki, baş üstə (gülür). Turandan sonra daha çox reytinq topladım. Yekəxanalıq çıxmasın, siyahılara baxa bilərsiniz. Bunu özümdən demirəm. Reytinqi ölçən şirkətin rəqəmlərinə baxa bilərsiniz.

- Verilişinizi sevənlərlə bərabər lağ edənlər də var. Məsələn, “semeçka” deyirlər (sözümü kəsir).

- “Semeçka” da deyirlər, hərf əlavə edib, verilişin adını söyüşlə deyənlər də var. Bəli, bütün bunları deyənlər var. Ataların gözəl bir sözü var: “İt hürər, karvan keçər”. Qoy desinlər, onların səviyyəsi odur. Ola bilər, bəlkə də beynim çönər və onlara cavab verərəm (gülür). Bir-iki dəfə belə hal olub. Yay tətilində istirahətdə idik. Yan masada biri hazır idi, babat içmişdi. Mənə baxıb, istehza ilə günəbaxan dedi. Dedikdən sonra üzüm çöndü, tərs-tərs baxdım ona. Yaxınlaşıb, əlimi çiyninə qoydum. Dedim ki, sən çaşdın, ya çaşmadın, özün de. Gəldilər ki, fikir vermə, içkilidi (gülür).

- Aparıcısı olduğunuz verilişdə taksi sürücüləri və müğənni Günellə bağlı etdiyiniz çıxışlarla bağlı sizi qınayanlar çox oldu. Sizcə düzgün etdiniz?

- Düşünürəm ki, hər iki halda düz etmişəm. Bunun peşmançılığını çəkmirəm. Əgər taksi sürücüləri həqiqətən də başa düşsəydilər ki, onları bura niyə yığıblar, belə etməzdilər. Bilirdim ki, həmin verilişin reytinqi aşağı olacaq. Amma problem var idi və mən istəyirdim ki, gəlsinlər, köməkləşərək problemin həlli yolunu tapaq. Tapılırdı da. Onlar isə söhbəti başqa istiqamətə yönləndirmək istəyirdilər. Çağırmışam səni bura, gəl taksindən danış da. Problemini söylə. Sənin nəyinə lazımdır, hakimiyyətdə nələr baş verir. Sən taksi sürücüsüsən. Öz işinlə məşğul ol. Bir dəfə, iki dəfə, axırda səbrimi daşırdılar. Dedim ki, kim öz probleminin həll olunmasını istəyirsə əyləşsin, istəməyənlər gedə bilər. Başladılar ki, ə, durun gedək. Azərbaycanlılarda küyə düşmək dəbdir axı. Zalda oturanların taksi ilə bağlı problemi olmadı. Namiq Həsənov hamısının şikayətini yazdı, onların problemi həll olundu. Gedənlər isə itirdi. İndi bilmirəm vəziyyətləri necədir.

Güneli studiyaya çağırdıq. Qabağımıza şərt qoyaraq bizimlə yekəxana danışdı. Üstəlik təhqiramiz mesaj da yazır. Türkiyədə Kanal D-də Seda Sayan səni nə günə qoydu. Həmin şəxssən də. Heç nə deyə bilmədin. Mikrofonu çırpardın yerə və deyərdin ki, bilirsən nə var, mən getdim, oxumuram. Necə yəni pozuq dildə danışırsan? Deyərdin mənim dilim sənin dilindən daha varlı, daha bərəkətlidir. Deyəydin də, yox, burda biznes maraqları var axı. Onu orda deyə bilməzdi. Bura Azərbaycandır, düşünür ki, burda nə istəsə edə bilər. Mən sənin torpağında kontuziya aldım, hələ də altını çəkirəm. Ayağım da, başım da bərbad gündədir. Buna görə dedim. Problem yoxdur, müharibə başlasın, 5 saatdan sonra yenə Qarabağda olacağam. Bu adam başa düşməlidir ki, kimə necə münasibət göstərmək lazımdır. İnsan harada olmağından asılı olmayaraq öz yerini bilməlidir.

- ANS bir müddət erməni hüquq müdafiəçisi Karen Ohancanyanın Bakıda, aeroportda şillələnməsini reklam edirdi. Düzgün addım idi bu?

- Şillə o erməniyə zəif dəydi. Ermənini vuran adamın döyüşçü olduğunu bilmirəm, ancaq çox zəif vurdu. Düşünürəm ki, hələ bu da azdır. Düşmənimə qarşı amansız olmalıyam. Vaxtilə düşmən olduqlarını unutduq, dost olduq, sonradan belə problemlər yarandı. İstəmirəm oğluma, oğlumun oğluna gələcəkdə problem yaransın. Üstəlik o düşmənlə mənim şəxsi ədavətim də var. Torpaq problemimiz var. Bizim üçün problem yaradıblar.

- Bizim ziyalılar, hüquq müdafiəçiləri də Ermənistana, Qarabağa gedirlər axı...

- Ziyalılarımızın ora getməyi yaxşıdır, nəinki onların bura gəlməyi. Biz öz torpağımıza gedirik, onların burda nə azarı var?!

- Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsinin sonunu nədə görürsünüz?

- Müharibənin sonunu görmək üçün müharibəyə başlamaq lazımdır. İnşallah başlasın, sonu barədə danışarıq.

- Bir müddət futbol üzrə Çempionlar Liqasının oyunlarını da şərh etdiniz. Şərhinizlə yaddaşlarda qaldınız. “Beşiktaş” klubunun nigeriyalı qapıçısı İker Şorunmu var idi, niyə ona Moşunmu deyirdiniz?

(müsahibənin bu yerində İlqar Mikayıloğlu ürəkdən gülməyə başladı)

- ...Elə səhvlər çox olurdu. Emil Topçubaşov efir mühəndisimiz idi. Adları tez-tez deməliydim. Çaşıb soyadını Çopçubaşov dedim. Qaldı ki Moşunmu (gülür).

- Veteran şərhçi Çingiz İsmayılov sizin şərh etdiyiniz oyunlarda televizorun səsini sıfıra endirdiyini söyləmişdi...

- Mərhum Valid Sənani də bizi qınayırdı. Heç kimə heç nə demirdim. Oyunu gərək emosiyalarla şərh edəsən. Ürəyini boşaltmalısan. Rövşən Binnətli, Fikrət Adıgözəlli kimi qalstukda, 90 dəqiqə danışsam, alınmazdı məndə.

- “Qalatasaray”ın gənc qapıçısı vardı, Taffarelin əvəzedicisi. Adı yadınızda qalıb?

- “Qalatasaray”ın o qədər qapıçısı olub ki, hansını deyirsiniz?

- Cavan uşaq idi, Kərəm... Məzələnirdiniz onunla...

(Bu anda İlqar Mikayıloğlu illər öncə Kərəmlə bağlı səsləndirdiyi fikri ani olaraq və gülə-gülə səsləndirir)

- Ay gözəl Kərəm. Penaltini çıxarmışdı da (gülür).

- Azərbaycanın şəxsi heyətinə Kulisdən nə demək istərdiniz?

- Nə desəm böyük çıxacaq, elə salamımı verim, alsınlar bəsimdir.

- Həftə içi beş gün hər səhər alırlar.

- Hə, hərdən alırlar.

# 9552 dəfə oxunub

Müəllifin son yazıları

# # #