#

Nuridə Atəşinin və Emin Pirinin erotik şeirləri

Nuridə Atəşinin və Emin Pirinin erotik şeirləri
15 sentyabr 2014
# 15:06

Kulis.az tənqidçi Əsəd Cahangirin “Özünə gəl, Emin!” yazısını təqdim edir.

Çağdaş şeirdə istedadlı gənclərdən biri (özünün dediyinə görə birincidir, iddia pis şey deyil, əlbəttə ki, əsası olsa) kimi tanınan, ədəbiyyat sahəsindəki uğurlarına görə 2013-cü ilin yekunları üzrə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin gənci" seçilən Emin Pirinin bir neçə gün öncə - ayın 8-də ad günü idi. Bəzi səbəblər üzündən Eminin neçə yaşının tamam olduğunu gərək deməyəydim:

birincisi, Qız bürcündə doğulduğuna görə;

ikincisi, qadınların hüquqlarının müdafiəsi konusunda sosial şəbəkələrdə və mediada son dönəmlər xeyli zəhmət sərf etdiyi üçün. Nədən ki, bu məsələdə göstərdiyi qeyrətə görə xanımlar bəlkə də onu 40-45 yaşlarında durub-toxtamış birisi sanırlar, indi məlum olacaq ki, əslində yaşı xeyli azdır, bu səbəbdən imicinə bir balaca zərbə dəyə bilər.

Amma Aristotel demişkən, Platon dostum olsa da, həqiqət ondan da əzizdir. Qərəz, sizi çox intizarda saxlamayım, sözümün canı budur ki, dostumuzun 28 yaşı tamam oldu!

Yaş məsələsi ilə bağlı açılası daha iki sirr də var və bəlkə də əsas da elə bunlardır:

birincisi budur ki, Emin bu il gənclik yaşıyla vidalaşdı, keçdi cavanlığa. Bu üzdən gərəkdir ki, bundan sonra ünlü kişilər haqda qalmaqallı statuslar yazıb aranı qarışdırmaya;

ikincisi - daha ciddisi budur ki, Eminin cənnət yaşıyla vidalaşmasının bir ili tamam oldu (Cənnətdə hamı 27 yaşda olur). Demək, onun ömrünün cəhənnəmi başlayır. Gərək özünü bu cəhənnəmdən qələbəylə çıxmağa hazırlaya. Özü də bu cəhənnəmdən çıxmaq üçün dəvənin incəlib iynənin gözündən-filanından keçməsi lazım gəlməyəcək. Bu cəhənnəm əbədi-zad da deyil, vur-tut 7 il çəkir - 35 yaşacan. Arzu edirəm ki, onun bu 7 ildə görəcəklərindən götürəcəkləri də olsun.

Mən bu sözləri on iki il öncə o dövrün gəncləri Zahir Əzəmət və Seymur Baycan haqda da yazmışdım. Seymuru neçə ildir ki, görmürəm. Zahir o gün məni Milli Parkda çayxanada görür, salam-filan belə vermədən başının dəstəsiylə keçib gedir. Zahirin "Talış kəndi" şeirindəki uzun ətəkli qadınların bütün obanı başına götürən şən nəğmələri isə hələ də qulaqlarımdadır və Əlisəmid Kürə həsr etdiyi şeiri oxuyanda indinin indisində də elə bilirəm ki, sifətimdən maşın təkəri keçir. Zahir o gün elə edəndə də güman etdim ki, sifətimdən təkər keçdi... Arzu edirəm ki, əgər ömür vəfa etsə, on iki ildən sonra Emin məni çayxanada, ya pivəxanada görsə, yanımdan zahiri bir əzəmətlə keçib getməsin.

Qərəz, söz pivədən düşmüşkən deyim ki, bu Eminin dünyada sevdiyi iki şey var - poeziya və pivə. Əgər dövrani-kompüter olmasaydı, hətta deyərdim ki, o lələyini pivəyə batırıb yazır. Füzuli ilhamını ilahi meydən alırdı, Emin pivədən alır. Tanışlığımızdan keçən iki ildə Eminin həyatımdakı rolu da elə bu olub ki, alman kəndlilərinin kəşfi olan bu kobud içkini mənə sevdirə bilib. Bunu hətta öz tay-tuşlarım, tutaq ki, Salam, yaxud Elxan Zal belə bacarmamışdılar. Ən uğurlu şeirlərini çox vaxt pivə içəndən sonra yazdığını Emin özü də etiraf edir. Özü də bunu bir az utana-utana, bir az da qürurla eləyir. Elə bil ki, hansısa ilahi sirri faş edir. Emin ümumən qürurlanmağa əsas verməyən çox şeylə fəxarət duyur. Məsələn, bir il öncə bir də görürəm ki, İntiqam müəllimin otağından bərk səs gəlir. Gedirəm ki, Emindir, davası da budur ki, bəs, mən ata-anamın ərköyün balasıyam, gərəkdir ki, jurnalın da ərköyün şairi olam.

Emində ən çox bəyəndiyim isə etiraf mədəniyyətidir. Qürurlu olsa da, həqiqət qabağında təslimdir. Nəyəsə inandır, əllərini qaldıracaq! İstedada dəyər vermək baxımından yaxşı zövqü, fitri daxili ölçüsü var. AYB nəzdindəki Gənc Ədiblər Məktəbinin məsul katibi kimi fəaliyyətində onun bu cəhətini dəfələrlə müşahidə etmişəm. Və AYB-nin Gənclər katibi Rəşad Məcid bu görəvi məhz Eminə verməklə düzgün seçim etdiyini sübut edib. Bütün təbii rəqabət hissi və birincilik iddialarına baxmayaraq, bir dəfə də olsun görməmişəm ki, o, hansısa istedadlı yaşıdını inkar etsin, kiminsə haqqını dansın, yaxşıya yaman, yamana yaxşı desin. Bir sözlə, vicdanı oyaqdır.

Emin öz naturası etibarilə emosional tipdir. Sanqvinikdir. Hissləri bu qədər üzdə olan ikinci adam tanımıram. Beş duyğu üzvü arasında onda ən güclü olanı yəqin ki lamisədir. Elə bil ki, dərisini anadangəlmə soyublar, informasiyanı bütün dərisiylə qəbul edir və paylaşır. Bəlkə buna görə onun şair idealı Nizami yox, Füzuli yox, Nəsimidir. Əgər təsadüf etsəniz, təəccüblənməyin - emosionallığa qapılıb tələsik qərarlar çıxarmaq, inamsızlıqdan doğan nala-mıxavurmalar, nəticədə dəruni peşmançılıq hissləri keçirib, vicdan əzabı çəkmək onun üçün adi haldır. Buna görə yazdığı şeirlər arasında Eminə ən çox oxşayanı "Külək"dir. Məncə, bu şeir onun avtoportreti, xasiyyətnaməsi, bədii kimlik vəsiqəsidir:

İşıqforda çaşan külək

döngələrdə gizlənib

oğrun-oğrun baxır qızlara.

Kiminin taleyini aparır, kiminin telini.

Tutub ətəklərindən şit-şit zarafatlaşır,

əl atıb saçlarına yolur və gülür külək.

Bu külək canından çıxıb

harda can verəcək bilmir.

adamlar küləkdən qaçıb

hara gedəcək bilmir.

İşıqforda gözləyib baxır

havalı keçən maşına

necə keçsin küçənin bu başından

o başına.

Yorulub əldən düşür,

şəhərin gözündən düşür,

o qədər qıza ilişib

utandığından dağlara qaçır külək.

Toylarda oynayan xanımlar kimi

yellənir sünbülü dolmuş zəmilər

bu küləyin havasına.

Yayın istisi vurub başına

üz-gözü tər içində

payızçün yaman darıxıb.

oturub ağac kölgəsində

özünü küləyə verir bu külək.

Bilirəm, sitat bir az uzun oldu. Amma bu şeiri ya gərək tam verəsən, ya da verməyəsən. Çünki müəllif özü suyunu sıxıb çıxarıb. Eminin əksər şeirləri belədir - israfçılığa yol vermir, sözü qənaətlə, hətta xəsisliklə xərcləyir, təkcə nəyi yazmaq yox, həm də nəyi pozmaq lazım gəldiyini duyur. Bu da təbiidir - Sabir Yusifoğlu kimi istedadlı bir şairin oğludur, məktəb keçib. O, özündə 70-ci illərin gənclərinə məxsus bir çox retro özəlliklərə və gözəlliklərə rəğbət hissini daşısa da, (bu yəqin ki, Sabirin təsiridir), həm də 90-cı illərin yetirməsi olan modern və marginal insan tipidir - Emin Piridir. Arzu edirəm ki, nə vaxtsa ona Əmin Piri də deyə bilək. Axı hər şey çox vaxt bircə hərfin başında olur. Hürufiləri çox sevən Emin gərək bunu yaddan çıxarmasın.

Yeri gəlmişkən, Emin ümumən xəsisdir və bunun iki tərəfi var: məkan və zaman.

- qoy Cəlilabaddan olan çoxsaylı dostlarım inciməsinlər, bunun məkan tərəfini onun əslən Azərbaycanın çoxsaylı istedadlı şairlər yetirən bu unikal bölgəsindən olmasında görürəm. Amma Cəlilabad təkcə şairlər oylağı yox, həm də Tehran bazarı deməkdir

- bütün fanatizmi, feodal-patriarxal adət-ənənələri və qiyamçı ruhu ilə bir yerdə səciyyəvi müsəlman şəhəridir. Emin Sumqayıtda böyüdüyündən hərbi işə və idmana təbii meyli ilə yanaşı, gəlir-çıxarını yaxşı bilən cəlilabadlı tacir psixologiyasının daşıyıcısı olmağa da az qüvvə sərf eləmir. Amma bu, dostumuzda o qədər də alınmır. Məncə, buna şairliyi səbəb olur.

- Eminin uşaqlığı soyuq, qaranlıq 90-cı illərdə keçib. Bu isə sözügedən məsələnin zaman tərəfidir:

Çətin keçib uşaqlığım,

ayaqqabım yırtılardı

böyüyəndə ayağım.

Ayağınız böyüməsin deyə

dua etmisinizmi heç?!

...Paltarının yamağını gizlətməkdi

varlıların gözündən

kasıb uşaqlarının oyunu.

Kişilər ağlamaz deyən anam

yerimə özü ağlardı.

Nağıl söylərdi,

göydən üç alma düşməzdi nağıllarında...

Deməzdi bunu anam-

birdən ürəyimiz alma istəyər...

Eminin gənc şairlər arasında bir özəlliyi də budur ki, onun şeirlərində qabarıq görünən mövzu müəyyənliyi var. Söhbət istedaddan gedirsə, şairin məhz ona məxsus olan forma axtarışları və ana mövzuları, onun adı gələn kimi yada salınası şeirləri olmalıdır. Əgər Eminin dil baxımından (Vaqif Bayatlı, yaxud Elxan Zalda olduğu kimi), yaxud forma yönündən (Murad Köhnəqala, Şərif Ağayar, İlqar Fəhmi, Qan Turalı, xüsusən də Səlim Babullaoğluda olduğu kimi) yenilikçiliyindən danışsam, yəqin ki, mübaliğə edərəm. Məncə, o, bu xüsusda özəl olaraq heç düşünmür də. Amma söhbət məzmundan gedirsə, Eminin adı gələndə yada saldığım təxminən 10-15 şeir var. Və vur-tut 28 yaşı olduğunu nəzərə alsaq, bu, o qədər də kiçik rəqəm deyil. Müharibə, şəhidlik, uşaqlıq xatirələri, erotika... Dediyim həmin o 10-15 şeir əsasən bu mövzularda yazılıb. Amma onun istər bu mövzulardakı, istərsə də digər məsələlərdən bəhs edən şeirləri muncuq dənələri sapdan keçən kimi 30 ilə yaxındır davam edən və nə vaxt bitəcəyini heç kəsin deyə bilməyəcəyi, adına müharibə dediyimiz bir şeydən keçir. Və bu da təsadüfi deyil. Sovet şairləri Oktyabr inqilabından, 60-cılar Stalinin ölümündən doğulmuşdu, müstəqillik dönəmi gəncləri Qarabağ müharibəsindən doğulub. Bu, Ramil Əhməddə də belədir, Aqşin Evrəndə də, digərlərində də. Eminin bu məsələdə özəlliyi ondadır ki, müharibə mövzusu onun şeirlərində fərdi və milli günah kompleksinin dərki ilə bir yerdə meydana çıxır, məğlubiyyətimizlə bağlı özünüittiham ruhuyla ilə aşılanır. O, başqalarından daha çox özünü (və özümüzü!) qınamağa meyllidir:

Şəhid məzarlarını

mərmərə bükdük,

daş qoyduq başlarına,

qalxa bilməsinlər

üzümüzə tüpürməyə.

On səkkiz yaşlı baş daşları

utandırdı məni.

Məndən kiçikdi hələ

məndən öncə doğulanlar,

əmi deyib üstümə qaçır başdaşları.

Madam ki, söhbət etiraf mədəniyyəti olan bir oğlandan gedir, bir etiraf da mən edim. İçi özüm qarışıq biz çox vaxt səbəblər üzərində düşünmək əziyyətinə qatlaşmadan cavanları qınayırıq, fərqinə varmırıq ki, onlar təkcə postsovet dövrü yox, təkcə postmodern zaman yox, həm də posttravmatik dönəmin cocuqlarıdr. SSRİ-nin çöküşü və müharibənin vurduğu psixoloji travma bizi sadəcə dəyişdirib, onlar isə birbaşa bu travmayla doğulublar. Onlar atalarımız kimi sovet adamı deyillər, amma bizim kimi antisovet də deyillər, onlar asovet insanlardır. Yəni sovetizmə nəinki pozitiv, hətta neqativ münasibət də onların əksərindən milyard işıq ili qədər uzaqdır. Bu gənclərin məhrumiyyətlər içində keçən acı, nisgilli uşaqlığı birbaşa müharibənin nəticəsidir. Bizim müqəddəs saydığımız vətənpərvərlik və qəhrəmanlıq ideallarının onların gözündə tar-mar olması da anlaşılandır - gözlərini açıb məğlubiyyət görüblər. Romantik eşqin onlarda aqressiv duyğularla əvəzlənməsi də dolayısı ilə burdan doğur - müharibə insanın insana sevgisini nifrətlə əvəz edir, onun məzmununu, ən azı formasını dəyişir. Eşq özünün ruhi-mənəvi tərəfini itirib sadəcə kobud ehtirasa çevrilir. Eminin bədii yozumunda kişiylə qadının intim münasibətləri belə ilk dəfə Adəm babayla Həvva nənə arasında başlayan və qiyamətə qədər sürəcək müharibə, fiziloji tələbatın ödənməsi uğuruna vəhşicəsinə qarşıdurmadır:

Əcəb işdir!

Mənim akulam xoşlamaz dəryaları,

tələsər baş vurmağa sənin ensiz çayına.

Gah sən, gah da mən sayarıq ulduzları,

qumda çəkərik belimizin şəklini.

Həvva nənənin

milyon illik dərsini unudarsan guya -

gönü verərsən suya.

Şahə qalxan qəhrəmanım

unudub qorxu-hürkünü,

çıxarar sikəfandrını, nə çıxarar!

Qırpmaz gözünü də!

Bir, iki, beş, on...

vurduğu yaquar pəncələri

axırı səni də ağladar, özünü də.

Ən qədim sənət mövzusunda şeir yazmağı, özü də indiki vaxtda mən, əlbəttə ki, nə mühüm bir yenilik , nə də qeyri-adi cəsarət, bir sözlə seksual devrimçilik-filan saymıram. Yuxarıdakı sitatla da gəncləri məhz bu mövzuda yazmağa səsləmirəm. Onu vurğulamaq istəyirəm ki, istənilən "yasaqlanmış" mövzuda da bayağılığa, vulqarizmə yuvarlanmamaq, işarələr diliylə danışmaq, estetik əndazəni gözləmək, nəticədə, "çirkin" bir şeydən də gözəl dillə söz açmaq mümkündür. Ədəbiyyatda hər şeydən yazmaq olar, bir şərtlə ki, necə yazmağı biləsən. Bir şərtlə ki, oxucu Nuridə Atəşinin erotik şeirlərini oxuyanda olduğu kimi ikrah hissi duymasın. Məncə, yuxarıda sitat çəkdiyim "Erotika-moretika" şeirində müəllif sözügedən bədiilik tələblərini gözləyə bilib.

Şeirdə diqqəti çəkən ikinci cəhət gənc şairin "Tövrat"dan tutmuş Nizaminin "Xosrov və Şirin"inə, ordan da Anarın məşhur romanına qədər ümumbəşəri və milli dini, bədii fikirlə dialoq cəhdidir. Bizim gənc (elə həm də yaşlı!) yazarların əksərinin ən böyük problemi bu dialoqu qura bilməmələridir. Müasir şeirimizdəki (eləcə də nəsrimizdəki) diqqəti çəkən bütün olaylar bu dialoqun bəhrəsidir - Ramiz Rövşən, yaxud Vaqif Bayatlı Füzuliylə, İsa Muğanna Nəsimi və Nəimiylə, Elxan Zal əski türk daş kitabələri və Mahmud Kaşğarlıyla, İlqar Fəhmi ümumən klassik divan şeiriylə dialoqdan doğulub. Salamın Füzuliyə münasibəti bir qədər fərqli (anti) xarakter daşısa da, bunun özü də əslində elə dialoqdur - medalın tərs üzüdür. Düzdür, yuxarıdakı şeirdə Eminin, tutaq ki, Nizami ilə dialoqu sadəcə balığı akula ilə (yırtıcı balıqla!) əvəz etməklə məhdudlaşır. Amma məsələ bundadır ki, insan və həyat deyilən bir şey cismən elə o balıqdan başlayır. Demək, gənc şeirimiz Nizamiylə cismani qatda dil tapmağa çalışır. İnşallah, ruhi dialoq da qurular. Və onda Nizamidən bəhrələnmə yoluyla Orxan Pamuk yox, öz yazarlarımız Nobel alarlar.

Müharibə dövrü cocuqlarının, eləcə də Eminin fikrincə, həyat müharibədir: kişi qadınla, oğul atayla, gənc yazar qoca yazarla, fərd cəmiyyətlə, millət millətlə, dövlət dövlətlə döyüşür və bütün bu qarşıdurmaların zirvəsində insan Allah konflikti durur. Emin Allaha müraciətlə yazdığı üç-dörd şeiri var - gah Haqq-Təala ilə zarafat edir, gah onu təhdid edir, gah özünü onun fövqünə qoyur:

Sözün varsa

mələyini göndərmə,

özün gəl otur qarşımda

de ki, nə vermişdim

nə istəyirəm.

Axı nə vermişdin

nə istəyəsən?

Bu göy Sənin,

bu yer Sənin,

Sən dediyim hər şey Sənin

istədiyin bu deyilmi,-

məni Sənə basdırsınlar?!

məni çox sevmə,

özün özünü

özün öz Allahlığını unudarsan

məni allah bilərsən özünə...

Mənə bel bağlama!

Azərbaycan şeirinin Allahla yeni dialoqu 60-cı illərdən başlayır. Vaqif Səmədoğlu ona skeptikcəsinə yanaşır, Ramiz Rövşən onun varlığını güman edir, Vaqif Bayatlı ona sufiyanə eşq bəsləyir, Salam onu qəbul edir, amma sevmədiyini də vurğulayır, Elxan Zal onu ilah olmaqla yanaşı, həm də mifik təfəkkürlə bir ilahə kimi dərk edir. Eminin Allaha münasibəti ən çox hürufilərin dünyagörüşünə yaxındır. Amma bir vacib fərqlə - əgər orta əsrlərin şairi ən uzağı özündə Allahın təcəllasını görürdüsə, çağdaş şair bir addım da qabağa atır - Allahda özünün təcəllasına iddia edir. Nəsimi Allah insandan danışırdı, çağdaş şair insan allahdan söz açır. Və bütün bu, iddiaların bir səbəbi var - Emin əmindir ki, bu sözlərə görə onun nə Həllac Mənsur kimi dara çəkən, nə Nəimi kimi şaqqalayan, nə də Nəsimi kimi dərisini soyan olacaq. Uzaqbaşı Əsəd Cahangir yazacaq ki, ay Emin, bu nə iddialardır belə? Bir az aşağı düş, çox yuxarıdan getmə.

Yubiley yazılarını adətən yuvarlaq rəqəmlərlə bağlı yazırlar. 28 yaş yubiley deyil. Amma mənim öz yubiley anlayışım var - mnəcə, 28 yaş insanın özünü dərk dövrünün başlanğıcıdır.

İlan hər il qabıq qoyur, insan isə ömrü boyu üç yol, yəni o, üç dəfə doğulur, dünyaya gələndə cismən, öləndə ruhən. Cismani doğuluş ana, ruhi doğuluş Allah tərəfindən icra edilir. 28 yaşda biz mənən doğuluruq. Və bunu nə ana, nə də Allah yox, özümüz icra edirik. Birinci doğuluşda biz dünyaya gəlir, üçüncüdə dünyadan gedirik. İkinci - mənəvi doğuluş özümüzə gəlməyimiz, özümüzü tapmağımız üçündür.

Qədim daş kitabədə deyildiyi kimi, özünə gəl, Emin! Sən özünə gələndə böyük olursan! Əgər nəzərə alsaq ki, ömrünün işıqforunda dayanmısan, bu məsələnin önəmi daha böyükdür. Çünki qırmızı, yoxsa yaşıl işığın yanacağı nə anandan, nə də Allahdan yox, ən çox sənin özündən asılıdır.

# 4429 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #