Bakirə çıxmayan qıza görə öldürülən oğlanın hekayəsi LAYİHƏ

Bakirə çıxmayan qıza görə öldürülən oğlanın hekayəsi LAYİHƏ
16 iyun 2014
# 07:30

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz yazıçı Mübariz Örəndir. M.Örənin ən sevdiyi əsər “Nobel” mükafatı laureatı Qabriel Qarsiya Markesin “Gözlənilən bir qətlin tarixçəsi” romanıdır.

- “Gözlənilən bir qətlin tarixçəsi” hansı məziyyətinə və ideya meyarına görə sizin ən sevdiyiniz əsərdir?

- Bu əsərdə hər şey o mənə qədər doğma, tanış idi ki, bu, sanki bizim qəsəbədə baş vermiş bir hadisə idi və bu cinayətdə və olanlarda mənim də günahım vardı.

- Bu əsəri Azərbaycan dilinə tərcümə edən Əkrəm Əylisli müsahibələrinin birində deyir ki: “Mən "Gözlənilən bir qətlin tarixçəsi"ni ona görə tərcümə etdim ki, Azərbaycan yazıçıları mahir bir təhkiyə, yazıçı texnikası ilə tanış olsunlar. Ədəbi təsir mürəkkəb məsələdir, ciddi ədəbi təsir heç vaxt birbaşa baş vermir...". Sizcə, 1982-ci ildə dilimizə tərcümə olunan bu əsər Azərbaycan ədəbiyyatına hansı ədəbi özəllikləri ilə təsir edib? Yoxsa hər hansı təsir fikri ilə razı deyilsiniz?

- Əvvəla bu povest və Q.Q.Markesin başqa məşhur əsərləri ruscaya daha əvvəllər çevrilmişdi. Və şübhəsiz bizim əksər yazarlarımız bu “mahir təhkiyə, yazıçı texnikası” ilə onsuz da tanış idilər. Bundan savayı, nasirin “Polkovnikə məktub yoxdur” povesti, bir neçə hekayəsi də artıq dilimizə tərcümə olunmuşdu. Məncə, söhbət bu əsərin Azərbaycan ədəbiyyatına bilavasitə deyil, dolayısı yolla təsirindən gedə bilər; belə bir mükəmməlliyi dişinə vurub dadına baxan oxucunu aldatmaq mümkün olmayacaqdı; xalis, keyfiyyətli mətn tələbatı yarandı...

- Əsərin baş qəhrəmanı Santyaqo Nasar günahsızlığın qurbanı olur, amma bu həm də ölkə üçün müqəddəs bir vaxtda – yepiskopun şəhərə gələcəyi gün baş tutur. İstərdim ki, bu paradoksdan danışaq.

- Yepiskopun gəmisi sahilə yan almadan, camaata xeyir-dua vermədən qəsəbədən uzaqlaşır, camaatın nəziri əlində qalır. “Başı zənbillərdən bayıra çıxan” kök xoruzları – müqəddəs atanın xoruz pipiyindən bişirilən şorbaya xüsusi iştahası vardı – “qoltuğuna verilir”. “Onun bu qəsəbədən zəndi-zəhləsi gedir” – Santyaqonun anası Plasido Linero belə deyirdi. Söhbət burada, məncə, paradoksdan deyil, qanunauyğunluqdan gedə bilər. Bu hadisədən sonra sanki bütün qəsəbə əhli lənətlənir, hərə bir mərəzə düçar olur, azar tapır. Çünki, “kişiləri arvada oxşayan bu qəsəbədə” hamı günah sahibidi. A.Kamünün “Yad” əsərində söhbət bir nəfərin laqeydliyindən gedirsə, bu əsərdə əksinə, ətraf mühitin riyakar təbiəti, qəsəbə camaatının heyrət ediləcək dərəcədə loyallığı, etinasızlığı qabardılır: “Limandan qayıdan camaat hay-küyü eşidib, baş verəsi cinayətin şahidi olmaq üçün meydanda özünə yer tutmağa tələsmişdi”.

- Bayardo Anxelanın bakirə olmadığı aşkar olandan sonra isməti pozulduğu üçün evlərinə göndərirlər. Sizcə, qardaşları Pedro və Paolo xanım Bayadra Anxeladan ismətinin kim tərəfindən ləkələndiyini soruşanda niyə məhz Santyaqonun adını çəkir?

- Məncə, burada bir qadın loqikası, gözlənilməzliyi var. Nasar gözəl, yaraşıqlı idi, eyni zamanda varlı-dövlətliydi, – xaraktercə də ürəyiaçıq, xeyirxah. “O cür kişi yer üzünə bir də heç vaxt gəlməyəcək” – qulluqçu Divina Flor sonralar boynuna alırdı. Anxela Vikario bilirdi ki, o adamın Santyaqo olduğuna heç kim inanmayacaq; onları bir yerdə görən olmamışdı, – Santyaqonun təkəbbürü buna yol verməzdi – həm də, Nasar “fərəyeyən şahinlərdən” idi, “dağı daşı dolanıb təzə-təzə açan hər qönçəni – hər qəşəng qızı qamarlayırdı”. Qəsəbədə isə onun göbəkkəsmə nişanlısı Flora Miqel var idi, eşq-ehtiras sarıdan isə, qədim peşənin sahibi olan Mariya Servanteslə əlaqə saxlayırdı. Santyaqo Nasarın adını çəkməklə, Anxela Vikario öz həqiqi sevdiyi oğlanı fəlakətdən qurtara bilərdi; uşaqsifət, avam və sadəlövh qardaşlarının Santyaqo ilə cəngə gələcəyinə o inanmırdı. Hətta 23 il sonra, artıq saçlarına dən düşmüş, gözü metal sağanaqlı yaşlı bir qadına çevrilmiş Anxelaqan bu sirrin açmasını soruşanda, o “Özünə əziyyət vermə, əzizim”, – demişdi. Bu məsələdə əsl həqiqəti bir Allah bilir; çünki oxucusunu labirintlərə salan oyunbaz Markes də bu həqiqətdən kənardadır.

- Əsərdə Anxelanın bakirəliyinin kim tərəfindən pozulduğu barədə heç bir məlumat verilmir. Amma onun bakirəliyinin öz atası Ponsio ilə insest əlaqəsində nəticəsindən pozulduğuna əsərdə gizli işarələr var, belə ki, Santyaqonun ölümündən sonra Ponsionun "tez bir zamanda dərddən dünyasını dəyişməsi" cümləsi bu məsələyə hanısasa dərəcədə işıq tutur. Müsahibələri ilə həmişə “oyunbazlıq” edən Q.Q.Markesə dəfələrlə bu barədə suallar verilsə də, “oxucu özü düşünsün” deyə uzun illərin müəmmalı intizarını daha da artırırdı. Bu məsələ haqqında sizin fikriniz necədir?

- Razıyam. Əsl Markes sehrbazlığı da elə buradadır. Anxelanın bakirə çıxmaması kimin ağlına gələ bilərdi? O, bacıları ilə birgə anasının dəmir nəzarəti altında böyümüşdü. Bircə addım belə gözdən iraq buraxılmamışdı. Hətta toy ərəfəsində öz nişanlısı Bayyardo San Romanla alacaqları evə baxmağa belə razı olmamışdı. “... qızların əksəriyyəti öz bakirəliyini hələ uşaq ikən, heç özləri də bilmədən itirir”. – rəfiqələri demişdi. Hətta ona toy gecəsi ərini barmağına dolayıb, səhərə üzüağ çıxmağın da yollarını öyrətmişdilər. Toy gecəsi Anxelo bakirə olduğunu göstərmək üçün özünü utancaqlığa vurub, işığı söndürtməli, dəhşətli zəy məhlulu ilə yuyunub döşəkağını ləkələməli idi. Lakin Anxela bunların heç birini eləmir. “Çünki belə bir şey alçaqlıq və rəzillik idi”. – 23 il sonra o, belə deyir. Anxelanın “ömür boyu qorxu içində” yaşaması göstərir ki, bakirəliyinin pozulması “mexaniki” və Allahla Məryəm arasındakı müqəddəs əlaqə deyildi. Və ömür boyu dəmir nəzarətdə saxlanılması “insest əlaqəsini” önə çıxarır. Anxelo Vikarionun, “Onu dünyadan o dərd apardı”, – deməsi isə sanki öləziməkdə olan qorun üstünü azca açır, işardır.

- Borxes deyirdi ki, “Ədəbiyyat idarə edilən yuxudur”. Haqqında danışdığımız əsərdə isə Santyaqo evdən çıxmazdan qabaq, anası Plasido Lineroya gecə gördüyü yuxunu nağıl eləyir, danışır ki, “gecə əncirlikdə gəzişirdim”. Yuxu yozumunda görə isə ağac pis hadisələrin olacağına nişandı, yaxşı əlamət sayılmır. “Gözlənilən qətlin tarixçəsi” əsərində Markesin bu titizliklə heç nəyin boş yerə olmadığına işarə etməsini necə qiymətləndirirsiz?

- Santyaqonun ölümündə günahkar çoxdu. Ən azı bir neçə versiyanı düşünə bilərik:

Anxelan qardaşları onu etiraf etməyə məcbur edəndə ağlına birinci Santyaqonun adı gəlməsəydi, öldürülməyəcəkdi;

Əsərin lap əvvəlində təhkiyəçi Santyaqonun əvvəllər də, qətl ərəfəsində də oxşar yuxular gördüyünü söyləyir. Yuxuda gah narın yağış altında, əncirlikdə gəzinir, gah gümüşü təyyarədə badamlıqda uçurdu. Yuxudan xoşbəxt ayıldıqda isə, ona elə gəlirdi ki, quşlar üz-başını murdarlayıblar... Başqasının yuxusunu asanca yozmasına baxmayaraq, öz oğlunun yuxusunu düz yozmadığına görə xanım Plasidio Linero özünü bağışlaya bilmirdi. “Yuxuda ağac görmək yaxşı əlamət, quş görmək pis əlamət idi”. Və bunların bir-birinə qarışmağı Plasidio Lineronu dilxor eləmişdi, çaş-baş salmışdı.

Ümumilikdə isə yuxu, qorxu, qoxu kimi detal-kodlardan Markes bütün əsərlərində, xüsusən, bu povestdə mahircəsinə istifadə edib. Bu detallar əsərə əlavə sehr, sirr, müəmma, eyni zamanda dad, duz qatıb.

- Amma bütün bu cür olaylardan sonra hamının günahkar və həm də taleyin labüdlüyü qarşısında günahsızlığı məsələsi aşkara çıxır. Əsərin əsas qayəsi də burdan qaynaqlanır, istərdim yuxarıda haqqında danışdığım situasiyaları və taleyin labüdlüyü məsələsini bu əsər kontekstində açasınız.

- Bu əsəri oxuyarkən mənə ən təsir edən yer ədəbiyyat həvəskarı olan gənc müstəntiqin istintaq işində qırmızı mürəkkəblə yazdığı bu “lirik ricət” oldu: “Lazım olduqda, tale bizi görünməz də eləyə bilir”. Ölüm ərəfəsində insanla dolu meydanda, camaatın gözü qabağında Nasarın nişanlısıgilə girməsini heç kəs görməmişdi. Bu ağlasığmaz dərəcədə mümkünsüz idi. Və yaxud, anası qaçıb arxa qapının cəftəsini bağlayandan – ona elə gəlmişdi ki, oğlu evdədi və onu öldürmək üçün Vikario qardaşları evə basqın edirlər, – cəmi ikicə saniyə (!) sonra əlibıçaqlılar Santyaqonu yaxalamışdılar. Başqa bir misal: polkovnik Lasaro Anonte qətlin indicə törədiləcəyini bilə-bilə axşam kiminlə domino oynayacağını müəyyənləşdirmək üçün kluba girib çıxan zaman artıq qətl hadisəsi baş vermişdi. Gecəykən süd dükanına gələn qardaşlar hamıya car çəkir: baxın, eşidin, biz bu bıçaqları itilədib Santyaqonu öldürmək fikrindəyik. Hətta yol bolu itləri də hürdürürlər... Belə misallar onlarladır, sanki bütün səbəb və təsadüflərdə gözəgörünməz bir əl var – tale...

- Əsəri nəql edən yazıçı isə hadisələri 23 il sonra araşdırmağa gəlir və baş verənləri qələmə alır. Anlaşılmaz odur ki, əslində, ən gizli məqam açılmır. Sizcə, bu dırnaqarası araşdırmaçılıq əsərdə nəyə xidmət edir?

- Fərid, əsəri nəql edən – təhkiyəçi özü də dolayısı yolla bu hadisələrin şahidi və iştirakçısıdır; o da bu qəsəbənin sakini olub, hamının günahkar olduğu bu qətldə onun da öz günah payı var. Və bu günah hissi, hamı kimi onu da rahat yaşamağa qoymur, mənəvi əzab verir. Bu müdhiş əhvalatda hər kəsin öz yerini, öz payını bilmək istəyir; əks təqdirdə yaşamaq əzab verərdi. Ən gizli məqamın aşılmamağına səbəb isə gəl razılaşaq ki, Markes özü bilsəydisə də, bu sirri heç kəsə açmazdı.

- Əsər barədə çoxsaylı fikirlərlə yanaşı tənqidi qeydlər də olub. Məsələn, tənqidçi Entoni Börcess əsərin ustalıqla yazıldığını etiraf etsə də, Markesi romanda "ümumi perspektiv" vermədiyi və "konservativ axmaqlığın bataqlığından çıxara biləcək bir insan qüvvəsi" göstərməməsi üçün tənqid etmişdir. Sizin bu əsər barədə tənqidi fikriniz nədən ibarətdir, ya da başqa cür görmək istədiyiniz məqamlar varmı?

- Əsər, doğrudan da, ustalıqla yazılıb və mətn üçün mükəmməllik anlayışı varsa, deyə bilərik ki, “Gözlənilən bir qətlin tarixçəsi” mükəmməl əsərdi. Lakin, əsərə başqa rakurslardan baxdıqda – mental, dini və s... – hansı mənzərə açılır. Məsələn, indi bir çox mədəniyyətlərdə “çürük mənasızlıq” kimi namus məsələsinin – bəlkə “konservativ axmaqlığın bataqlığında...” deyəndə, Entoni Barcess həm də bunu nəzərdə tuturdu – dominantlıq etdiyi həmin cəmiyyətdə hələ sübuta yetirilməmiş günahın sahibinə qahmar duran olmur, hətta öz qohumları, dostları belə susur, gözləyir. Vikario qardaşlarının törədəcəyi hadisəni hamı “həyatın qarşıya qoyduğu vəzifə” kimi qarşılayır.

O ki qaldı, mənim görmək istədiyim məqamlar... Düzü bu əsərdə mənə təəccüblü gələn Santyaqoya, onun ərəb məşəli tayfasına qarşı – nədənsə bu camaat türklər kimi qələmə verilir – camaatın, hətta təhkiyəçinin belə, laqeyd-soyuq münasibətidi. Düzdü, əsərdə “güllü parça al-veri eləyən”, bayram oyuncaqları satan bu “türklər” mehriban, əməksevər, “öz toxumlarını əkib, öz çörəklərini yeyən”, katolikliyi qəbul etmiş adamlar kimi verilir, amma həmin o mental, dini məqəmlarda ayrıseçkiliyə məruz qalır. Yazıq Santyaqo sübutsuz-dəlilsiz qətlə yetirildiyi halda, camaatın böyük əksəriyyəti o hadisənin yeganə qurbanı kimi Bayyardo San Romanı görür, “Yazıq Bayyardo” deyib onu yad edirdilər. Santyaqodan söz düşəndə isə, “o öz günahının əcrini çəkdi” deyirdilər.

- Sonda, sizə bu əsərdən “nə qalıb”, bu kitaba həyatın və yaradıcılığın hansı ehtiyacından yenidən baxmağa ehtiyac yaranır?

- Əsər boyu ilk baxışdan gərəksiz görünən hər hansı bir detal sonradan hadisələrin vazkeçilməz bir bəndinə çevrilir. Ucu itmiş kələf gözlənilməz, ağlasığmaz bir sadəliklə çözülüb-çözələnir. “...Bir şeyin mahiyyətini açmaq istəyəndə o, bu cür əhəmiyyətsiz məsələləri həmişə ön plana çəkirdi” – bu cümləni oxuyanda fikirləşdim ki, həyatda da belədir; əslində, sənin baş qoşub əhəmiyyət vermədiyin nəsnələr sənin həyatının tərkib hissələridir – səbəbdir. Bu sarıdan, həyatda, elə yaradıcılıqda da “nə eləyim, necə eləyim?” sualı ilə təkbətək qalanda gənc və günahsız Santyaqonun “qanına bulaşmış” bu qırmızı üzlü kitaba əl atıram.

# 5458 dəfə oxunub

Müəllifin son yazıları

# # #