Sevgini Allahla bölüşməmək – ESSELƏR

Sevgini Allahla bölüşməmək – <span style="color:red;">ESSELƏR
7 iyul 2015
# 07:30

Kulis gənc yazar Fərid Hüseynnin “Məncə” başlığı altında qələmə aldığı kiçik esseləri təqdim edir.

Anna Axmatovanın ev muzeyində olanda bələdçi qadın Axmatovanın əsərlərinin qadağan olunmasıyla bağlı bir hadisə danışdı. Deməli, bir dəfə “Qlavlit”də çalışan, suyu bulandırmaq istedadı ilə ədəbiyyatçıları arasında şöhrət qazanan “Ştuçka” ləqəbli erməni Şaqiniyan indiki Sank-Peterburqda, Nevski prospektində Axmatovanı görüb salam verməmiş istehza ilə deyib: “Sən demə, sən şairsənmiş, çünki şeirlərini qadağan etmək haqqında qərar verəndə çox baş sındırdıq”.

İstedadın olduqca qəribə etiraf formaları var...

***

Axmatovanı əri Punin onun şeir yazmasını vecə almırdı və iddia edirdi ki, o, söz adamı deyil. Punin Axmatovanın ən böyük həyat həqiqətini – şairliyini danırdı.

Svetaveyanın bacısı Anastasiya isə şairənin ölümünü xilaskar bir amazonun hərəkəti kimi qiymətləndirdi. Onun fikrincə, Marinanın oğlu Murla aralarındakı ailə münaqişəsi zamanı oğlu onlardan birinin evdən meyitinin çıxacağını deyibmiş. Belə olan təqdirdə Marinanın intiharı Amazon İppolita (Amazonların şahzadəsi) və Fedranın əhvalatına – özünü qurban verən ananın faciəsinə – bənzəyir. (Yunan əfsanəsində nəql edilir ki, Tesey Fedranın bacısı Minotavrı öldürməkdə onunla əlbir olub, Ariadnanı tərk edəndən sonra onunla evlənmişdi. Fedra ərinin amazonkaların hökmdarı İppolitadan olan oğlu İppolitə vurulmuşdu. Fedra İppolitin ona cavab vermədiyini görəndə ərinə oğlunu günahlandıran bir məktub yazaraq özünü asıb, Tesey isə oğlunu ölkədən qovub. Bir qədər keçəndən sonra İppolit arabada qəzaya uğrayıb həlak olmuşdu. Başqa bir versiya da var və orada iddia edilir ki, Tesey oğlunu lənətləyib Poseydona yalvarıb ki, onu öldürsün, Poseydon onun dualarını eşidib İppoliti öldürdəndən sonra isə Fedra özünü asıb).

Sovet imperiyasına rejimdən bezib, yaxud bezdirilib özünü öldürən bir şair obrazı lazım deyildi. Anastasiya deyə bilməzdi ki, bacım sovet imperiyasının diqqətsizliyinin qurbanıdır, ona görə də bu ölümü Anastasiya məşhur miflə ört-basdır edir, bacısının ölüm həqiqətini gizlədirdi.

Bəzən insan ömrünə ən böyük “yalanı” ən yaxın adamlar qatır...

***

Dövrünün ən nəhəng şairləriylə – Osip Mandelştam, Anna Axmatova, Rainer Maria Rilke, Sofiya Parnok, Boris Pasternak, – platonik və real sevgi yaşayan Svetayevanı sevgi son anına qədər tərk eləmədi. Fəqət onun insanlara olan məhəbbəti dünyaya və cahanı xəlq eləyənə sevgiyə çevrilə bilmədi... Ona görə də o “it quyruğuna düyünlənmiş” ömrünü “hamısız, heç kimsiz” faciəylə başa vurdu. Svetayevanın sevgisiylə Nitşenin tənhalığı arasında bir gözəgörünməz oxşarlıq var. Nitşe tənhalığını Allahla bölüşmürdü, Svetayeva sevgisini...

***

Cahiliyə dövrü poeziyası ilə tanış olanda Allaha, dinə, Kəbəyə yazılmış xeyli maraqlı şeirlər oxudum. Məsələ bundadır ki, cahiliyyə dövrü mədəniyyətini bütpərəstlik və çoxallahlılıqla damğalayıb, üstündən çalın-çarpaz xətt çəkənlər var və onları hardasa başa düşmək olur. Fəqət dinə və Allaha yazılan şeirləri inkar edənlər deyirlər ki, həmin bədii nümunələr İslam qəbul ediləndən sonra dəyişdirilərək “Qurani-Kərim”in ayələrinə uyğunlaşdırılıb. Belə olan halda cahiliyyə dövrü poeziyası barədə suallar meydana çıxır:

- Nəyə görə ancaq Allahla bağlı şeirlərin dəyişdirildiyi düşünülür, başqa mövzular haqqında bu fikir deyilmir?

- Əgər İslamdan əvvəl o şeirlərin yazıla bilməyəcəyi həqiqətdirsə, niyə onları “Qurani-Kərim”dəki ayələrlə şərh edirlər?

- İslamdan əvvəl də peyğəmbərlər vardı və onların şəninə yazılan şeirlər niyə qəbul edilməməlidir?

***

Bəzən deyirlər ki, sənət həyatın özü deyil, yaxud yazıçılar avtobioqrafik obrazlarını inkar edirlər. İddia edirlər ki, obraz müstəqil “varlıq”dır. “Dorian Qreyin portreti” əsərində rəssam əsərini satışa çıxarmaqdan boyun qaçırır, onu ancaq portretin yiyəsinə bağışlamaq istəyir: Düşünür ki, çəkilən hər bir əsər rəssamın öz portretidir... ...əslində portret rəssamın baxıb çəkdiyi adamınkı deyil, rəssam, əslində pozada olan adama baxmır, o, özünü çəkir, kətan parçada özünü yaradır, buna görə də qorxuram ki, bu portret mənim sirrimi, içimi faş edər”.

Əgər yazıçı öz xarakterini faş etməməkçün nələrisə gizlədirsə, onda da əsl həqiqətin yerinə saxtakar bir obraz – mahiyyətcə yenə həqiqət üzə çıxır. Yazılmış söz “ədəbiyyat dənizi”ndə batır, “ölür”, üzdə qalır, görünür...

***

Tədqiqatçıların fikrincə, Çexovun 600-dən çox hekayəsində 8 min qəhrəman iştirak edir. Maraqlıdır, görəsən, hansısa yazıçı həyatına bələd olduğu 8 min insan tanıyırmı? Yox.

Bu rəqəm (Çexovun bədii qəhrəmanlarının sayı) 5 min sakini olan 200 illik tarixə malik bir kəndin qəbiristanlığının ölülərinin sayına bərabərdir.

Bu sayda işçisi olan bir zavodu idarə etmək necə çətindir.

Çexovun dünya ədəbiyyatına, hekayəçilərə təsiri barədə düşünsək, ölümündən 111 il ötdüyünü nəzərə alsaq, dünyanın bu müddət ərzində orta demoqrafik artımını da hesablasaq, 8 min nəfərlik “Çexov qəhrəmanları” dünya ədəbiyyatında müstəqil kiçik bir dövlət qədər olar...

Bayraqsız, gerbsiz, himnsiz...

***

Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında Xosrovun Ruma gedib Qeysərlə görüşərək Məryəmlə evlənməsi səhnəsini təsvir etmir. Çünki Firdovsi “Şahnamə”də həmin epizodu geniş nəql eləmişdi. Nizami Firdovsiyə işarə edərək yazır:

Bunları demişdir bir başqa yazan,

İndi mən oyağam, yatmış o insan.

Sındırsam özgənin nırxını əgər,

Mənim də nırxımı özgə yox edər.

Bu məqamda, həm də müasir terminlə desək, intertekstuallıq (mətnlərarası əlaqə) çox maraqlı şəkildə üzə çıxır. Nizami Firdovsinin mətnini təkrar edib, yaxud dəyişdirib yeni şəkildə təqdim etməkdənsə, o mətnlə əlaqə qura bilir. Özündən əvvəlkiləri oxumaq, belə məqamlarda kara gəlir...

***

Elə bilirəm, bədii əsərin yazılma prosesi insanın bu dünyadakı yaşamına, əsərin çap olunub oxucuların əlinə çatması isə axirətə bənzəyir. Axirətdə müdafiə, islah (düzəltmə) dövrü yoxdur, ancaq haqq-hesab var...

# 2404 dəfə oxunub

Müəllifin son yazıları

# # #