Ədalətli hakimə rüşvəti necə verməli

Ədalətli hakimə rüşvəti necə verməli
1 fevral 2014
# 08:30

Kulis.Az Elnarə Ağaoğlunun tərcüməsində Ömər Seyfəddinin “Rüşvət” hekayəsini təqdim edir.

Bazar meydanının böyük çinar ağacları kölgələrini alacalandıraraq pıçıldaşırdılar. Güclü külək əsirdi. Vəkil Hacı Namiq bəy kağızları uçmasın deyə zümrüd bir çardağa bənzəyən kiçik dükanının şüşələrini endirdi. Sonra gedib açıq qapını örtərkən heybəsi çiynində, palanlı atının yüyəni əlində, sarıqlı geymiş, qısaboy, yumru bir kəndlinin yaxınlaşdığını gördü:

- Xoş gördük, Əli xoca, - dedi. – Belə vaxtsız-vədəsiz buralarda nə gəzirsən? Hələ bazara iki gün var.

Kəndli qara iti iki nöqtəyə bənzəyən kiçicik gözlərini bir az da kiçildərək:

- Xoş günün olsun, Namiq bəy! Bir bəlaya düşmüşəm.

Məhkəməlik işim var, - deyə başını yellətdi.

- Gəl, bir az söhbətləşək görək neyləyə bilərik?

- Söhbətləşək.

- Dərdini anlat görüm.

- Səndən başqa guya kimə dərd danışacam ki?!

Atının yüyənini divara bitişik skamyanın söykək dirəyinə bənd elədi. Kiçicik dükana girdi. Qoz taxtasından olan yazı stolunun sağındakı həsirli alçaq divanda oturdu. Heybəsini yanına qoydu. Namiq bəyin uzatdığı tütün qutusundan papiros bükə-bükə hər şeyi danışdı. Rəqibi kəndin muxtarı Huysuzoğlu idi. Ona məxsus yerdə Əli xoca vaxtilə bir bina inşa elətdirmişdi. Nə qədər zaman keçəndən sonra muxtar niyə bu hazır binaya sahiblənmək istəyirdi?! Halbuki, bina kimindirsə, yer də onun olmalıdır.

Namiq bəy çallamış saqqalını qaşıdı. Eynəyinin üstündən baxaraq:

- Sən haqsızsan, Əli xoca! – dedi.

- Haqsızammı?

- Bəli!

- Xeyir, mən haqlıyam! Niyə binanı mən tikdirərkən səsini çıxarmadı?

- Çıxartmasın... Nə olsun ki?

- Mən haqlı olduğumu bilirəm, Namiq bəy. İddiamdan vaz keçə bilmərəm.

- Uduzacaqsan.

- Olsun, zərəri yox. Yenə iddiamdan vaz keçə bilmərəm. Namiq bəy haqsız iddiaları qəbul edə bilməzdi. Bu işə əl qoymazdı. Əli xocanın vəkalət təklifini rədd etmək istəyirdi. Fəqət Bozoyük kəndinin camaatı onun otuz illik müştəriləriydi. Eşşək axurunu bəlləyən kimi onun dükanını bəlləmişlər, hökumətlə bağlı hər işləri üçün ona müraciəti adət etmişdilər. Qışlıq azuqəsi bu kənddən gəlirdi. Nəhayət:

- Çox yaxşı-dedi. – Sənin bu iddianın vəkilliyini qəbul edirəm. Amma uduzanda məndən incimək yoxdur, oldumu?

- İncimərəm. Amma niyə uduzuruq ki?

- Çünki haqsızsan!

- Hakimə gözəl bir qoç göndərsəm, necə?

- Nə?

- O zaman işi udarammı?

- Onda şübhəsiz daha tez uduzarsan.

- Niyə?

- Yeni hakim sənin tanıdığın adamlardan deyil.

Əli xoca vəkilin həyəcanını anlamırdı. Yeni hakimin mədhini uzun-uzadı dinlədi. Bu adam rüşvətin, hədiyyənin qorxunc bir düşməniymiş. Ən haqlı bir iddiaçı belə ona rüşvət verməyə təşəbbüs göstərsə, o saat onu haqsız çıxarırmış.

Əli xoca:

- Allah belə doğru adamları dünya üzündən əksik etməsin – deyə dua etməyə başladı.

Namiq bəy:

- Amin, amin! – dedi.

Məhkəmə ədaləti və düzgünlüyü haqda bir saatacan söhbətləşirlər. Vəkalət məsələsində öz aralarında razılaşdılar. Vəkil ümidsizdi. Boynuna götürdüyü işə xatirxoşluğu üçün qol qoyurdu. Haqsızlıq bütün açıqlığı ilə ortada idi...

***

İki həftə sonra eyni saatda Əli xoca yaşıl rəngli dükanın qapısında göründü. Namiq bəy kiməsə pullu ərizə yazmaqdaydı. Gözlüyünün üstündən müştərisini görüncə güldü:

- Xoş gəldin! Qazandıq, necədi səninçün?! – dedi.

Bu qədər haqsız bir hökmü hakimin necə verdiyinə vəkil çaşıb qalmışdı.

Əli xoca soyuqqanlı-soyuqqanlı:

- Mənim göndərdiyim qoç sayəsində qazandıq! – cavabını verdi.

- Nə? Sən hakimə bir qoç göndərdin?

- Bəli.

- Buna necə cəsarət etdin?

- Sən mənə “rüşvət onun düşmənidir, kim hədiyyə verərsə, haqsız çıxarar” deməmişdinmi?

- Bəli!

- Mən də qoçu öz adımdan göndərmədim.

- Bəs necə etdin?

- Rəqibim muxtar Huysuzoğlunun adından yolladım.

- !!!

İxtiyar vəkilin qələm əlindən düşdü. Özünü söykənəcəyə dayadı. Qarşısında parlayan bapbalaca qara gözlərə baxa-baxa qaldı. Meydandakı nəhəng çinar ağaclarının dərin pıçıltıları qapıda ayaq üstdə dayanan Əli xocanın yan-yörəsindən, başının üstündən, qılçalarının arasından girir, divarlarına köhnə vilayət qəzetləri yapışdırılmış dükanın içini doldururdu.

# 1679 dəfə oxunub

Müəllifin son yazıları

# # #