39-da doğuldum, 37-də öldüm – Elnarə Akimova yazır...

39-da doğuldum, 37-də öldüm – <span style="color:red;">Elnarə Akimova yazır...
4 iyul 2016
# 17:55

Kulis.Az tənqidçi Elnarə Akimovanın Xalq şairi Vaqif Səmədoğlunun yaradıcılığına həsr etdiyi “Uşaq təbəssümlü şeirlər” məqaləsini təqdim edir.

Matəm bayrağıtək dalğalanacaq

uşaq paltarı

mən ölən gün

Vaqif Səmədoğlu adının ömür bioqrafiyamın tarixinə nə zaman daxil olduğunu dəqiq xatırlamıram. Amma şairin ölüm tarixinin simvolik çaları var yaddaşımda. Ötən il yanvar ayının 28-də Akademiyanın Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatının problemlərinə həsr olunmuş yaradıcılıq müşavirəsi keçirilirdi və həmin müşavirədə şairin ölüm xəbərini aldıq. Bu təsadüfi bağlılığın həzinliyi içrə qeyri-ixtiyari aşağıdakı misralar süzüldü yaddaşımdan:

Bir şeir yaz mənim yerimə

gün işığı,

qafiyəm ol,

uşaq təbəssümü.

Həmin günə qədər V.Səmədoğlu qafiyələrinə qarışan uşaq təbəssümü bu dəfə şairin ölümü ilə bağlı üzücü xəbərə qarışıb sanki hamını ayaqda durmağa təpərli edirdi. Ömrün vəfasızlığını, faniliyini uşaq çılğınlığı kimi qavrayıb, ölümünə də uşaq təbəssümü ilə cavab verməyi umurdu bizdən. V.Səmədoğlu bütün ömrü boyu bizi bunun belə olmasına inandırmağa çalışdı. Bəlkə bu üzdən dünyasını dəyişəndə yazdığı şeirlər irəli çıxıb şairin ölümü ilə bağlı bütün təəssüf nidasına köklənən mətnlərin qarşısını kəsdi. Onlar ölümü hamıdan daha yaxşı anladırdılar və bunun belə olması üçün Vaqif Səmədoğlu bir ömür nisar etmişdi, ölümü əzizləmiş, süsləyib-bəzəmişdi. İndi onların qabağa çıxıb müəllifini ölümsüzlük qatında vəsf etmələrinin sırası gəlmişdi. V.Səmədoğlu bu işdə hamını qabaqlamışdı. N.Hikmətin “Təsəllisiz yaşamağı bacardım, təsəllisiz ölməyi də bacararam” misrasındakı məna yükünün daşıyılarından olmaq üçün sadəcə... Onu yaşadan da poeziyası olmuşdu, indi, dünyasını dəyişəndən sonra ona yas tutub ağlayanı da.

İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız

Bir az yatmaq istəyirəm...

Hələ dünyasını dəyişməzdən az öncə şairin ədəbi portallarda çıxan son şeirini yer üzünün ən ağrılı, ən üzüntülü və ən səmimi şeir nümunəsi kimi oxuyub təsirlənmiş, “Ədəbiyyat qəzeti”nə “İşıqlı qəm içində” adlı esse təqdim eləmişdim. Bu yazı da onun davamıdır. Nə fərqi, indi artıq özgə dünyaların adamından bəhs edirik, o, başından ayrı dünyanın adamı idi zatən. Ağrıdan yalnız poetik detal kimi istifadə etməklə deyil, onu mənəvi-fiziki dünyasında yaşamaqla doğmalaşmışdı. O dünya ilə doğmalıq isə bu dünyanın qəribinə döndərir insanı. “Ölüm gəlir, ömür, sonun mübarək!” – deyən Vaqif Səmədoğlu bu hikməti hələ cavan yaşlarında anlayacaq qədər müdrik idi, yaradıcılığın qapısını ilahi bir sonsuzluğa açmaqla ölümün o qədər də yeknəsəq bir şey olmadığına özünü və bizləri inandırmışdı.

Vaqif Səmədoğlu poeziyasındakı təklik, darıxmaq, özünəsığınmaq motivləri haqda həmişə düşünmüşəm. Bu yaşantılar onun şeirlərinə qıraqdan gətirilən, zorla pərçim edilən nəsnə təəssüratı doğurmayıb heç vaxt. Bilavasitə müəllifinin içindən, mahiyyətindən doğan müstəsnalıq kimi əhəmiyyət qazanıb. Şairin hələ 1963-cü ildə yazdığı şeirə diqqət edək:

Sabahdan axşamacan gözüm yolda.

Nə bir yoldaş gözləyirəm,

Nə qız gözü.

Nə kağıza yapışan söz,

Nə də ki, bir baxt.

Sabahdan gözüm yolda.

Nə bir Günəş möhürləyən səhər,

Nə də axşam imzası gözləmirəm.

Gözüm yorğun...

yorğanları qapanır...

kimsə yox,

heç kimi gözləmirəm.

O zaman gənclik havasını yaşayan şair ömrün bu erkən çağında nədən hər şeydən əl üzüb dayanmışdı görəsən? “Heç kimi gözləməmək”, bəlkə elə heç nə gözləməmək anlamını ehtiva edirdi? Zamandan, dünya işləklərindən, bəxtdən, tale oyunlarının aparıb çıxaracağı sonucdan. Mənə görə 90-cı illərdən başlayaraq çağdaş poeziyamıza hakim olan ümumi çöküş ruhu, qaranlıq simvolikası, payız ovqatı öz səciyyəsi etibarilə zəminini dünyada gedən xaos başlanğıcından daha çox, milli poeziyamızda 60-cı illərin Səmədoğlu faktından alır.

Poeziyamızın yenə də əsas bədii ovqatını tragik məqamlar, leksikonunu heçlik, fanilik, məzar, təklik, intihar, obrazlarını gözəl ölüm, ölüm mələyi təşkil edir.

İçimdə çiliklənmiş bir ömür

gözlərimdə sınmış bir sevginin

yarasından qan damır,

qırış-qırış olmuş bəxtim

ütüyə gəlməz daha... (Kənan Hacı)

90-cıların poeziyasında əsas bədii ovqatı təşkil edən çöküş həyatın bozluğunu yaşayan, sabahına heç bir ümidi qalmayan ruhun çıxılmazlıq duyğusundan yaranırdı. Çağdaşımız olan şair nisgillə həyatın boşluğuna, yaşanılan ömrün mənasızlığına nəinki işarə edir, onu olduğu kimi, daha sərt, epotaj səciyyəli tonla nəzərə çarpdırır: “Otuz il yolların bağrını yortdum/günəşin necə doğduğunu/necə batdığını seyr etmədən yaşadım/xəyallarım narkotik/sevgilərim nevroz/həyatım boz” (Z. Əzəmət).

1968-ci ildə eyni nisgil və ağrı ilə onun sələfi Səmədoğlu yaşamın mənasızlığını qabardır, zamana tutunma gerçəkliyinin itirilməsindən şikayətlənirdi: “Görüşdük/İçdik./Bir az/süfrədə olandan yedik,/bir az xatirələrdən./Gələcəyə də uzatdıq/əlimizi hərdənbir.../Çörək boyat/xatırələr acı,/gələcək yanıq çıxdı...”.

Bu ağrıların motivasiyası təbii ki, fərqli idi. Hər zamanın sənətkar qarşısına çıxartdığı, aşa bilmədiyi gerçəklər sırası olur. Təbii ki, daha çox qlobal problemlərdən doğan ümidsizlik öndə idi. Amma bura həm də fərdin başqa ağrıları əlavə olunmuşdu. Bəs Səmədoğlu təkliyinin, Səmədoğlu poeziyasındakı ölüm simvolikasının səbəbləri nə idi? “Bir kəndir dayanıb qapı yerinə” deyib intiharın son addımlığında dayanan, “kənara atıram ümidlərimi” deyib könüllü heçliyə, boşluğa yuvarlanan şairin bu qədər faniliyi dərk etməsinin, hədəf seçdiyi absurd situasiyaların səbəbi nədə idi? Bu gün şair içinin, mənəvi dünyasının təkliyi, tənhalığından hasilə gələn mətnlər birmənalı təfsirə gəlmir, onun kökləri bir qədər dərinlərə işləyib mövcudluğunu neçə onillik əvvəldə, sovet ədəbiyyatı daxilində yaranmağa cəsarət etmiş “son” problematikalı poeziya mətnlərində tapır.

Vaqif Səmədoğlu imzası elə bir dövrdə parladı ki, ədəbiyyat uzun onillik ona zorla aşılanmış həyat sevgisindən, nəşə sindromundan bezmiş, bu süni nəşədə sanki öz varlığını, yaşamını, duyğusallığını itirmişdi. 60-cı illər poeziyasında Səmədoğlunun ölümlə süslənmiş şeirlərinə maraq sovet dövründə təbliğ olunan bayağı nikbin ideyaların vurduğu əxlaqi-mənəvi zərbənin şüuraltı kompensasiyasının ifadəsi idi. Bu, bir növ oxucuların həmin süniliyə - ictimai-siyasi tematikaya, fərdin deyil, toplumun maraqlarına hesablanmış mövzulara etirazı idi. V.Səmədoğlu hələ sovet dövrünün hakim olduğu dövrdə sosialist realizminin şablonlarından imtina edir, öz yaşamının poeziyasını yaradırdı. Amma bu poeziya yalnız ağrı simvolikası kimi ərsəyə gəlmədi, həm də onun poetik yaddaşını bir cümlə ilə dirildə bildi: “39-da doğuldum, 37-də öldüm”.

Bəs dünya konteksti? Dipdiri dünya öz yaşamları, olayları və işləkləri ilə Səmədoğlu poeziyasında hansı dolğunluqdadır? XX əsrin əvvəllərindən başlayaraq bir-birinin ardınca baş verən məlum olaylar çağdaş insanın dünya, kainat, Tanrı, sevgi və ən əsası, özü ilə bağlı təsəvvürlərini modifikasiyaya uğradır. Çağın insanı daha çox böhran ab-havasını yaşamış olduğundan poetik “mən”ini də bu ovqat üstündə kökləməli olur. “Şeirə söykənib baxmaq istəyirəm dünya dediyimiz şeyə”, - yazan Səmədoğlunun müşahidələri onu başqa səmtlərə yönəldir, dünya ilə dialoqunu özgə hava-havacatlara kökləyirdi. Səbəb isə bu idi:

Bir kor quyunun

zülmət dibinə baxa-baxa

bu gün dünyadan şeir yazmışam

və dünya dar gəlib mənə.

Gerçəklərin yalan qarşısında sarsıntısı, həqiqətin uydurulmuşlar qarşısında susqunluğu... İçinə enən ruh, əbədiyyəti tərcih edən düşüncə, ölümü vəsf edən poeziya! Böyük və fəci sarsıntılar qarşısında ruhunu itirmək təhlükəsi ilə üzləşən şairin dünyaya xitabının yeni çaları. Vaxt gəlir, insan anlayır ki, əslində fani olan dünya yox, o özüdür (biz gəldi-gedərik, sən yaşa dünya – S.Vurğun). Sosialist dalğasının çəkilib-qabarmaları içində bunu konseptual şəkildə ilk anlayanlardan oldu V.Səmədoğlu. “Dünya neçin belədir?...”, - yazan şair daha sonra varlığın daha sirli, matafizik qatlarına endi, burada artıq onun dünya ilə deyil, özü ilə mühakiməsi başladı: “Yorma məni/ bu dünyada./ Bu dünya/ ağ dünyadır,/ sinəsi dağ dünyadır,/ qurumuş bağ dünyadır./ Yorma məni, mən ölürəm, /Bu dünya sağ dünyadır...” Ona görə şeirlərində daim ekzistensial məqamlara, mətləblərə həssas olan şair çağın mənzərələri içrə gəzişərək, mistik mənalar, simvolik atributlarla dünya iş(lək)lərinin hesabatını dini-ilahi qatda aradı. Bəşərin qarışıq mənzərələri önündə çaşqınlığa uğramış insanlığı itirdiyi ilahi bağlara bağlamağa çalışdı.

durub pəncərə qabağında, baxıram,

baxıram yağış və yağış səsi altda

ayağı yalın, başı açıq qalmış

bir insan taleyinə,

və bu tale yiyəsi

bu allahsız dünyada da

inanır, inanır, inanır Sənə...

Ölüm və həyat... Bəşərin bu əbədi, çözümsüz sualları V.Səmədoğlu poeziyasında öz rəngində var oldu. Bəli, məhz öz rəngində... V.Səmədoğlu bunların heç birinə əlavə ştrix, boya qatmadı. Ölümü ölüm, həyatı həyat kimi təsvir etdi. Sadəcə, bütün başlanğıclar ölüm adlı nöqtədə bitdiyindən şairin də sözü bu məqamda öz kölgəsinin üstündən üçmağa qanadlandı. Amma bu halda belə poeziyasının uşaq təbəssümü, uşaq saflığı onu tərk etmədi. Ona güvənərək yaşadı, ona güvənərək yazdı və ona qarışaraq ömrə vida etdi.

Bir uşaq oynayır,

Oynayır özü kimi əlvan

otların, çiçəklərin arasında.

Günəşə baxır göz qırpmadan…

Yoxdur qocalıq yer üzündə, yoxdur!

O uşaq indi də güllərin, çiçəklərin arasında oynayır, göz qırpmadan günəşi salamlayır və təbəssümünü qafiyələrə çiləyərək sonsuzluğa səslənir: Yoxdur yer üzündə ölüm, yoxdur! (“Ədəbiyyat qəzeti”)

# 1558 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #