Sevgi kəpənəkdi, bir gecəlikdi... – Elvin Bakiroğlundan YENİ ŞEİR

Sevgi kəpənəkdi, bir gecəlikdi... – <span style="color:red;">Elvin Bakiroğlundan YENİ ŞEİR
7 noyabr 2017
# 15:30

Kulis.az Elvin Bakiroğlunun “Sevginamə” adlı yeni şerini təqdim edir.

sevginamə

sevgi - sandıqdadı, çemodandadı

sevgi - intiqamda, sevgi qandadı.

sevgi - nəfsimizdə, qarnımızdadı,

sevgi - ağzımızda, burnumuzdadı.

sevgi - ovcumuzun içində yalan,

sevgi - əlimizin çölündə qalan.

sevgi - gözümüzün görmədiyi yer,

sevgi - gözümüzdə tozlu snayper.

sevgi - kəpənəkdi, bir gecəlikdi,

sevgi - oyunluqdu, əyləncəlikdi.

sevgi - uzaqlarda at oynadandı,

sevgi - yaxınlarda su qaynadandı.

sevgi - o yanlarda şəkil çəkdirir,

sevgi - bu yanlarda əzab çəkdirir.

sevgi - o tərəfdə yurd-yuva salır,

sevgi - bu tərəfdə oteldə qalır.

sevgi - bir otelin pəncərəsidi,

sevgi - bir pəncərə mənzərəsidi.

sevgi - pəncərədə öpüşmək deyil,

sevgi - mənzərədə görüşmək deyil.

sevgi - örtülən bir qapı səsidi,

sevgi - gedən ayaqqabı səsidi.

sevgi - ayrılıqdı yol ortasında,

sevgi - ağlamaqdı düşmən yasında.

sevgi - ucalmaqdı torpağa sarı,

sevgi - yıxılmaqdı üzü yuxarı.

sevgi - can verməkdi heç nəyin üstə,

sevgi - yaşamaqdı ürəyin üstə.

sevgi - bir qurtum su, bir dilim çörək,

sevgi - duz kimidi, sevgilim çörək.

sevgi - kasıblıqdı, kasıbçılıqdı,

sevgi - oğurluqdu, qəsbçilikdi.

sevgi - tapılmaqdı, tutulmamaqdı,

sevgi - ömrülük unudulmamaqdı.

sevgi - darıxmaqdı, sevgi özləmək,

sevgi - heç vaxt gəlməyəni gözləmək.

sevgi - haqlı olarkən belə susmaq,

sevgi - özündən zəifə uduzmaq.

sevgi - dan yeridi, sevgi sübh çağı,

sevgi - öyrədəndi günü saymağı.

sevgi - saatdadı, təqvimlərdədi,

sevgi - havadadı, iqlimlərdədi.

sevgi - yandırandı qarda, yağışda,

sevgi - üstümüzü açandı qışda.

sevgi - yuxumuzu azdıran küçə,

sevgi - şeirimizi yazdıran gecə.

sevgi - yanında biri var hissidi,

sevgi - dörd divarın beşincisidi.

sevgi - çıxarmaqdı ikini təkdən,

sevgi - danışmaqdı özünlə bərkdən.

sevgi - oxumaqdı bir adın üstə,

sevgi - pıçıldamaqdı asta-asta.

sevgi – Məcnunun dilində elə hey:

sevgi - Leyla, sevgi - Leyla, sevgi - Ley…

# 1610 dəfə oxunub

Müəllifin son yazıları

# # #