Onun müəmmalı sevgisi

Elnaz Eyvaz, yazar

Elnaz Eyvaz, yazar

26 avqust 2022
# 17:30

Kulis.az Elnaz Eyvazın yazısını təqdim edir.

Dənizi çox adam sevir. Daha doğrusu, dənizi sevməyən az adam olar. Səma kimi, torpaq kimi, su, hava kimi dəniz də var hamımızın həyatında. Kimisi yaydan-yaya üz tutar dənizə, sərinləməyə, dincəlməyə, kimisi qış-yay bilməz, hər ürəyi dolanda, hər gözləri daşanda, adamlardan qaçanda özünü götürüb dənizə üz tutar. O susar, dəniz dinləyər. Mənim üçün də dəniz dostdur, sirdaşdır, eyni zamanda, gözlərini qırpmadan can alan bir zalımdır.

Uşaqlıq illərində yayı həsrətlə gözləyərdim. Anam bizə dənizə aparacağını vəd edib, günorta, özü demiş, yerimizə basıb yatırardı ki, gün uzundur, biz də dincələk, özü də. Axşamüstü yuxudan duran kimi hazırlaşardıq, anam da sağ olsun, verdiyi sözü tutardı. Bir neçə qonşu – analar və balalar yığışıb dənizə gedərdik. Evdə kapriz edib yemək yeməyən uşaqlar dəniz havasında yaxşı yeyirdilər deyə, analar evdən Allahın verdiyindən: xiyar-pomidor, şor-pendir, yemiş-qarpız, mer-meyvə götürər, sahildə, qumun üstündə süfrə açar, əllərinə gələni düzərdilər. Biz də gah özümüzü suya vurar, gah da qaçıb pomidor-çörəkdən, dilimlənmiş yemiş-qarpızdan götürüb qaçardıq. Balaca uşaqlar idik də. Üzə bilmirdik, (mən heç indi də bacarmıram), özümüzü elə aparırdıq, guya üzürük, kimisi suda meymunluq edər, kimisi qumda eşələnər, kimisi topla oynayar, kimisi də suda olanların rezin yay ayaqqabılarını götürüb dənizə atar, bir-birilə əylənərdilər.

Nə gözəl günlər idi, İlahi! Elə bilirəm, nağıldır, əfsanədir o günlər. Nə böyük xəyallarımız, necə gözəl arzularımız vardı onda. Elə bilirdik, hər şey həmişə belə gözəl olacaq, gözəl qalacaq. Elə bilirəm, həyat iki mərhələlidir: birinci mərhələdə xəyallarının gerçəkləşməsinə, ikinci mərhələdə yenə xəyallar qurmağa ümid edirsən, bu qədər zalımdır həyat... Mən hələ də xəyallarımda dənizə o zaman sahildəki təpəcikdə dizlərimi qucaqlayıb necə uzun-uzadı baxırdımsa elə baxıram. Dənizin mehi üzümü sığalladıqca gözlərimi yumub xumarlanar, dərin-dərin düşüncələrə dalardım.

O günlərlə bağlı heç unudulmayan, fəqət xatırlayanda acı verən xatirəmiz qonşu qızı S. ilə bağlıdır.

Evin böyük qızı idi S. Bacılarının dikbaşı, ərköyünü, hır-zır qanmayanı. Tibb bacısı idi hərbi hospitalda. Neçə vaxt idi qıza bibisi oğlu üçün elçi düşmüşdülər. Ata-anası israr edirdi ki, bibin oğluna ərə gedəcəksən. Qız da iki ayağını bir başmağa dirəmişdi ki, ölərəm getmərəm. Sən demə, özünün sevdiyi varmış. Günün birində sevdiyinə qoşulub qaçdı. Oğlan hərbi xidmətdə imiş. Gözləyiblər xidməti bitsin. Özü də hara qaçsa yaxşıdır?! Mahaçqalaya, oğlan çeçen idi. Aləm dəydi bir-birinə. Anası yeri-göyü dağıdırdı. Deyirdi, soxdu papağımızı yerə, elində-obasında adam tapmadı, bu qədər istəyəni ola-ola gör sümüyümüzü kimin sümüyünə caladı?! Uşaq idim, ancaq anasının dedikləri olduğu kimi yadımdadır. Uzun sözün qısası, bu, ayrıca bir hekayədir. Günlər, aylar keçdi. Ailələr barışdı, S. ərə gedəndən bəri ilk dəfə atası evinə gəlmişdi. Deyəsən, bir xeyli də qaldılar. Uzaqdan gəlmişdilər axı...

Çox mehriban oğlan idi əri. Hamı ilə qaynayıb-qarışmışdı. Hətta bizə qoşulub dənizə gedirdilər. Ən maraqlısı isə onların dənizdəki hoqqaları, S.-nin anasının əlini üzünə-başına atıb hay-küy salmağı idi. Əri S.-ni qucağına alıb dənizə qaçır, bir-birilərinə su atır, qəfildən suya batıb görünməz olurdular. Anası onda lap dəli olurdu, elə bilirdi batdılar, ancaq sonra girdikləri yerdən xeyli uzaqda suyun altından qucaqlaşıb çıxırdılar. Əsl xarici filmlərdəki romantik sevgililər kimi... Heç gözümün qabağından getməyən bir səhnə var. S. ərini uzadıb üstünü qumla basdırmışdı, bircə başı qalmışdı çöldə. Biz də ətraflarına yığışıb əlimizi-əlimizə vurub o qədər gülmüşdük, səsimiz güləyənlərin səsini batırmışdı. Mən əvvəl qorxmuşdum. Çünki S. ərini quma basdıranda anası qışqıra-qışqıra demişdi, neynirsən, ay qız? O da anasını qorxutmaqmı, ya qıcıq etmək üçünmü dedi, ölüb, basdırmışam! Əvvəl yalandan ağlamışdı, sonra da qəhqəhə çəkib gülmüşdü. Onda bildim ki, zarafat edir. Uşaq ağlım...

İllər sonra S-nin zarafatı gerçək oldu. S. maşın qəzasında öldü. Onun ölümünə dözməyən əri havalandı. Bir il sonra da sevgilisinə qovuşdu... S. qoşulub qaçanda acığından: “Ölsə, qurban kəsərəm!” – deyib özünü yeyib-tökən anasının naləsi ərşə qalxmışdı. Heç kəs, heç nə ananı ovuda bilmirdi. Ölüncə də kiridə bilmədilər. “S.” – deyə-deyə ölüb getdi.

Bu hadisədən az sonra da biz yeni evə köçdük. İlk dəfə evə baxmağa gedəndə eyvana çıxdım. İlahi! Dəniz gözlərimin içinə baxır! Balkonda dizlərimi qucaqlayıb oturdum. Qabağa getməyə qorxdum ki, yıxılaram. İlk dəfə belə hündür balkonda idim, beşinci mərtəbə. Xeyli tamaşa edəndən sonra anam çağırdı ki, gedirik. Yolda anama dedim ki, bu evə köçək, saatlarla oturub dənizə baxacam.

Doğrudan da, axşamüstü Günəş çəkilib kölgə düşən kimi çıxıb balkonda oturur, qaranlıq düşüncə dənizə baxıb düşünürdüm. Darıxanda daha çox söhbətləşirdim dənizlə. Ancaq sahilə düşmürdüm heç. Çünki balkondan belə görünməsinə baxmayaraq, sahilə enmək bir az naqolay idi. Dəstəmiz dağıldığına görə daha çimməyə də getmirdik. Köhnə evdəki “komandamız” dağılmışdı. Hərə bir yana köçüb getmişdi...

***

İllər keçdi. Bir yay günü nahar edəndən sonra süfrəni yığışdırmaqda anama kömək edirdim. Atam yeməkdən sonra siqaret çəkmək üçün balkona çıxdı. Mən də atamın dalınca zibil qutusuna zibil atmağa. Elə bu vaxt dəhşətli bir nalə vücudumu ürpətdi. Atamla ikimiz də eyni vaxtda balkondan aşağı baxdıq. Əynində mayka ağ saçlı, orta yaşlı bir kişi iki əlli başına döyə-döyə binanın qabağında o baş-bu başa qaçır, bütün balkonlara baxıb fəryad edir, yalvarırdı:

“Üzə bilən yoxdur? Ay camaat! Oğlum batır, üzə bilən yoxdur? Xilas edin balamı!!!”

İlahi! Bu nə səs idi! İnsanın hüceyrələri pərən-pərən düşürdü. Atam əlindəki siqareti yarımçıq söndürüb zibil qutusuna atdı. Axın-axın sahilə qaçan camaata qoşulmaq üçün blokdan çıxanda artıq anam da yanında idi.

Dəniz sahilində adamların sayı durmadan artırdı. Hamı təpədən üzüaşağı sahilə axışırdı.

Dayana bilməyib atamgilin dalınca getdim. Dəhşətli mənzərə idi! Xəbər bir göz qırpımında necə yayılmışdısa, qəsəbənin o başından bu başına insanlar axın-axın gəlirdi. Bir sinif bizdən yuxarı oxuyan – 11-ci sinfə keçən Babək balkondan baxan anasının gözləri önündə dənizdə batmışdı. Mən sahilə enəndə bacısı torpağı cırmaqlaya-cırmaqlaya inildəyirdi. Atası daha heç kəsi köməyə çağırmırdı, çarəsiz-çarəsiz qumun üstündə oturmuşdu.

Ləpədöyənə yaxınlaşdım, illərdir bu ərazidə yaşasaq da, sahilə ilk

dəfə düşürdüm. Böyüklərin fəryadından, ağlaşmasından qorxan uşaqlar bir yerə yığışıb sakit-sakit dənizi daşlayırdılar. İxtiyarsız olaraq: “Daş atmayın... bəlkə ordadır”, – dedim. Qəribədir, iki gün sonra Babəkin cansız bədəni elə uşaqların daşladığı yerdən çıxdı.

Camaat iki gün gecə-gündüz dəniz sahilini boş qoymadı, dalğıclar növbə ilə axtarışda idilər. Sinif yoldaşları hamısı səhərə qədər sahildə ocaq çatıb oturdular. İki gündən sonra uzaqlarda axtarılan Babək yaxından çıxdı. Müəmmalı idi...

Həmin gün bir tozanaq, bir külək qopmuşdu ki, sanki göy qopub yerə düşəcəkdi...

Və o yay dəniz gözümdən düşdü, küsdüm dənizdən. Amma qəlbimin bir küncündə sevməkdən vaz keçmədim...

Tam bir il sonra yay tətili idi. Həyətdən evə qalxdım, gördüm anam ağlayıb. Soruşdum nə olub? Dedi ki, Mirəşrəf dayı dənizdə batıb...

Həə, Mirəşrəf dayı. Mənim xilaskarım, uşaqlığım, can borcum olan adam.

Uşaq olmuşam, bir yaşım olar-olmaz. Çox möhkəm xəstələnmişəm. Həkim deyib, bu gecədən çıxsa, möcüzə olar. Anam deyir, gördüm atan oturub beşiyinin başında ağlayır. Elə bu vaxt Mirəşrəf dayın gəldi. Mirəşrəf doktor rəhmətlik dayımla yaxın dost idi, uşaq həkimi idi. Hamı onu savadlı, işinin peşəkarı, həm də gözəl insan kimi tanıyırdı.

Tez-tələsik dərmanlar yazıb, aldırıb. Nə lazımdır edib, deyib, bu gecəni gözləyək. Çıxdısa, qız mənimdir: öz gəlinim olacaq. Hamını güldürüb kədəri qovub evimizdən. O gün-bu gün, adımı çəkməzdi. “Gəlinim, gəlinim”, – deyib əzizləyərdi. Gəldiyini uzaqdan görsəm, qaçıb boynuna atılardım. Doğma dayım kimi...

İndi onun ölüm xəbərini eşitmək, özü də qırx yaşında... Ax, dəniz, ax! Niyə belə edirsən axı?!

Ən kədərlisi, bəlkə də, təsəlliverici olanı bu idi ki, doktor son nəfəsində də insan həyatını xilas etmişdi. Məzuniyyətinin son günü imiş. İstirahət edirmiş. Çimib çıxanda cavan bir oğlanın boğulduğunu görür. Oğlanı xilas edir, özü batır. Həm də ailəsinin, övladlarının gözləri qarşısında. Sanki həyata öz canı bahasına olsa da, insanları xilas etməyə, yaşatmağa gəlibmiş Adam... Bu faciədən sonra uzun müddət özümüzə gəlmədik. Və uzun müddət dənizin üzünə baxmadım, baxa bilmədim. Məni həyata qaytaran adamın həyatına son qoymuşdu, bağışlaya bilmirdim onu...

Dəniz də bütün sevdiklərin kimi incidər səni, hərəni bir cür göynədər xatirələri ilə. Amma yenə sevərsən, yenə ona olan sevgindən vaz keçə bilməzsən. Axı niyə, nə sirdir, nə müəmmadır bu, bilmədim...

Yenə də hamıdan qaçdığım anlarda dənizə üz tuturam. İndi onunla Bakı Bulvarında görüşürük, görüş yerimiz oradır. Ətrafın səs-küyü, suyunun natəmizliyi, hərdən də üfunət qoxusu bizi ayırmaz, ayıra bilməz...

# 5438 dəfə oxunub

Müəllifin son yazıları

# # #