“Rafiq Tağı dostunun əleyhinə də yazı yazmışdı” MÜSAHİBƏ

“Rafiq Tağı dostunun əleyhinə də yazı yazmışdı” MÜSAHİBƏ
23 noyabr 2013
# 09:15

Bu gün mərhum yazıçı Rafiq Tağının qətlindən iki il ötür. Ağır itkinin ikinci il dönümündə “Qobustan” jurnalının əməkdaşı, şair Maarif Soltan mərhum dostu Rafiq Tağı haqda xatirələrini Kulisə danışdı. Bu gün “Rafiq Tağının ruhu, onun ailəsi qarşısında xəcalət çəkirəm” söyləyən Maarif Soltan üçün bu müsahibə bəlkə də bir təsəlli oldu. Dostu ilə bağlı danışdığı xatirələr minor və major notların üzərində gəzişirdi. Hərdən qəfil pauzalar da yaranırdı. Maarif müəllim söhbətə indi əlçatmaz olan Moskvadakı günlərdən giriş etdi:

- Şəxsi tanışlıqdan əvvəl imzalarımızı tanıyırdıq. Şəxsi tanışlığımız Moskvada yarandı. 1979-cu ildə Qorki adına Ədəbiyyat İnstitutuna qəbul oldum. Bir az sonra Rafiq Moskvaya işləməyə gəldi. Təqribən, elə 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində bizim tanışlığımız başladı. Moskvada azərbaycanlı qrupumuz vardı. Gözəl nasirimiz Saday Budaqlı və başqa uşaqlar həmin qrupda idi. Hamımız qərib şəhərin sakinləri idik, bir-birimizdən başqa kimimiz var idi ki? Rafiq də həmişə bizimlə olurdu. Hər şənbə, bazar günləri işdən çıxan kimi iki yerə gedirdi. Biri Lenin adına kitabxana idi, biri də biz qaldığımız yataqxana. Kitabxanadan çıxıb bizim yanımıza, yataqxanaya gəlirdi. Oturub söhbətləşirdik, dərdləşirdik. Bax, Rafiqlə tanışlığım belə başlayıb.

Rafiq qeyri-adi adam idi. Mən onu bir neçə dəfə Lenin kitabxanasında müşahidə etmişəm. Polemikaya girmək üçün, kiminsə fikrini, rəyini öyrənmək üçün sinov gedirdi elə bil. Siqaret çəkən deyildi, amma çıxıb “kurilka”da elə adamları söhbətə tuturdu ki, adam məəttəl qalırdı. Çox maraqlı adam idi və adamları danışdırmağı xoşlayırdı. İnsanları öyrənmək üçün edirdi, ya özü üçün maraqlı idi, bilmirəm.

Yeri gəlib, Rafiqin başına gələn maraqlı bir əhvalatı danışmaq istərdim. Papaq, isti ayaqqabı Moskva kimi şəhərdə vacibdi. Moskvaya təzə gələn vaxtlarda qəşəng bir papaq almışdı özünə. Təxminən, bir həftə əvvəl biz papağı Rafiqin başında görmüşdük. Bir də gördük ki, tövşüyə-tövşüyə gəldi. Özü də donmuşdu. Dedim, Rafiq, papaq hanı? Fikirləşdim ki, yəqin kitabxanada qalıb. Bayaq dediyim kimi, bizimlə görüşə adətən Lenin kitabxanasından gəlirdi. Oturdu, bir az su içdi. Dedi ki, metrodan çıxanda gördüm qabağımda yaşlı bir kişi gedir. Əlində də ağır zənbillər. Dedim ki, verin zənbilləri, kömək edim sizə. Zənbilləri götürdüm, yolu keçib bloka girəndə kişi papağı başımdan götürüb üzü yuxarı pilləkənlərlə qaçmağa başladı. Ağır zənbillər də əlimdə. Mən də zənbilləri əlimdən buraxmıram, bunun dalınca qaçıram. Deyir, ağlıma gəlmədi ki, əlimdəkiləri yerə atım. Lift çağırıb, qaçıb getdi. Zənbillərdə də qəzetlər, bir-iki dənə də kərpic vardı (gülür).

- Moskvada daha çox şeir, yoxsa hekayələr yazırdı?

- Mən elə bilirəm ki, Rafiq o vaxta qədər şeirlər yazırdı və o şeirlər də bir o qədər üzdə deyildi. Bir az sonra isə nəsrdə özünü sınamağa başlamışdı. Onu deyim ki, nəsr əsərlərində Rafiq özünü təsdiqləmişdi. Mən Rafiqi elə nasir kimi tanıyıb, nasir kimi də sevmişəm. Axıra qədər Rafiqin heyranı olmuşam. Rafiq bizim Çexovumuz idi. Sözdən istifadəyə görə, lakonikliyə görə, obrazların canlılığına görə. Bilirsiniz, Rafiq boş yerə söz işlətmirdi. Gəlişi gözəl söz xətrinə heç nə demirdi. Əgər o, nəyəsə işarə vururdusa, deməli bu, obrazın açılmasına və ya süjet xəttinin inkişafına xidmət edirdi. Yəni, elə-belə heç nə yazmırdı. Yazıları dəhşətli dərəcədə həm Rafiqə oxşayırdı, həm oxşamırdı. Yazılarına çox həssas yanaşırdı. Onun ilk kitabı da çox çətinliklə çıxdı. O vaxt kitab çap etmək də çətin idi. Həm də Rafiqin yazıları məna etibarilə mürəkkəb olurdu. Onun yazdıqlarını qavramağa müəyyən hazırlıqlı oxucu lazım idi. Elə indinin özündə də bizim oxucular daha yüngül şeylərə meyl edir. Rafiq isə hazırlıqlı adamlar üçün yazırdı. Bizim Moskva həyatında siyasi publisistika o qədər də populyar deyildi. Həm də dövrlə bağlı buna o qədər də imkan yox idi. Ümumiyyətlə bu haqda heç düşünmürdük də. Ona görə də Rafiq elə birbaşa nəsrlə məşğul olurdu. Publisistikaya Bakıya qayıdandan sonra müraciət etdi.

Mən özüm üçün publisistikada ikinci bir Rafiq Tağını kəşf elədim. Bu mənim üçün gözlənilməz oldu. Rafiqin içində senzura deyilən şey yox idi. Ağlına nə gəlirdisə, yazırdı. Bu cür yazı üslubunun həm yaxşı, həm də pis tərəfləri vardı. Bizim mühitdə bəzi şeyləri açıq demək o qədər də yaxşı qarşılanmır. Bir sözlə, hər gördüyünü demək, yazmaq dəbdə deyil. Bu, problemlər yaradır. Görünür, Rafiq dözə bilmirdi. İşin qəribə tərəfi bu idi ki, Rafiq canlı ünsiyyət vaxtı tamam başqa cür, son dərəcə sakit, həlim, üzüyola olurdu. O, dost yolunda, tanış yolunda canını qurban verirdi. Moskva nəhəng şəhərdir. Ən yaxın məsafədə bir saat vaxt itirirsən. Eşidəndə ki, bizlərdən kiminsə başı ağrıyır, yaxud nəsə problem çıxıb, iki saat vaxtını sərf edib, gəlirdi ki, eşitmişəm xəstələnibsən, ya filan olub. Bakının özündə neçə dəfə məni kiminsə yanına xəstəxanaya aparıb. Öz xoşuma qalsa mən heç getməzdim. Amma Rafiq məni aparırdı.

- O mühitdə daha kiminlə yaxınlıq edirdi?

- Tələbə yoldaşlarımızın arasında Saday Budaqlı ilə ünsiyyəti daha sıx idi. Sadayla da mən elə bir otaqda qalırdıq. Sadəcə, nisbətən Sadayla yaxın idi. Onları həm də janr yaxınlığı birləşdirirdi. Və onları birləşdirən başqa bir şey də var idi ki, onu deməyəcəyəm. Bu haqda danışmaq istəmirəm.

- Bunu niyə bunu açıqlamaq istəmirsiniz ki?

- Onların ortaq ustadları var idi. O, ustad onların hər ikisini çox istəyirdi. Həmin adam ikisinə də, Sadaya da, Rafiqə də qayğı göstərirdi. Heç gizlətməyəcəyəm. Onları birləşdirən ikinci səbəb Elçin Əfəndiyev idi. Elçin müəllim Rafiqə birbaşa mənada çox qayğı göstərib. Həyatdır, sonra hərə bir tərəfə getdi, yollar ayrıldı. O illərdə Elçin müəllimin əli onların üstündə idi. Təbii ki, bu da onları bir-birinə yaxınlaşdırırdı. Rafiqin ölümündən beş-altı il qabaq, iş prosesində Elçin müəllimlə söhbətimiz zamanı görürdüm çox yana-yana danışır, məndən Rafiqi soruşur, onunla maraqlanır. Hətta dedi bir yığışaq, oturaq. Elçin Rafiqi çox istəyirdi.

- Bakıda münasibətləriniz necə idi?

- Mənim Rafiqlə münasibətim həmişə yaxşı olub. Ancaq Bakıda az-az görüşürdük. Hərdən rastlaşırdıq, zəngləşirdik. Bir yoldaş kimi müəyyən yazıları ilə bağlı istəyirdim onu çəkindirim. Mənim bu gün də fikrim belədir ki, adam hər gördüyünü, hər bildiyinizi yazmaz. Mən belə başa düşürəm. Düşünürəm ki, səninlə söhbətim olubsa, yaxşı və yaxud qəbahətli bir tərəfini görmüşəmsə, bunu gedib başqa yerdə deməməliyəm, ictimailəşdirməməliyəm. Mən də Rafiqə də bunları deyirdim. Dediklərimlə bəzən razılaşmasa da, bəzən razılaşırdı. Konkret bir faktı deyim. Bizim Vladimir Qafarov adlı çox gözəl tərcüməçi, şair dostumuz vardı. Azərbaycan dilindən rus dilinə gözəl tərcümələr edirdi. Özü də xalq ədəbiyyatımızı tərcümə edirdi. Özünü bu işə fəda eləmişdi. Halbuki o vaxt şairlərimiz ona yalvarırdılar, qonorar söz verirdilər, nağd şəkildə pul təklif edirdilər ki, bizi də tərcümə elə. Valodya isə eləmirdi, özünü xalq ədəbiyyatını tərcümə işinə həsr etmişdi. Valodyanın mənimlə çox yaxşı münasibəti var idi. İstər-istəməz Moskvaya gələndə görüşürdük, Rafiq də bizimlə olurdu. Rafiq də onu çox istəyirdi. Valodya ağır xəstəliyə tutulmuşdu, yatağa düşdü. Bakıda Valodyaya təcili tibbi yardımdan həkim təyin etmişdilər. Tez-tez ağrıları olurdu, iynə vurulmalı idi. Rafiq də bu işi öz öhdəsinə götürmüşdü. Həkim dostunu qoymurdu, çox vaxt özü gəlirdi. Halbuki bu iş Rafiqə tapşırılmamışdı. Amma gəlirdi. Otururdu Valodyanın yanında, bir saat söhbət edirdi. Bəzən mən də olurdum. Çox vaxt isə olmurdum. İnsan kimi, həkim kimi Rafiq Valodyanın qayğısına qalırdı. Valodya rəhmətə getdi, yasını verdik. Hardasa 94-cü il olmalı idi. Tarix yadımda qalmır. Bir müddət sonra Rafiq evə zəng vurdu ki, filan qəzetdə Valodya haqqında yazı yazmışam. Qəzetin adı yadımda qalmayıb. Dedi ki, özün də oxu, qəzetdən Valodyanın ailəsinə də çatdır. Qəzeti oxuyanda dəhşətə gəldim ki, bu şeyləri yazmaq olarmı? Biz rəhmətə gedən adam haqda nələri demək olar, nələri yazmaq olar, bunu bilirik. Adətən, ölən adamın müsbət tərəflərini qeyd edirik. Rafiq ölünü qoymuşdu bir qırağa, başlamışdı az qala Rusiya-Azərbaycan münasibətlərini həll etməyə. Qəribə də o idi ki, günahın böyük bir hissəsini də qoymuşdu Valodyanın üstünə ki, sən niyə belə canfəşanlıqla tərcüməyə girişmişdin (gülür). Özünə də dedim, ay kişi, mən bunu ailəsinə necə deyim? Kişinin torpağı hələ soyumayıb axı. Dedi, orda nə var ki?! Bilirsiniz, bəzən fərqinə varmırdı yazdıqlarının. Mən filan şey haqda yazmaram, amma o, yazırdı. Bəlkə də düz edirdi, bəlkə də yazıçı elə belə olmalı idi. Təəssüflənirəm ki, Bakı həyatında çox yaxınlıq edə bilmədik. Çətin vaxtlar idi, qayğılarımızın kifayət qədər çox olan vaxtı idi.

- Yaxınlığa sırf şəxsi qayğılarınız, ya ayrı-ayrı cəbhələrdə olmağınız mane olurdu?

- Yəqin ki, siz dediyiniz də təsiri olmamış olmazdı. Amma bütün bunlara baxmayaraq, Rafiqlə rastlaşanda onu yaxınlarımdan daha çox əzizləyib görüşürdüm. Qayğıların çoxluğu, illərin qarışıqlığı da çox böyük rol oynadı. Onun da, mənim də başım qarışıq olurdu. Biz Sadayla illər boyu çalışdıq ki, bir dəfə görüşüb evlərinə gedək. Həqiqətən ürəyimizdən çox keçirdi. Nəsə qismət olmadı, ancaq yasına gedə bildik... Biz görüşəndə köhnə, başqa mövzularda o qədər söhbətlərimiz olurdu ki, ədəbi söhbətlərə, ədəbi mübahisələrə yer qalmırdı, vaxt qalmırdı.

- Rafiq Tağının Mirzə Cəlil, Səməd Vurğun haqda yazılanlarına, Yazıçılar Birliyindən uzaqlaşdırılmasına münasibətiniz necədir?

- Bunu deyim ki, Rafiq yüzdə yüz istedadlı adam idi. Rafiqi bəlkə də Anar müəllim qədər istəyən ikinci bir yazıçımız yox idi. İstedadlı adamı istedadlı adamlar daha çox istəyir. Çünki onun yazısının çəkisini bilir. Bayaq Elçin müəllimdən danışdıq. Elçin nə üçün Rafiqi çox istəyirdi? İstedadlı olduğuna görə. Anar müəllim məcburiyyətdən, bəlkə də Rafiqi qorumaqdan ötrü bu addımı atmışdı. Məncə Rafiqin Mirzə Cəlil haqda dediyi heç bir dəftərə, heç bir kitaba sığan şey deyil. Lap elə Səməd Vurğun haqqında olsun. Mirzə Cəlilə “Ədəbi kollaborasionist” demək kökündən yanlışdır.

- Bəs ölüm faktı ilə bağlı fikirləriniz nədir?

- Mən burda hökumət versiyasını birmənalı şəkildə qırağa qoyuram. Çünki onun hökuməti ilə elə bir problemi yox idi. Fanatiklərdən də mən hər şeyi gözləyirəm. Fanatizm elə bir bəladır ki, o hər şeyə qadirdir. Fanatiklər hər şey edə bilər. “İncil”də əsas çağırışlardan biri budur ki, “Özün üçün büt yaratma”. Ona görə mən fanatiklərdən hər şey gözləyirəm. Amma bununla bərabər, inanmıram ki, Rafiqin ölümü bu qədər sadə olsun. İstintaqda işləməmişəm, özüm üçün düşünürəm ki, bu iki dövlətin arasını vurmaq üçün üçüncü ölkənin “xidmət”i ola bilər. Mən belə düşünürəm. Üçüncü dövlət versiyası məni daha çox narahat edir. Çox ağır itkidir mənim üçün. Xalqımız üçün də ağır itkidir. İşıqlı adamlar Rafiqi başa düşürdülər və oxuyurdular.

Rafiqin həyatda olmamağı həm ədəbiyyatımız, həm də fikir dünyamız üçün çox böyük bir itkidir. Rafiqin ölümü bəlkə də son illərin ən böyük itkisidir. Şablon səslənsə də, o, bizim güzgümüz idi. Rafiqə baxıb özümüzü düzəldə bilirdik. Zarafatla Rafiqə deyirdim ki, sənlə bir yerdə oturmağa qorxuram. Götürüb yazacaqsan (gülür). Rafiq həqiqətən insan kimi, ziyalı kimi bənzərsiz bir adam idi. Həkim kimi, bayaq dedim Valodyanın necə qayğısına qalırdı. Rafiqə deyirdin ki, uşağın-filan yeri ağrıyır, sən yalvarmaqdan, o yalvarırdı ki, gəlim baxım uşağa. Deyirdin, a kişi, lazım deyil, sabah baxarsan. Bir çantası var idi, götürüb gəlirdi ki, baxım görüm nəyi var. Bu gün də özümü xəcalətli hiss edirəm ki, niyə ailəsiylə ünsiyyətim yoxdu, gedib yoluxmuram, bu mənada özümü xəcalətli hiss edirəm. Niyə bunları edə bilmirəm deyə özümü qınayıram. İnsanların qəlbində Rafiqin xatirəsini əbədiləşdirmək üçün yazı yaza bilərəm, hələ yazmamışam. Buna görə də özümü qınayıram. Amma, hər halda mən elə bilirəm ki, bu hadisə mənim başıma gəlsə Rafiq ən azından bir neçə dəfə zəng edib ailəmdən soruşacaqdı ki, vəziyyətiniz necədi? Rafiq biz deyildi, Rafiq özü idi. Bizə oxşamırdı. Heyf, çox heyf Rafiqdən...

Fərid MİRZƏYEV

# 2523 dəfə oxunub

Müəllifin son yazıları

# # #