“Qorxu insanları bir-birindən uzaqlaşdırır” - LAYİHƏ

“Qorxu insanları bir-birindən uzaqlaşdırır” - <span style="color:red;">LAYİHƏ
7 dekabr 2015
# 08:30

“Sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının, tanınmış şəxslərin ən çox sevdiyi əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz gənc yazıçı Ayxan Ayvazdır. Onun sevdiyi əsər Con Steynbekin “Siçanlar və adamlar” povestidir.

- Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Con Steynbekin “Siçanlar və adamlar” povesti sənin sevdiyin əsərdir?

- Əvvəlcə bunu deyim: bütün sevdiyim əsərlər sevdiyim insanlar kimidir. Onlardan ayrılmaq olmur, tez-tez qarşına çıxır, xatırlayırsan. Con Steynbeklə tanışlığım da məhz bu əsər sayəsində oldu. Tiflisdə, kəndimizdə oxudum və bitirəndə yağış yağdı. Mən pəncərədən upuzun çölə yağan yağışa baxıb düşündüm ki, bir əsər insanı məhv etməyə qadir ola bilərmi. Sonra öz-özümə cavabı tapdım: bəli, bu mümkündür. “Siçanlar və adamlar” bəzən bizim görmədiyimiz, yaxud yanından sakitcə keçdiyimiz adamların və hadisələrin qaranlıq dünyasına işıq saçır. Həmişə qəribə, dəhşətli süjeti olan əsərlər deyil, bu cür sadə, qısa və eyni zamanda içində daşıdığı amansız həyat detalları olan nümunələr sözün həqiqi mənasında məni darmadağın edir. “Siçanlar və adamlar”da da bunu gördüm və dəhşətə gəldim. Əsər “anamı ağlatdı”, gözümün qabağında qəhrəmanların soyuq varlığı canlandı. Darmadağın oldum, bir neçə gün depressiyaya düşdüm, heç kimlə danışmadım. Yalnız tərpədən əsərlər məni insanlardan ayırır, heç bir doğma adam belə bu gerçəyi dəyişə bilmir. Ona görə də, “Siçanlar və adamlar” kabus kimi yuxularıma girir, ətrafımdakı adamların, keçib gedən hadisələrin yalnız bədii dillə desək, ayaq səslərini eşidirəm, onları hiss etmirəm. Bu məndə dəfələrlə olub. Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanında da eyni sarsıntını keçirdim. Onlardan xilas olmaq üçün isə başqa əsərləri oxudum və yazmaqla üstümə daraşan bu əsərlərdən xilas oldum.

- Əsərdə iki qəribə xarakter var, ağıldankəm Lenni və hədsiz dərəcədə düşüncəli Corc. Ancaq heç biri həyatda uğur qazana bilmir. Bu çıxılmazlıq əsər boyu davam edir. Onların arzuları əslində xırda arzulardır. Kama yetə bilərlər. Ancaq cəmiyyət elə qurulub ki, insanlar xırda arzularına çatması belə mümkünsüzdür. İstərdim iki ziddiyyətli obrazın xarakterlərindən və reallığın onların həyatına təsirindən danışaq.

- Arzuları və xəyalları olan insan məhv olur. Əsərdə Lenni ilə Corcun dialoqlarında bunu görə bilirdim. Məsələn, Corc Lenniyə baxıb deyir: “Ya Rəbbi, sən buna verdiyin boy-buxuna bax, gözünün yaşına bax”. Paxlanı sousla xoşlayan Lenniyə cavabına baxın: “Həmişə olmayanı istəyirsən”. Lenni keçmişi xatırlamır. Onun ən çox xoşladığı yumşaq şeyləri tumarlamaqdır. Klara xalası ona siçan verirdi, amma o, həmin qadını yadına sala bilmir. Onun arzuları başına oyun açır. Əslində onu ağıldankəm eləyən arzularıdır. Bir torpaq sahəsi alacaqlar, dovşanları yemləyəcəklər... Və Lenni öz sadəlövhlüyü ilə bunu hər kəsə danışır. Arzusunun yaxasından buraxmır: ona görə də işlədiyi yerlərdən qovulurlar. Sonda isə bir qadını - sahibin oğlunun arvadını öldürür. Dostu Corcun dediyi kimi, o bunu bilərəkdən etmir və nə yazıq ki, o da buna əngəl ola bilmir. Corc ağıllıdır, bunun üçün də Lenninin yanındadır. Amma o həm də bicdir: Lenninin yaxşı işlədiyini, güclü olduğunu bilir və bundan istifadə edir. Qəribə orasıdır ki, Lenninin bütün ağılsızlıqlarına da göz yumur, onu ata bilmir. Sonda onu öldürərkən belə arzularının içində zatən sağ qalmayan Lenniyə kövrəlir. Belə adamı isə xilas etmək mümkünsüzdür. İnsanlar ikiüzlü, yalançı və eyni zamanda müftəxordurlar. Lenni kimi adamlar cəmiyyətə lazım deyil. Eynən Don Kixot kimi, Knyaz Mışkin kimi, Raskolnikov kimi.

- Əsərdə anormal bir istək var: Lenni yumşaq xəz əlləməkdən, oxşamaqdan xoşu gəlir. Qıvrımsaçın arvadının da boynun bu absurd istək üzündən sındırır, həyatı da məhv olur. Sanki arzuların insanları məhv etdiyi ideyasını yazıçı anormal bir insanın simasında açır. Sən necə bilirsən?

- Lenni fiziki olaraq güclüdür və gücünü yalnız öz istəyini reallaşdırmaq – yumşaq şeyləri, dovşanları, siçanları, pişik balalarını sığallamaq – üçün edir, ancaq arzularına olan hədsiz sevgisi onu qatilə çevirir. Ev almaq, öz işinin ağası olmaq, sevdiyi işlərlə məşğul olmaq arzusu onu ağıldan kəm və dəli kimi göstərir. Əslində sadə görünən bu arzu minlərlə və milyonlarla adamın içində var və onlar buna görə içkiyə qurşanıb, insanlıqdan çıxıb, bir-birinin qanına susayıb. Lenni ona görə pis adam deyil ki, onun bu xırda arzusu var və onun həyata keçməməsi qəhrəmanın elə də vecinə deyil. O, öz-özlüyündə bir ev quraşdırıb, dovşanları yemləyib. Sadəcə reallıq, qadını öldürməsi onun olan-qalan xəyalını da dartıb amansızlıqla əlindən alır. Lennini öz dostu Corc deyil, öz arzusu, öz dünyası öldürür. Çünki reallığı itirmiş adam Don Kixot kimi heç kimə gərək deyil. Və əsərdəki son cümlə də bu baxımdan çox təsirlidir: “Bu ikisini biri-birinə çəkən nədir, görəsən... heç başa düşmürəm”. Corcla Lenni həyatın iki üzüdür: ağıllı və dəli üzü. Biri reallıqla barışıb, o birisi isə xəyallarla yaşayır. Ancaq istəkləri birdir. Corc bunun mümkün olmayacağına hardasa özünü inandırıb. Sadəcə Lenniyə öz evləri, bağları haqqında danışmaqla içindəkini soyutmaq istəyir. Nəticədə ikisi də reallıqla toqquşub ayılırlar: Corc, Lenninin qadını öldürdüyünü görəndə, o birisi isə tətiyin çəkildiyi vaxt.

- Əsərin sonluğu məncə çox təsirlidir – Corc, Qıvrımsaçın arvadını öldürdüyünə görə bilir ki, Lennini vəhşicəsinə öldürəcəklər, axırına çıxacaqlar. Lennini hamıdan tez tapıb onu özü öldürür ki, dostuna işgəncə verməsinlər. Əsər boyu obrazların miyanə əhvalı, kart fallamları, ağılsızlıqlar, macəra, söyüşlü nitqlər, xırda insanların məişəti axırda ağlagəlməz bir gerçəkliklə ortalığa çıxır. Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsəri kimi xilas və insan mahiyyəti ən son anda görünür. Yazıçının sadə bir situasiyadan bu cür gözlənilməz və ağrılı bir sonluğa gəlib çıxmasına çəkək sözümüzü...

- Dananın quyruğunun qopması məsəli. Corc ağıllıdır axı. Bir az da özünü düşünür, çünki Lenni həm də odur. Əsərin başlanğıcında işləri pozmasın deyə Lenninin adından o danışır, dostunun ağzını açmasına imkan vermir. Onu Allah kimi idarə edir, hər hərəkətinə diqqət yetirir. Lenni də bilir ki, Corc olmasa heç kimdir. Tarazlığın qorunması üçün Corc lazımdır. Lenni safdır, təmizdir. Bir tərəfdən də güclüdür, bir öküzü tək başına qaldıra bilər. Hətta Qıvrımsaçın əlini qırır. Onun taleyi Corcun əlindədir. Corc onu maşın kimi hərəkətə gətirir. Sonda isə yazıçı “nakaut” zərbəsini vurur: dost dostu öldürməyə məcbur qalır. Bir məqam gəlir, hər kəs ayrı-ayrı yolların izinə düşür. Nə vaxtsa ayrılmalısan. Dostundan da, sevgilindən də, atandan da, anandan da... Hamıdan. İnsan bütün burulğanların sovuşub getməsindən sonra qos-qoca dünyada tək qalır. Və Steynbek də buna işarə vurur. Bu heç biri-birinə oxşamayan iki insanın xilası ayrılmalarındadır. Bunun da səbəbi var. Səbəb yaranan da düşünürəm ki, artıq dostluq və sevgidən danışmağa dəyməz. Sevmək və dostluq etmək səbəbsiz olur. Bir-birindən tamam fərqli iki insan həmişə yaxşı yola gedir, bu əsərdə də Lenni ilə Corc bir-birini tamamlayır əslində. Lakin Lenni bu dəfə də istəklərinin sərhəddini müəyyənləşdirməkdə aciz qalır və Corcun tapşırdığı kimi aradan çıxır. Bu dəfə onunla danışan Corc isə tamam başqa biridir, artıq onun dostu deyil. O həqiqətin özüdür: acımasızdır, başdan-ayağa reallıqdır. Buna görə də yollar ayrılmalıdır. Bunu yazıçı qəsdən eləmir, həyat da belədir: bir gün ən yaxın adamın sənin qatilinə çevrilə bilər.

- Qəribədir ki, onlar başqa bir kənddən Lenninin şakərinə görə perik düşüblər – Lenni bir qadının xəzini oxşayanda, sığallayanda onu təcavüz kimi qələmə veriblər və onlar qaçıb. Nəhayətdə Lenni yenə də şakərinin qurbanı olur. Taledən qaçmağın mümkünsüzlüyü aydın boyalarla əks etdirilib. Bu barədə nə düşünürsən?

- Məncə, burda öz dərdini anlada bilməmək də var. Yenə deyirəm: Lenni arzusuna həddən artıq aşiq biridir. Onun ağlını alan, kefləndirən də budur. Onun taleyi də yoxdur axı. Ümumiyyətlə, o varmı, hardadır, bunu belə bilmirik. Əsərdə Lenni tək qalanda arzusunun qurbanına çevrilir. Corc yanında yoxdur, bir qızın ətəyinə toxunub və hay-həşir qopub. Corc yoxdur, bir qadının saçını sığallayarkən onu öldürüb. Lenninin özü ilə tək qaldığı anlar onun arzular limanıdır. O sahilə lövbər atan hər hansı bir işarəyə təslim olur və gəmiyə dırmaşır, göyərtədən dənizin dalğalanan mənzərəsinə tamaşa edir, hər şeyi unudaraq öz xəyallar dünyasına səyahət edir. Qışqır-bağır, kiminsə ölümü bütün bu mənzərələri darmadağın edir və reallıq gur işıqları ilə onun gözünü deşir. Lenni tək yaşaya bilməz, onun şiddətli arzuları qarşısında güclü bədəni dözə bilmir. Corc onun qalxanıdır, müdafiəsidir. Həyat da belədir. Bizim də nələrəsə ehtiyacımız var. Bu dünyada heç kim tək başına nəsə edə bilmir. Belə bir şey olmur, boş söhbətdir. Əslində hamımız Lenniyik, hamımız onun arzuları ilə yaşayırıq və ağ bayraq qaldırıb təslim oluruq. Bizdən ayrılan dost, sevgili təkrarlanan və uzanan prosesdir. İnsan öz arzularının qurbanına çevrilir. Lenni bədbəxtdir, ancaq öz “arzular şəhərində” xoşbəxtdir. Reallığa gəldisə, onun yox olan varlığını yox etmək lazımdır. Necə ki, bunu da öz dostu Corc edir...

Of Mice And Men Poster.jpg

- Nəzərə alaq ki, əsər uzun illər qara siyahıların “bəzəyi” olub. Əsərdə zəncilərə amansız münasibət, sinfi cəmiyyətin reallıqları, gerçəkliyin quldarlıq quruluşuna bərabərliyi, kiçik insanların təcrid edilməsi məsələləri var idi. ABŞ rejimi – təbii ki, bütün sadaladığım cəhətləri guya kənara qoyub – iddia edirdi ki, əsər “öldürməyi təlqin edir”, bundan başqa “kobud dil” faktorun əldə bayraq edib əsəri dərsliklərdən çıxarır, kitabxanalarda qadağan edirdi. Ayxan, məncə, əsərdə odövrkü ABŞ rejiminin ifşası və əsərdəki siyasi-sosial qat haqda da danışmağa dəyər.

- Romandakı obrazlar Amerika cəmiyyətinin üzüdür. Bəlkə də ən təsirli obrazlardan biri zəncidir. Onun bir cüt ayaqqabısı, uzunboğaz rezin çəkməsi, zəngli saatı və bir də tüfəngi var. Zənci şikəstdir, qozbeldir. Gününü kitab oxumaqla keçirir, yanına gəlib-gedən biri yoxdur. Onu ziyarət edən yalnız iş üçün gəlir. Danışacağı adam yoxdu, rəngi qaradır deyə hər yerdən qovulur. Onun yanına gələn Lenni və qoca Plümü isə əvvəl içəri buraxmasa da, sonra çox xoş qarşılayır və öz həyatını danışır. Qaldığı yerə bax: tövlə. Steynbek yazır ki, qozbel son dərəcə məğrur, həm də müstəqil adam idi. Çox vaxt insanlardan gen gəzirdi, onları özünə yaxın qoymurdu. Ondan iy gəldiyini və buna görə ona heç kimin yaxın durmadığını yazır. Əsli cənubdandır, özü isə Kaliforniyada anadan olub. Uşaq vaxtı ağ uşaqlarla oynayanda atası buna əsəbiləşirmiş. Bu münasibəti sonradan anlayır, onların yaşadığı yerdə tək zənci ailəsi onlar imiş. Amerikanların zəncilərə bu cür münasibəti fonunda onların kart oynaması, kef-damaqda olması göstərilir. Roman Böyük Depressiya dövrünə işıq saçır. Lenni bu depressiv vəziyyətin hələ böyüməyən uşağıdır, körpəsidir. Corc yetişmiş, ağıl dəryasıdır. Uzundraz, Karlson, sahib, onun oğlu Amerikanın bir-birinə bənzəyən, yalnızca tutduqları mövqelərə görə xarakterlərinə əlavə cizgilər qatılmış adamlardır. Qoca Plüm, qozbel zənci, Qıvrımsaçın arvadı və digər personajlar ömrünə rəng qatmaq üçün dəridən-qabıqdan çıxan, lakin bunu bacara bilməyən insanların ümumiləşmiş obrazlarıdır. Corc Lenninin üstündə duran ağadır. Dostluq edir, ancaq həm də özünə sərf edəni istəyir. Buna görə də onun yanındadır. Tez-tez ondan bezdiyini, tək olsa daha yaxşı olacağını deyir, amma Lenni ona lazımdır. Qul yalnız öz fiziki gücü sayəsində işlədiyi, yalnız yemək üçün dəridən-qabıqdan çıxdığı kimi Lenni də Corca məhz buna görə lazımdır. Əslində ona görə dostunu tək buraxmır ki, onun fiziki gücü Corca rahatlıq gətirir. Lenni, Corcdan çox işləyir, o isə kefə qulluq edir. İş üstündə gedən söhbətlərdə Corc həmişə idarəçi rolundadır, Lenni isə bunu dərk edəcək ağılda deyil. Sadəcə məqsəd birdir: torpaq sahibi olmaq. Amerikanın sakinlərinin öz vətəni yoxdur, hamı yaddır, ögeydir. Ona görə də ötürdüyü mesaj, həqiqətin açıb-ağartması bu əsərin taleyinə qara xətt çəkir. Ədəbiyyat içində güllə gəzdirən silahdır, nə vaxt açılıb partlaması, hədəfə dəyməsi bilinmir.

- Fikir verirsənmi əsərdə hamı təkdir. Con reallığı Lennisiz qavrayır, Lenni də əksinə. Çünki onların tam mənada bir-birini dərk etmələri mümkünsüzdür. Qıvrımsaçın arvadı ərini sevmir deyə tənhadır, əri ondan qadın nəvazişi, hisslərinə qarşılıq görmədiyi üçün. Kandi əlini itirib deyə tənhadır. Əsərin cərəyan etdiyi yer də “Soledad” ərazisinə yaxındır. Bu şəhərin adı ispancadan tərcümədə mənası tənhalıq, tək yaşanılan yer mənasını verir.

- Bunu Selincer “Çovdarlıqda uçurumdan qoruyan” romanında da yazır. Heç kimi sevməyən, sonunda tənha qalan Holdin Kolflid öz-özünə düşünür: “Bilməzdim ki, gün gələcək nifrət etdiyim adamlar üçün darıxacağam”. Tənhalığı ifadə edən məkan, onun içində yaşayan insanlar... Zəncidən danışdıq ki, o təkdir, heç kimi yoxdur. Əslində burdakı obrazların hamısı yalnızdır. Lenni öz xəyallarında, Corc öz reallığında. Qıvrımsaç öz gücünün, arvadı şöhrətin, qoca Plüm öldürülən itinin dərdini çəkir və buna görə tənhadır. Və bütün bu tənhalıq izdihamı hər yeri bürüyüb. Bütün insanlar əslində tənhadır, çünki içindəki fırtınaları, yağan yağışları yalnız o bilir. Ətrafımızda, yanımızda olan adamlar böyük tənhalığımızın boşluqlarını dolduran musiqi kimidir. Bu dünyaya tək gəlirsən və tək gedirsən. Bu boyda sosial şəbəkələrin bolluğu, ünsiyyətin asanlaşdığı bir dövrdə insanlar sap kimi bir-birindən qopur və laqeydləşir. Steynbek gələcəyin yaradacağı situasiyanı əvvəlcədən yazır. Sənin yanındakı bir yerdə işlədiyin, dostluq etdiyin adam əslində boşluqdur. Burda ekzistensialist baxış da var. İnsan öz dərisinə bağlanmış həbsxanadır. Heç kim bir başqasına özünü sona qədər anlada bilməz. Mənə görə də yazıçı aciz qaldığı durumlardan yazır. Steynbek bu böyük tənhalığın çıxış nöqtəsini tapa bilsəydi, yəqin bu romanı tonqala atıb yandırardı, ya da əvvəlcədən yazmazdı.

- Əsərdə həm realist, həm də romantik ab-hava var. Qəhrəmanların da xarakterində bu fərq var. Lenni romantik, Con realistdir. Yeri gəlmişkən, Steynbek özü də həm realist, həm də romantik yazıçı sayılır.

- Buna görə roman birxətli deyil. Corc realistdir deyirsən, amma onun da xarakterində romantik, duyğusal anlar baş qaldırır. Lenniyə nə vaxtsa alacaqları rançodan danışmağı onun yalnız realist olmağını göstərir? Xeyr. Sadəcə Lennidən fərqli olaraq Corc bunun uzaqlarda olduğuna özünü çoxdan inandırıb. Lenni isə buludlarda uçur. Ona romantik yox, xəyalpərvər demək daha düzgün olardı. Sonda isə Lenni də reallığa bürünür, istər-istəməz. Özünün bilməyərəkdən öldürdüyü qadın o romantikanı darmadağın edir. Lenni qorxuya düşür, qaçıb uzaqlaşır. İnsanların arasında da, onlarsız da xoşbəxtlik olmayacaq. Bunu anlayır, Corcun dediyi yerə gedir, lakin gözlədiyi dostu onu öldürür. Steynbekin bu situasiyasını başqa yazıçı başqa cür nəticələndirə bilər. Bu isə onun öz oyunudur və bu oyunda heç kim qalib deyil.

- Əsərin ilk adı “Olmuş əhvalat”dır. Sonra Robert Burnsin şeirindən əsərə ad götürülüb. Həmin şeirdə belə bir misra var ki, siçanların və adamların planları tərsinə olur. Əsər ən ağlagəlməz bir sonluqla tamamlanır. Oxucu qəhrəmanların başına hər nə gələcəyini düşünsə də, bir o birini öldürəcəyini düşünə bilməz. Sonluq barədə fikrin nədir?

- Yəqin ki, Steynbek intertekstuallıq edib, o şeiri xatırladıb. Bir məsələni qeyd edim. İnsan təbiəti etibarı ilə həzz duyğusuna meyllidir. Psixoloq Vladimr Levi “Fikir ardınca” kitabında siçovulların üzərində aparılan təcrübədən bəhs edir. Biri mənfi, digəri müsbət olan naqillər vasitəsi ilə heyvanlara müxtəlif duyğular aşılayan təcrübə aparılmış və burada şərti reflekslərə yiyələnmiş siçovullar sonradan onlarda həzz duyğusu oyadan naqillərə üstünlük vermiş, neqativ duyğular aşılayan naqillərdən kənar qaçmışlar. İnsan da eynən belədir. Yalnız şüur bizi heyvandan uzaqlaşdırır. Əsərin adı da gözəldir bu baxımdan: “Siçanlar və adamlar”. Əslində həzz duyğusu və digər reflekslər insanda da, siçanda da eynidir. Lenni yumşaq şeyləri tumarlamağı xoşlayır, ağıldankəmdir. Corc isə nəzarət edir buna. Əsərin adı elə-belə qoyulmayıb. Rus yazıçısı Tatyana Tolstaya deyir ki, hər hansı adamın yaxşı və pis olması haqqında düşünmək artıq faşistlik əlamətidir. Həqiqətən də insan düşdüyü mühitə və qarşılaşdığı situasiyaya görə hərəkət edir. Məhz əməllərinə onun özünün psixoloji durumuna görə qiymət vermək gərəkdir. Biz istəsək də, istəməsək də digərinin hərəkətlərinə subyektiv mülahizələrimizə görə qiymət veririk. Halbuki insan iki qütblü, gah müsbətə, gah mənfiyə əyilən bir varlıqdır. Başqa bir məsələyə diqqət çəkək. Məncə, sonluq ustacasınadır. Tənhalıq və onu doğuran qorxu ölümlə nəticələnməli idi. Əslində Steynbek oxucunu yavaş-yavaş buna hazırlayır. Dünyada müxtəlif zorakı dövlətlərin yaranması, inkvizisiya, şəriət məhkəmələri insan düşüncəsinin inkişafının qarşısını almağa cəhd göstərib. Faşist Almaniyası, eləcə də kommunist Rusiya formaca müxtəlif, məzmunca eyni mahiyyətdə olub insanları qorxu altında yaşamağa məcbur edib, onun irticaçı mahiyyətini başa düşən insanları konslagerlərdə, həbsxanalarda çürütmüşlər. Steynbekin təsvir etdiyi cəmiyyətdə hər kəs öz tənhalığının həbsxanasına düşüb və qorxu hər tində, hər küçədə pusqu qurub. Corc vəziyyəti başa düşür, qorxu onu bu addımı atmağa məcbur edir. Lenni də qorxu içindədir, tək qalacaq, heç bir şey edə bilməyəcək. Corc özünün də məhv olacağını gözünün qabağına gətirib dostunu öldürür. Baş vermiş bədbəxt hadisə, yaranan qorxu onların bir yerdə davam edə bilməyəcəklərinə işarədir. Bu baxımdan Steynbek Amerika rejiminə də mesaj göndərir: qorxu insanları bir-birindən uzaqlaşdırır və Amerika sakinləri buna görə də bir-birinə yabancıdır.

# 4594 dəfə oxunub

Müəllifin son yazıları

# # #