Hamleti görsəm tanıyaram

Hamleti görsəm tanıyaram
7 noyabr 2020
# 14:30

Kulis.az hər şənbə, saat 13-30-da Xalq yazıçısı Elçin Əfəndiyevin “Ədəbi düşüncələr” adlı esse yazısını təqdim edir.

Floberin məktubları

Flober sevgilisi və ilham pərisi (hər halda, floberşünasların bir qismi belə deyir), şairə Luiza Kolyeyə yazdığı məktublarda (300-cən məktub yazıb!) alovlu eşq-məhəbbət etirafları edir və bu qızğın sevda ilə bərabər, özünün yaradıcılıq planlarından danışır, ədəbiyyat və ümumiyyətlə, sənətlə bağlı fikirlərini söyləyir.

Qəribəsi (yəni mənim özümçün qəribə görünəni) odur ki, onun yaradıcılıq, ədəbiyyat, estetika haqqında fikirləri mənə həmin sevda ilə nəfəs alan eşq-məhəbbət etiraflarından daha artıq maraqlı və sanballı göründü.

Ona görə qəribə ki, söhbət “Xanım Bovari”nin müəllifindən gedir.

Parodiya

Məmməd Səid Ordubadinin Molla Pənah Vaqifə parodiyasını (“Vaqifə bənzətmə”) oxudum və doğrusu, çox təəssüf etdim.

Parodiya mənim üçün, obrazlı desəm, çovğun deyil, hətta külək də deyil, parodiya – gözəl bir mehdir.

Parodiya – şaqqanaq deyil, qəhqəhə deyil, incə bir gülüşdü, hətta ürək açan bir təbəssümdür.

Parodiya – poetik duzlu məzədir və burada incəlik, zövq o məzəni daha da şuxlandırır, duzunu artırır.

Eyni zamanda, satirik parodiya da var və o, səni güldürməlidir, oradakı istehza yaxşı bir əhval-ruhiyədən doğan (və o əhval-ruhiyyəni yaradan) şən (!) istehzadır, bir az loru dillə desəm, şövqlə dolamaqdır və heç vəchlə bədii zövqsüzlüyü yaxına buraxmır.

M.S.Ordubadinin isə həmin parodiyasında elə bu bəndi oxumaq kifayətdir ki, mənfi emosiya alasan, çünki bu parodiya məzəyə yaddır, hətta ikrah doğurur:

Təmizliyə ola bir az həvəsi,
Olmaya aşiqə nazü-qəmzəsi,
Soğan qoxa danışanda nəfəsi,
Amma sarımsağı az yeyən gərək.

Söhbət Vaqifin vəsf etdiyi Gözəldən gedir!

Belə bir parodiyadan soğan-sarımsaq qoxusu gəlir və əhvalın pozulmasın deyə, onu unutmağa çalışırsan.

Alen Rene və Anton Çexov

Dünən bütün günü Tənqid Şurasının plenumunda idim, Ozerov(1) məruzə etdi, sonra da çıxışlar (mən də çıxış etdim), axşam Rafiqlə(2) görüşdüm, təzə tərcümələrini verdi, sonra da onunla “Bakı”ya(3) getdik.

Rafiq əlbəttə, çox maraqlı, ağıllı və təmiz bir insandır, deyir ki, fizikanın dərinlərinə getdikcə adamı dəhşət basır, çünki elə izah olunmayan problemlər çıxır və elə suallar yaranır ki, elə bil, fizika özü deyir “mən acizəm, bütün cavablar Yaradandadır”.

Bu gün şənbədir və səhər “Kitab köşkü”nə(4) getdim. Xeylaq adam var idi, Mitin(5) də orda idi və məlum oldu ki, satışa Alen Rene haqqında kitab gəlib.

Bir azdan Tofiqgilə(6) gedəcəyəm, məni şama çağırıb.

Səhərdən isə oteldə “Alen Rene”ni oxuyuram.

Onun iki filmi (“Hirosima – mənim məhəbbətim” və “Myuriel”) indiyəcən baxdığım filmlərin arasında ən sanballı filmlərdəndir.

Bu kitab da çox səriştə ilə hazırlanıb: onun müsahibələrindən, haqqında yazılmış məqalələrdən, özünün yazdıqlarından, filmlərinin ssenarilərindən parçalar və s.

Mənim üçün əlamətdar bir cəhət o oldu ki, ondan soruşurlar: kinoya, rejissorluğa onu hansı stimul gətirib? Rene 1937-ci ildə, yəni on beş yaşında teatrda Çexovun “Qağayı”sına baxdığını və bu təsirlə sənətə gəldiyini deyir.

Bu gün bütün dünya fransız kinosundakı “yeni dalğa”dan danışır və Renenin bu cavabı mənim üçün ona görə əlamətdardır ki, səksən-doxsan il əvvəl yazıb-yaratmış rus dramaturqunun yaradıcılığı həmin “yeni dalğa”nın ən istedadlı nümayəndəsinin sənətə gəlməsində stimul olub.

Renenin bir cavabı da xoşuma gəldi ki, deyir, filmləri mən tək çəkmirəm, onlar başqaları ilə əməkdaşlıq nəticəsində yaranır, ancaq yalnız mənim adımı çəkirlər və bu düz deyil.

Yəni “filankəs, filankəs, filankəs və başqaları” söhbəti.

Bizim ədəbi prosesdə yaş xronologiyası ilə “Əkrəm Əylisli, Anar, Elçin və başqaları” siyahısı yadıma düşür.

“Və başqaları” – yəni kim? Bunların əsərlərinə qiymət - ya müsbət, ya da mənfi – vermək lazım deyil?

Hamlet haqqında

Mənə elə gəlir ki, küçədə ora-bura tələsən adamların arasında zahirən heç nə ilə o adamlardan seçilməyən Hamleti görsəm – tanıyaram.

Tolstoy bəşəriliyi

Lev Tolstoy dahi rus yazıçısıdır və mənimçün o, nə qədər rus yazıçısıdırsa, bir o qədər də bəşəri yazıçıdır.

Tolstoyun qəhrəmanı yaşından və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq rus insanıdır, ancaq Tolstoy təfəkkürü nə qədər millidirsə, bir o qədər də beynəlmiləldir.

O, “Yəhudi nədir?” adlı kiçik essesində (əslində, bu, elə bil, düşüncə stenoqramasıdır) deyir: “Yəhudi – əbədiliyin rəmzidir.”

Elə buna görə də Tolstoy yəhudiliyin tarixinə, keçib gəldiyi yola, məruz qaldığı qırğın və sürgünlərə, elə bil, yüksəklikdən (fəzadan!) baxaraq, həmin tarixi, həmin yolu səciyyələndirir, fərddən (yəhudidən) dini-fəlsəfi-ideoloji ümumiləşdirməyə (yəhudiliyə) keçir və “yəhudi kimdir?” yox, “yəhudi nədir?” yazır.

Tolstoy düşüncələrinə daha bir qüvvət – Xolokost isə hələ irəlidə idi.

İdeoloji-inzibati basqı

Sosrealizm ədəbiyyatda süni “xalqlar dostluğu” yaradır.

Hakim ideoloji-inzibati ideologiya isə (sosrealizm də bu ideologiyanın yetişdirməsidir) ədəbiyyatın tarixinə müdaxilə edərək, yalançı “dostluqlar” yaradır.

Misal üçün, bizim ədəbiyyatşünaslar Aleksandr Qriboyedov ilə Abbasqulu Ağa Bakıxanovun dostluğundan yazır və bu “dostluq” məqalədən məqaləyə, monoqrafiyadan monoqrafiyaya keçir.

Mən Qriboyedovda Bakıxanovun adına cəmi üç yerdə rast gəldim: İrəvan səfəri zamanı Bakıxanovun çayın yanındakı çadırını xatırlayır (“Palatka Abbas-Kuli nad rekoö.”), bir az sonra yazır ki, Bakıxanov ona Gəncə uğrundakı döyüşün Nizaminin məzarı olan yerdə baş verdiyini danışıb (“Rasskaz Abbas-Kuli, çto Elisavetpolğskoe srajenie dano na moqile pogta Nizami.”), bir də Gilanda olarkən kürdlərlə danışıq aparmaq üçün Bakıxanova tapşırıq verdiyini qeyd edir (“Ə poruçil naşemu Abbas-Kuli vstupitğ v razqovor s kurdami.”).

Buradakı “bizim Abbasqulu” ifadəsini mən – “bizim Tiflisdə xarici işlər üzrə katibimiz” kimi qəbul edirəm, çünki Peterburqdan xüsusi missiya ilə gəlmiş yüksək rütbəli və səlahiyyətli məmur – Qriboyedov onu müşaiyyət edən xeyli dərəcədə aşağı rütbəli məmura – Bakıxanova “tapşırıq verilir”.

Elə bu üç qeydə görə biz Qriboyedov-Bakıxanov dostluğundan danışırıq?

Nə böyük rus ədibi Qriboyedovun, nə də böyük Azərbaycan ədibi Bakıxanovun belə bir quraşdırma dostluğa ehtiyacı var.

Mən xüsusi olaraq, nüfuzlu və səriştəoi professor Mikayıl Rəfilinin “Bakıxanov və rus ədəbiyyatı” adlı yığcam və maraqlı monoqrafiyasına baxdım. Orada ayrıca bir ”Qriboyedov və Bakıxanov” fəsli var və Rəfili bu fəsildə Qriboyedov haqqında, onun Qafqaz səfəri, Tiflisdə və İrandakı həyatı, hətta rusların “İvan İvanoviç” deyə çağırdıqları hamamçı Məşədinin ona Azərbaycan dilində dərs deməsi (!), Türkmənçay müqaviləsi, Rusiya Xarici İşlər naziri qraf Nesselrode, general Yermolovun qanlı Qafqaz yürüşü, onu əvəz etmiş qraf Paskeviç ıə Abbas Mirzə, eləcə də Bakıxanovun özü barələ faktlarla danışırsa, Bakıxanov - Qiboyedov “dostluğu ilə bağlı ancaq fərziyyələrə, ehtimallara, gümanlara əsaslanır”.

Zor gücünə “dostluq” yaratmağa nə ehtiyac var?

--------

* Vitali Ozerov məşhur rus-sovet tənqidçisi, SSRİ Yazıçılar İttifaqının katibi, Tənqid Şurasının sədri idi. Mən də o şuranın üzvü idim.

** Söhbət Osman Sarıvəllinin oğlu, Moskvada yaşayan məşhur fizik, professor, rəhmətlik Rafiq Qurbanovdan gedir. O, eyni zamanda ingilis dilindən hekayələr tərcümə edirdi.

*** O zaman Moskvada açılmış məşhur restoran.

**** Moskvada “Kuznetskiy most” deyilən meydanda SSRİ Yazıçılar İttifaqının kitab mağazası idi.

***** Henrih Mitin – rus tənqidçisi və ədəbiyyatşünası. Mənim «Bir görüşün tarixçəsi» povestim onun tərcüməsində “Yunost” jurnalında çap olunmuşdu.

****** Tofiq Məlikli – bizim görkəmli türkoloqumuz. O zaman Moskvada yaşayırdı.

# 2296 dəfə oxunub

Müəllifin son yazıları

# # #