Tuneldə boğulan, rahat yaşamağı unudan adamlar... - Heç bir şəhərə oxşamayan Bakı

Tuneldə boğulan, rahat yaşamağı unudan adamlar... - Heç bir şəhərə oxşamayan Bakı
22 oktyabr 2024
# 12:18

Kulis.az Eminquey Akifin "Yarım gözləsə məni..." köşəsini təqdim edir.




“Daxması çox olan şəhərə yağışın yağması batildir”

Eminquey



Gecə məni yuxuya aparan bu sərsəm yağış hələ də kiriməyib. Səhərimi də onun dəlisov şır-şırı ilə açmışam. Yarıyuxulu gözlərimlə başa düşürəm ki, bu gün qabağımdan qara pişik keçdi-keçmədi, mütləq bir qəmbərqulu çıxıb əhvalımı təlx edəcək. İsti yerimdən qalxıb əynimi geyinə-geyinə anlayıram ki, göydən yağışla birgə qəmbərqulu, mıxməmməd tökülür Bakıya.

Əynimi geyinəndən sonrakı əməllərimi sıralamıram, məhrəm deyilən zad var, amma ondan sonrakıları ərz edə bilərəm. Ərz deyəndə ki, mən də ölkəmin qalib vətəndaşları kimi işə getməliyəm, qarşımda bir stəkan çay, yanında isə nəfis şirniyyat dilimləri var. Yaxşı bilirəm ki, hər gün küçələrində addımladığım şəhər dünəndən bəri heç özündə deyil. Yox, əslində, özündədir, öz adətində, öz ənənəsindədir. Bakı elə bir şəhərdir ki, qəfil, anidən, lap elə birdən-birə yolları, küçələri gölə çevrilə bilir. Harada bir pilləkənli küçəsi, parkı varsa, qarşısında dayanıb Mucux şəlaləsini seyr edə bilərsən. Hər adama qismət olmur bu təhər ecazkar şəhər.

Çayı qurtumlayıb ağzımdakı şirniyyatı islada-islada taksi qiymətlərinə baxıram. Həmişəki on iki dənə əlli qəpiklik yolun qiyməti də sel olub, xəyalımı yuyub aparır. On dörd manat taksiyə verincə, evə bir kilo ət alaram da. Kor-peşman, tez-tələsik, bir az əsəbi, bir az dilxor evdən çıxıram. Söz yox ki, ayaqqabımı küçələrin gölməçələrində yuya-yuya, saçlarım yaş, şalvarım suyun içində... dayanacağa çatıram.

Necə gedəcəm işə? Gecikəcəm, əlbəttə... Yarım özü bilər. Lap istəyir, küssün məndən. Tutalım, qayıqla-zadla... getdim çatdım... Yaxşı, bəs necə məhsuldar olum? Ayaqlarım suyun içindədir... Fırç... fırç...

Kor-peşman, tez-tələsik, bir az əsəbi, bir az dilxor kartımı aparata yaxınlaşdırıb pul yükləmək istəyəndə sanki üstümdən ağzı dolu avtobus keçdi: Aparat işləmir! Aparat işləmir! Aparat, işləmir! Aparatın da öz kefinə işlədiyi bir şəhərdir Bakı. Elə istəyərdim ki, aparat olum bu şəhərdə. Vallah, rəngim qırmızı olsun, gələn-gedən pul salsın döş cibimə, bax, elə bu yağışlı günlərdə, hə, məhz bu – adamı qırmızı koftasına, yaşıl tumanınacan isladan yağışlı günlərdə işləməyim!

Necə gedim işə? Tutalım, qayıqla-zadla... Yaxşı, bəs necə məhsuldar olum? Ayaqlarım suyun içindədir... Fırç... fırç...

Sən demə, arxamda bu yağışdan heç nəsibini almamış bir oğlan dayanıb. Südrəngi paltosu islanmayıb, ayaqqabısı palçığa batmayıb, saçları da qupqurudur. Əlimi cibimə atdım, əlli qəpik tapmadım, pulumun arasında varlığına sevindiyim bircə manatı çıxarıb uzatdım bu qlamur oğlana.

- Üzrlü say, məni də keçirərsən?

Mən avtobusla metroyacan getməyimdə olum, sizə nədən danışım, kimdən xəbər verim, bilmirəm. Siz bu cür təmtəraqlı cümlələrin, abzasların dalınca, bu soxasoxda adamdan Nobel də gözləyərsiniz, bilirəm.

Başım haqqı, metro keçidinə ayaq basanda hiss elədim ki, itdən bir az bu tərəfə, adamfason bədənimi, əsas da başımı yaxşıca silkələməliyəm, yağışı üstümdən, başımdan tökməliyəm. Nə saç? Saçları giryan! Nə libas? Libası leysan!

Açığı, bir az özüm razı idim saçlarımın islanmağına. Tər-təzə görünür adam. Özümü damla-damla topladığım bu şəhərin hər küçəsi, hər tini doğmadır. Hər payız gələndə bu doğmalığı boğmalıdır öz sularında Bakı. Bakı yeganə şəhərdir ki, onun küçələrində insan təkcə insan yox, həm də it, pişik, ağac, daş olduğunu anlayır. Başa düşürsən ki, sən bəşəriyyətin ən ali varlığısan, əslində, ehtiyac yoxdur bunca itə, pişiyə, ağaca, daşa. Bu yağışlı günlərdə itin də, pişiyin də, ağacın da, daşın da əvəzinə sən islanmalısan. Sən islanmalısan tüklərinin dibinəcən, sən islanmalısan kökünə kimi, sənin budaqların üşüməlidir, sənin daşlaşmış bağrını yumalıdır bu yağış.

Bakı elə bir şəhərdir ki, burada heç nə heç kimdən pünhan deyil, bircə yağış bəsdir ki, altına doldurduğumuz üfunət çıxsın yerin üzünə, faş olsun iç-içalatımız. Küləyinə qurban olduğum hər şeyə hazır oldu bu illər ərzində. Mitinqə hazır oldu, müharibəyə hazır oldu, virusa hazır oldu, formulaya hazır oldu, bütün möhtərəm və möhtəşəm tədbirlərə hazır oldu, bircə yağışa hazır olmadı, bircə qara hazır olmadı. Həmişə yağışı, qarı qəfil gələn qonaq kimi qarşıladı bu şəhər.

Bakı İsveçrənin Sürixi də ola bilərdi, Yaponiyanın Kobesi də ola bilərdi, Norveçin Oslosu da ola bilərdi, Kanadanın Kalqarisi də ola bilərdi, Sinqapurun Sinqapuru da, lap bəd ayaqda Lüksemburqun Lüksemburqu da. Yəni, təmiz şəhər ola bilərdi Bakı. Havasına, suyuna, kanalizasiyasına görə. Bakı oxşamadı heç bir şəhərə.

Bakı elə Bakı oldu. Tunellərində boğuldu maşınlar, adamlar əziyyətə öyrəşsin deyə, səkiləri yox oldu qəfil, adamlar divarlara dırmaşıb yol getməyi öyrənsin deyə, iflic oldu yolları, adamlar gözləməyin, həsrətin uzun olduğu halda vüsalın daha şirin olduğunu anlasın deyə. Hər savaşdan qalib çıxdı adamlar. Yağışlar kəsdi, gölməçələr yox oldu, yollar daha az gözlətdi adamları. Hər şey öz-özünə baş verdi bu şəhərdə. Hər kəs öz başının çarəsinə baxdı, yəni, adamlar şəhərinə, şəhər adamlarına oxşadı qartalın burnunda. Gözümüzün yaşını da, bağrımızın başını da, qəbrimizin daşını da, yağış yudu, gün qurutdu bu şəhərdə.

Bir də, bir də...

Adamlar rahat yaşamağı unutdu bu şəhərdə...

Bəlkə, Allahın özü də unudub Bakını...

# 3200 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #