Etimad Başkeçid: “Tanrı bizi öz arzularımıza çatdırmaqla cəzalandırır”

Etimad Başkeçid: “Tanrı bizi öz arzularımıza çatdırmaqla cəzalandırır”
1 sentyabr 2014
# 08:00

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz yazıçı, tərcüməçi Etimad Bşkeçiddir. E.Başkeçidin ən sevdiyi əsər Cek Londonun “Martin İden” romanıdır.

- Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə “Martin İden” sənin sevimli əsərindir?

- “Martin İden”i tələbəlik illərində oxumuşam, o vaxtlar Cek Londonun əlimə keçən bütün əsərlərini oxuyurdum. Cek London adamda oxuma alışqanlığı yaradan az-az sənətkarlardandır. Onun əsərləri sanki bir təbiət hadisəsidir; yağış kimi, sərin külək kimi... Bu romanları və hekayələri oxuyarkən onların hansısa məziyyətləri və keyfiyyətləri barədə düşünmürsən, sadəcə həzz alırsan, vəssalam. Stilistlərin “baxın, görün mən necə yazıram” iddiasını bütün sətirlərinə hopdurmuş, bu üzdən də dirənə-dirənə oxuduğun əsərlərdən fərqli olaraq, Cek Londonun yazıları birnəfəsə oxunur və yalnız oxuyub bitirdikdən sonra onun nə qədər böyük yazıçı olduğunun fərqinə varırsan. Bu sənətkarın hansı ideya platformasından çıxış etməsi, hansı uca mətləblərə söykənməsi ikinci dərəcəli məsələdir mənimçün, burada vacib olan Londonun yazı manerası və üslubu, yazı texnikasıdır. O, klassik romanlarda olduğu kimi, süjeti hardasa kəsib uzun-uzadı ricətlər etmir, obrazların xarakteri, zahiri görünüşü və s. ilə bağlı yamaq tekstlər yazmır, əsərlərini lazımsız fabula elementləri ilə doldurmur. O, gərgin oyunu idarə eləyən yaxşı hakim kimidir – dəqiqəbaşı fit çalıb diqqəti özünə çəkmir. Kitab oxunduğu müddətdə onun simpatiyasının kimin tərəfində olduğunu müəyyənləşdirmək mümkün deyil. “Martin İden”ə gəlincə, bu roman barədə o qədər bir-birinə zidd şeylər yazılıb ki, adam bilmir nə fikirləşsin. Ən yaxşısı bu tədqiqat yazılarına çox da əhəmiyyət verməməkdir. Cek Londonun bir yaradıcı insan kimi özəlliklərindən biri də elə budur – hər kəs buradan öz qənaətlərini hasil edə bilər. Mənə görə bu roman, bir çoxlarının düşündüyü kimi, nakam eşq hekayəti deyil. Sosialist ideyasının iflasını göstərmək və ya Nitsşenin, Spenserin ideyalarını dəstəkləmək aktı da deyil. Bu, xoşbəxtlik adlı mirajın arxasınca sürüklənən, bütün həyat enerjisini bu yolda tükədən və nəticədə dibsiz bir boşluğa yuvarlanan talesiz insanın hekayətidir. Burada hər şey son dərəcə real və inandırıcıdır. Londonun özünün aqibəti də bunu sübut edir.

- Cek London bu əsəri yazandan 10 il sonra qəhrəmanının aqibəti ilə üzləşir – canına qıyır. Bu romanı bəziləri avtobioqrafik əsər sayır, bəziləri yox. Sən necə düşünürsən və yazıçının bu cür ölümü əsərin məşhurluğuna nə dərəcədə təsir edir?

- Romanda kifayət qədər avtobioqrafik elementlər var, bunu bilməyən yoxdur. Lakin Cek Londonun öz əsərini populyarlaşdırmaq və ya öz müəllif obrazına hansısa ştrixlər əlavə etmək kimi bir dərdi yox idi. London bu niyyətlə intihar etmiş olsaydı, çox cılız hərəkət olardı. Çünki tarixdə, xüsusən də, Avropa ənənəsində əsərinə diqqət çəkmək üçün özünü öldürmüş adamların nümunəsi var. Sonuncu belə intihar hadisəsi bu yaxınlarda Parisdə baş verib. Dominik Venner adlı fransız yazıçı “yatan vicdanları oyatmaq”, insanların diqqətini yazılarına yönəltmək üçün Müqəddəs Ana kilsəsində özünü güllələyib. Amma, bir qayda olaraq, bu cür aksiyalarla məzmunsuz şeyləri yaşatmaq, populyarlaşdırmaq mümkün deyil. İstərsə özünü on dəfə öldür. Odur ki, Cek Londonun özünə qəsd etməsi ilə onun əsərlərinin populyarlığı arasında heç bir əlaqə yoxdur.

- Bu romanda Heraklitin məşhur fikri öz təsdiqini tapır: “İnsanın arzusu çin olması xeyirli əlamət deyil”.

- Əlbəttə, xeyirli əlamət deyil. Çox məşhur bir ifadə var, deyir ki, tanrı bizi öz arzularımıza çatdırmaqla cəzalandırır. Biz hələ mifologiyadan və nağıllardan bilirik ki, insan öz arzusunu hər vəchlə həyata keçirməyə niyyətlənibsə, çox şeylərdən keçməlidir. Yoxsa nə vardı? Bunlardan ən məşhuru Faustdur, həyat həzlərinə qovuşmaq üçün öz ruhunu şeytana satan Faust. Rober Kyortsmanın “Arzuları yerinə yetirən” filmi də bu mətləblərdən danışır. Folklor isə bu cür obrazlarla dolub-daşır. Yəni insan Tanrının ona bəxş etdiklərindən əlavə şeylərə də iddia edirsə, bunun haqqını ödəməlidir. Ancaq Martin İdenlə bağlı məsələlər o qədər də birmənalı deyil. O, əslində, öz arzusuna yetişmir, doğrudur, məşhurlaşır, pullanır, varlanır, amma onun istədiyi bu deyildi axı. O, bütün reqaliyaları əldə etməklə bərabər özü kimi qalmağı, öz təbiətindən o qədər də uzaqlaşmamağı düşünürdü. Ruhunu şeytana təslim etməyi ağlına belə gətirmirdi. Amma yuxarıda dediyimiz kimi, bu davanın qaydaları çox sərtdir. Bu yolda o, öz qohum-qardaşını da itirir, sevgilisindən də olur, apardığı mübarizədən də iyrənir, axırda özünə söz verir ki, bir daha əlinə qələm almayacaq. Belə olan halda, Martin İden getdikcə tənhalaşır, insanlarla, həyatla bütün bağları qopur, bundan o tərəfi isə qaçılmaz ölümdür. Martinin ölümünü hərfi mənada başa düşmək lazım deyil. Yaddan çıxarmayaq ki, bu bədii əsərdir, buradakı ölümlər simvolik məna daşıyır. Yəni Cek London Martini öldürməyə də bilərdi, onu canlı meyit kimi yaşada da bilərdi. Amma onda həmin effekt alınmayacaqdı təbii ki.

- Rus şairi, nasiri, bəstəkarı Aleksandr Nikolayeviç Karpenko bu əsər barədə yazır: “Martin İdeni məhəbbətə olan sonsuz inamı məhv etdi. Rufaya olan duyğuları onun canında sanki dini bir xarakter almışdı. Bu, onun bütün həyatını mənasız etmişdi. Qeyd etmək lazımdır ki, bu cür hallar həyatda tez-tez baş verir və bu çox mənasızdır. İnsanlar xəyallarında çəkilmiş idealın həyatdakı sərt həqiqətlə üst-üstə düşmədiyinə bir gün dəhşətə gələrək əmin olmaqları üçün bəzən illərlə gözləyib özlərini aldadırlar. Rufun, əslində, heç bir günahı yox idi. Axı heç kim kimisə onu olduğu kimi görmədiyinə görə günahlandıra bilməz”. Amma əksərən bu əsər üzərində hermeneftik tənqidlərdə deyilir ki, yazıçının ölümünə baiskar Ruf idi. Sən necə düşünürsən?

- Məncə Karpenko Rufa lazım olduğundan çox rol ayırır. Ruf burada qətiyyən həlledici fiqur deyil. Vasitəçi obrazdır. Müəllif Martin İdeni yuxarıda təsvir etdiyimiz situasiyaya salmalı idisə, bunu Ruf olmadan da edə bilərdi. Martin İdenin başına gələnlər sadəcə Rufa görə olsaydı, bu əsərin bədii siqlətini sıfıra endirər və roman adi nakam məhəbbət macərasına çevrilərdi. Onda biz “Martin İden” yox, “Martin və Ruf” adlanan roman oxumuş olardıq.

- Bu əsərdə bir yazıçının yazıçı kimi doğuluşu və məhvi təsvir olunur, amma hardasa bir narsizm elementi də görürük: özünəvurğunluq özünəməhvə aparır.

- Martin İdeni narsisizmdə günahlandırmaq bəlkə də düz olmazdı. O, təbiətən xeyirxah birisidir, özünü yuxarıdan aparmır və s. Bununla belə, məqsəd vasitəyə haqq qazandırır prinsipi ilə davranmağın özündə narsisizm elementləri yox deyil. Mifdəki Narsisin aqibəti isə hər kəsə bəllidir. Özünəvurğunluq, özündən müştəbehlik kasad ağlın özəlliyidir, bu ağılla salamat qalmaq mümkün deyil.

- Bu roman dünyada ən çox oxunan əsərlərdən biri olsa da, heç bir qeyri-adi struktur yeniliyi yoxdur. Necə deyərlər, A-dan Z-yə...

- Cek Londonun ölümündən sonra vaxtilə ona mədhiyyə oxuyan Amerika akademik ədəbiyyatşünaslığı onu ikinci dərəcəli yazıçı kimi qələmə verməyə başladı. Bununla bəlkə də onun ədəbi-ictimai şüurdakı mövqeyini zəiflətmək, müəyyən oxucu dairələrində sosialist nüfuzunu sarsıtmaq istəyirdilər. Amma zaman keçdikcə Cek Londonun adı bütün zamanların böyük sənətkarı kimi öz yerini aldı. Əllinci illərdə YUNESKO-nun araşdırmalarına görə Londonun əsərləri ən çox nəşr olunan və ən çox tərcümə olunan əsərlərin siyahısına başçılıq etməyə başladı. “Martin İden”də, doğrudan da, qeyri-adi struktur yeniliyi yoxdur. Bu kitabda, istəsən, kütləvi ədəbiyyat üçün xarakterik elementlər və priyomlar da tapa bilərsən. Amma bu, romanın möhtəşəmliyinə heç bir xələl gətirmir. Əksinə...

- Romantik, əyləncəli şeirləri sevən Martin ölümündən az əvvəl Nitsşenin fəlsəfəsini xatırlayır. Nitsşe nihilizmi onu da məhv edir: “Axı deyin görüm bütün bunların bir mənası varmı?”

- Martin İdeni onun hədsiz fərdiyyətçiliyi məhv edir. Hardasa fövqəlinsan ideyası prinsipləri ilə hərəkət etməsi, təkbaşına başqa reallıq yaratmaq istəyi onun bütün əməyini puç edir. Burda nihilizmdən daha çox, böyük bir məyusluq və peşmançılıq var.

- Sənətkar, bu gün bizim ədəbi reallıqda canına qıymayan İdenlərdən danışasan bəlkə?

- Bilirsən, istedad Tanrının insana əmanətidir. İstedadı gözlə görmək mümkün deyil, amma o insanın bədən üzvlərindən biri kimidir. Öz təyinatı üzrə işləməyən, uzun müddət hərəkətdən qalan əl-ayaq necə incəlir, nazilir, quruyursa, istedad da o şəkildə yoxa çıxır. Eynən Balzakın şaqren dərisi kimi. Həyat şərtlərinin bir istedadı söndürməsindən böyük faciə yoxdur yer üzündə. Ondan da böyük faciə bilə-bilə, öz razılığınla istedadı qeyri-adekvat şeylərə dəyişdirməkdir. Azərbaycanda canına qıymayan Martin İdenlər kifayət qədərdir. Bu tənhalaşmış, tamamilə marginallaşmış, hamıya inamını itirmiş İdenlər gerçək həyatla bütün ilişkilərini itirmişlər, bir kölgə kimi gəzib-dolaşırlar. Yəqin məni ad çəkməyə məcbur etməyəcəksən…

# 5080 dəfə oxunub

Müəllifin son yazıları

# # #