Arvad qoltuğuna sığınacaqsan? - Eyvaz Əlləzoğlunun hekayəsi

Arvad qoltuğuna sığınacaqsan? - Eyvaz Əlləzoğlunun hekayəsi
30 yanvar 2021
# 13:30

Kulis.az mərhum yazıçı Eyvaz Əlləzoğlunun hekayələrini yayımlamağa başlayır. Növbəti hekayə yazıçının “Ölü yay” kitabından “Yarımçıq ev” hekayəsidir.

- Düz adam döyülsən, köpəy oğlu. Gözündən görünür. – Şax üzünə dedi bu sözü, amma Məhərrəm elə bil heç nə eşitməmişdi: sifətində qondarma bir gülüşün qırışları əriməkdəydi.

- Hay belə məsəl gətirərəm, hay öyünə belə kömək eləyərəm.

Danışa-danışa Cahangirin həvəsi qaçdı. Cibini eşələyib siqaret çıxartdı. O tərəfdə evin gəlini başı-gözü açıq, əli qoynunda durmuşdu. “Bu qurumsaq niyə dillənmir, niyə dəhnəsinə vermir bunu, ə?”

Gəlişi elə bir saat olardı. Qohumunun arvad-uşağı əl-ayağa düşmüş, stol açmış, ortaya araq gətirmişdilər. Məhərrəm onu azdırmaq üçün yekə stəkanlarla içirdib başından eləmək istədiyini duyub arağı geri itələmişdi. Kələyinin üstü açılandan sonra qohumu gülüb hərəkətini zarafata salmışdı, and içib onu inandırmaq istəmişdi.

- Mən səni qınamıram, - dedi, - ot kökü üstə bitər.

Ayağa durdu. Gündə ona bir zurna verən Məhərrəmlə üz-üzə oturmağı gəlmirdi. Dəmir qapıdan çıxanda Məhərrəm:

- Yenə baxaram, - dedi, - görüm “prarafı” yola gətirə billəmmi?

Əlini yelləyib üzünü döndərdi: nə qədər bu cür quru vədlər etmişdi, nə qədər yalandan yol ölçmüşdü, saysan sanı-sanbalı olmazdı.

Yol bomboş idi. Əyri, köndələn çəpərlərin hörmələri uzanıb gedirdi.

Zır Salmanın evinin yanında bir bölük uşaq qaçma-tutma oynayırdı. Tayları nəvə görürdü, onunsa oğlu beş yaşındaydı. Üstünə ağlar gələndə var bədəni əsirdi. “Mənim üstümə gözü yaşlı gəlmə, döy gəl. Cavabını mən verəcəyəm, - deyirdi. – Gedib o pampaq, şalaq dayılarına oxşama”.

Mağazanın yanında Şəmşirlə rastlaşmışdı. Uşaqlıq dostuydular. Sonradan Şəmşirin əli tutmuş, altlı-üstlü ev tikdirmiş, oğlanlarını oxutmuş, qızlarına toy edib cehiznən, püfə-püflə köçürmüşdü. İndi özünü bir az çəkir, köhnə tay-tuşuna qoşulmurdu. Fikri-zikri pulun, qazanmağın yanındaydı.

Dava vaxtı – o aclıq illəri anası Qaraçöpdən qarğıdalı gətirmişdi. Arvad Qavrını keçəndə az qalmışdı su şələli-zadlı onu qabağına qatıb aparsın. Həmin axşam bir badya süd tapıb yarma bişirmişdilər. Şəmşirlə çıraq işığında o qədər yarma yemişdilər ki, gecə köpdüklərindən yata bilməmişdilər. İstədi soruşa ki, yadına gəlirmi o gecə bizim qazma damın kərənlərindən sallanan qurum taxtımızın üstündə yatan adamlar? Amma fikrindən daşındı. Şəmşirin indiki görkəmi aclıqdan, qıtlıqdan xəbər vermirdi.

- Cecim Əhmədin oğlusan, - dedi, - tanıyıram səni.

Kəndin yuxarı başında toydu, mikrofonun səsi dünyanı başına götürmüşdü. Şəmşirin bəzənib düzənməyindən görünürdü ki, toya gedib.

- Yadına gəlirmi, - dedi, - şofer Hasan Həliməni istəyirdi, yığnaqda ortadan çıxmırdı.

İndiki toylardan ağlı bir şey kəsmirdi. Ulayan, səsi iynə təki beyinə batan gitaradan zəhləsi gedirdi. Həm də toyda üç-dörd adam dava salmasın deyə gendən ona göz olurdu. Beş-altı stəkan içəndən sonra qalxırdı. Ürəyi sınqın idi, çox otursa ağlaya bilərdi. Bir də Məmməd Mirzə dərəsində öldürülən qardaşını xatırlayanda bu günə düşürdü. Oğluna da onun adını qoymuşdu. Hər dəfə Bəxtiyarı səsləyəndə fərəhindən uçmağı gəlirdi. Onda qardaşına bənzər yüz cür əlamət tapırdı. Arvadına: - Elə bil qardaşım ölməyib, - deyirdi, - elə bil rəhmətlik Bəxtiyarın sağ əlini kəsib qoynuna qoyub.

- Yadına gəlirmi, - təkrar etdi, - şofer Hasan Həliməni istəyirdi, yığnaqda ortadan çıxmırdı.

Ağlına gəldi ki, indinin toylarında elə bir ləzzət qalmayıb. Divan-dərənin qorxusundan bir nəfər belə səs eləmir. Köhnə vaxtın toyları yuxu kimi yadına gəlirdi: xonçalı qızlar, boynuna qırmızı almalar bağlanmış qoçlar... Toyun qarşısını kəsib cantaraq oğlanların kürəyini yerə gətirib xonçalı-zadlı aldığı şirinliyin dadı hələ də yadındaydı.

Baxdı, baxdı, gördü ki, nə toy, nə xaşıl qazanı, nə ura yeri, nə qarovulçu qamçısı – Şəmşir hamısını unudub.

- Yadına gəlməz, - dedi, - Haradan gəlsin?

- Nə hədərən-pədərən danışırsan, ə, - Şəmşirin axır ki, dili açıldı. – Nə toy, nə şan? Qabaqdan qış gəlir. Get adam tap, Murtuzu gör.

Plansız tikdiyi evin başını bağlamışdılar. Murtuza iki yüz manat apardı, götürmədi, - daha yoxumdu, - dedi, götürürsən götür, götürmürsənsə bunnan sonra sənin ayağına gələnin arvad-uşağını belə-belə eləyim. Səni də öldürüb kəndin canını qurtaracağam.

Murtuz bircə dəfə də başını qaldırmamışdı. Onu da arayış üçün növbəyə duran oğlanlar tutub bayıra çıxarmışdı.

Şəmşiri xəyalında ehmallıca “şillələdi”. Uşaqlıq dostunun üzü enliydi, yağlıydı, qaşları yuxarı dartılmışdı. Birdən onu doğurdan şillələmək üçün əli gicişdi. Amma bu tox, harın kişinin gözlərinin içində yetim bir Şəmşir var idi, o yetim Şəmşir acı küləyin qarşısında durub onun bacısına deyirdi: “Ay Nazan, cijin Qaraçöpdən hələ gəlməyibmi?” O yetim Şəmşir arvad qayıdanacan qazma damın üstünə çıxıb yollara baxacaqdı. Sonra yenə qazan asılacaqdı. Çıraq işığında iri kölgələr canlanacaqdı. Birdən-birə o yetim Şəmşirə yazığı gəldi, iri, yağlı, tox Şəmşiri itələdi:

- Çıx get, - dedi, - Cecim Əhmədin oğlusan. Tanıyıram səni.

Bacısının evinə çatmışdı. Ayaq saxlayıb qapı-bacaya baxdı. İsrafil qızı zorla qaçıranda duyduğu ağrının kövrəkliyi yenidən ürəyini sıxdı. Bacısı uşaqları artıq ev-eşik yiyəsi olsa da ürəyi yeznəsi, onun tərəfi ilə hələ də barışa bilmirdi.

Bu payız yeznəsi varlı-hallı yerdən oğluna qız tapmışdı. İşi əlaltından tutmuşdular, heç kəsi duyuq salmadan elçiliyə getmiş, alışıb-verişmişdilər. Qohum-əqrəba içində böyüklük iddiasında deyildi, amma oğlan dayısıydı, gərək bu işdən onu halı eləyəydilər, “ay it, ay qurd” deyəydilər, filan fəsməkan, bu cür iş tutmaq istəyirik, sənin bir sözün varmı?

Elçilikdən qayıdandan sonra yeznəsi stol açmışdı, adam yığmışdı. Bacısı oğlu tay-tuşu ilə ayrı otaqda oturmuşdu. Bir az beyninə dəyəndən sonra cavanların yanına getmişdi, üzünü yuxarı başda oturan Abbasa tutmuşdu: - Demək, arvad qoltuğuna sığınacaqsan, ə? – Məclisdəkiləri səksəndirən söz qəfil sillə təki uşağın üzünə çırpılmışdı. – Demək, dədən kimi qurumsaq olacaqsan, ə? Niyə əyri-əyri baxırsan mənə? Dayın yalan deyir? Dayın düz deyə bilməz? Di dur vur məni. Amma kişi ol. Arvad arvaddı. Allah arvadı arvad yaradıb. Arvadsufat olma. – Sonra kökdən tutmuş yeddi arxada qalanlara kimi söydü.

Qırmızı Höyüşün oğlu “stalovoyçu” olmuşdu. Aşıq Sadığı da daha toya-zada çağırmırdılar, gəlib çörək pulunu buradan birtəhər çıxarırdı.

Tavandan göyümsov tüstü asılmışdı. Kabab, çaxır, siqaret qoxusu hər yanı başına götürmüşdü.

Aşıq Sadıq küncdə, həmişəki yerində oturmuşdu.

- Nə təhərsən, Aşıq Sadıq, məllim tayfası ilə yola gedə bilirsənmi?

Aşıq gülümsündü. Zarafatları vardı.

- Ağrın alım, yola getməyib neyniyəcəyik, adam yeyən döyüləm ha.

- Ee... sən hələ bu müəllimləri bilmirsən...

Yerini rahatlayıb səsini bufetə sarı qaldırdı:

- Qırmızı Höyüşün oğlu, nəyin var?

Qırmızı Höyüşün oğlu daxılın dalında özünü çəkib durmuşdu. Qırx eşşəyi sağına gələn adamlara məxsus laqeydliklə:

- Kababdı, - dedi, - küftədi, cız-bızdı, qoyurmadı...

- Gətir, - dilləndi, - nə yaxşıdı onnan. İçki də - ceyran südü!

Höyüşün oğlu yeməkləri, arağı stolun üstünə düzüb getdi. Qabırğa kababının iştahaçan qoxusu ətrafa yayıldı.

Üçüncü stəkanda hallandı. Dünya gözlərində duruldu. İçəridəki adamlar mehribanlaşdı, hamı bir az doğmalaşdı. O tərəfdəki stolun arxasındakı bığyeri təzəcə tərləmiş yeniyetmələrin kimlərdən olduğunu bilirdi.

- Ə, Höyüşün oğlu, - bağırdı, - uşaqlara beş butulka çaxır!

Cavanların etiraz, minnətdarlıq sözləri bir-birinə qarışdı. Bufetçi də duruxub qaldı. Bilmədi kimə qulaq assın, kimin buyruğunu yerinə yetirsin.

- Əyə, beş butulka çaxır demədimmi?!

Höyüşün oğlu çaxır şüşələrinin boğazından yapışıb soyuducudan çıxardı, kirli dəsmalla sildi, ağzını açdı, gətirib cavanların stolunun üstünə qoydu. Gözü uşaqların gözündə gəzə-gəzə:

- Dalından vurun getsin, - dedi.

Keflilik ağır batdaq kimi onu dibinə çəkib aparırdı. Divardakı işıqlar elə bil gilə-gilə əriyib aşağı düşürdü.

Aşıq sazı sinəsinə qaldırıb barmaqlarını simlərə vurdu. Kimsə “zakaz” vermişdi. Sonra qaranlığın içindən “Mansırı” sıyrılıb çıxdı. Axşam toranının içində görünən qovaq ağaclarının budaqları elə bil bir az da böyüdü, yollar qərib və kimsəsiz oldu.

Təklənmişəm gəl hoyuma çat, a qardaş
Qara damın altında yetim qalmışam,
Qaraçuxam yatıb, yatıb, a qardaş...

Səsi xırıltılıydı. Amma o bilmirdi bərkdən oxuyur, ya ürəyində.

Yeniyetmələrin üzündə çırtlayan gülüş soğulub yox oldu. O tərəfdə kabinetdə içənlərdən kimsə heyvərə-heyvərə: - Quzu kəsim, ə, quzu! – deyə bağırdı.

Höyüşün oğlu səsə çıxmış aşpaz İmaməliyə:

- Lül-qənbərdir, - dedi, - buraları vurub qırmasa yaxşıdır.

- Allah xasiyyətini kəssin. – İmaməli bufetçiyə şərik çıxdı. – Bir deynən içmək sənin harana yaraşır, öyün əlində yarımçıq...

Sazın səsi kəsildi. – Eheyy! – bağırdı, əlini stola vurdu.

Elə bil hər şey başı üstə çevrilmişdi. Ətrafdakı rənglər zəhlətökən, adam ögüdən bir qoxuyla yoğrulmuş kimi sırtılıb durmuşdu. Yumruğunu qıcayıb onu hövsələdən çıxaran, əsəblərini cırmaqlayan, ürəyini qaldıran boşluğa sarı getdi. Nəyəsə ilişib saldı. Döşəmənin kirli, soyuq ağırlığında çiliklənən boşqab qırıqları ətrafa səpələndi.

Bayırda hava təmiz idi. Axşam düşmüşdü. Kəndin başındakı toyun səsi eşidilirdi. Qarşısına çıxan adamı yaxaladı, qolunu onun boynuna salıb üzündən öpdü:

- Yadına gəlirmi, - dedi, - yığnaqda şofer Hasan ortadan çıxmırdı, Həliməni istəyirdi onda. Yadına gəlir?

Kişi kefli adamlarla danışmağın yolunu bilirdi:

- Bə nə, bə nə, - dedi, - yadına gəlir də sözdü?

Nə qədər kefli olsa da başa düşdü ki, kişi onu başından sovudur.

- Gedin, sizin yaxşı yamanınızı... – Kişini özündən kənara itələyib söydü.

Qaranlıq onun səsindən ağır-ağır ləngərləndi.

# 2428 dəfə oxunub

Müəllifin son yazıları

# # #