İnsanlar niyə hekayə oxumağı xoşlayırlar? - ARAŞDIRMA

<b>İnsanlar niyə hekayə oxumağı xoşlayırlar? - <span style="color:red;">ARAŞDIRMA </b>
28 iyun 2018
# 13:30

Kulis.az “İnsan niyə hekayəyə ehtiyac duyar?” yazısını təqdim edir.

Odun ətrafında danışılan nağıllardan tutmuş Netflix seriallarına qədər hər bir cəmiyyətdə hekayə nəqli vacib yer tutur. Təkamül nəzəriyyəsi mütəxəssisləri də bunun səbəbini araşdırırlar.

4 min il əvvəl Babil lövhələrinə yazılmış “Gilqameş” dastanının bu gün də həvəslə oxuması olduqca təəccüblüdür. Bu dastan bizim dövrümüzə qədər gəlib çatmış ən qədim ədəbi əsər sayılır. Yazıldığı tarixdən min il sonra belə bu əsərdən təsirlənərək yeni əsərlərin yaranması burda bəhs olunan hekayənin nə qədər populyar olduğunu göstərir.

Bu hekayənin bu gün oxunması və orda dilə gətirilən “dostluq” kimi əsas fikirlərin ondan sonra yaradılan bir çox populyar hekayədə yer alması isə daha maraqlıdır.

Hekayələrdəki bu kimi ortaq xüsusiyyətlər “ədəbi Darvinçilik” sahəsində araşdırmalar aparan alimlərin diqqətini çəkir. Bu mütəxəssislər yaxşı bir hekayənin əsas xüsusiyyətlərini və Homerin “İlliada” dastanından tutmuş “Harri Porter”ə qədər bir çox hekayənin populyar olma səbəblərini ortaya çıxarmağa çalışır.

Reallıqdan qaçmaq?

Yazının ortaya çıxmasından əvvəl insanların bir-birinə hekayə danışıb-danışmamağı barədə əlimizdə ciddi dəlillər yoxdur. Bununla belə təxmin edilir ki, hekayə danışmaq xüsusiyyəti minlərcə il boyu insan həyatının önəmli bir hissəsi olub. Fransada 30 min əvvəl insanların yaşadığı mağaralardakı rəsmlərdə təsvir edilən səhnələrə söz sənətinin də yoldaşlıq etdiyi məlum olub.

Miçiqan Universitetinin əməkdaşı Daniel Krugerin fikrincə mağaraya baxdığınızda bir çox fərqli rəsmin çəkildiyini və bunların ovla əlaqədar hər hansı bir hadisəni nəql etdiyini görmək mümkündür. Yəqin o rəsmlərdə nəql olunan əhvalatlar qədim insanlar üçün böyük əhəmiyyət daşıyırmış. Günümüzdə sonuncu Buz Dövründən qalma bəzi hekayələrə də rast gəlmək mümkündür.

Müasir dövrdə qədim insanlar kimi od ətrafında toplanmasaq da yetkin insan ayıq keçirdiyi vaxtın 6 faizini müxtəlif səbəblərlə “istehlak” etdiyi qurmaca hekayələrə ayırır.

Təkamül prizmasından baxdığımızda bu, reallıqdan qaçmaq üçün xərclənən uzun bir zamandır. Ancaq psixoloqlar və ədəbiyyatşünaslar bu hekayə asılılığının bir çox faydası ola biləcəyini iddia edirlər.

Hekayə nəqli zehni itiləyən şüurlu oyuna bənzədilir. Bu yolla bizi əhatə edən dünyanı simulyasiya etməyimiz və xüsusi ilə sosial şəraitlə əlaqəli fərqli strategiyalar müəyyənləşdirməyimiz mümkün olur. Missuridə yerləşən Müqəddəs Luis Universitetinin əməkdaşı Jozef Karollun fikrincə hekayə nəqli bizə başqaları haqqında məlumat verir; empati və ağıl nəzəriyyəsi kimi məsələlərdə təcrübə bəxş edir.

Həqiqətən hekayə oxuyan və ya hekayə dinləyən insanların beyinləri üzərində aparılan təcrübələr korteksin sosial və emosional qavrama ilə əlaqəli müxtəlif hissələrinin hərəkətə keçdiyini və insanların nə qədər çox hekayə oxuyurlarsa başqaları ilə o qədər asan empati qurduqlarını göstərib.

Həmrəyliyin əhəmiyyəti

Təkamül psixologiyası mütəxəssisləri insanın tarixdən əvvəlki fəaliyyətlərinin bu gün hələ də xoşumuza gələn hekayələri müəyyənləşdirdiyinə inanırlar. Misal üçün, insanlar getdikcə daha böyük icmalar şəklində yaşamağa başladıqlarında cəmiyyətdən çox alan, amma ona əvəzində heç bir şey qaytarmayan və ya bir qrupun zərərinə işlər görən insanların qarşısını almaq üçün həmrəylik göstərməsi, əməkdaşlıq etməsi lazım olurdu. Hekayə nəql etmək doğru olan sosial normaları yaymaq məqsədi ilə inkişaf edə bilərdi. Kruger bundan çıxarıla bilən dərsi ixtisarla belə ifadə edir: “Zülmə qarşı müqavimət göstərmək və zalım olmamaq”.

Dünyanın müxtəlif bölgələrindən götürülmüş hekayə nümunələrində həmrəylik mövzusunun daha populyar olduğu müşahidə edilib. Filippində ovçu və yığıcı 18 qrupla aparılan araşdırmalar zamanı onların danışdıqları hekayə-nağılların 80 faizinin əxlaqi qərar vermək və sosial qadağalarla əlaqəli olduğu məlum olub. Bu mövzularda daha çox hekayə nəql edən toplumlarda daha çox həmrəylik olduğu müşahidə edilib.

“Gilqameş” dastanına qayıdası olsaq burada Kral Gilqameş fiziki gücü və cəsarəti ilə tam bir qəhrəman kimi görünsə də eyni zamanda gücünü pis niyyətlər üçün istifadə edən, istədiyi qadınla yatan zülmkar-tirandır. Ancaq Endiku adındakı bir yad məxluqun qarşı çıxması ilə dostluq və həmrəyliyin əhəmiyyətini öyrənir. Dinləyicinin nəzərindən baxdıqda bu hekayədən çıxarılan nəticə bəllidir: Qəhrəman kral belə başqalarına hörmət etməyə məcburdursa siz də hörmət etməlisiniz. Oxşar temalara Homerin “Odisseya” poemasında da rast gəlinir.

Sənaye inqilabından sonra fərdiyyətçiliyin artması ilə insanın həmrəyliyə marağının azaldığını düşünmək olar. Amma Kruger və Karrolla görə 19 və 20-ci əsrlərin əvvəllərində yazılmış ən populyar ingilis romanlarında da bu temaya rast gəlmək olar. Sevdiyimiz bu romanlardakı mənfi qəhrəmanların güclərini pis məqsədlərin üçün istifadə edərək cəmiyyətə təsir etməyə çalışdıqları, xeyirxah insanların isə acıqlı və eqoist olmadıqları müşahidə edilir.

Qadınlar nəyə üstünlük verir?

Təkamül nəzəriyyəsi eyni zamanda romantik hekayələrin və qadın qəhrəmanların qətiyyətli “ata” fiqurlarına və ya dəlisov əxlaqsızlara üstünlük verdiklərini nə müəyyənləşdirib.

Uşaqların daima təhlükəsiz şəraitdə qalması baxımından “ata” seçimi anlaşılandır. Amma “seksual oğul hipotezası” kimi də qəbul təkamül teoriyasına görə ikincilərə üstünlük verilməsində əsas səbəb onların xarici görünüşcə gözəl görünmələri, hiyləgər və cazibəli olmaqları və genlərin davamı baxımından qadınların bu xüsusiyyətlərin övladlarına da keçməyini istəməlidir. Ədəbiyyatdakı mənfi xüsusiyyətləri bilməyimizə rəğmən yaraşıqlı, eşqbaz qəhrəmanların bizi daha həyəcanlandı bundan qaynaqlana bilər.

Kruqer ingilis yazıçı Ceyn Ostinin romanlarını 200 il əvvəl yazsa da bu gün da oxunmasının və ekranlaşdırılmasının səbəbinin yazarın təkamül psixologiyasına uyğun gələn doğru qənaətlər əldə etməsi ilə əlaqələndirir.

Mənfi qəhrəmanlar

Hekayələrdəki mənfi qəhrəmanlar isə mənfi təsirin və ya xəstəliklərin yayılması qorxusunu alovlandırmaq xidmətini yerinə yetirir. Bu qorxu insanda təkamül nəticəsində ortaya çıxmışdır və qoruyucu təsiri vardır. Təbiət etibarı ilə qəbilə xüsusiyyətlərinə meylli olduğumuz üçün bu qəhrəmanlar əsasən kənar qüvvələrin nümayəndələrindən ibarət olur. Hollivud filmlərindəki mənfi qəhrəmanlar adətən buna görə əcnəbi aksenti ilə danışırlar. Bunların qarşımıza çıxarılması ilə bizim öz qrupumuza olan bağlılığımız və fədakarlığımız daha da möhkəmlənir.

Məşhur çağdaş ingilis yazarlarından İan Makivanın fikrinə görə romanda istifadə olunan bu təkamül meylləri onun qitələri və əsrləri aşaraq bizə gəlib çatmasını təmin etmişdir: “İçində yaşadığımız dövrə uzaq və ya öz mədəniyyətimizə yad ədəbi əsərləri bəyənməyimizin səbəbi yazarla ortaq hissləri, bəzi dərin fərziyyə ehtiyatlarını bölüşməyimizdir.”

Məhz bu dərin ehtiyatlara görə “Gilqameş” dastanı kimi bir hekayə dünən yazılıbmış kimi təzə və sadiq dostun əhəmiyyətini anlatan mesajı isə aradan 4000 il keçsə də hələ də qüvvədədir.

Ən qədim hekayə

Əlimizdə dəqiq faktlar olmasa da deyə bilərik ki, bu gün oxuduğumuz bəzi hekayələrin kökləri tarixdən əvvəlki dövrə gedib çıxır. Daniel Kruger “Gilqameş” dastanı və Əski-Ətiqdəki “Yaradılış” kitabında bəhs olunan tufanı Buz Dövründə Orta Şərqdə baş vermiş təbii fəlakətlərin kultroloji yaddaşımızdakı izi kimi görür.

İndoneziyada Flores adasında yaşayan yerlilərin Ebu Qoqo adıyla təqdim etdikləri qısa boylu, cırtdana bənzəyən əfsanəvi varlıqların isə Homo Sapienslərlə eyni dövrdə yaşayan, amma 10 min il əvvəl nəsli tükənmiş alt insan növləri ilə eyni ola biləcəyi düşünülür.

“O bölgənin əhalisi bu qısa boylu, danışa bilməyən, amma ona deyilənləri təkrarlayan insanlara dair nağıllar danışırlar. Bu nağılların on minlərcə il öncədən dövrümüzə qədər gəlib çıxması təəccüblüdür”, - Kruger deyir. Bütün bunlar hekayə danışmağın digər funksiyalarını göstərir: Çox qədim zamanlara dair kollektiv hafizə formalaşdırmaq.

Asiya və Afrikada fərqli kultroloji qruplar arasında ağızdan-ağıza dolaşan nağılların yayılmasını tədqiq edən antropoloqlar “Dəmirçi” və “Şeytan” kimi bəzi nağılların 6 min il əvvəl buralara üz tutan ilk Hind-Avropa tayfaları ilə gəldiklərini və onların qitəyə yayılması ilə birlikdə nağılların da yayıldığını söyləyirlər. /bbc.com/

# 3437 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #