Taksi kasıbın harasına yaraşır?

Eminquey Akif, yazar

Eminquey Akif, yazar

8 iyul 2024
# 16:00

Kulis.az Eminquey Akifin yeni yazısını təqdim edir.

“Yetir məni nazlı yara, taksi şoferi”

Yadımdadı, əlbəttə, o keçmiş gözəl əyyam, yaz fəsli, gözəl bir gecə, nurani bir axşam, hər taksidə səslənmədə idi bu şirin səs, üç-beş manatın uğruna can qoymada hər kəs...

Nə əyyam o əyyamdır, nə də yaz fəsli. Heç axşamın da nuraniliyi-zadı qalmayıb, cənablar!

Yaxşı... Seksistliyi qoyuram qırağa: xanımlar və cənablar! Vəziyyət artıq heç urusca da deyil. İndi vəziyyət urusca olanda, mütləq almanca da olur, ingiliscə də, çincə də. Hələ məsələ taksidirsə, vəziyyət estonca olmaq məcburiyyətindədir.

Estonların qurduğu “Bolt” taksi şirkəti ölkəmizdən valyuta məxaric etməyə başladığı dövrdən Azərbaycan xalqı nəfəs aldı. Avtobusların, metronun tər iyindən, havasızlığından canı qurtardı. Cəmi iki-üç manata lazım olan yerə gedib çata bildi. Bu əlçatanlıq yeniliklərə sinə gərən sürücülərin isə heç ürəyini açmadı. İki ayaqlarını bir əyləcə dirədilər ki, biz sizi “Bolt”un üç manata apardığı yerə 6 manata aparırıq, mindiniz də budur, minmədiniz də. Minmədik, bir müddət “Bolt”la şelləndik, özümüzü bəy hiss elədik, əynimizi dəyişə-dəyişə sifariş elədik, səhər tələsik çay içə-içə sifariş elədik, gecə-gecə sifariş elədik, küçə-küçə sifariş elədik və nəhayət, tarixin bu möhtəşəmliyi qəzaları ilə ad çıxaran “Prius”un təkərləri altında qaldı.

Bir gün qəfil qiymətlər qalxdı ceyran belinə. İndi gəl ceyranı tut görüm, necə tutursan?! Yeniliklərə sinə gərən qədimyanə sürücülərimizin istehza dolu baxışlarının “koefisent”i azaldı, qiymətləri isə...

Elə bu səhər 20 dəqiqə avtobus gözləyib yolları boş çıxarandan sonra əlimi atdım telefonuma. 9-10 arası qiymətlər az da olsa aşağı düşür. Amma hər baxanda düşünürsən ki, əvvəllər bu yol üçün 5-6 manat yazırdı eston qardaşlarımızın tətbiqi, indi bu qiymətlə taksi sifariş vermək adama ağır gəlir. “Sədərək”də 15 manata satılan köynəyi “Tarqovı”da 90 manata (özü də hələ 30 faiz endirimlə) almaq kimi ağır və göynədən. Di gəl ki, başqa çarən qalmır.

Dərd orasındadır ki, qiymət qalxıb, cəhənnəm, birtəhər qıyırsan, sifariş verirsən, amma taksi tapmırsan. Biri götürür, imtina edir, digəri götürür, yenə eyni şey... Beləcə, azı 15-20 dəqiqən də buna gedir. İki sifarişim götürülüb imtina ediləndən sonra üçüncüyə zəng vurmalı oldum:

- Sizdən qabaq iki nəfər götürdü, hərəsini bir neçə dəqiqə gözlədim, sonra imtina etdilər. Siz gəlirsiz? Gəlmirsizsə, işimi bilim.

- Gəlirəm, narahat olmayın.


Heç üstündən bir dəqiqə keçmədi, qardaş sələflərindən geri qalmadı, imtina elədi. Naçar yaxınlaşdım qəsəbəmizin yeniliklərə sinə gərən taksi sürücülərinə. Biri dedi, uşaq götürməliyəm, vaxtım yoxdur, o biri dedi, adam gözləyirəm, axırda birini tapdım.

- Buradan “Xətai”yə neçəyə apararsız?

- Harasına?

- Körpünün yanına.

- 10 manata.

- Baha deyil?

Sürücü heç bir şey demədi, bir sağa baxdım, bir sola baxdım, işə gecikməyim deyə maşına oturdum. Sürücü özünü “reklamlardan sonra” deyib tamaşaçını intizarda saxlayan aparıcılar kimi aparmışdı. Havada qalan sualıma cavab verməyə başladı.

- Qardaş, 10 manat baha deyil. Açaq bu dəqiqə “Bolt”u, bundan aşağı versə, tüpür üzümə. Neçə dəfə olub, müştəri narazılıq eləyib, ona da eyni şeyi demişəm. Bilirsən necədi? Ömür boyu mənim maşınıma minməyən qonşularım var, gəlib minnət qoyurlar. Noldu? “Bolt” ucuz olanda pis idim, indi gülməşəkər oldum? Onda niyə minmirdiz?

- Elə deyil axı?! Adamların gücü nəyə çatır, ondan istifadə edir də. Bazarda 3 manata da ərik var, 8 manata da. Gücü çatan ondan alır, çatmayan bundan.

- Başa düşürəm, qardaş, amma mənim qiymətim budur da.

- Bildim, amma... Sizin kimi sürücülər “Bolt”un iki-üç manat olan vaxtı eyni yolu 5-6 manata aparırdınız. Düzdü?

- Həri.

- Ay sağ ol, onda hansısa müştəriyə deyirdinizmi ki, “Bolt” üç manata aparır, yaxşı, mən də 4 manata apararam? Deyirdiniz? Yox. Yəni “Bolt” zad hərləmirdiniz. İndi noldu bəs? İncimə e, amma sizin elədiyiniz camaata soxmaqdı. “Bolt” iki-üç manata aparanda siz də qiyməti salaydınız da. Günə üç adam aparıb şikayət edirdiniz ki, qazanc yoxdu.

- 40 ildi taksi sürürəm, elə şeylər var ki, siz bilmirsiz.

- Ola bilər, amma mən də uşaq deyiləm. Bu təkcə sənin problemin deyil, millətin problemidir. Bax, bayram olan kimi qiymətlər qalxır. Niyə? Dünən kilosunu 2 manat 50 qəpiyə satdığın şeyin cəmi-cümü dörd saat sonra nəyi dəyişir? Silikon vurdurur sinəsinə? Ya beş minlik dal düzəltdirir özünə? Nə baş verir ki, qiymət qalxır? Həmçinin, siz də. Bayramda hamı 5-10 manat qoyur üstünə. Niyə? Soxursunuz da. İndi “Bolt” bahalaşıb, siz də belə edirsiniz. Fürsətdir də yenə. Alın da bazarı əlinizə. Sinənizə döyün ki, özgənin atına minən tez düşər-zad.


Son sözlərimdən sonra “biz qərdeşik” deyən meyxanaçılar kimi belə qərara gəldik ki, günah Putindədir. Putin əmi elə eləməliydi ki, estonların proqramına möhtac qalmayaq. İşimin başlamağına 10 dəqiqə qalmış çatdım. İyirmiliyi uzatdım, sürücü xırdasının olmadığını dedi. Dedim, 9 manat xırdam var. Dedi, eybi yoxdur, ver. İnanın, bu 10 manatdan qopara bildiyim 1 manat elə ləzzətli olur, elə şirin olur ki... Elə bilirsən, mərc oyununda 1 manat qoyub 100 manat udmusan. Üstəgəl də, bu qədər höcət eləmişdim, bəhrəsi olmalıydı, ya yox?!

İndi sözümün məğzi bundadır ki, taksi söhbətləri də artıq futbol oyunları kimi “kontor”a işləyir. Kimə nə sərf elədi, onu da eləyir. “Bolt” bizi neft ölkəsi kimi tanıyır deyə, qiymət artırmaqda problem görmür. Köhnə maşınları taksi sıralarından çıxaran səlahiyyətlilərimiz isə... Onlar dünyanın heç bir yerində yoxdurlar. Adam var ki, 2008-ci ilə aid olan “Prius”u günlük haqqını verməklə götürüb işləməyə. 5 il işləyib, cəmi iki ayı qalıb ki, ödəsin, maşın qalsın ona. Verilən qəfil qərarla adamın bütün əməyi puç olub. Oturub ağlayır ki, bu qədər əziyyət çəkmişdim, indi nə edim? Bu maşını satıb nə alım? Yenidən eyni şeyi təkrarlayım? Yenə 5 il kredit verməyə çabalayım? 2008-ci il istehsalı olan maşınlar taksiyə yararlı deyil, bəs gündəlik sürmək üçün? Əgər bu maşınların texniki vəziyyəti sürülməyə uyğun deyilsə, niyə ümumilikdə sürülməsinə icazə var? Hansısa Məmməd taksiyə yox, özü üçün sürsə, nə dəyişir? Hələ sertifikasiyanın bərbad nəticələri? Göz önündədir. Yenə də taksi qalmaqalları, sürücü mədəniyyətsizlikləri davam edir. Bəs bu sertifikasiya nə işə yarayır?

Bütün bu söhbətlərin üstünə bir də benzinin qiymətinin qalxmasını gəl, vur-çatlasındı. Bir sözlə, mənim işə taksiylə getməyim də tarixin dərin səhifələrinə qovuşdu. Amma xahiş edirəm, nə vaxtsa böyük ədəbiyyat adamı olsam (çox güman öləndən sonra), haqqımda yazdığınız yazılarda qeyd edərsiniz ki, o, 2024-cü ilin iyul ayına qədər hər yerə taksiylə gedib-gəlirdi. Heç olmasa, ruhum şad olsun, sümüklərim də sızıltısız.

Hə, nazlı yarı unutmuşdum axı. Ona gəldikdə isə, artıq taksiyə elə ancaq nazlı yara yetmək üçün minmək olar. Kasıb ancaq həmin gün özünə pul qıyır. Taksi 10 manat da olsa, minir, nazlı yarın görüşünə gedir. Yoxsa, taksini eləmişdik samakat, çapırdıq hara gəldi. İndi taksilər hara gəldi getmir, ancaq yara gəldi gedir...


# 2384 dəfə oxunub

Müəllifin son yazıları

# # #