Ömür, ya oyun? - Elnarə Akimova poeziyadan yazır...

Ömür, ya oyun? - <span style="color:red;">Elnarə Akimova poeziyadan yazır...
19 iyul 2016
# 12:09

Kulis.Az tənqidçi Elnarə Akimovanın “Səni axtarıram, poeziya!” silsiləsindən dördüncü məqaləni təqdim edir.

Birinci məqalə burda

İkinci məqalə burda

Üçüncü məqalə burda

Təklik şeirləri

Nabokov Tolstoyla bağlı düşüncələrində yazır: “Tanıdığım yeganə yazıçı odur ki, saatı sayısız oxucuların saatı ilə həmişə düzdür. Əslinə qalanda, orta statistik oxucunun onu sevməsinin səbəbi Tolstoyun öz əsərlərinə bizim zaman hissimizə birəbir düz gələn dəyərlər qata bilməsidir”. Bu fikirləri niyə misal gətirdim? Şair, ya nasir, fərqi yoxdur, əsas məsələ sənətkarın mətnində zamanın tarazlığının duyulmasıdır, həyatı insanların zamanlarına uyğun biçimdə canlandıra bilmək səriştəsidir. Bu gün yazılan şeirlərin əksəriyyətinin zamanla heç bir əlaqəsi duyulmur. Üfüq, işıq, gələcək... bu sözlərin şöləsi çoxdandı gur saçılmır. Poeziya daha çox qaranlıqlarla uğraşır, nəfəs kəsəcək qədər qaranlıq, işıqsızlıq hakim olub şeirdə. Bəlkə buna görə Vaqif Bayatlı Şəhriyar Del Geraninin “Darıxmağın adı” kitabına yazdığı ön sözdə gənc şairə irad tutur ki, “... pislikləri, uçurumları, çıxılmazlıqları yazmaq asan. Mən istəyərdim ki, Şəhriyar pislikləri tamam buraxsın. Daha çox gözəllik kəşf etsin, kəşf olunmamış gözəllikləri tapsın”. Bir tərəfdən düşünürsən ki, indiki xaos zamanında, dünyanın qaynayan vaxtında şair ovqatını müsbətə necə kökləsin? Amma poeziya həm də yoxdan var yaratmaq deyilmi? “Gördüyümüzdən artıq görmək istəməsək/ hər rəng adicə boyadır” (R.Rza).

Bu şeirlər həm də ona yanaşmanın fərqli meyarlarını meydana qoymağı zəruri edir. Xatırlayıram ki, 90-cı illərin əvvəllərində o zaman ədəbi tənqiddə yeni yanaşma, yeni təhlil konturları cızan Nizaməddin Mustafa "Bir şerin draması" adlı məqaləsində Vaqif Səmədoğlunun şeirini fərqli müstəvidə nəzəri analizin predmetinə cəlb edir, bu qism şeirlərə münasibətdə mövcud dünyagörüşün təzələnməsi fikrini irəli sürürdü. Hiss olunurdu ki, tənqidçinin V.Səmədoğlu yaradıcılığından seçib təhlilə çəkdiyi bu şer:

Qumru xan söyüdə qonub oxudu,

Gecənin saçını yonub oxudu.

Nəfəsimə düşüb, donub oxudu…

Bu gecənin üz-gözü

Quş səsinə bulanıb.

Bu elin torpaqları

Quş səsiylə sulanıb.

O xan söyüd gecədən də qaradı

Qumru səsi qan sızmayan yaradı.

Allah, olduğum bu yer haradı?

- bədii mətnə yeni kontekstdən yanaşmaq, sənətlə bağlı nəzəri düşüncələrini yeni biçimdə ifadə etmək üçün akvarel fon səciyyəsi daşıyır. R.Bart, Y.O’Nil, Yirmunski və s. kimi dünya ədəbiyyatının tənqidçi və yazarlarına, eləcə də xalqın öz folkloruna, dil potensialına və söz yaradıcılığına istinad edən müəllif şerə dünəndən fərqli yanaşma izhar edə bilirdi. Mənə elə gəlir ki, məsələ onda deyildi ki, artıq dövr dəyişmişdi, sovet ədəbiyyatının qəliblərindən çıxmaq zərurəti öndə idi. Yox, yeniləşməni tələb edən həm də ədəbi mətnlər idi. Şeirdə ağrı simvolikası qabarıqlaşdıqca nəzəri-estetik düşüncənin axtarış çabası da dərinlərə işləyirdi. Bu gün çöküş ovqatlı şeirlərin zamanını 90-cı illərin məlum prosesləri ilə əlaqələndirib çox səbəblər ortaya çıxara bilərik. Amma görünən bu: səbəb yalnız həmin dönəmin qarışıq, mürəkkəb mahiyyəti deyil. Bu dövrün gəncləri Kafkanın məşhur ifadəsini bir balaca dəyilib desək “anadan qoca və yorğun doğulmuşdular”. Ötən həftələrin birində “Ədəbiyyat qəzeti”ndə Azər Turanın nakam şair Faiq İsmayılov haqqında məqaləsini oxuyarkən gənc şairin şeirlərindəki dərin və məhzun kədərin dibinə yuvarlandım sanki. Faiq İsmayılov bu şeirləri yazanda 80-ci illərin sonları imiş, qarşıdan keçid dövrünün fəci prosesləri gələcəkdi və cavan şair bunları görüb yaşamadan artıq ölümə süvarilik edirmiş.

Qaranlıq pəncərəmdə

Qara pərdə kimi –

Nə mənim o üzdən xəbərim var,

nə o üzün məndən.

Divarlar nənəmin ağ kəfəni kimi –

bilmirəm çitdəndi, ya bezdən.

Ən yaxın nöqtəyə söykənib

dözlərim dondu.

Bəlkə də ölmüşəm,

bəlkə də sondu?...

90-cı illər poeziyası isə başdan-başa “son” problematikalı şeir mətnlərinə köklənir. Və Faiq İsmayılov bu dövrün çöküş ruhlu poeziya orbitində öz səsi, simvolikası, intonasiyası ilə doğulan şairlərimizdən olaraq qısa bir ömür bioqrafiyasına sığışan mətnləri ilə əslində, milli müstəqillik dövrü şeirinin günümüzədək davam edən ovqat çalarının təyin olunmasında əsas göstəriciyə çevrilir. Bu ağrının nəşət etdiyi səbəbləri isə yenə də Azər Turanın illər öncə yazdığı “Ölüm süvarisi” məqaləsindən öyrənə bilirik: “Baş verən kataklizmlər, zəlzələlər, daşqınlar, qaçqınlar, terror… əslində III Dünya müharibəsini andırır və Faiqin də mənsub olduğu itirilmiş nəslin qismətinə bu etiraf olunmamış müharibə dövrünün ədəbiyyatını yaratmaq düşdü. Elə buna görə də heç kəs bu ədəbi nəsildən Kamyu demişkən, “nikbin olmağı tələb edə bilməz”. Məqalədə hər açılan səhəri qanla qızaran 90-cı illər reallığının acı mənzərəsi boylanırdı və bu artıq, dünyanın ruhuna çökmüş kədər, tənhalıq ağrısının tənqiddə uca vurğu ilə ifadəsinin başlanğıcı idi. Salvador Dalinin “Süvarinin adı ölümdür” əsərindən əxz olnub fərqli interpretasiyada meydana çıxan “Ölüm süvarisi” məqaləsi nikbin olmayan poeziyanın, şeirin qürub mənzərəsinin şəklini çəkən ilk tənqid nümunələrindəndir. Buradakı müəllif obrazı təhlil predmetinə çevrilən şairin durumuna bərabər idi və bəlkə tənqidimizdə ilk dəfə müəllif-şair obrazı, ovqatı eyniləşib, qoşalaşıb fərqli bir üslub, fərqli bir simfoniya səslənişində gerçəkliyin Mətn yozumunu verə bilirdi. Poeziyanın dekadansa yuvarlanmış səs ladını surreal təsvirlərlə dərinləşdirən bu məqalədə “dünya mədəniyyətinin baş qəhrəmanı “ÖLÜM OBRAZI” kimi mütləqləşir və bu dərinlikdə sovet dövrünün diktə elədiyi “ələmdən nəşəyə” imperativinin fəci sonluğu görünürdü. Həm də “ölüm gəlir ömür, sonun mübarək” (V.Səmədoğlu) yazan şairdən fərqli olaraq ölümü yalnız ömrün deyil, dünyanın dirəndiyi son dayanacaq kimi almaq müdrikliyinin nəticəsi olaraq. Poeziyanın gənc şairi Faiq İsmayılov “Bilinmir ömürdür, ya da ki, oyun,/ Bir kor quyu kimi unudulmada./Kədəri, sevinci bilinmir bunun/Bilmirəm səsləyim kimi son anda”, - deyə ümidsizliyin aqibətinindən yazırdı, Azər Turan isə bu ümidsizliyin nəşət tapdığı, insan içini əzib yaralayan yerləri nişan verərək ruhsal başlanğıca dönür, Kədərin etiologiyasına baş vururdu: “İç tufanı – varsa. Sevgi zəlzələsi baş verirsə! Ədəbiyyat o tufandan, o zəlzələdən sonra yerdə qalan xarabalıqlardan doğulur. Özü də bir bənövşə kolu kimi – boynu bükük. Özü də Göy göl kimi duru və təmiz”. Ədəbi tənqid mətnin bitdiyi yerdən başlayırdı, sözə heç bir qoşqu qoşmadan özünün mahiyyəti ilə təhlil müstəvisinə cəlb edirdi və bununla - mətn içrə mətn yaratmaqla ədəbi tənqidin estetik özünüifadə imkanlarını ortaya qoyurdu.

İndi isə 90-cı illəri iki onillik geridə qoyduğumuz zaman kəsimindəyik. Və bu zaman kəsimində çox şey, bəlkə də hər şey dəyişdi. Dəyişməyən isə bir amil oldu: poeziyada təklik simvolikası yenə də öndədi. Təbii, təklik şair üçün həmişə ovqat göstəricisi olmuş. Əsl şairlər həmişə tənha və təkdilər. Amma indiki halda söhbət bütün yaradıcılığı təklik ruhuna sarılmış şeir kitablarından və onların müəlliflərindən gedir. Bir qism şairlərdə təklik ovqatı çağın problemlərindən – (bu, şəxsi də ola bilər – sevgi, mənəvi yalnızlıq, eləcə də bütün dünya səviyyəsində artan xaotik və dramatik olaylar) nəşət edir:

Rüstəm Behrudi:

Baş götürüm gedim daha,

Unudulsun adım daha

Səni dəfn elədim daha

Allah da mənimtək tək deyil

Şəhriyar del Gerani:

bir pişiyim də yox qucaqlayası

qucağım sinəmdə bayquş yuvası

barı dost da ölmür yas saxlayasan

hamı salamatdı, hamı yaxşıdı

di gəl darvazanı külək açırmı

bu darıxmaq ki var itin balası

hər gün qapımızda gəlib ulayır

Əlizadə Nuri:

Göy üzündən ulduzlar tökülür bir-bir

işığı kəsilmiş damlara

Bu gecə ipdən asılmış paltarlar

İntihar öyrədir adamlara...

Dəyanət Osmanlı

məzarım təkadamlıqdı

get bir qəbir o yanda öl.

yaxud:

Bəyənib seçmədən

bir ömür yaşadım,

nə amacı, nə anısı

heç yadımda qalmadı.

Yaşlı nəsildə daha çox yaşın gətirdiyi yorğunluq, ömrün faniliyindən doğan təklik hissi qabarıqdır. Şairlərin şeirlərinin adları da artıq yollar yorğunu olmuş insanın ovqatı üstə köklənib: F.Sadıq: “Vaxtıdır”, “Ayrılıram”, “Son”; M.Yaqub: “Mən payız durnası, axşam qürubu”; Ç.Əlioğlu “Ömürdən şikayət” və s.

Fikrət Sadığın ötən il çap olunan şeirlərində ömrün ahıl çağlarını yaşayan şairin iç təlatümləri sərgilənirdi.

Vaxt yetişdi, yarpaq düşdü, ömür adlı müddətə son!

Bu dünyada yaşamaqdan şirin adlı nemətə son!

Ramiz Rövşənin “Qoy heç kəs bilməsin” şeiri poetik ovqat baxımından “Ay bu yükün yiyəsi” şeirinin davamı idi. Bu poeziyada “günəş”in qürubu, əvəzində hakim olan mənəvi-ruhsal bədbinlik insan ömrünün heçliyə, boşluğa yuvarlanması kimi simvolik məna kəsb edir. Şeirdə içini qaranlıq, təklik bürüyən insanın əhvalı uğurlu əksini tapır, buradakı bədii ovqatı təşkil edən çöküş həyatın bozluğunu yaşayan, sabahına heç bir ümidi qalmayan ruhun çıxılmazlıq duyğusundan nəşət tapır və onun “getmək vaxtıdır”, - deyib fanilik önündə tərksilah olmaqdan başqa çarəsi qalmır.

Bu da ötən günün batan günəşi,

Başımın üstündə bulud qaralır.

Daha ömrümə də qaranlıq düşür,

Ürəkdə sonuncu ümid qaralır.

Daha qaranlığa qarışıb tamam

hamının gözündən itmək vaxtıdı.

Daha bu qapını lap yavaşcadan

Açıb, kirimişcə getmək vaxtıdı.

Çingiz Əlioğlunun “Ömürdən şikayət”ində sızıltı varsa da, onun yaşamağa olan məhəbbəti həyata, dünyaya sevgisi, bağlılığı kimi üzə çıxır.

Yol dirəndi yal qaşına...

Qocalıq qarşıma çıxdı.

Yetişdim ömür qışına,

Ucalıq əlimi sıxdı.

Rüstəm Behrudinin ötən il çap olunan şeirləri bir ruh dərvişinin pıçıltıları idi. Hicran varsa da, ümid də var, bir baxış, bir dönüşlə həsrətin bağrını yaran, gözlənilən “ünvan” da...

Dön, hardasan, dön qayıt,

Ümid – güman olmadan.

Al məni də, dur, gedək,

Dağlar duman olmadan.

Xirqəsiz bir dərvişəm,

Könlümə bürünmüşəm.

Halıma bax, ölmüşəm,

Təkkəm vuran olmadan.

Sabir Rüstəmxanlı “Ad günüm” şeirində sevincdən daha çox qəmə dalır, dünənin xəfif xatirələrinə sığınır:

Ürək oxuyanın işləri müşkül,

Gözlərdə göz alan dərinlik çatmır.

Onsuz da seyrəlir dost məclisləri,

Sözlərdə əvvəlki şirinlik çatmır.

Musa Yaqubun təbiətdən mayalanan şeirlərində torpaq, ağac, dağ, yoxuş kimi poetik obrazlar artıq şairin ruhunu saran təklik nisgilinin rəmzi ifadəsinə yönəlir:

Bir yorğun torpağam, dincə qoyulmuş,

Daha əkilməyim, biçilməyim yox.

Köhnə qarağacam, içi oyulmuş,

Bir də körpülənib keçilməyim yox.

Bütün körpüləri keçmişəm daha,

Səbir kasamı da içmişəm daha.

Ədəbiyyat, poeziya cəmiyyətdəki, dünyadakı qaranlıqlardan ədəbiyyat işığına keçiddir əslində. Amma bu keçidi şair necə həyata keçirməlidir? Düşünmürəm ki, ötən əsrin 20-40-cı illərin nikbin ruhlu poeziyası yalnız S.Rüstəmin “ələmdən nəşəyə” imperativini irəli sürməsi ilə reallaşdı. Bu, hardasa yeni nəsil poeziyasının mənəvi durumundan qaynaqlanan mahiyyət dəyişimi oldu. İndi yeni nəsil yazarlar belə bir durumla ədəbiyyata gəlmir və heç gəlmələri də lazım deyil. Ona görə gənclərin poetik ovqatları da özlərindən əvvəlki dövrün yazarlarının çöküş ruhu üstündə köklənir. Amma fikrimizin mayəsi bu deyil. Poeziyada qaranlıq zolaq nə zaman yarılacaq, yaxud qaranlığın üzərinə düşən işıq haləsini nə zaman sezəcəyik? Gəminin dor ağacından boylanaraq uzaqlarda torpaq görüb sevinən ilk Kolumb şagirdi kimi...

Bütün arzularımı

Dəfn elədim gizlicə

Gedim göyə baxmağa

Ay doğacaq bu gecə

(Narıngül)

“Səhəri gözləyək göyün üzündə”, - yazırdı Məstan Günər. Doğan ayı və çıxan günəşi göyün üzündə qarşılamağın ləzzəti isə başqadı. /“Ədəbiyyat qəzeti”/

# 1600 dəfə oxunub

Müəllifin son yazıları

# # #