Heyvan olmaq insan olmaqdan yaxşıymış

Heyvan olmaq insan olmaqdan yaxşıymış
4 may 2013
# 07:15

İnsan olun, balalarım!

Ana qarışqayla ata qarışqa balalarını başına toplayıb onlara öyüd-nəsihət verirlər. Ata qarışqa söhbətinin sonunda belə deyir:

- Balalarım, həyatda qarışqa olmağa çalışın, heç zaman qarışqa olmaqdan əl çəkməyin!

Balaları:

- Necə edək ki, qarışqa olaq? Qarışqa olmağın yolları nədir?

- Özünüzə bizi nümunə seçin. Biz necə ediriksə siz də elə edin.

Bala qarışqalar ana qarışqayla ata qarışqaya baxdılar. Onlar necə davrandılarsa balaları da o cür etdi. Yazda yemək ehtiyatlarını toplayıb torpağın altına yığdılar. Qışda yatdılar. Zamanı gələndə yumurtladılar.

Ata ilə ana qarışqa balalarını yenə ətraflarına topladılar. Ata qarışqa onlara:

- Balalarım, mən artıq ölürəm. Hamınızdan razıyam. Hamınız qarışqa olmağı bacardınız. Heç biriniz qarışqa olmaqdan əl çəkmədiniz. Haqqım halal olsun. Allah sizdən razı olsun!

* * *

Ata balıqla ana balıq balalarını ətraflarına toplayıb onlara öyüd-nəsihət verirlər. Ata balıq danışığının sonunu belə bitirir:

- Balalarım, həyatda balıq olmağa çalışın. Heç bir zaman balıq olmaqdan əl keçməyin.

Balalar:

- Necə balıq olaq? Balıq olmağın yoluı nədir?

Ata balıq:

- Bizdən nümunə götürün! Mən və ananız necə yaşayırıqsa siz də o cür edin.

Bala balıqlar ana və atalarına baxdılar, onlar necə davrandılarsa o cür etdilər. Dənizdə üzdülər, özlərindən kiçik olanları yedilər, özlərindən böyüklərə yem oldular. Kürü salıb çoxaldılar.

Yenə ata ilə ana balıq balalarını ətraflarına topladılar. Ata balıq onlara:

- Balalarım, artıq siz yetişibsiz. Biz də rahat ölə bilərik. Hamınızdan razıyam. Hamınız balıq oldunuz. Heç biriniz balıqlıqdan əl çəkmədiniz. Əməyimiz boşa getmədi. Haqqım halal olsun. Allah sizdən razı olsun!

Bala balıqlar dilləndi:

- Biz elə çox bir şey etmədik ki. Siz necə yaşadınızsa biz də o cür yaşadıq.

* * *

Ata ördəklə ana ördək balalarını başlarına toplayıb onlara öyüd-nəsihət verirlər. Ata ördək söhbətinin sonunu belə bitirir:

- Balalarım, həyatda həmişə ördək olmağa çalışın. Heç vaxt ördəklikdən əl çəkməyin.

Balalar:

- Necə edək ki, ördək olaq? Ördək olmağın yolu nədir?

Ata ördək:

- Çox asandı. Ananız və mən necə yaşayırıqsa siz də o cür yaşayın!

Bala ördəklər ana ilə ata ördəyə baxdılar. Onlar nə etdilərsə o cür davrandılar. “Vaq-vaq-vaq” deyə səs çıxartdılar. Suda üzüb, quruda gəzişdilər. Cütləşdilər. Yumurtladılar. Kürd yatdılar, bala çıxartdılar. Bir gün ata ördəklə ana ördək yenə balalarını ətrafına topladılar. Ata ördək onlara dedi:

- Balalarım, artıq siz böyümüsüz. Hamınız ördək olmusuz. Heç biriniz ördəklikdən əl çəkmədiz. Əməyimiz boşa getmədi. Haqqımız halal olsun. Allah sizdən razı olsun.

Bala ördəklər:

- Biz heç nə etmədik ki. Sizə baxdıq, siz nə cür dedizsə biz də o cür yaşadıq, onu etdik...

* * *

Ata itlə ana it balalarını ətrafına toplayıb onlara öyüd-nəsihət verirdi. Ata it söhbətinin sonunda:

- Balalarım, həmişə it olmağa çalışın, heç bir vaxt it olmaqdan əl çəkməyin.

Balaları:

- Nə edək ki, it olaq? İt olmağın yolları nədi?

Ata it:

- Çox asandı. Bizdən nümunə götürün. Ananız və mən necə yaşayırıqsa siz də o cür yaşayın.

Balalar ata və ana itə baxdılar. Onlar necə etdilərsə o cür davrandılar. Hürdülər, keşik çəkdilər. Bir-birlərinə sadiq oldular. Cütləşdilər və balaladılar.

Ata və ana itlər balalarını yenə öz ətraflarına topladılar. Ata it onlara dedi:

- Balalarım, siz artıq yetişdiniz. Hamınız it oldunuz. Heç vaxt it olmaqdan əl çəkmədiniz. Biz də ölürük. Hamınızdan razıyıq, əməklərimiz boşa getmədi, haqqımız halal olsun. Allah sizdən razı olsun.

* * *

İnək, camış, balina, dəvə, fil, qoyun və yer üzündə nə qədər ata –ana heyvan varsa balalarına özləri kimi olmalarını, bunun üçünsə onlar nə edirlərsə o cür etmələrini istədilər.

Bala heyvanlar da onların nəsihətlərinə qulaq asıb o yolu getdilər və sonda çox yaxşı bir heyvan oldular. Ata ilə ana heyvanlar da ölərkən onlara halallıq verib razı qaldıqlarını dedilər.

* * *

Bir gün ata insanla ana insan balalarını ətraflarına toplayır. Onlara öyüd-nəsihət verirdilər. Ata insan sözünü bu cür bitirir:

- Balalarım, həyatda insan olmağa çalışın. Heç bir zaman insanlıqdan çıxmayın.

Uşaqlar:

- Nə edək ki, insan olaq? İnsanlığın, insan olmağın yolları nədir?

Ata insan:

- Çox asandı. Özünüzə bizi nümunə götürün. Ananızla mən necə ediriksə siz də o cür davranın, o cür yaşayın.

Uşaqlar ana və ata insana baxdılar, onlar nə etdilərsə təkrar etdilər. Hamısı da atalarına bənzədi.

Ata insanla ana yenə uşaqları bir yerə topladılar. Ataları onlara:

- Heyflər olsun! Heç biriniz bizim istədiyimiz kimi böyümədiniz. Heç biriniz insan olmadınız. Hamınız insanlıqdan uzaqsınız. Artıq ölürük. Bütün əməklərimiz boşa getdi. Allah hamınıza lənət eləsin! Haqqımız haram olsun!

Uşaqlar təəccübləndilər:

- Bəs bizə niyə qarğış edirsiniz? Yoxsa biz səhv nəsə etdik? Sizə baxdıq, sizdən nümunə götürdük. Siz nə etdinizsə biz də onu etdik.

# 2875 dəfə oxunub

Müəllifin son yazıları

# # #