Kant, Ramazan ayı, Ramiz Rövşən...

Kant, Ramazan ayı, Ramiz Rövşən...
16 may 2019
# 13:03

Alman filosofu Kantın bir təsbitindən başlamaq istərdim: “Biz intizam, mədəniyyət və sivillik dövründə yaşayırıq, lakin mənəviyyatın yayıldığı dövrdən hələ də xeyli uzağıq. Əgər insanlara yüksək mənəviyyat və müdriklik aşılamırıqsa, onda onları necə xoşbəxt edə bilərik? Axı onda yamanlıq heç vaxt azalmayacaq!”

Bu ayda iki diqqətçəkici məqam üzərindən Kantın yuxarıdakı təsbitinin praktik açılışına çalışacağam. Ramazan ayı bizim üçün, xüsusilə də azərbaycanlılar üçün ömrü, onun mənasını, mədə ilə ruhun vəhdəti və antaqonizmini, saxta inanclılıqla səmimi ədalətli insan hədəfi arasında düşünmə fürsətidir. İnanarsan-inanmazsan öz işindir, ancaq bu ilahi fenomenə gündəlik həyatda rast gəldiyimiz qanvermə aksiyası kimi, uşaqlara kitab dağıtma, könüllü şəkildə ictimai yerlərdə ağac əkmə, qocalar evindəki insanlara, xəstə və əlillərə şəfqət göstərmə kimi bir qəbildən də yanaşmaq olar. Bütün hallarda Ramazan ayı insanları həm ruhunu, həm də mədəsini təmizləməyə çağıran, onlara barışı, sağlamlığı, yeməyini, suyunu, sevgisini, mərhəmətini paylaşmağı təşviq edən bir fürsətdir.

Azərbaycan televiziyalarına baxırsınızmı, bir-iki veriliş xaricində bir müzakirə, Quranın gerçək mesajlarının alimlər vasitəsilə çatdırılması, xeyrə, insanlığa çağırış, nadanlığın, cəhalətin, xurafatın fəsadları mövzusunu izləyə bilirsinizmi? Hamımızın diqqəti saxur vaxtından başlayaraq qardaş Türkiyənin bir-birindən dəyərli din bilginlərinin, filofoslarının səviyyəli müzakirələrinə yönəlib.

Öyrənirsən, düşünürsən, faydalanırsan. İndi söyləyə bilərsinizmi ki, bu ölkədə dini cəhalətin, yobazlığın, savadsızlığın günahı kimdədir? Dövlətimizə bundan böyük pislik ola bilməz, axı din mənəviyyatımızın ayrılmaz bir atributudur, onun dünyəvi dövlətimiz üçün təhlükəyə çevrilməməsi üçün insanları maarifləndirmək, onlara humanist mesajları çatdırmaq niyə əhəmiyyətsiz bir iş sayılmalıdır? Hər il eyni anlayışla qarşılaşırıq və bu yanlışlığın haraya qədər varacağını da müəyyənləşdirə bilmirik. İndi Kantın dediyi mənəviyyatı əxlaqsızlıq, bayağılıq, dedi-qoduçuluq formasında efirdən insanlara dayanmadan aşılayacaq bir zehniyyətə təslim olan bu Vətənin övladları necə ermənidən, gürcüdən daha üstün dövrün tələblərinə hazır şəkildə yetişə biləcəklər?

Yaxşı dini maarifçiliyə önəm vermirik, məktəbdə öyrədilməsinə təhlükə kimi yanaşırıq, anlaşıldı. Bəs cəmiyyətimizin mənəviyyatını tənzimləyən digər alternativlər necə? Bu həftə içində Azərbaycanın böyük şairi Ramiz Rövşənin Bakının mərkəzində iki kitab evində yeni kitablarının təqdimat mərasimi oldu. İnanın ki, əlimdə imkan olsaydı, canlı yayınla televiziyalardan bu tədbirləri verərdim. Sənət, estetik görüşlər, fəlsəfi düşüncələr, ədəbiyyat sevgisi. Biz axı niyə mənəviyyat aşılamaqdan imtina edirik? Bu cür tədbirlərdən reportaj hazırlamaq nə qədər çətindir ki? Nə elmi, nə dini, nə ədəbiyyatı doğru-dürüst çatdırmırıq, təbliğ etmirik, sonra da deyirik ki, kütük, cahilik, qabiliyyətsizik!

Alman, Kantın mesajını anladığına görə dünyada söz sahibi olan mədəni millətlər sırasında sabit yerini qoruyub saxlayır. Bizim anlamaq istədiyimiz kimsə varmı? Mənəviyyatın və müdrikliyin aşılanmasını öz içimizdən olan Ramiz Rövşən deyəndə eşidilmir, heç olmazsa və kaş ki, Kantın söylədiyini eşidəydik...

# 2494 dəfə oxunub

Müəllifin son yazıları

# # #