Meyxana və ya səngiməyən xoruz döyüşləri

Fərid Hüseyn, şair

Fərid Hüseyn, şair

31 may 2022
# 17:00

Kulis.az Fərid Hüseynin “Meyxana və ya səngiməyən xoruz döyüşləri” yazısını təqdim edir.

Özünü aldatmaqda mahir olanlara ithaf edirəm...

Meyxana foklordur, amma onun bəsit variantıdır. Nizami Gəncəvinin əsərlərinin el variantları da folklordur, meyxana da? “Əsli və Kərəm” də folklordur, meyxana da? Bayatılar da folklordur, bədiiyə də? Yəni insafı əldən verib tərəzinin gözünün tamam əyməyək. Axı bir-birimizi bunca tanıya-tanıya, söhbətləri bu qədər dərindən bilə-bilə qulaqlardan əriştə asmağa nə hacət?

Bizim əksər insanlarımızın meyxanaya, xüsusən deyişməyə olan marağı qətiyyən kəsərli sözə yaranmış ehtiyacdan, şairə ehtiramdan qaynaqlanmır. Biz sadəcə elə bil, ötən əsrlərdə xoruz döyüşdürmək, it boğuşdurmaq kimi adətlərimizi təzələmişik. Onları daha da kütləviləşdirərək sanki bu yöndəki maraq dairəmizi söz güləşdirmək, “söz boğuşdurmaq”la əvəzləmişik.

Köhnə azarlarımız

Əgər bir çoxları meyxanaya it boğuşdurmaq, xoruz döyüşdürmək kimi baxmasaydılar, deyişmə məclislərində bir-birinin axirətə qovuşmuş nənələri ilə məzələnənləri, onları kiminsə ağzına saqqız olmasına imkan yaradanları alqışlamazdılar;

Əgər bəziləri meyxanaya it boğuşdurmaq, xoruz döyüşdürmək nəziri ilə baxmasaydı, bir-birinin arvadına mahir şəkildə söz atmağı yüksək intellekt kimi qələmə verməz, bədahət bəsitliyini namus məsələsi həddinə “qaldırmazdılar”.

Dissident intizarında

Biz meyxananın o qədər yüksəyə qaldırmışıq ki, Rəşad Dağlının “şir həmişə şirdir” “hikmətini” dilimizin əzbərinə çevirimişik. Hətta bu sözləri onun şəxsiyyətinə aid etmişik. Nəticədə R.Dağlının üzr videosu yayılanda ümumxiridar hüznü yaşandı. Ki, deməli, “şir həmişə şir deyilmiş”. Sən demə, biz şüurlatında R.Dağlıdan Nəsimilik, Həllaclıq umurmuşuq.

Hazırcavablıq şakəri

Meyxanada bizə ən ləzzət verən nədir, əlbəttə, hazırcavablıq. Ümumiyyətlə, insanlarımız çox zaman kiminsə ağzının payını vaxtında verməyə böyük cəsarət örnəyi kimi baxırlar. Kimsə başqasına tikanlı bir söz deməyi özünə böyük şöhrət sanır. Amma deyim ki, hazırcavablıq qarşında səhv danışan insanın payını verməkdən daha çox, onun əlindən doğru düşünmək imkanını almaqdır. Yəni hazırcavablıq qarşındakına səhvini anlamaq fürsəti verməyərək onu öz yanlışında daha mətin olmağa sövq etməkdir. Elə etmək lazımdır ki, qarşı tərəf haçansa gəlib sənin həqiqətinə çatsın. Meyxananın Bəhlul Danəndə, Molla Nəsrəddin hazırcavablığı ilə də çaş-baş salmaq olmaz. Kimisə havadaca “hazırcavablıqla vurub” öz həqiqətinin yanına “salmaqla” onu qandırmaq mümkünsüzdür. Onsuz da qarşındakı adam ya haçansa həqiqəti qanacaq, ya da gora aqil başı aparmayacaq. Məsələ bu qədər sadədir. Bax elə bu səbəbdən hazırcavablıqla öyünmək dəftəri çoxdan qapanıb.

Çoxluq – yoxluqdur...

“Meyxananın nə ziyanı var?” deyənlərimiz çoxdur. Bəli, dar çevrədə olanda, bəlkə də ziyasızdır. Müvəqqəti əyləncə kimi “gedər”, amma kütləvi olanda zərərlidir.

Meyxanaya maraq “musiqili meyxana” kimi bəsit bir janrı kütləviləşdirdi. Nəticədə mötəbər bəstəkarlıq məktəbimizə, şeir mətnləri yazmaq sənətinə kifayət qədər ziyan vurdu.

Meyxana geyim tərzimizə, saqqal nizamımıza da mənfi mənada sirayət etdi. Nəticədə xırıltılı səslə danışan, təsbehində “qanmazlıq” zikr olunan müəyyən kəsim gənclik yetişdi.

Meyxanalarda vaxtaşırı “narkotik çəkmək öyülür”. Özünü zəhərləmək dəb kimi təqdim olunur.

Meyxana cəmiyyətimizə daha başqa hansı ziyanı vurmalıdır? Bəlkə, topla, silahla çıxsın qarşımıza. Olmaya başımıza dron şəfəqləri ələsin? Daha neyləsin? Söz və musiqi ilə insanlara nə qədər pislik eləmək mümkündürsə, meyxana əlindən gələni insanlarımızdan əsirgəmir.

Əzrailin aldanışı...

İnsanlarımızın bir bölüyünün, zənginlərimizin bir qrupunun meyxana azarı o qədər çiçəklənib ki, karantinin odlu günlərində bağ evlərində stolüstü meyxana məclisləri təşkil edirdilər. İnsanlar xəstəxanalarda nəfəs ala bilməyəndə, mənzillərin qarşısına naəlac ailələr üçün yeməklər qoyulanda, ən əsası bütün təhsil ocaqları bağlı olanda bir bölük insanlar meyxana ocaqlarını sönməyə qoymurdular. Təhlükəli olan budur. Təhlükəli olan bizim meyxananı ölüm xofu qarşısında belə həyatdan üstün tutmağımızdadır.

Söz çiləyi..

Meyxananın bu ölkəyə pambıq sahəsinə vertolyotla dərman səpən kimi səpiblər. “Meyxanaçiləyən”in əli cəmiyyətimizdəki çox yerə çatıb. Meyxana deyənlərin sözləri cəmiyyətdə o qədər məşhurlaşıb ki, sanki özümüz də bilmədən onların duet ortağına çevrilmişik. Bir ağız onlar deyir, ardını biz gətiririk...

Gözəyarı şair obrazı

Meyxana deyənləri də “şair” adlandırlar. Kiminsə əyləndirmək üçün söz deyənləri ömrünü həqiqi ədəbiyyata bağlamış ciddi şairlərlə tən tuturuq? Şair kəlamı meyxana deyənlərin sayəsində omonim sözə çevrilib: Əsl şairə həsr olunanda bir məna kəsb edir, meyxanaçıya aid ediləndə başqa məna.

Çətindi...

Absurd olan odur ki, insanlar dərindən düşünülmədən, ani qərarlarla söz deməyi min ölçüb bir biçərək fikir söyləyənlərdən üstün tuturlar. Heç bir janrda düşünməmək meyxanada olan qədər hörmət gətirmir.

İntellektual umu-küsü

İnsanların nəzərində guya hansısa hədisi, yaxud tarixi əhvalatı, film fraqmentini qafiyəli şəkildə deyirsənsə olursan, intellektual meyxana deyən. Savadlı adam məlum-məşhur şeyləri dilə gətirənə, statçılığı qabardana demirlər, intellekt şəxsi zəka bəhrəsi, öz ağlının meyvəsidir. Zəka çölündə bağ salanı intellektual adlandırırlar, kiminsə istedad bağından meyvədərəni yox...

Ürəksoyudan....

Meyxanada ən çox alqış alan bəndlər hamıya məlum həqiqətlərdir. Məsələn, bir meyxana deyən qarşı tərəfə söyləsə ki, dilənçi günündəsən, rəqibi isə ona cavab versə ki, “pulum olmasa da hörmətim var”, ətrafdakı insanlar onu sürəkli alqışlarla mükafatlandıracaq. Sanki bu dərvişanə həqiqəti mütləqdir ki, qafiyəli eşidəsən.

Faciə odur ki, onlarla sufi şairi olan, böyük söz ustadları yetişdirən xalqımızın bir sıra nümayəndələri XXI əsirin 22-ci ilində bu adiləşmiş, “beli qırılmış” həqiqəti dilini dişləyərək alqışlayır. Bu yıpranmış cavab minlərlə ürəkdən tikan çıxarır. Halbuki, dərindən bələd olmuş olsaydıq Nəbatidən, Sabirdən sonra o tikanlar könlümüzdən çoxdan çıxmalıydı. İşin pis tərəfi odur ki, əsas məsələnin pul-para yox, hörmət olduğunu deyən meyxana deyənin başına pul səpirik, qarşısına şabaş atırıq...

Vərdişkar

Meyxana deyənlər xüsusi vurğulayırlar ki, bizim sənətimizin əsas üstünlüyü bədahətən söz deməyimizdədir. Amma o söz nə dərəcədə mənalıdır, gələcəyə ünvanlanıb? Bax, bu barədə danışan yoxdur. Onun əhəmiyyəti nə qədərdir? Meyxana deyənlərə aid eləmədən sadəcə vərdişlə bağlı bu misalı çəkim: Bir var bombatanıyan K9 itinin, bir də var atılan topu cumub gətirən köpəyin vərdişi. İtin bomba aşkarlaması minlərlə canı xilas edir, topu ağzıyla tutub gətirməsi isə sadəcə yiyəsini əyləndirir. Yəni vərdişin, ustalığın da bir xeyirli tərəfi olmalıdır.

Hörmət minbəri

Meyxananın mötəbər minbərə “mindirmək” üçün əsasən dörd nəfərin adı çəkilir: Vüqar Biləcərili, Aydın Xırdalanlı, Mahir Cürət və Pünhan Əzimli. Onların bizə ciddi söz kimi təqdim olunan bəzi poetik əsərləri klassik şeir nümunələridir, onları adi meyxanaya tay tutmaq avamlıqdır. O ciddi söz ki, onları adları çəkilənlər olmayanda da şeirimizdə vardı. Pünhan Əzimlinin kəsərli söz deməyi meyxana bilicisi olmasından yox, Seyid Əzim Şirvani xiridarı, Füzuli məftunu olmasından və bariz istedadından doğur, hansısa toyda kimisə sancmasından, yersiz ötkəmlik nümunələri olan deyişmələrindən irəli gəlmir. Əksinə, meyxana nə qədər istedadlı, təbli adamı toyxanalarda söz deyə-deyə aqibətinə qovuşdurdu.

Folklordur, amma...

Meyxana folklordur, amma bayatının ilk iki misrası kimi folklordur, yəni onun böyük, əsas və özək mənaya dəxli çox azdır.

# 5095 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #