“Gülməli adamın yuxusu”-Ən sevdiyim əsər

“Gülməli adamın yuxusu”-Ən sevdiyim əsər
23 yanvar 2014
# 12:14

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz Finlandiyanın Tampere şəhərində yaşayan həmvətənimiz tərçüməçi, araşdırmaçı İlahə Ucaruhdur. İ.Ucaruhun ən sevdiyi əsər Fyodr Mixayloviç Dostoyevsknin “Gülməli adamın yuxusu” hekayəsidir, hansı ki, həmin əsəri o Azərbaycan dilinə çevirib.

- Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Dostoyevskinin “Gülməli adamın yuxusu” hekayəsi sizin ən sevdiyiniz əsərdir?

- Bu hekayəni ilk dəfə 18-19 yaşım olanda oxumuşdum, deyəsən, məni hekayənin qəribə adı cəlb eləmişdi. Oxuyandan sonra sanki şoka düşmüşdüm: ideal toplumda ideal həyat təsviri necə sadə və dahiyanə olarmış! Gənc idealist, romantik bir qızın ideal axtarışları dövrünə düşmüşdü bu mütaliə. Yadımdadır, elə o ərəfədə Muğannanın “İdeal” romanını da yenicə oxumuşdum. Onda da şok keçirmişdim, “Qapalı dünya” ideyası məni şoka salmışdı. Sözgəlişi deyim: məndən olsa, “Gülməli adamın yuxusu”nu həm məktəblərdə yuxarı siniflər üçün, həm də ədəbiyyat fakültələrində tədris proqramına salardım, çünki həcmi baxımından kiçik olduğu qədər də ideya baxımından çox dərindir. Hekayənin dilimizə tərcümə edilib-edilmədiyini araşdırdım: yox, çevrilməmişdi. Düşündüm ki, necə ola bilər ki, belə əsəri tanımasınlar Azərbaycanda?! Elə onda qərara aldım ki, hekayəni ana dilimizə çevirim. İlk tərcümə əzablarıma baxmayaraq, qəlbimin dərinliklərində avamcasına ümid edirdim ki, insanlar bunu oxusa, necə yaşamalı olduqlarını biləcək, həyat dəyişəcək, dünya düzələcək. Bu hekayəyə rast gəlməsəydim, bəlkə də başqa cür olardı, çox güman ki, gənc yaşlarımda çox asanlıqla həyatla vidalaşardım, elə həyatın anlamsızlığından da.

Bu əsərdə qəhrəman sanki patoloji fantaziyalarını danışır, hiss etmisinizsə, hekayə elə qurulub ki, elə bil onun dili tutulub açılır, nələrisə demək istəyir, ancaq susur. İstərdim bu barədə danışaq.

– Dostoyevskinin bütün qəhrəmanları patoloji şəxsiyyətlər deyilmi?! Ütülü, səliqəli, yerli-yerində danışan avantüristləri azmı görüb bu dünya?! Xeyri nədir?! Qəhrəmanın susması fikri haqda səninlə razı deyiləm. Nə demək istəyirsəz, əsər boyu deyir. Hətta əsərdən sonra da deyir, eşidənlər üçün.

- Sizcə, Baxtin hansı xüsusiyyətlərinə görə Dostoyevskinin bu hekayəsini yüksək qiymətləndirib?

- Hekayə, Dostoyevski yaradıcılığının son məhsullarından olduğu üçün də önəmlidir, çünki yazar artıq həm sənətkar, həm mütəfəkkir kimi püxtələşib, həm də bütün pul borclarını ödəyib naşirlərdən qurtulduğu üçün pul xətrinə böyük həcmli, üzün-üzün süjetləri buraxıb, qısa və yığcam yazmağa imkan tapmışdı. “Dostoyevskinin poetikası problemləri” əsərində böyük rus filosofu və tənqidçisi Mixail Baxtin yazır: “Bu əsərin son dərəcə universalizmi, eyni zamanda da onun son dərəcədə yığcamlığı, bədii-fəlsəfi lakonizmi adamı heyrətləndirir. Öz tematikasına görə “Gülməli adamın yuxusu” – Dostoyevskinin bütün mövzularının, demək olar ki, bütöv ensiklopediyasıdır”.

- Maraqlıdır, qəhrəman niyə özünü dəli yox, gülməli adam adlandırır?

- Qəhrəmanın danışdıqlarında, etdiklərində dəlilik əlamətləri yoxdur axı. Cəmiyyətin işi – çoxluğa bənzəməyənlərə, çoxları kimi düşünməyənlərə, yaşamayanlara gülmək, onları ələ salmaqdır. Bu adama gülürlər, əhəmiyyət vermirlər, dəyər vermirlər. Dəli olsaydı, bunu özünə dərd etməzdi, vəziyyəti anlamadığı üçün. Qəhrəmanın gülməli olması həqiqətə uyğun deyil, əslində. O, özünə cəmiyyətin gözü ilə baxıb özünü belə adlandırır, bu özünə ironiyadır.

- “İnsan axirət dünyasını real dünyayla müqayisə edir və yanılırlar”. Dini kitablarda səsləndirilən bu fikir Dostoyevskinin də qəhrəmanının başına gəlir: yuxular aləmində ölür və onun düşdüyü yer dünyaya çox bənzəyir. Sizcə, yazıçı bununla nə demək istəyir?

- Bəşəriyyətin qızıl dövrü ideyası, inamı əsrlərdir ki yaşayır. Dindarlarda bu ideya axirətə bağlanır, dinsizlərdə isə – fəlsəfi idealizmə, utopizmə. Dostoyevskinin qənaəti budur ki, “qızıl əsr”, xeyir və xoşbəxtlik səltənəti mümkündür. Bu səltənətə gedən yol – insana inamdır, insan xoşbəxtliyinin burada, bu dünyada, ölməmişdən öncə mümkün olmasına inamdır. Bunun üçün sadəcə və sadəcə “başqasını özün kimi sevmək” yetərlidir. Yazıçının demək istədiyi: axirəti gözləmə! Qolunu çirmələ, bu dünyanı düzəlt, təmizlə – elə axirət vəd edən kitablardakı cənnət olacaq!

- “Həyatı dərk etmək həyatdan üstündür, xoşbəxtlik qanunlarını bilmək – xoşbəxtliyin özündən üstündür”. Hekayənin qayəsi olan bu fikir bugünkü cəmiyyətdə hansı aktuallığa malikdir, insanlar dərk etmək üçün gərək düşünələr, bugünkü insanın dünyanı düşünüb dəyişmək imkanı XIX əsr insanı ilə müqayisədə nə qədər dardır?

- İnsanın təbiətdən, təbiilikdən uzaqlaşması, süniləşməsi dərdini çəkir “gülməli adam.” “Həyatı dərketmək həyatdan üstündür, xoşbəxtlik qanunlarını bilmək – xoşbəxtliyin özündən üstündür” – “Qara kitab”da Orxan Pamuk da bu fikri səsləndirir, şübhəsiz — Dostoyevskidən təsirlənərək. Mahiyyət etibarilə XIX, XX və XXI əsrlər arasında heç nə dəyişməyib. Düşünmə qabiliyyəti texnologiya, elm sahələrində gəlişib, maddiyyat hərisliyi, şöhrət hərisliyi səbəbindən isə bəşəriyyət mənəvi kölə qalıbdır, ruhani kor qalıbdır, adamlar bir-birinə qənim kəsilib.

- Paradoksal məqam nədir: qəhrəman öz yuxusunu danışarkən vurğulayır ki, insanlar dünyanın nizamını pozub narahatlıq yaradıblar, sonra isə dinləri yaradıblar ki, ruhları sakitləşsin, ancaq özü həmin insanlara xaç təklif edir. Qəribədir, deyilmi?

- Yadplanetlilərin dinlərinin mahiyyəti “bir-birilərinə olan bir növ bütöv və ümumi “aşiqlik” idi. Hekayənin ən xoşladığım səhifələri – yad planetlilərin inam və yaşam sistemlərinin təsviridir, IV bölümdə. ”Məbədləri yox idi, lakin Kainat Bütövlüyü ilə gündəlik canlı və ardıcıl əlaqələri var idi. İnamları yox idi, lakin əvəzində dəqiq bilirdilər ki, dünyəvi sevincləri təbiətin hüdudlarını ötəndə, həm yaşayanlar, həm də ölənlər üçün Kainat Bütövlüyü ilə təmasları daha da genişlənəcək.” Paradoksal olan, qəribə olan – bu mükəmməl inamı, “dini” belə asanlıqla əldən verməkləridir. Yer planetindən gəlmiş “gülməli” qonağın yerlilərə yardım üçün təklif edə biləcəyi yeganə şey tanıdığı, inandığı xaçdır. Xaç — dinlərdən çox-çox öncə mövcud olmuş bir simvoldur. İnsanda maddi – üfüqi xətt və ruhani – şaquli xətt aləmlərin kəsişməsinın simvoludur, əski türklərdə də olmuşdur, sonralar xristianlığa daşınmışdır.

- “Onlar da sevir və uşaq doğurdular, amma bizim başımıza gələn və yer üzündəki bəşəriyyətin bütün günahlarının yeganə qaynağı olan o şiddətli şəhvət ehtirasını onlarda heç vaxt görmədim. Onlar dünyaya gələn uşaqlara səadətlərinin yeni iştirakçısına sevinən kimi sevinirdilər. Aralarında inciklik və qısqanclıq yox idi, bunların nə olduğunu da hətta anlamırdılar”. Dostoyevskinin “dünyanı gözəllik xilas edəcək” (“İdiot”) və ya “dünyanı çirkinlik məhv edəcək” (“Şeytanlar”) kimi utopik düşüncələri bu hekayədə artıq süjetə çevrilir. Dostoyevski yaradıcılığında bu hekayə kontekstində utopiyanın mahiyyəti nədən ibarətdir?

- Dostoyevskinin ədəbi irsində filosofları düşündürmüş və düşündürən bütün əsas suallar, mövzular işlənmişdir – insanın xeyir və şər arasında seçim azadlığı, insanın mövcudluğu, ölümü və ölümsüzlüyü. Dənizlərin, okeanların dərinliklərinə baş vuran vodolazlar kimi, Dostoyevski də insan qəlbinin tam dərinliklərinə baş vurmuş bir yazardır. Dostoyevski insanın intiharçıdan təbliğatçıya, vaizçiyə, peyğəmbərə çevrilməsini göstərir. “Əvvəl sizə fikir vermirlər, sonra sizə gülürlər, sonra sizinlə mübarizə aparırlar, sonra isə siz qalib gəlirsiniz”. Bu kontekstdə Mahatma Qandinin bu düsturu necə də yerinə düşür.

# 10534 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #