“Əli və Nino”nu yəhudinin yazmağını iddia etmək gülüncdür”

“Əli və Nino”nu yəhudinin yazmağını iddia etmək gülüncdür”
18 dekabr 2013
# 12:49

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz şair Zahir Əzəmətdir. Zahir Əzəmətin ən sevdiyi əsər Qurban Səidin “Əli və Nino” romanıdır.

- Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə "Əli və Nino" romanı sizin ən sevdiyiniz əsərdir?

- Mənim üçün bütün böyük romanların əsas xüsusiyyəti əsərin mahiyyətində hansı bəşəri və ədəbi kodların dayanmasındadır. “Əli və Nino” romanı da bu cür kodlar üzərində yazılmış əsərdir. Klassiklərimizin Nizami Gəncəvinin, Məhəmməd Füzulinin – yazdığı əsərlərdən sonra bu roman Azərbaycan ədəbiyyatında bəşəri kodları öz içində uğurla həll edən ən böyük ədəbiyyat nümunəsidir. Əsərin elə ilk səhifəsində roman öz missiyasını bizə aydın nişan verir. “Bakı Asiya, yoxsa Avropa şəhəridirsualı təkcə romanın qəhrəmanları qarşısında yox, həm də bizim qarşımızda qoyulur. Hərçənd romanda Asiya-Avropa ifadələrindən istifadə olunsa da, bu indiki anlamda elə Şərq-Qərb qarşıdurmasıdır. Samuel Hantinqtonun, Orxan Pamukun XX əsrin sonunda qoyduqları problemi-sivilizasiyaların toqquşmasını müəllif əsrin əvvəlində yazıb. Əsərdə Asiya – səhra, Avropa isə meşə obrazları ilə kodlaşdırılıb və üz-üzə qoyulub. Romanda bu bölgü aydın cizgilərlə verilir, səhra adamı ilə meşə adamının fərqləri dəqiqliklə təsvir olunur. Səhra adamının ruhu var, onun üçün yalnız bir həqiqət mövcuddur, səhrada onu karıxdıran maneələr, maddiyat yoxdur. Meşə isə suallarla doludur, meşə adamı çoxsifətlidir. İdeya səhra adamından gəlsə də işin yaradıcı tərəfi meşə adamının üzərinə düşür.

Şərq və Qərb məsələsi, “Əli və Nino”ya qədər heç bir əsərdə bu qədər dəqiq boyalarla verilməyib.

Digər bir məqam isə əsərdəki labirint kodudur. Bu kodu biz istər Füzulinin “Leyli və Məcnun”unda, istərsə Kafkanın “Qəsr”ində, istərsə Kamünun “Taun”unda, istərsə də Heminqueyin “Qoca və dəniz”ində görə bilərik. Bu nümunələri artırmaq da olar. “Əli və Nino” romanında bu labirint sirlər şəhəri kimi təqdim olunan Bakıdır. İşərişəhər və Bayırşəhərin fərqi sonra daha tünd boyalarla Qafqaz və Şərq-Qərb modelinə qədər inkişaf etdirilir əsərdə. Burada ənənələrin, xalqların, dinlərin, mədəniyyətlərin, hətta imperiyaların toqquşmasına qədər hər şey var. Üstəlik tarixi ekskurslar da öz yerində.

Roman həm Azərbaycanın, həm Bakının, həm Qafqazın, Qafqazın timsalında isə dünyanın modelidir. Əsər boyunca bu model böyüdülərək imperiyaların siyasətinə, tarixi mənzərəyə qədər gedib çıxır. Sonda problem açıq qalır, suala cavab tapılmır: Şərqlə Qərbin qovuşması lazımdırmı, qovuşsa hansı nəticə verə bilər, nicat hansı vasitəylə hardadır? İlk baxışdan sevgi romanı kimi görünən əsərdə qlobal məsələlər çözülüb, gizli şifrələr daxil edilib. Azərbaycan oxucusu kimi bu əsər insanı mütəfəkkir olmağa sövq edir, istər-istəməz insan öz xalqının taleyi haqqında düşünür: Biz neyləməliyik və necə etməliyik? Ən əsası, bu regionda xalqımızın aqibəti necə olacaq?

Bu romanın bir gözəlliyi ondadır ki, anlamayan bu romanı sevgi, bəziləri siyasi, bəziləri tarixi roman hesab edirlər. Məsələ ondadır ki, roman müxtəlif sahələrə diqqət ayıran oxucular üçün də maraqlıdır.

- Romanın baş qəhrəmanı Əlinin kübar görünmək üçün özünü russayağı aparması da qəribə məqamdır. Avropalı olmaq istəyən biri niyə kübarlığını russayağı davranışlarla ifadə edirdi?

- Əli romanın əvvəlində bir asiyalı, ortasında yarı-asiyalı, yarı-avropalıdır. Sonda isə öz vətəni uğrunda bir azərbaycanlı kimi şəhid olur. Onun yarım-avropalıya çevrilməsinə isə Bakıdakı rus məktəbində təhsil alması və gürcü qızı Ninoya aşiq olması təkan verir. O zaman Azərbaycan Fransanın, Böyük Britaniyanın yox, məhz Rusiyanın müstəmləkəsi idi. Avropa mədəniyyəti də Parisdən Peterburqa, rusların əli ilə də dolayısı Bakıya gəlirdi. Romanda bu məqam tam o dövrün reallığına uyğun qələmə alınıb və burada qəribə heç nə görmürəm.

– Əsərin müəllifinin kim olduğu ilə bağlı mübahisələr var, siz necə düşünürsünüz, əsəri kim yazıb?

- Təəssüf ki, roman ətrafında gedən bütün müzakirələr, aparılan tədqiqatlar romanın bədii məziyyətləri ilə bağlı yox, onun müəllifinin ətrafındadır. Halbuki romanı azacıq diqqətli oxumaq yetərlidir ki, müəllifin kimliyinə aydın olsun. Qənaətim budur ki, müəllif Məhəmməd Əsəd bəydir. Baxın, baş qəhrəmanın soyadı Şirvanşirdir. Müəllifin soyadı isə Əsəd. Hər ikisi şir anlamına gəlir. Üstəlik baş qəhrəmanın əmisinin adı da Əsəddir və şir totemini nəslin simvolu hesab edirlər. Qəhrəman hər zaman özünü səhra aslanı adlandırmaqdan zövq alır. Yeri gəlmişkən, Lev Nussimbaum imzası da uydurulmuş addır. Yəni müəllifin adının tərcümə versiyasıdır. Lev elə şir deməkdir.

Müəllifin adı Məhəmməddir, Məhəmməd peyğəmbərdən şiələr üçün İslamda əziz olan ikinci şəxs İmam Əlidir. Müəllif də, baş qəhrəman da şiəliyin Cəfəri qoluna mənsubdurlar, yəni Əli aşiqləridir. Ona görə gündəlik və avtobioqrafik tərzdə qələmə alınmış romanda müəllif öz obrazını Əli adı ilə əvəz edir.

Əsərin müəllifinin hər hansı yəhudi olması kimi müzakirələr gülüncdür. Əsərdəki təsvirlər, duyğular yalnız bir azərbaycanlı tərəfindən bunca dəqiq qələmə alına bilərdi.

- Əsərdəki əsas proqnoz özünü doğrultdu: "Əgər ruslar qalib gəlsələr, torpağımız tam rusların əlinə keçəcək. Biz ibadətxanalarımızdan, dilimizdən, milli xüsusiyyətlərimizdən məhrum olacağıq. Biz Avropa ilə Asiya arasında körpü rolunu oynamaq əvəzinə hər ikisinin mələzi olacağıq. Yox, kim çar üçün vuruşursa, Qafqaza qarşı vuruşur".

- Bəli, əsərdəki ən ciddi siyasi mesajlardan biri də budur. Baxın, üzərindən az qala bir əsr keçib. O sual bu gün də necə aktualdır. Rusiya, yoxsa Avropa. Həm də bu sual bu gün təkcə Azərbaycanın deyil, bütün Qafqazın, regionun, hətta Ukraynanın da qarşısında dayanır. Görək hansı xalq bu labirinti necə keçəcək.

- Əsərdəki Qafqaz və qafqazlılar problemi dünya və region kontekstində, sizcə, hansı cür həll edilir, qoyulan problemlər və gözlənilən nəticələr nədən ibarətdir?

- Əsərin əvvəlində maraqlı bir səhnə var. Müəllif Qarabağın ürəyi sayılan Şuşada Cənubi Qafqazın 3 xalqını bir araya gətirir. Azərbaycanlı Əli, gürcü Nino və ailəsi, bir də erməni mülkədar Naxararyan. Əli və Ninonu, dolayısı ilə təmsil etdikləri xalqları sevgi birləşdirir. Erməni isə guya onların dostudur və sonda hər ikisinə xəyanət edəcək. Məkan Qarabağ, model Cənubi Qafqaz, il 1914. Bir əsr keçib, Azərbaycanın və kiçik regionumuzun bu gününə baxaq. Müəllif 100 il əvvəl çox böyük dəqiqliklə çizdiyi gələcəyi yaşayırıq.

- Əlinin Azərbaycan Cümhuriyyətinin simvolu olması, Nino sevgisi Avropaya Türkiyə ilə deyil, Gürcüstanla rahat qovuşmağın simvolu və s. Nəyə görə öz dövrünün reallıqlarını yazmaqda Avropada olan yazıçı saysız kodlardan istifadə edirdi?

- Yalnız əhvalatdan, süjetdən, açıq mətnlərdən ibarət əsərlər böyük ədəbiyyat ola bilmir. Ədəbiyyatın dili həm də kodlar, sirlərdir. Böyük ədəbiyyat mütləq çoxqatlıdır və dərinliyində şifrələnmiş mətn var. Bu olmasaydı, onda haqqında danışdığımız roman adi bir məhəbbət tarixçəsi kimi dünyanın marağını çəkməzdi. Bütün ciddi Avropa və dünya yazıçıları da məhz bu şəkildə yazıblar.

- Romanın sifarişlə yazılma məsələsi də dartışılır, belə ki, Türkiyəyə qarşı olan aqressiya, xilasın Gürcüstan vasitəsi ilə Avropaya çıxışda görülməsi və s. məsələlər baxımından.

- Müəllif tarixi hadisələri yetərincə dəqiq boyalarla və reallığı təhrif etmədən təsvir edib. Gəlin özümüzə bəzi suallar verək 1918-ci ilə qədər Osmanlı İmperiyası Azərbaycanın tarixində hansı əhəmiyyətli yeri tuturdu, iki toplum arasında hansı bağlar vardı, Nuru Paşa Bakıya öz təşəbbüsü, yoxsa Osmanlı hakimiyyətinin əmri ilə gəlmişdi, bu qoşunu Bakıdan kim geri çağırdı. Yazıçı həm o dövrün reallıqlarını yazıb, həm də gələcək üçün öz mesajlarını verib. O vaxt Osmanlı imperiyası öz hayında idi, yeni yaranan Türkiyə Cümhuriyyətinin də ilk işi Leninlə anlaşıb Azərbaycanın arxasından geri çəkilmək oldu. Çünki öz maraqları bunu tələb edirdi. Tiflis isə bütün Qafqazın mədəni mərkəzi, ürəyi, beyni idi. Azərbaycan Cümhuriyyəti də İstanbulda deyil, Tiflisdə doğuldu. Tarix və ənənələr sözünü deyir. Hətta bu gün də İstanbul və Ankara deyil, bizim üçün məhz Tiflis bir azadlıq adasıdır. Həqiqətlər yazılmış bir əsəri gəlin sifarişli adlandırmayaq. Ortada bir sifariş varsa da, bu yalnız vətənini sevən, onun faciələrini öz üzərində yaşayan bir ziyalının, yazıçının vicdanının, istedadının sifarişidir.

- Sizcə, romandakı Səlcuqlar dövrünə, Türkmənçay müqaviləsinə, Ağa Məhəmməd Şah Qacarın hakimiyyət illərinə tarixi ekskursların edilməsi əsərdə hansı üstünlükləri yaradır və bir oxucu kimi bu cür xronikaların əksi sizcə hansı ehtiyacdan yaranıb?

- Əsərdə qoyulan suallar, problemlər bu tarixi ekskursları zərurətə çevirir. Bir alovu təsvir ediriksə, ocağını da, bu ocağa nə vaxt, hansı odunların və kim tərəfindən atıldığını da göstərməliyik. Bunlarsız roman çox məhəlli olardı. Məşhur ifadə ilə desək, əsər Biləcəridən o tərəfə keçə bilməzdi. Bu gün yazıçılarımızın əksəri bizi dünyaya bağlayan yox, ayıran mövzulardan yazır. Biləcəridən o tərəfdə oxunmaq istəyiriksə, işimizdən dünyanı da düşündürən mövzuları tapmalıyıq.

- Romanın yaşadığımız yüzilliyə verdiyi proqnozlardan danışdıq, bəs bundan sonrakı illər üçün əsər hansı proqnozları verir?

- Bayaq dediyim kimi, eyni sual bu gün də aktualdır. Biz harda olmalıyıq Rusiyanın, İranın, yoxsa Avropanın yanında. Romanın mesajı budur gürcülərlə əl-ələ verib Avropa ölkəsinə çevrilməliyik. Yoxsa yarı-şərqli, yarı-qərbli ortabablığımız faciəmiz olacaq.

# 4528 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #