Yeddi çinar - Eyvaz Əlləzoğlunun hekayəsi

Yeddi çinar - Eyvaz Əlləzoğlunun hekayəsi
6 fevral 2021
# 13:31

Kulis.az mərhum yazıçı Eyvaz Əlləzoğlunun hekayələrini yayımlayır. Növbəti hekayə yazıçının “Yeddi çinar” hekayəsidir.

İlğım təpələrin, düzlərin üstü ilə sürünə-sürünə baş alıb gedirdi. Bu istidə hər şey yerində donub qalmışdı; otları yanıb-yaprıxmış təpələr, tozlu ağaclar, hərdən keçib getdiyi kəndlərin arasıyla burulub yox olan köndələn, donqarlı yollar... Hər şey... Adamı ərincəklədən hava, yanıb-yaxılan, çatdaq-çatdaq olmuş torpaq, boynunu bükmüş qarğıdalılar yağış həsrətinəydilər. Amma elə bil isti onun vecinə deyildi. Gün əyiləndə, buruğa atanda dağların bir əsim sərin havasını udacaq. Bu isə ona bəs eləyirdi.

Yolun kənarında iki qadın vardı. Avtobus gözləyirdilər. Solda dayanan ətli-canlı gəlin Əsmərə bənzəyirdi. O Əsmər ki, barmağında onun nişan üzüyünü gəzdirirdi. “Ağız, kimin nişanlısıdır?”, “Ağız, belə Əsəd öyünün gəlini olacaq”. Əsmərin arvadı olacağı, doğub-törəyəcəyi bir qırıq onu fərəhləndirməmişdi. Amma, bəlkə beş il bundan qabaq bu qızı başqa cür gözləyərdi... Hə, düz beş il o yana... O beş il o yana ki, ürəyi əsə-əsə Nəsib kişinin çəpərinin dibini kəsdirirdi. Göyərçin dərsdən qayıdandan sonra kitab oxumaq bəhanəsilə ağacın altına çıxırdı... Yazısız-pozusuz, araya adam salmağa ürək eləmədən sevişirdilər. Əsgərlikdən qayıdanda Göyərçin ərdəydi. O ili gecələr otağının divarları arasında qovrula-qovrula, göynəyə-göynəyə qalırdı, səhərisi heyfini maşından alırdı; dolanbac, əyiş-üyüş yolda qov ki qovasan! Sonra hirsi, hikkəsi soyudu, kimsə görünməz əliylə ömrünü boş kisə kimi başıaşağı silkələyib çırpdı, bir yana atıb işinin dalınca getdi. Sonku illər elə indinin özündə eyni çarpayıda eyni qaranlıqla qucaqlaşıb yatır. İndi həmin qaranlığa, o çarpayıya Əsmər gəlin gələcək, gələcək ki, dünyanı dəyişdirsin, boşalmış, uralanmış bağlar təzədən bar gətirsin.

Sən deyən elə sevgi-mevgi olmadı aralarında. Siqnal səsindən qız səksənib yoldan kənara çəkildi, çəpəki ona baxıb tez də gözlərini gizlətdi. İndinin özündə də təəccüblü idi, niyə əməlli-başlı papağını qarşısına qoyub düşünüb daşınmadan böyük qardaşına simarıc göndərdi. “Filankəsin qızına razıyam”. Yaman tələsdi, yaman. Elə bil dalınca atlı gəlirdi. Elçilik, gözaydınlığı, qohum-əqəbanın üzündən təkcə o gün gəlib keçən isti, doğma işığın fərəhi sonku günlərə bəs eləmədi, kiçilib qeyb oldu. İndi nişanlısı haqqında yad adam kimi düşünür. Heç cür Əsməri otağına doğmalaşdıra, vaxtı ilə gün keçirdiyi, rastına çıxan qadınlara tay tuta bilmir.

Qarşıdakı avtomobilin kuzovunda sallanan turbalar kabinənin burnuna dirənəndə fikri-zadı uçub getdi. Fikrinin dağılmağıyla da adam təntidən bürkü elə bil təzədən qayıdıb canına daraşdı. İrəlidəki sürücünün ünvanına bir-iki yağlı söyüş göndərdi. Səhər hər şey yaxşı oldu. İrəlidəki maşını ötüb keçdi, şəriksiz-zadsız yola yiyələndi.

Toyu payız qoyun dağdan qayıdanda eləyəcək. Üç-dörd toğlu alıb Abbasqulunun sürüsünə qatmışdı. Vaxta xeyli qalsa da indidən toya hazırlıq görür. Evləri köhnədir, qardaşları onu qoyub gedəndən həmən-həmən qalıb. Anasının xəstəliyi araya düşməsəydi çox güman ki, bu vaxta kimi evi təmir elətdirərdi. Amma anası xəstəxanada uzun müddət yatdı.

Boş vaxtında evlə oynuyur, divarın çatlarını tutur, uçmuş yerləri suvayır. Anası günləri sayır, gəlinini gözləyir. Sevinir ki, qız gəlib onun ayağını yuyacaq, qulluğunda duracaq...

Anasının sevinci, bir az abıra düşən otaqların görkəmi uzun, fərəhsiz günlərin acısını yuyub apara bilmirdi. Ürəyində nəsə çox tutqun, özünün də başa düşə bilmədiyi kədər vardı. Bəlkə də bu ondan idi ki, əslində hər şey başqa cür olmalıydı, tamam başqa cür... bəlkə o günə Göyərçini gəlin gətirməliyidlər, bəlkə onda şamların işığı da bol olardı. Həm də ən başlıcası atasının bu dünyada olmamasıydı. O gün, o gün ki, hələ yoldaydı – atası əlində təsbeh, dayanıb bığaltı gülümsünə-gülümsünə onun boynuna baxıb sevinməliydi. Amma atası sağ deyildi, onun əlini-ayağını başına yığmamış bu dünya ilə haqq-hesabı kəsmişdi. Atasından sonbeşiyin payına düşən bolluca sevgidən başqa ona bir də dədə-baba yurdu qalmışdı. Qardaşları ev-eşik olub özlərinə çəkilmişdilər. Onların bir iş tutmamışdan qabaq arvadlarına söz gənəşməklərini, arvad tərəfə yapışmalarını götürə bilməsə də yollarını gözləyir, sözlərini tuturdu. Qardaşlarısa onun qapısını gec-gec açırlar. Toyda mütləq gələcəklər, hətta küsülü qohumlar da barışacaq, hər şey yaxşı olacaq. Amma bir balaca Əsmərin anası sarıdan narahatdır. Kişi, qayınatası ağırtaxtalıdır, hər şeyə qarışan deyil. Arvadsa od-alovdur; istəyir toy köhnə dədə-baba adətiylə olsun. Qızıllar, qoçlar, başlıq, nəmər... Hesablayanda düz-dünya pul eləyir. Bəlkə onun bu istəyində heç bir pis şey yoxdur? Uşaq vaxtı özünün də bu cür cah-cəlallı toylardan xoşu gələrdi. Amma indi toy üçün xərci hesablayanda çaşıb qalırdı. Təkcə qardaşlarına güvənirdi. Aylığına-donluğuna qalsa, heç üzüklə gəlinin paltarı üçün bəs eləmirdi. Görəsən, elə-belə, sadə, kasıbyana evlənə bilməzmi? Toy çaldırar, qohum-qardaş yığılar, balaca şadyanalıq edib dağılışarlar. Təntənəsiz keçinmək olmazı? Təki yaxşı ailəsi, uşaqları olsun. Qızın anası onun bu sözünü eşitmək belə istəmir, daş atıb başını tuturdu. Nişanlısına da bir söz başa salmaq istəyəndə gözünün qorasını sıxırdı.

Bəlkə, anası demiş, nahaq mərəkəyə girdi. Toya gücü çatmırdı, qızı götürüb qaçaydı. Sonra qız eviylə də barışar, araya ağsaqqal salardı.

Amma əslinə qalsa, xərcinə-borcuna baxmayaraq, toy yaxşıdır. Doğmaları birləşdirir, adamda müştərək qayğı, sevinc yaradır, bilirsən dar gündə, gen gündə arxan-dayağın var. Yoxsa get-gəl azalıb, hərə öz qınına çəkilib yadlaşır... Toy ayrı şeydir...

Körpünün sürahiləri gün işığında işıldayırdı. İrəlidə eşşək arabası gedirdi. Sürəti azaltdı. Arabada ağ çalmalı qoca ilə qarı əyləşmişdi. Kərəntiynən iki toxa çağa bərkidilmişdi. Torbadakı cürdəyi görəndə ağzına gün isitmiş ilıq suyun, qurumuş çörəyin dadını duydu.

Çayda dəriləri günəşdən yanıb qaralmış uşaqlar çimirdi. Su gömgöy idi. Daşların üstündən aşan ağ donqarlar adamın yadına asudə günləri salırdı. Asudə günlərsə uşaqlıqda qalıb... İndi bütün günü əlləşib-çabalayırsan, Allahdan ruzi-qismət istəməkdən dilin qabar olub, güzəranınsa elə bu cür; ölmə-dirim...

Neçə yaydır çayda çimməyə macalı olmur. Uşaq vaxtı yarğanın altındakı moruqluqda veyllənir, başı üstə suya tullanmaq üçün bir-biri ilə bəhsə girirdilər. Necə oldu o günlər, hara getdi...

Görünür, insan yaşlaşdıqca qayğıları da artır. Elə bu cür qayğıların burulğanında çabalaya-çabalaya qalırsan. Bir gün də ayağını... Bəlkə bu çabalamanın da öz fərəhi, öz sevinci olacaq? Uşaqları üstünə yüyürəndə, onları böyüdüb ərsəyə çatdıranda bəlkə bu gün ürəyindən keçirdiklərini unudacaq, çayı da, asudə günləri də arzulamayacaq, dərələri-təpələri, yal-yamacları balalarına verəcək. Bəlkə də dünyanın “gözə-görünməz hikməti” dedikləri elə budur?

Körpü arxada qaldı. Xeyli beləcə, ilğım qalxmış asfaltın üstü ilə benzin qoxusunu içinə çəkə-çəkə, şinlərin ərimiş qırda sürünən səsinə qulaq asa-asa maşını qovdu. İrəlidə nəsə qarışıqlıq vardı; cürbəcür maşınlar dayanmış, adamlar bir yerə yığılmışdı. “Avariya olmasa” – düşündü.

“Bu dünyada yazıya pozu yoxdur. Alnına nə yazılıbsa, o da olacaq. Baxtdan-qismətdən heç kim qaçammır” – nənəsi elə bil qeybdən zühur edib bu sözləri təzədən pıçıldayırdı.

Elə bil ölüm əriyib havaya qarışmış, oradan da hər yanı tutmuş, hər şeyi tutqun, qarmaqaranlıq, anlaşılmaz etmişdi.

İrəlidə əzik-üzük olmuş iki maşın yöndəmsizcəsinə bir-birinə pərçimlənmişdi. Toqquşma zamanı yaranan xırçıltını, bir-birinə qəfil çırpılan metal səsini eşitdi. Əti ürpəşdi.

Meyit hələ ortada idi. Milislər tamaşaya yığılanları yolun kənarına sıxlaşdırır, sürəyi yavaşıtmış sürücülərin keçib getməsini tələb edirdilər.

Hələ ölçüb biçəcəklər, günahları maddələrə salıb misqal-misqal çəkəcəklər. Amma ölümün əvəzini heç nə verə bilmir. Ölüm də ucuzlaşıb. Yaşamaq az qala igidliyə, kişiliyə dönüb.

Meyitə çox baxa bilmədi. Əhvalı qarışdı, beynindən soyuq bir gizilti gəlib getdi. Xeyli vaxt ətrafından gəlib-keçən mənzərələr; yol, göy ona heç nə demədi. Ölənin ruhu elə bil pərdə kimi aranı kəsib nəzərlərini yoldan sapındırırdı. Bəlkə nə vaxtsa o, özü də yolun ortasında belə heysiz, köməksiz üzüquylu yıxılıb öləcək, təkcə ağzıüstə çevrilmiş maşının təkərləri boş-boşuna fırlana-fırlana üstündə ağı deyəcək.

İki qarpız dolu maşın ötüb keçdi. Burnunun ucuna qonmuş çibinlə birgə elə bil içinə çökmək istəyən bütün bədbin fikirləri qovub özündən kənara itələdi. Yolun uzunluğu, qaynayıb daşan, davam edən həyatın varlığı yenidən onu çuğladı.

Yaşamaq, hətta qazanmaq da olar. Budur, endəki qarpız maşınları. Buradan vurub oradan çıxırlar, ətək-ətək pul qazanırlar. Çətini elə siftəsidir. Sonrası asan olur. Amma niyə pul çıxan yerlərə yüyürmür, sükandan yapışıb yeraltı laylarda ucquntular əmələ gəlməsin deyə quyulara sulu neft məhsulu daşıyır? Əsmərə elçiliyə getmiş ağsaqqalın tez-tez onun haqqında dediyi sözü xatırladı: “Gözü-könlü tox oğlandı, başıaşağı, dili özündə...” Yaxşı ki, bu sözü çox xırdalamayıblar. İndi gözü-könlü tox oğlana kimdir qız verən? Hamı çalıb-çapıb talayanla qohum olmağa çalışır. Çalıb-çapıb talayanların hörməti də ayrı cürdür.

İrəlidə hərbi maşınlar keçirdi. Sarışın zabit kalonun keçməsinə nəzarət edən ağ dəbilqəli əsgərə nəsə deyirdi. Maşını saxlayıb hərbçilərin keçməsini gözlədi.

Əsgərlərə baxanda ona elə gəldi ki, haradasa uzaq bir şəhərdədir, gün işığının bolluğuna qoşulub üzüaşağı gedir. Sonra haradasa gün yarıya bölünür, gecənin içinə, əzilmiş otların üstünə bəmbəyaz bir qadın uzanır... Həmin o gecə çox şeylərdən uzaqdı, qorxusuz, hürküsüzdü.

Yolun kənarındakı ərik ağaclarının meyvələri dəyib saralmışdı. Bir bölük sümsük it ağacların altı ilə qaçırdı. Sürəti azaltdı. Göstəricinin əqrəbi iyirmi rəqəminin üstündə titrədi.

Qarşıdakı milis məntəqəsinin kiçik beton budkasının yanında sarı rəngli, göy zolaqlı “QAZ-24”lərin, motosikletlərin nikeli gün işığında par-par yanırdı. Pomidor, qarpız dolu maşınlar yolun kənarında dayanmışdı.

Böyük qardaşı Cəfər əsgərlikdən qayıdandan ona milis olmağı məsləhət görmüşdü. “Hökümət qulluğu... əli-ayağı təmiz... dolanışığı...” Amma arzusu tamam başqadı. İnana bilmirdi ki, qardaşının dedikləri nə vaxtsa doğrudan-doğruya adama lazım ola bilər.

Tozlu kənd yoluna burulanda rahatlandı. Zəmilərdə tayalar qurulmuşdu. Bildirçinlər səs-səsə vermişdi. Bir bölük uşaq zəmi ilə qaça-qaça quş yuvası gəzirdi. Yadına düşdü ki, Sarvan şəhərdən gəlib, hələ də imkan tapıb onunla görüşə bilməyib.

Sarvanla uşaqlıq dostuydular. Sonra yolları haçalanmışdı, Sarvan oxuyub şəhərdə qalmışdı, ayda-ildə bir dəfə gələ-gəlməyə. Amma ağzının qatığı getməyən məhləlilər aralarından su keçmirdi. Özlərini şəhərdə oxuyan kəndçilərinə oxşatmaq üçün dəridən-qabıqdan çıxırdılar. Estrada vallarını ağına-bozuna baxmadan alıb yığmışdılar. Əsgərlikdə aşıq mahnısı üçün burnunun ucu göynəyirdi. Oralarda yay çox qısa keçirdi, sonra qurşağacan qar yağıb dünyanı ağappaq rəngə boyayırdı. Kazarmanın həyətini “maladoylar” təmizləyirdi. Qara, soyuğa baxa-baxa yadına isti, günəşli bir ölkə düşürdü... Dupduru bir çay aşırımlarında günəşin şüalarını oynada-oynada, tənbəl-tənbəl axırdı... Qayıdıb əl radiosunda Bakını gəzirdi. Kəsik-kəsik siqanalların içindən Bakının səsi gəlirdi. Konsert verirdilər. Kişi müğənni yoğun səsi ilə oxuyurdu: “Yeddi çinar, yeddi çinar...” Sonra səs efir boşluğunun dərinliyində itirdi. Başqa stansiyaların siqnalları ulayır, qulaq batırırdı. Səs elə bil onun ürəyinin qışqırtısını eşidib yenidən qayıdırdı. “Yeddi çinar..., yeddi çinar...” Mahnının sözləri həmin ölkənin küləklərini, çaylarını, günəşini ona gətirirdi. Bir anlığa bəxtəvər olurdu. Xırıltı kəssin deyə dalğanı dəyişdirir, düzəldirdi. Bir şey çıxmır, səs qeyb olur, uzaqlarda, isti, günəşli bir ölkənin dalğalarının içində qalırdı. “Yeddi çinar..., yeddi çinar...” Arxası üstə uzanıb doğma mahnıları zümzümə edir, bir də görürdü ayaqları ipiri günəşin altındakı yovşanlı düzlə gedir.

Yolda qırılıb qalmış “Moskviç”i yedəyinə qoşanda heç nə düşünmürdü. Bir onu bilirdi: gecikdiyinə görə briqadir bir az deyinib kiriyəcək. O da meşədəki ağaclara baxa-baxa dağlardan əsib gələn sərinliyi sinəsinə çəkəcək. Günəş qüruba çəkiləndə axşam toranlığının qəribliyi onu sıxacaq. Onda yolda olacaq. Yorğun xır yollarda toz qaldıra-qaldıra evə tələsiyəcək.

Trosu bənd edəndən sonra kişilərdən biri tərpənməyə işarə olaraq əlini yuxarı qaldırdı. Trosun necə gərilib yükü dartdığını hiss etdi.

Öndəki üzümlüyə su buraxmışdılar. Kal üzüm salxımları yarpaqların arasından aşağı sallanmışdı. Üzümlük gedib haradasa göy üzü ilə birləşirdi. Tənəklərin arasından suçuların köynəyi ağarırdı.

Kəndin girəcəyindəki yeməkxanada kişilər pivə içirdi. Onların üzünə həyətdəki ağacın yarapaqlarının arasından süzülən işıq düşürdü. “Keşkə bircə qruşka içməyə ixtiyar ola” – həmin an bundan başqa bir istəyi yoxdu.

Kəndin ortasında “Moskviç”i yedəyindən açdı. Kəsə yolla yastı təpələrə sarı üz qoydu. Qazma quyusu orada idi. Buradan təkcə buruğun ucu görünürdü.

Bağlar qurtardı. Boz, kərtənkələsifət irəmələr başlandı. Bir sürü qoyun ceviz ağacının kölgəsində başlarını bir-birinin içində gizlətmişdi. Qoyunların qarnı aram-aram enib qalxırdı.

Bağlara axan arxda uşaqlar çimişirdi. Bir eşşək qanqallıqda qulaqlarını sallayıb durmuşdu. Bu isti, bürkü elə bil ondan ötrü deyildi.

Uşaq vaxtı Cahan cijisinin barxanası atlara yüklənirdi. Özlərisə sovxozun maşınında gedirdilər. Göyümsov dağların sinəsində binə qururdular. Düşündü ki, yenə yaylaqlara yağışlar yağır, qıpqırmızı lalələr açır, sürülər yaşıl təpələr boyu səpələnir, alaçığın böyründə yuxa bişirən arvadlar gəzişir.

Sonra qəfildəncə maşın, irəməlik, adam təntidən isti cin-bata çəkilib yox oldu.

...Oğlan uşağı əvvəlcə şehli otların üstü ilə ayaqyalın qaçdı, göbələk dərdi...

...Sonra lümlüt bir isti çayın sahili ilə oğlan uşağı qaçdı. Cırcıramalar hey oxuyurdu, qurbağalar səs-səsə vermişdi.

...Yabanı çiçəklər qurşağa çıxırdı, sarı çiçəklərin üstü ilə uçan kəpənəklərin ardınca bir oğlan uşağ qaçdı...

Sürəti dəyişdi. Qarşı yol yoxuş idi.

# 2727 dəfə oxunub

Müəllifin son yazıları

# # #