"Mən qadınları ciddi qəbul etmirəm..." - Dünya şöhrətli aktyor niyə anası ilə yatırdı?

"Mən qadınları ciddi qəbul etmirəm..." - Dünya şöhrətli aktyor niyə anası ilə yatırdı?
7 fevral 2025
# 15:00

Kulis.az Eminquey Akifin dünya şöhrətli aktyor Marçello Mastroyanni haqqında yazısını təqdim edir.


Marçello Mastroyanni – "italyan sevgili”, "italyan nişanlı” təxəllüslü məşhur aktyor, dahi Fellininin alter-eqosu, Sofi Lorenin daimi tərəf müqabili 1924-cü ilin 28 sentyabrında İtaliyada, Fontana-Liri adlı dağ kəndində, xarrat ailəsində anadan olmuşdu. Atası Ottorino Mastroianni kasıb xarrat, anası, yəhudi mənşəli İda İrolle (İdolson) isə evdar qadın idi. Bir qədər sonra ailə Turinə köçmüş, ailənin ikinci aktyoru, Marçellonun kiçik qardaşı Rudjero Daorda doğulmuşdu.

Mastroyannilər ailəsi çox kasıb idi. "Mən uzun müddət anamla eyni çarpayıda yatmışam, çünki otaqda yer yox idi. Qardaşlarım bizim yanımızda döşəmədə yatırdılar, atam isə dəhlizdə. Ancaq mən bunda pis heç nə görmürdüm, çünki yaşıdlarım da eyni vəziyyətdə idilər”– Mastroyanni uşaqlığını belə xatırlayırdı.

Alman düşərgəsindən qaçmağı bacarmışdı

Gələcək aktyorun uşaqlıq və gənclik illəri nasizm dövrünə düşmüşdü. Hətta Marçello faşistlər tərəfindən Almaniyanın şimalındakı əsir düşərgələrindən birinə deportasiya olunmuş, bir müddət orda işləmişdi. Düşərgədən qaçmağı bacarmış Mastroyanni bir neçə ay Venesiyada gizlənmiş, müharibə başa çatandan sonra Romaya köçmüş, kino şirkətlərinin birində mühasib işinə düzəlmişdi. Bu vəzifədə işləyə-işləyə Roma universitetində inşaat və memarlıq fakultəsinə daxil olmuşdu. Universitetdə dərslərinə hazırlaşmaqla paralel tələbərin hazırladıqları tamaşalarda da iştirak eləyirdi. Elə Culyetta Mazina ilə də orda tanış olmuşdu. Hərçənd bir qarnı ac, bir qarnı tox yaşamaqdan yorulmuş Marçello aktyor yox, memar olmaq istəyirdi, çünki bu peşədə yaxşı pul qazanacağına inanırdı.

Ancaq Marçellonun memar olmaq arzusu "gözündə qalır”. Luçino Viskontinin ucbatından. Universitetin tamaşalarından birində onun ifasını bəyənən Viskonti, Mastroyannini "Elizeo” teatrının truppasına dəvət eləyir.

Mastroyanni Viskontinin diqqətini niyə cəlb elədiyini anlamırdı. O, zahiri görkəmini– 176 sm-lik boyunu, kobud formalı burnunu, dolu dodaqlarını və nazik əllərini bəyənmirdi. Lakin Viskonti onun rola girməyi bacardığını, qəhrəmanlarının duyğularını çatdıra bildiyini düşünürdü. Yəqin elə buna görə bir neçə tamaşadan sonra onu özünün "Bəyaz gecələr” filmində baş rola dəvət eləmişdi. Bu filmdə Mastroyanni ilk dəfə melanxolik intellegent obrazını yaradır. Onun ifası Fellininin o qədər xoşuna gəlir ki, gənc aktyor "Şirin həyat” filmində baş rolu alır. Beləcə, onların birgə fəaliyyətlərinin əsası qoyulur. Hərçənd Fellini Marçellonu təkcə aktyorluğuna görə bəyənmirdi: "O, həmişə çox yeyirdi. Bu cəhəti diqqətimi çəkmişdi, çünki yaxşı iştahası olan insanlara simpatiya duyuram. Odur ki, "Marçello ilk dəfə diqqətimi oyunu ilə yox, yeməyi ilə cəlb eləmişdi. O, əsl qurman idi” – özü də dadlı yeməkləri sevməyi ilə məşhur olan Fellini Mastroyanni haqqında deyirdi.

Əslində, Fellini "Şirin həyat” filminə Marçellonu yox, amerikalı Pol Nyumanı çəkmək istəyirdi. Amma Nyuman özünü "yuxarıdan aparıb” şərtlər qoymağa başlayanda rejissor rolu adi zahiri görkəmə sahib, tanınmamış aktyora vermək qərarına gəlir.

"Şirin həyat” 1960-cı ildə Kann Kinofestivalında baş mükafata layiq görülür. Marçello Mastroyanniyə isə vətənində ilin ən yaxşı aktyoru adı verilir. Bundan sonra Mastroyanni Fellininin "Səkkiz yarım”, "İntervyu”, "Cincer və Fred”,"Qadınlar şəhəri” filmlərində də çəkilir.

"Deyəsən, mən Fellininin ruhunun vizual təcəssümü idim, Fellininin alter-eqoya, öz zəifliklərini yükləyə biləcəyi personaja ehtiyacı vardı. "Səkkiz yarım” filmində mən içimdəki antiqəhrəmanın mahiyyətini üzə çıxartmışam. Ümumiyyətlə, Fellininin filmlərində oynadığım bütün personajlar bəxtsiz insanlardı. Və onlardan çox xoşum gəlirdi, çünki ruhən mənə yaxındılar” - Marçello deyirdi.

Aktyorun yaradıcılığında xüsusi yeri olan daha bir rejissor vardı - Vittoriyo de Sika.

O, aktyorun Sofi Lorenlə duetinin "dirijoru” idi. "İtalyansayağı nigah”, "Dünən, bu gün, sabah” filmləri tənqidçiləri də, tamaşaçıları da səmimiyyəti və ehtirası ilə heyran eləmişdi və dünya kinosunun şedevrləri heab olunurdu.

Sözügedən filmlər Mastroyannini bütün Avropada məşhurlaşdırır. 1961-ci ildə tənqidçilər Mastroyanninin digər bir dahi italyan rejissoru M. Antonioninin "Gecə” filmində oynadığı rolu da çox bəyənirlər. Onun soyuq ifası rejissorun vermək istədiyi "müasir cəmiyyətdə yadlaşma” ideyasını dəqiq çatdırırdı.

70-80-ci illərdə aktyor əvvəlkindən daha çox çəkilməyə başlayır. Hər il ekranlara onun iştirakı ilə bir neçə film buraxılır. Onlar tamaşaçılar arasında o qədər də uğur qazanmasalar da, Mastroyanni əvvəlki kimi kinotənqidçilərin sevimlisi idi.

1986-cı ildə aktyor, Nikita Mixalkovun "Qara gözlər” filmində oynadığı rola görə üçüncü dəfə "Oskar”a namizəd olur.

Aktyor sonuncu rolunu rejissor Robert Altmanın "Pret-a-porte” filmində oynayır. Bu filmdə Sofi Lorenlə tərəf müqabili olan M. Mastroyanni Rusiyadan vətəninə qayıdan və Lorenin personajına aşiq olan italyanı canlandırır.

Xərçəng onun da axırına çıxdı


Mədəaltı vəzinin xərçəngindən əziyyət çəkən Mastroyanni "Pret-a-porte” filmindən iki il sonra dünyasını dəyişir. Aktyorun dəfn mərasimi ərəfəsində Romada yerləşən,"Şirin həyat” filmi ilə məşhurlaşmış Trevi fəvvarəsi aktyorun xatirəsinə hörmət əlaməti olaraq söndürülür və üzərinə qara örtük salınır.

Marçello Mastroyanni öz sənət fəlsəfəsini belə ifadə eləyirdi: "Mən çox tənbəl, passiv insanam. Mən hərəkət adamı deyiləm, müşahidəçiyəm. Mən pəncərə qarşısında dayanıb başqalarına baxan insanam. Fəlsəfəm də italyan fəlsəfəsidi – hər şeyi sabaha saxla. Gecələr mənə bir boşqab spaqetti, bir şüşə şərab və dostlarım lazımdı. Yaxşı filmlərimin hamısında da hərəkət eləyən yox, reaksiya verən personajları oynamışam. Belə rollarda özümü daha rahat hiss eləyirəm...”.

1950-ci ildə, teatr karyerası təzə başlayanda, hələ qadınların üzünə baxmadığı vaxtlarda Mastroyanni italyan bəstəkarı Ezio Karabellanın qızı, aktrisa Flora Karabella ilə evlənir. Bir il sonra onların Barbara adlı qızı dünyaya gəlir.

Flora Marçellonun qanuni nikahla evləndiyi yeganə qadın olur. Aktyor uzun, qısa, bütün sevgi macəralarından sonra onun yanına qayıdır. Harada, kiminlə olur-olsun, hər il toylarının ildönümündə Floraya zəng vurur və qızılgül buketi göndərirdi.

"Əvvəllər onun macəralarından xəbər tutanda dəli olurdum, evdə mebelləri sındırır, qışqırıb-bağırırdım. Amma sonra Viskonti mənə həyati-vacib bir məsləhət verdi. Dedi ki, "əgər o azad olsa, həmişə sənin yanına qayıdacaq. Marçellonun təbiəti belədi – o, pərvanə kimidi, şamdan şama uçur”- deyə Flora müsahibələrinin birində deyirdi.

"İtalyan sevgili”nin tərəf müqabili olduğu hər aktrisa ilə macəra yaşadığı deyilirdi, hətta Sofi Lorenlə də. Lakin hər ikisi bu şayiələri inkar eləyir, israrla "sevgi münasibətlərinin” ekrandan kənara çıxmadığını, həyatdayalnız yaxşı dost olduqlarını təkrarlayırdılar.

Əvəzində aktyorun amerikalı aktrisa Fey Danveylə münasibəti daim mətbuatın gündəmində idi. Onlar çəkiliş zamanı tanış olmuşdular, dərhal da aralarında"elektrik” yaranmışdı.

"Bizim münasibətimiz çəkiliş meydançasında öpüşlə başlamışdı. Ssenariyə görə, mən onu qucaqlayıb öpməli idim. Elə həmin öpüşdən sonra məhv olduğumu başa düşdüm. O, şimşək kimi gəlmişdi”, - M. Mastroyanni deyirdi.

Onların qitələrarası "gizli” sevgisi üç il davam eləyir və Fey Mastroyannidən boşanmasını tələb eləyəndə hər şey bitir. Ayrılıqlarından bir həftə sonra Fey ictimai şəkildə "Marçello ana uşağıdı, müstəqil qərar verməyə qadir deyil”, - bəyan eləyir.

Marçellonu isə bu ayrılıq çox pis yaralamışdı. "Mən Feyi çox sevirdim, ancaq hər şey ağrılı bitdi və biz bir daha danışmadıq. Mən bir də onu görmək istəmirdim”, - deyə aktyor sonralar etiraf eləyirdi.

Bir sevgi yarasını nə sağalda bilər? Başqa bir sevgi. Mastroyannidə də belə olur. "Bu yalnız başqalarının başına gələ bilər” filminin çəkilişlərində tanış olduğu 27 yaşlı Katrin Denöv 46 yaşlı aktyora keçmiş sevgilisini nəinki unutdurur, hətta onun həyatının ən vacib qadınına çevrilir. Floranın nifrətlə "o əcinədi” adlandırdığı Katrinlə Marçellonun münasibətləri bir neçə il davam eləyir. Bütün bu vaxt ərzində aktyor Parislə Roma arasında yaşayırdı. O, dəfələrlə Katrinə evlənmək təklif eləsə də, hər dəfə rədd cavabı alırdı. Bir tərəfdən onun ailəsini dağıtmaq istəməyən Katrin digər tərəfdən ailəinstitutuna inanmırdı. Ümumiyyətlə, deyilənə görə, fransız aktrisası Mastroyanni ilə soyuq və qapalı davranırmış.

Ancaq Marçello onun soyuqluğuna inanmırdı. Müsahibələrinin birində münasibətləri haqqında soruşan jurnalistlərə "Sevir! O mənim sevimli yeməyimi bişirir - lobya! Təsəvvür eləyirsiz, Katrin və lobya!”, - demişdi.

Həqiqətən də, yemək bişirməkdən zəndeyi-zəhləsi gedən Katrin lobya bişirməyin 34 üsulunu öyrənmişdi. Ancaq 1972-ci ildə doğulan qızları Çiara da Katrinin evliliklə bağlı fikrini dəyişmir. Hətta Marçellonun Flora ilə boşanması da ona təsir eləmir. Deyilənlərə görə, bunu eşidən Culyetta Mazina ərinə "Yazıq Marçello fransız müstəqilliyinin sarsılmaz qalasını almaq üçün sonuncu vasitəni də istifadə elədi” söyləyibmiş.

Denövün növbəti rədd cavabından sonra Marçello arvadına zəng vuraraq: "Flora, o, yenə yox dedi. Hətta sən də onunla evlənməyimə razılıq vermişdin, amma o, yox dedi. Mən ölmək istəyirəm”, - deyir və tezliklə İtaliyaya Floranın yanına qayıdır. Ancaq o, sevdiyi qadını və qızını görmək üçün tez-tez gizlincə Parisə gedir. Çiara onun sevimlisi idi.

Sonralar Çiara Mastroyanni valideynlərinin yolunu davam etdirir və aktrisa olur, hətta anası ilə birlikdə Klod Leluş "Yalnız ikimiz” filmində çəkilir. Ancaq Marçello Mastroyanni ölümlə əlləşdiyi günlərdə həyat yoldaşı Flora ilə birlikdə Katrin Denöv qızı Çiara da onun yanından ayrılmır.

Aktyorun sonuncu sevgisi rejissor Anna Maria Tato olur. Onlar Parisdə yaşayırdılar, aktyor artıq xərçəng olduğunu bilirdi. Buna görə də ömrünün son günlərində ürəyini boşaltmaq qərarına gəlir. Anna Maria onun yeddi saatlıq etirafını lentə yazır.

Ancaq aktyorun ölümündən bir il sonra lent yazısını kitaba çevirmək istəyəndə əməlli-başlı qalmaqal başlayır. Mastroyanninin qadınlarından heç biri etirafın çap olunmasını istəmir, Anna Marianı aktyorun adından yararlanmaqda ittiham edirlər.

"Mən heç vaxt birlikdə olduğum qadınları ciddi qəbul etməmişəm – sadəcə, sevmişəm! Onlar bu həyatda mənə çox şey veriblər. Bəlkə də, mən onlara daha az şey vermişəm”, - Marçello müsahibələrinin birində etiraf eləyirdi.

# 527 dəfə oxunub

Müəllifin son yazıları

# # #