#

Türkiyənin "Anna Karenina"sı

Türkiyənin "Anna Karenina"sı
18 dekabr 2014
# 09:30

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının, tanınmış şəxslərin ən çox sevdiyi əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz tənqidçi, tərcüməçi Nərgiz Cabbarlıdır. N.Cabbarlının ən sevdiyi əsər Səbahəttin Əlinin “Xəz mantolu madonna” romanıdır.

Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Səbahəttin Əlinin “Xəz mantolu Madonna” romanı sizin sevdiyiniz əsərdir?

- “Xəz mantolu Madonna” əvvəlcə müəllifinin qəribə və maraqlı taleyi ilə diqqətimi çəkmişdi. Cəmi 41 illik həyat, görülənlər və yazılanlar, bir yazıya görə üç aylıq həbs, vətəndən qaçmağa çalışma və qətlə yetirilmə... Öldürənin kimliyi belə dəqiq deyil... Bu, bir yazıçı adının maraq doğurması üçün yetərli səbəblərdir. Düzdür, bu maraq sonradan təmin olunmaya da bilərdi. Amma olundu. O ki qaldı əsərə, ilk olaraq təhkiyəsi ilə, dili ilə diqqətimi çəkdi. Ümumiyyətlə, dil əsərin uğurunun da, uğursuzluğunun da ilk səbəbkarıdır. Heyf ki, müasirlərimizin əksəriyyəti bu amilin fərqində belə deyillər... Ən vacibi isə əsərdə Qadına münasibətin fərqliliyi və ədəbiyyatda alışdığımız ənənəvi qadın obrazından fərqli xarakterin yaradılmasıdır. Eyni fikri Kişi xarakterinə də aid edə bilərik. “Madonna”da azad ruhlu, komplekssiz, öz istəyini də, haqqını da bilən, kimsədən asılı olmadan yaşamağı bacaran və ən əsası sevməyi bacaran, buna dəyər verən bir qadından söhbət gedir. Bir də yazıçının bu qadına münasibətindəki loyallıq diqqəti cəlb edir. O bu qadını azadlığına, sərbəstliyinə, geyiminə, yerişinə, həyata və kişilərə münasibətinə görə qınamır. İttiham etmir. Heç təhlil də etmir. Sadəcə yaradır. Azad yaradır. Fərqli yaradır. Özünəməxsus yaradır. Amma bu da son deyil. Çünki əsərdə təsvir edilən Kişi xarakteri – Raif əfəndi də fərqlidir, özünəməxsusdur. Onun da sevməyi bacarması, qadına yanaşmada fərqliliyi, həyat tərzi, həyatda axtardıqları adi insanın alışılan, qəbul edilən sərhədlərini adlayır. Hətta “dağıdır” da deyə bilərik. Məncə, obrazı yaradarkən, ona xarakter biçərkən müəllifin uğurlarından biri də elə ondadır ki, məhz Raif xarakterli bir kişi rəsmdəki qadını c yəni rəssamın özünü görmədən, tanımadan, amma ruhunu duyaraq, rəsmdən “görərək” sevə bilərdi. Bu yalnız eşq deyildi. Həm də sevgi idi. Bu yalnız tutqunluq deyildi, həm də ruhunun yarım qalmış parçasını, yarısını tanımaq idi. Tapmaq idi. Kəşf etmək idi. Məsələ elə o parçanın varlığındadır. Qovuşmada deyil. Elə bu səbəbdən də Raif əfəndi illərlə o sevgini içində yaşada bildi. O hissə və o xəyala o dərəcədə bağlandı ki, real dünyadan, real həyatdan qoparaq yalnız xəyali aləmində yaşadı. Var ola bildi.

Əsərin daha bir vacib məziyyəti dərin psixoloji məqamların dəqiq tutulmasında, təbiiliyində və anladıla, inandıra bilməsindədir. Və çox maraqlıdır ki, ənənəvi yanaşma ilə baxılsa, burada Maria Puderdə kişi xarakteri, Raif Əfəndidə isə qadın xarakteri daha çox boy verir. Yəni Puder nə qədər güclü tərəflərə – risk, seçim, ilk addım, cəsarət və s. malikdirsə, Raif Əfəndi bir o qədər çəkingən, ehtiyatlı, utancaqdır... Yeri gəlmişkən, bunun özündə də qəribə bir psixoloji qanunauyğunluq var. Hər halda, həyatda da bütün kişilər güclü, iradəli, cəsarətli, bütün qadınlar da çəkingən, utancaq, ehtiyatlı deyillər. Maria Puder özünün “mən də seçə bilərəm”, “nə olsun qadınam, ilk addımı mən də ata bilərəm” mesajı ilə həqiqətən maraqlı görünür.

Adətən, əsərləri ona görə sevirlər ki, o əsərlə oxucunun həyatında hansısa bağlılıq olur, bu romanla bağlı sizdə də belə bir hal olubmu?

– Bu fikirlə razılaşmıram. Əsərlər bağlılıqdan daha çox insanın arzuladıqlarına yaxın olanda sevilir. Bəlkə də “Kürk mantolu Madonna” bu səbəbdən bəyəndiyim, sevdiyim əsərə çevrildi. Bilirsinizmi, İnsanın – xüsusilə qadının olduğu kimi sevilməsi, qəbul edilməsi çox əhəmiyyətli şeydir. Bizdə, adətən, qadını – hansı yaşda olursa olsun, elə lap uşaqlıqdan – plastilin kimi yoğurub istədikləri hala salmağa, arzuladıqları şəklə salmağa çalışırlar. Əvvəl atalar, qardaşlar, sonra ərlər, hətta sonra oğullar belə… Özü də əvvəlcə onun ruhundan, azadlığından başlayırlar. Nə qədər inkişaf etmiş ölkə hesab edilsək də, təəssüf ki, bu hələ də var və hələ də davam edir. Mən bunu dərininə yaşamamışam, amma gördüklərimdən yaşamış qədər varam.

Əsərdə də arzuladığım, hər zaman görmək istədiyim azad qadın ruhunu tapdığım üçün bu yaxınlıq, maraq təmin edilmiş oldu. Hər hansı bir qadının azadlığı əxlaq çərçivələri ilə yarğılanırsa, onu məhz bu tərəfdən vururlarsa, bu artıq onun ruhuna qarşı haqsızlıqdır. Səbahəddin Əli bir yazıçı kimi bu haqsızlığa qarşı çıxıb.

Klassik ədəbiyyatda Anna Karenina, Madam Bovari qadın azadlığının və xarakterinin tamam başqa tərəfini göstərirdilər. Bu da sevmək, duyulmaq, azad olmaq istəyi idi. Amma Maria Puder sonda o biri qadınlar kimi ölsə də (bu, intihar deyildi!) onun azadlığı da, sevgisi də, yaşamı da tam fərqlidir. O aradığı əsl sevginin olmadığına qərar verdiyi anda onu bulur. “Yoxdur” dediyi anda. Üz-üzə durub da görə bilmədiyi anda. Və bu onun özünü bəzən kişi kimi hiss etməsinə baxmayaraq, bir qadın kimi xoşbəxt olması deməkdir. Xoşbəxtliyini tapması deməkdir.

– Romanda iki məkan-Ankara, Berlin, iki əhvalat-gizli müəllifin əhvalatı və Raifin xatirələri, iki zaman-birinci zaman 1933, həmin illərdən ikinci zaman 14-15 il əvvəl və bütün bunların kəsişdiyi bircə an var. İstərdim əsərin bu texnikasından danışasınız?

- Əslində, bu iki zaman, iki əhvalat, iki xarakter arasında elə qəribə, elə gözlə görülməz bir keçid var ki, bir əhvalatdan o birinə, bir məkandan o birinə, bir taledən o birinə necə adladığının fərqinə belə varmırsan. Və məhz bu keçidin uğurlu alınmasına görə iki ayrı tale, iki ayrı xarakter bu dərəcədə birləşir, bütünləşir. Biri digərini tamamlayır – bu məqamda Raif əfəndinin taleyini Rasim – gizli müəllif davam etdirmiş kimi görünür. Çünki əgər o olmasaydı Raif əfəndinin taleyi də bilinməz, izsiz, soraqsız itib yox olacaqdı. Əgər Raif əfəndi olmasaydı, həyatında heç bir məna, səbəb və maraq tapmadan yaşayan Rasim də öz yaşamına anlam verməyəcəkdi. Onlar hər ikisi əslində yaxın xarakterli, yaxın ruhlu insanlardılar. Rasim olduğu və yaşadığı mühitdə necə özünü tapa, özünü anlaya bilmirsə, eyni cəhət Raif əfəndidə də var. Hər ikisi kitablarda və öz yaratdıqları dünyalarda yaşayan insanlardır. O səbəbdən də Raif əfəndinin fərqinə yalnız Rasim vara bildi. Onun gizli və zəngin dünyasını o kəşf edə bildi. Ondakı rəssam ruhunu da, gizli istedadı da, gizli kədəri və tənhalığı da, gizli məhəbbəti də...

– Nərgiz xanım, bu əsəri Türkiyə ədəbi tənqidi “yabancılaşma”, absurd fəlsəfəsiylə bağlayırlar, Dostoyevskinin “Gizlindən qeydlər”, Kamyunun “Yad”, Kafkanın “Çevrilmə” əsəri ilə müəyyən aspektlərdə müqayisə edirlər. Siz bu əsərdə absurd fəlsəfəsini, insan yadlaşmasını bir tənqidçi kimi nə ilə əlaqələndirirsiniz?

– Bunun müəllifin yaşadığı zamanla da, mühitlə də, seçdiyi və yaratmaq istədiyi qəhrəmanın tipi ilə də, psixologiyası ilə də bağlılığı var. Səbahəddin Əli kataklizmlər dövrünün yazıçısı idi. Öz həyatında bu absurdluğu yaşamışdı. Adətən, hər hansı bir yazıçını hansısa fəlsəfi nəticələrin qoynuna yaşadığı dövr, ictimai-siyasi proseslər, onların nəticəsində gəldiyi ümumiləşdirmələr və s. aparıb çıxarır. Bu, təbiidir.

Müqayisəyə gəlincə, həqiqətən də bu əsərlərdə bağlılıq və yaxınlıq var. Amma onları müqayisə etmək bir qədər yanlış nəticələrə aparıb çıxara bilər. Çünki Dostoyevskinin “Xəlvətdən məktublar”ının qəhrəmanı “absurd fəlsəfə”nin daha tipik xarakteridir. Onun hərəkətləri də, ovqatdan-ovqata düşməsi də, daim dəyişim məqamlarında yaşaması da, ayrı-ayrılıqda məntiqli görünən düşüncələri arasında məntiqi bağın olmaması da elə bu absurdluğun göstəricisidir. Amma onun Lizaya münasibəti, hissləri, rəftarı ilə Raif əfəndinin münasibəti arasında yerlə göy qədər fərq var. Onda bu əvvəlcə süni qəhrəmanlıq, xilasetmə maniyası kimi meydana çıxırsa, Raif əfəndidə sevgidir, eşqdir, hissdir, vurğunluqdur. Nə ittiham var, nə qınama. Sadəcə pərəstiş, sadəcə səcdə, sadəcə məhəbbət... Yaxud Kamyunun “Yad”ının qəhrəmanının da hisslərindən müqayisə apararaq danışmaq olmaz. Görüşdüyü qadına – Mariyə laqeyd, anasının ölümünə laqeyd, işinə, yaşadığı həyata, etdiyi hərəkətlərə, hətta etdiyi qətlə belə laqeyd xarakterdən söhbət gedir... Burada da absurd fəlsəfəsi daha çox özünü təsdiqləyir... Yəni dediyim kimi, yaxın gələn, yaxınlaşan, bəzən hətta toqquşan məqamlar, cəhətlər olsa da, istər xarakter, istər situasiya, istər mövzu baxımından fərqli əsərlərdir. “Çevrilmə” isə tamam başqa mövzudur. Amma belə bir yaxınlığın diqqət çəkməsinin əsas səbəbi Qlobal Tənhalıq, özünü tapmama problemidir. Mənasızlıqdır. Yabançılıqdır.

Əsərdə nələrəsə çatmaq mümkün olmur:

- Qəhrəman Güzel Sanatlar Akademisinin oxuya – arzusunu başa çatdıra bilmir.

- Raif Əfəndi evlənməyə sevgisinə çatmağa hazırlaşanda atası ölür və o geri qayıdır.

- Raif Əfəndi dəftərin yanmasını istəyir, amma bu istəyi də həyata keçmir.

- Dəftəri oxuyandan sonra (təhkiyəçi) onun evinə gedir, gedib görür ki, o ölüb.

– Əsərdə əldə olunanlar da var axı. Raif Əfəndi sevgisinə çatır. Eşqini qazanır. Şəkildəki qadını həyatda əldə edir. Evlənə bilməsə də geri qayıdıb vətənində atasının qoyub getdiyi təsərrüfatda məqsədinə çatır. Nələrsə əldə edir. Amma bu həm də İtirmə ilə paralel götürülür. Raif əfəndi əldə etməklə, qazanmaqla itirməyi paralel yaşayır. Sevgisini qazanmaqla itirməyi, varlığından bixəbər olduğu qızını tapmaqla itirməyi, həyatda əldə edə bilmədiyi dostunu – qəlb həmdəmini tapmaqla itirməyi bir olur. Bu artıq təsvir və yaradılmaq üçün seçilmiş xarakterin, taleyin spesifikasıdır. O məhz bu cür təsvir olunmalıydı ki, yaşadığı faciəli tale inandırıcı və təsirli olsun. Əsər baş tutsun.

Romanda bürokratiyanın, vəzifənin insanları dəyişdirməsinə də aşkar işarələr var. İstərdim Hamdi bəyin timsalında bu məsələyə də toxunasınız.

– Bəli. Vəzifə insanları çox dəyişir. Özgüvənini artırır, səlahiyyət sahibi olmağın verdiyi imkanlar insanı bəzən adi insani keyfiyyətlərdən belə uzaqlaşdıra bilir. Həyatda da bunun şahidi oluruq, ədəbiyyat da bunun çox fərqli tipik nümunələri yaradılıb. Hamdi bəy mənə bizim müasir bürokratlarımızı xatırlatdı. Amma tək o deyil. Elə Raif əfəndi də, onu insan yerinə qoymayan, əslində var olan bacarığının fərqinə varmayan məsləkdaşları da, elə bütün bürokratik basqılara dözərək susan özü də nə bizə, nə də mühitimizə yabançı deyil. Biz hər addımda bu cür tipik personajlarla qarşılaşırıq. Amma ya fərqinə varmırıq, ya da onların varlığına sadəcə alışırıq. Əsas olan isə odur ki, özümüz o cür tipə çevrilməyək.

Bu tiplər hər zaman öz aktuallığını qoruyurlar. Hər halda Səbahəddin Əlinin yaratdığı eşq romanına onlardan birinin düşməsi də təsadüfi deyildi. Və Raif Əfəndinin hər zaman əzilən, alçaldılan bir insana çevrilməsində, gözəgörünməz olmasında da bu cür içi boş, daxili zənginlikdən uzaq bürokratların müəyyən “xidməti” var. Hərçənd ki, bu “xidməti” yalnız mənfi yöndən təhlil etmək lazım deyil. Çünki o olmasaydı, Raif Əfəndinin daxili dünyasının açılması üçün təkan yaratmaq, təkan vermək çətin olardı. Onun səssiz görkəminin altında qaynayan etiraz məhz yaşanan haqsızlıq anında çizilən rəsmlə meydana çıxır. Yəni tipik situasiya buna şərait yaradır.

Romanda məncə insana pərəstiş də bariz göstərilir. İnsan son ana qədər sirli, anlaşılmaz varlıq kimi əks etdirilir. (Əgər Hamdi bəy Raifi danlamasaydı və o da hirslənib onun karikaturasını çəkməsəydi, təhkiyəçi onun adi insan olduğunu bilməyəcəkdi). Son məqamda isə məlum dəftərin ələ düşməsi... Kiminsə kimisə kəşf etməsisə vacib məqam kimi göstərilir: çünki Raif Əfəndi nə ailəsi, nə də cəmiyyət tərəfindən necə həssas insan olması bilinmir, qiymətləndirilmir. İstərdim söhbətimiz bu məqamlara səmt alsın.

– Bunu insana pərəstiş adlandırmazdım. Sadəcə həyati bir faktdır – təsvir edilib. Həyatda da belədir. Kimlərsə kimlərisə kəşf edir, ruhunu aşkara çıxarır. Hansısa situasiyalar hansısa xarakterlərin, dünyaların, talelərin açılmasına vəsilə olur. Bu əsərdə də Hamdi bəy həm Rasimin iş qazanmasına, həm dost qazanmasına, həm Raif əfəndini kəşf etməsinə vəsilə olur. Özü də bilmədən. Yeri gəlmişkən, o hissə mənim ən çox bəyəndiyim yerlərdən biridir. Çox incə psixoloji məqamı təsvir etdiyi üçün. Yəni ən sakit, ən dilsiz, ən ölgün görünüşlü bir adam da içində hansısa emosiyalar, burulğanlar yaşada və onu hansısa vasitəylə üzə çıxara bilir. Sadəcə hər kəsin özünəməxsus etiraz forması, üsyan metodu var. Biri susmaqla üsyan edər, biri hayqırmaqla...

Bəzi tənqidi məqalələrdə bu romanda əslində iki yazıçı obrazı olduğu vurğulanır. Bir sual da doğur: əlyazmanı təhkiyəçi oxuyur, o məlumdur ki yazıçıdır, bəs Raif əfəndi, onu da yazıçı hesab etmək olarmı?

- Bəli, şübhəsiz. Bayaq da qeyd etdiyim kimi, bu obrazlar bir-birini o qədər tamamlayır, o qədər dolğunlaşdırırlar ki, onların bir şəxsin iki tərəfi, iki üzü olması heç müzakirə də oluna bilməz. Burada, əslində yazıçının uğuru da var, ursuzluğu da. Uğursuzluğu onları ayırmamağındadır. Daha doğrusu, özünü onlardan ayıra bilməməyində, gizlətməməyindədir. Ümumiyyətlə, türk ədəbiyyatşünaslığında çox güman ki, elə bu səbəbdən “Xəz mantolu madonna”nı avtobioqrafik əsər kimi dəyərləndirir və təhlil edirlər. Və bu məqamda haqlıdırlar da.

Romanda çox təsirli səhnələr var. Məsələn Raif əfəndi xəstə olanda deyir: “Ben onlar için hiç bir şey değilim… Hiç birşey değildim… Senelerden beri aynı evde beraber yaşadık… Bu adam kimdir diye merak etmediler.. şimdi çekilip gideceğimden korkuyorlar…”. Sizin üçün romanda daha təsirli məqam hansıdır?

– Raif əfəndinin sevdiyi qadının jaketində xəstə yatağında olarkən dəftəri xatırlaması, onu yandırmağı xahiş etməsi. Əslində, onun üçün iki əziz şey var o məqamda – əynindəki qadın jaketi – sevdiyi qadına yaxın etdiyi üçün. Hər halda o belə zənn edir. Belə hiss edir. Bir də hamıdan gizli qələmə aldığı və iş yerində, siyirməsinin küncündə gizlətdiyi o dəftərçə. Məhrəm xatirələrini, duyğularını, günahlarını, hisslərini yad gözlərdən qoruduğu üçün. Onu yandırmasını istəməsi isə çox ağır bir sərhədi adlaması demək idi. Bu səbəbdən gözlərindən yaş süzülür. Amma bu istək ikinci anlam da daşıyır. O özünə yaxın bildiyi bu adamın o dəftərçəni oxumasını da istəyir. Ürəyinin bir yerində – haradasa buna ümid edir, bunu gözləyir. Hər şeyi özü ilə aparmaq istəmir. Amma bu bölüşmə həm də o məhrəm sirri, sevgini, xatirəni məhrəmlikdən çıxarır. Bu səbəbdən də onun üçün dəftərçənin oxunduqdan sonra yandırılıb-yandırılmamasının heç bir fərqi olmur.

– Antik fəlsəfədə incəsənətə xüsusi önəm verildiyini bilirsiz. O dövrdə incəsənətlə bağlı belə bir fikir işlədilirdi: “İnsan olmayanı insana çevirən”. Eyni fraza əsrlər sonra absurd fəlsəfəsində insana aid edilərək tərsinə çevrildi: “İnsanı insan olmayana çevirən”. Bəs görəsən, Raif Əfəndi ədəbiyyata və rəssamlığa dəyər verən, insanı insan olmayana çevirməyən bir varlıq kimi qiymətləndirsəydi necə olardı?

– Elə də qiymətləndirilməlidir. O rəssamlığa da, insanlığa da dəyər verən, amma özü dəyər görməyən biridir. Məsələn, onun Kamyunun Mersosundan fərqi budur. Yaxud Dostoyevskinin qəhrəmanından da eləcə. Qəlbi sevgi ilə dolu, amma sevgisizlikdən, diqqətsizlikdən əziyyət çəkən biri... Ətrafına da, həyatına da, yaşamına da, hətta öz sağlığına da yabançılaşmış, yadlaşmış biri. Onun ölümü intihar idi. Çünki o öz sağlamlığının zəif olduğunu bilə-bilə o soyuq havada yaxasını açıq qoyaraq qarlı küləyə qarşı yürümüşdü. Həyatdan da, ətrafında olub da onu görməyənlərdən də sanki bu şəkildə qisas almışdı. Və bunun səbəbi indiyə qədər özünün də fərqində olmadan onu həyata bağlayan bir fikir – sevdiyi qadının yanında olmasa da, ona “xəyanət” etsə də (axı o on il müddətində məhz belə düşünmüşdü) haradasa sağ olması, haradasa var olması, yaşaması fikri idi. O bu xəyalla, bu ümidlə, bu sevgi ilə yaşayırdı. Amma qadının xəyanəti deyil, ölümü faktı, üstəlik hələ onun yadigarını – qızını dünyaya gətirərkən ölməsi faktı və bu faktın təsdiqi olan qızı ilə üzləşmə – xəyalların yıxılması demək olur. Bağ qırılır. Onu həyata bağlayan o nə isə yox olur. Və Raif əfəndi bilərəkdən, düşünərəkdən özünü o soyuq qarlı küləyə təslim edir. Ağırlaşacağını, öləcəyini anlayaraqdan.

- Əsərdə Raif əfəndinin uşaqlığı ilə bağlı da maraqlı bir məqam var: o uşaq olanda nəsə haqsızlıq görəndə dalaşmır, əksinə bütün bunların baş verdiyinə görə sıxılır, ağlayır. Ailəsinəsə elə gəlir ki, bu oğlan dostları kimi güclü deyil, belə deyək “qızbibidir”. O da yaşıdları ilə kobud olduqlarına, boş yerdən dava saldıqlarına görə uzaqlaşır, ədəbiyyata və rəssamlığa meyl edir. Sanki bu yadlaşma ilə onun bütün sonrakı faciələrinin əsasının qoyulduğu göstərilir.

– Bu cür “yadlaşma” onun xarakterinin bir cizgisidir və fərqliliyinin göstəricisidir. Elə əsərin qəhrəmanı ilə onları yaxınlaşdıran əsas xüsusiyyətlərdən biri də budur. Öz dünyalarını kitablarda – reallıqdan uzaqda arayır. Bunun sizin dediyiniz “qızbibilik”lə bir əlaqəsi yoxdur. Bu xarakterli qadınlar da var, kişilər də. Bu xarakterdir. İnsanı buna görə qınamazlar.

Romanda rəsmi görüb aşiq olma səhnəsini klassik ədəbiyyatdan götürüldüyünü düşünən tənqidçilər də var, siz necə düşünürsünüz?

– Hər bir müasir əsərdə klassikadan götürülmüş nələrsə – detallar, personajlar, situasiyalar və s. axtarmaq olar. Qadının “Madonna” adlandırılmasının özü bizə müəllif tərəfindən bu mesajı verir. Amma... Bu madonnanın zehnimizin alışdığı Madonna ilə əlaqəsi qalmır, qırılır. O, fərqli müstəviyə adlayır. Yeni keyfiyyət qazanır.

– Romanda “açıq mətn” adlanan məqamlar var. Yəni bezginlik, insana dəyər verməyin vacibliyi və s. məqamlar publisistik aşkarlıqla təhkiyəçi tərəfindən yazılır. Sizcə belədə mətn tamamilə sirsiz, aşkar görünmür ki?

– Məncə yox. Publisistik məqamlar duymadım. Hadisələrə təhkiyəçi müdaxiləsi olsa da, publisistik çalar qazanmır. Əksinə, hadisələr, talelər, situasiyalar bu həqiqəti diktə edir: İnsana dəyər verin. İnsanı görün. İnsanı anlamağa çalışın. Mənim bu əsəri sevməmin səbəblərindən biri də elə budur. İnsanın fərqinə varmaq, görmək lazım gəldiyini xatırladır. Yəni bunu sadəcə gözəl bir eşq hekayəsi kimi görmək lazım deyil. İnsana dəyər vermək ismarıcı kimi də anlamaq gərək.

# 2818 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #