Aqşin Yenisey belə bir hiss yaşayıbmı?

Aqşin Yenisey belə bir hiss yaşayıbmı?
24 may 2018
# 14:40

Mən şeir yazmağa başlayanda (hərçənd ki o yazdıqlarım şeir deyildi) nə 6 yaşım var idi, nə də 10.

Bir də görürsünüz ki, hansısa “şair”dən soruşanda, deyir, uşaq vaxtlarımdan yazıram.

Mənim 19 yaşım tamam olmamışdı. Atamı itirdim.

Atam olanda da problemli günlərimiz olub, amma onda atam var idi və problemləri o həll edirdi. Təkcə 18 yaşımı çıxsaq. Çünki 18 yaşımı atamla işdə keçirtdim. Vəziyyət pis idi. Həm qəzetdə kuriyer, həm də atamın yanında fəhlə işləyirdim. Atamla aramızdakı məsafələr qısalmışdı. Bədii ifadələrsiz, filansız danışacam. Demirəm, mən kimdənsə ağır dərd yaşamışam, yox. Atasını mən yaşda, məndən də tez itirən adamlar var. Amma hekayələrimiz eyni deyil axı.

Atamı itirən günü xəbər onun iş gördüyü adamlara da çatdı. Bir otaqda hüzr üçün gələn adamlar, bir otaqda isə mən, əmim və haqq-hesab dəftəri. Təsəvvür edin, atamın öz xətti ilə yazdığı bir dəftər, üstəgəl, elə şeylər var idi ki, mən heç cür onlardan baş çıxara bilmirdim. Bir dəfə hesablayırıq, camaata 80 min borcumuz çıxır, bir dəfə 100 min, bir dəfə də 120 min. Axırıncıda mən özümdən getdim. Təcili yardım gələndə əllərim, ayaqlarım qıc olmuşdu. Birtəhər özümə gətirdilər məni. Əmim də məni tək qoydu bu problemlərin içində. Ki, mənim bu işdən başım çıxmadı, mənlik deyil. Zəng vuran bütün iş adamları mənə inanmırdı. Deyirdim ki, vaxt verin, qırxı yola verim, işləyib hər şeyi öz yerinə qoyacam.

Deyirdilər, sən bu işi apara bilməzsən. Bizim borcları qaytar. Məni yeddisi günü evdə oturmağa qoymadılar. O söhbətə, bu söhbətə çağırdılar. Eləsi oldu ki, məni ölümlə, eləsi oldu, gəlib evimi basacağı ilə hədələdi. Mənsə özümdə bu gücü hardan tapmışdım, bilmirəm. 50-60 yaşlı iş adamları ilə söhbətlərə gedirdim, bəzən əlbəyaxaya çıxırdım. Səhər evdən çıxırdım, bir də axşam evə qayıdırdım. Xülasə, mən bütün bunları 19 yaşımda yaşamışam. O yaşda 80 min borc ödəmişəm. Təsəvvür edin, bir adamın evini tapırsınız, sizə külli miqdarda borcludur, qapını arvadı açır. Handan-hana özü çıxır. Yaxasından tutub diz çökdürürsən. Ki, borcumu qaytar, ay əclaf. Deyir, arvadımı da aparsaz, pulum yoxdur. Qabağındakı adamı özü kimi əclaf hesab edən nə qədər adam var alış-veriş aləmində, bilirsiniz?!

Sonra bu işi birtəhər bağladıq. Amma borclu qaldığım adamlar var hələ də. Başımı itirmişdim. Avaralanırdım, çay evləri, qaqaşlar, ora-bura. Təsəvvür edin, işlədiyim çay evində aldığım pulu, qardaşının çay evində içkiyə verirdim. Bir gün, yadımda deyil, kim vermişdi o kitabı, Cek Londonun "Martin İden" ini oxudum. Bu yaxşı şillə idi, anamın şilləsindən də güclü idi. Ayağımı çayxanalardan kəsdi.

Mənim o bataqlıqlarda aldığım travmalar ata itkimdən də böyükdür. Bütün günü dostlarını başına yığıb ot bölüşdürən müdir, çəkib bir-birini ələ salan adamlar, çayxanaya qız işçi götürüb, istifadə edib, işdən çıxaranlar... Saysan da bitməz.

Sonra moykada işlədim. Moykadakı dövr də ağır idi. Qışda əllərim o qədər mazol olurdu ki, saçlarımı anam yuyurdu. Orayla bağlı məzəli bir xatirəm var: Bir qadın maşının açarını verib, getdi. Üzünü yuduq, quruladıq. İçini təmizləyəndə oturacağın altından "oyuncaq orqan" tapdıq. Duruxduq. Bir qırağa qoyduq, təmizlədik, sonra o oyuncağı oturacağın üstünə qoyub maşını bağladıq. Qadın maşını götürəndə bunu görüb çox pərt olmuşdu. Qisasımızı almışdıq. Biz maşınları təmizləyəndə, tozsorana yığılan qəpikləri görəndə sevinirdik.

Aqşin Yenisey belə bir hiss yaşayıbmı? İnanmıram.

Çox şeylər var. Deməyim bu ki, şəxsən mən, heç bir kitabdan gəlməmişəm. Birbaşa həyatın özündən gəlmişəm. Yazdıqlarımda başqaları varsa da, özüm də varam. Aqşin Yeniseyə haqq verirəm. Bu mənada ki, son dövr şeirə olan axına baxanda, ümumi mənzərə onun dediyi kimidir. Mən hələ kiməm ki, şeirlərimdən çırpışdıranlara rast gəlirəm. Məndən e, məndən. Hələ o biriləri demirəm. Bu gələn axın elə bilir ki, içdinsə, vəssalam, yaza bilərsən. Amma elə deyil. Müəyyən yaşantıların olmalıdır və bir məqam gəlir ki, partlayırsan.

Yadıma gəlir, mən böhranda idim, heç nə yaza bilmirdim. Düz 1 il. Amma o bir il içində o qədər şey gördüm, yaşadım ki, partladım. Cəmi üç şeirə. Yəni həqiqətən də belədir. Yaşamaq lazımdır.

Aqşin Yeniseylə ədəbi mühitdə görüşməyən, içməyən yeganə adamam bəlkə də. Amma mən onu həqiqətən də çox istəyirəm.

Aqşin Yenisey istedadlarına uyğun həyat tərzi deyəndə, nəyi nəzərdə tutur, bilmirəm. Qismən haqlıdır. Ki, bəli, əksəriyyətimiz ailəmizə görə narahatıq. Çünki mənim heç bir qohumum, hətta anam belə, ədəbiyyat oxumur, yazarları tanımır, indiki dövrün təfəkkürünə bələd deyil. Onlar hələ də 80-90-cı illərdə qalıblar. Quranla bağlı statusum gündəm olanda tanımadığım qohumlarım da üzə çıxdılar, zəng vurdular, qınadılar. Anamı güc-bəla ilə başa saldım, sakitləşdirdim. Şəxsən mənə görə öz adım məni bircə qram da maraqlandırmır. Kim nə söz çıxarır, çıxartsın, məni ancaq anam qorxuda bilər. Ola bilər, Aqşin belə şeylərdən uzaqdır, amma hərəmizin bir həyatı var və hərəmizin bir səbəbi var. Məsələn, mən sağ qalan bircə anamı necə vecimə almayım? Üstəgəl, Aqşin özü də çox gözəl bilir, indiki dövrdə yaşamağın özü belə müşkül məsələdir, o ki qaldı, istedada uyğun yaşamaq. Mənim üçün yazmaq, məşhur şairin sözü olmasın, yaşamadıqlarımdan intiqam almaqdır. Öz adıma deyirəm, öz üzərimdə daim işləyirəm.

24 yaşım var, hələ birini deyib, beşini demirəm. Bəs edər, şair?

# 2717 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #