Bəlkə hissə qapılıram? - Elçin yazır...

Bəlkə hissə qapılıram? - Elçin yazır...
3 oktyabr 2020
# 13:30

Kulis.az hər şənbə, saat 13-30-da Xalq yazıçısı Elçin Əfəndiyevin “Ədəbi düşüncələr” adlı esse yazısını təqdim edir.

Tarix və Ədəbiyyat

Deyirlər ki, ədəbiyyat – tarixi tarixçilərdən yaxşı ifadə edir.

Yəqin ona görə ki, tarixçi əldə etdiyi faktlara söykənir, ədəbiyyatın isə fəhmi var və o, hiss edir.

Əlbəttə, tarixçinin zəhməti olmasa, həmin hiss köməksizdir və bu zaman ancaq fantastik əsərlər meydana çıxır.

Tarixçi Karfagenlə bağlı faktları ortaya qoyur, Floberin fəhmi isə bu faktların sayəsində Karfageni göstərir.(1)

Eyni zamanda, ədəbiyyat öz dövrünün də tarixi diaqnozunu verir.

Uğursuz Rusiya hərbi səfərindən sonra (1812) divara dirənmiş Avropa dövlətləri birləşib, Rusiya ilə birlikdə üç il müddətində Napoleonu iki dəfə və həmişəlik taxtdan saldı.

Bir müddətdən sonra Bayron yazmışdı:

Biz buna görəmi şiri taxtdan saldıq ki,
Canavarların qarşısında baş əyək?(2)

Milli dil

Dil – mənim təsəvvürümdə nəinki ədəbiyyatın, hətta nəinki sənətin, ümumiyyətlə, milli mədəniyyətin əsasıdır.

Dil – kökdür.

O kökdən qalxmış gövdə – mədəniyyətdir.

Həmin gövdənin budaqları isə – sənətin növləri və ilk növbədə ədəbiyyatdır.

Ədəbiyyatımızın itkisi

İşə gələndə(3) çox gözlənilməz və ağır bir xəbər eşitdim.

Sabir Süleymanov vəfat edib.(4)

Bu nədir? Bizim nəslin də yarpaq tökümü başlayır?

Sabir bizim nəslin insafsızcasına az tanınan istedadlı bir nümayəndəsi idi.

Sadə, təmkinli, təvazökar və istedadlı.

Onun 60-cı illərdə yazdığı povestlər – “Qarayel”, “Çinar kəhrizinin suyu”, “Cərəyan”, “Şaqul” yalnız bizim nəsl yaradıcılığının yox, ümumiyyətlə, nəsrimizin yaxşı nümunələridir.(5)

Ən yaxşı nümunələri isə o, özü ilə apardı.

Sabirdən yaxşı yazanlar olacaq, daha artıq dərəcədə Sabirdən pis yazanlar olacaq, ancaq Sabirin yazacaqlarını daha heç kim yazmayacaq və bu, ədəbiyatımızın itkisidir.

Yevtuşenkonun familiyası

Yevgeni Yevtuşenko yazır:

Mənim familiyam – Rusiyadır,
Yevtuşenko isə – təxəllüsümdür.

Bu misralara görə rus ədəbi prosesi də, baxıram ki, onu epatajlıqda günahlandırır.

Ancaq məncə, məsələ başqadır – Yevtuşenko yaradıcılığı bu misraları doğruldurmu?

Şəxsən mən bu suala dəqiq cavab verə bilmirəm.

Sual

Pyotr Çaadayev deyirdi: “Həqiqət vətəndən daha qiymətlidir… (artıqdır, üstündür; orijinalda: “istina doroje rodinı”).

Həqiqət ilə vətəni qarşı-qarşıya qoymaq nə dərəcədə düzdür?

Detektiv ədəbiyyatdır?

Detektiv əsər də bədii ədəbiyyat adı ilə çap olunan istənilən nümunə kimi, yaxşıdırsa – ədəbiyyatdır, pisdirsə – qeyri-ədəbiyyatdır.

Şerlok Holms, Braun ata, Meqre, Puaro, Miss Marpl – bunlar kimdir?

Ədəbiyyat qəhrəmanlarıdır, yoxsa qeyri-ədəbiyyat?

Bəs, E.Ponun detektiv hekayələri necə, ədəbiyyatdır, ya yox?

Bu sadə, bəlkə də bəsit sualları K.Saraqosanın “Və Yaradan da son sahildədir” romanından sonra verirəm və elə bu romanın özü sübut edir ki, hər şey janrdan yox, istedaddan asılıdır.

Bu gərgin süjetli (qətl hadisəsi baş verib) romanın qəhrəmanı Xoseçu qatildir və Xoseçunun daxili aləmindəki təbəddülatın psixoloji təsviri maraqlı və inandırıcıdır.

Kitaba ön söz yazmış X.Kobo “qələmləri ilə əbədi həqiqətlərin sarsılmazlığını sübut edən” yazıçıları “XIX əsr dünya ədəbiyyatının nəhəngləri və bizim günlərin onlarla müqayisədə sadə və iddiasız görünən yazıçıları” deyə iki qismə bölür və hər iki qismin ədəbiyyatda öz şərəfli yeri olduğunu deyir.

Düz deyir.

Saraqosa da mənə görə həmin sadə və iddiasız istedadlı yazıçılardan biridir.

“Yeni dövr” rejissorları

Sovet İttifaqının Qorbaçov “perestroyka”sından istifadə edən «yeni dövr» rejissorları Şekspirin, Molyerin, Çexovun başına nə oyunlar açırlar?!

Söhbət teatrlarda yavaş-yavaş küll halını alan təmayüldən gedir.

Ola bilsin ki, gözəl estetik nəticələr əldə edilir, gözəl müasir tamaşalar yaranır, ancaq bu – artıq Şekspir deyil, Molyer, Çexov deyil.

Rus dramaturqu Valentin Krasnoqorov mənim xoşuma gələn obrazlı şəkildə yazır ki, “bu gün rejissorlar pyesləri öz səhnə fantaziyaları üçün yarımfabrikat kimi qəbul edirlər.”

Yarımfabrikat – yəni xammal.

Təkrar edirəm: ola bilsin ki, yuksək bədii-estetik səviyyəli tamaşalar yaranır (və belə hadisələr az olmur!), ancaq söhbət məhz hansısa dramaturqun qələmindən çıxmış pyesdən yox, bu pyesin rejissor tərəfindən “özəlləşdirilmiş” motivlərindən gedir.

Elə bil, böyük bir binadır, onun mənzillərini adda-budda özəlləşdirib, kənara çəkərək, binadan ayırırsan – o bina sökülüb-dağılacaq, yoxsa yox?

Müşfiq misralarının ovqatı

Müşfiqin dörd misrası fikrimdə dolaşır:

Tərlansan, göydən (fəzadan- E.) enməzsən,
Bu torpaqda (həyatda, dünyada!- E.) sevinməzsən,
Mən dönərəm (fikrimdən, arzumdan, istəyimdən- E.),
sən dönməzsən,
Yaşa könül, yaşa könül!

Yəni könül, sən fəzalarda yaşa, fəzalardan enmə, çünki Yer üzündə yaşamaq mümkün deyil.

Və Müşfiqin bu misralarından bir addım o tərəfdə neçə illərdən sonra Tofiq Abdinin dediyidir:

Mənsiz bu dünyanın işi keçərmiş,
Əcəba, dünyaya mən niyə gəldim?

Əliağa Vahidin bu misraları isə mənim üçün, elə bil, bu əhval-ruhiyyənin, bu ovqatın davamıdır:

Biz xarabat əhliyik, meyxanələrdən çıxmışıq,
Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.

Natali Sarrot və Elza Triole

Qəribə bir hadisədir ki, iki məşhur fransız qadın yazıçıları, Fransada “yeni roman”ın dünya ədəbi prosesinə daxil olmuş müəllifləri – Natali Sarrot və Elza Triole – ikisi də Oktyabr inqilabından sonra gənc yaşlarında Rusiyadan Fransaya köçmüş rus yəhudiləridir.

Elza Triole Lui Araqonun həyat yoldaşı və Mayakovskinin, eləcə də bir sıra başqa məşhurların sevgilisi olmuş Liliya Brikin kiçik bacısıdır, ancaq ən əsası odur ki, fransız “yeni roman”ını, dediyim kimi, dünya ədəbi prosesinə gətirmiş yazıçılardan biridir.

“Yeni roman” böyük mənada Yeni Sözdürsə (dünyaya – kanonlaşmış ideallara, əxlaqi kriteriyalara baxış yeniliyi, xislətin daha dərin qatlarına enmək və göstərmək yeniliyi, təhkiyədə və psixoloji təhlildə “şüur axını” və s.), o zaman Triolenin “Sələm qızılgüllər” romanı həqiqətən yeni romandır.

Yüzilliklər boyu neçə-neçə nəsillər Perronun “Zoluşka”sı ilə böyüyüb, Zoluşka xoşbəxtliyi bədii ədəbiyyatın xəyallar aləmində ana xətlərdən birinə çevrilib və imkansız, kasıb, sevincsiz-fərəhsiz bir həyat keçirən qızın birdən-birə şahzadəyə rast gəlməsi, şahzadə xanımına çevrilməsi, daxmadan çıxıb saraylarda yaşaması – bir sözlə, Zoluşka taleyi bədii ədəbiyyatdakı həmin xəyallar aləminin ifadəsi olub.

Bu, ədəbiyyatda Kozetta(6) taleyidir.

“Sələm qızılgüllər”in qəhrəmanı Martina da siçanlar gəzişən daxmadan gözəl mənzillərəcən gedib çıxır, ancaq Zoluşkadan fərqli olaraq, sonda o, elə həmin daxmada siçovullara yem olur.

Martina ədəbiyyatda klassik Kozetta taleyinin əks qütbündədir.

Triole öz qəhrəmanının taleyindəki təbəddülatı elə psixoloji təfərrüatla işləyə bilib ki, mən bu “yeni roman”da Dostoyevski təsirini açıq-aşkar hiss etdim və ümumiyyətlə, mənə elə gəlir ki, Triole üçün XIX əsr rus ədəbiyyatı həmin əsrin fransız ədəbiyyatından daha doğmadır.

Dostoyevski təsirini Natali Sarrotda daha artıq hiss edirsən.

Həcmcə kiçik olan “Siz onu eşidirsiniz?” romanı, belə demək olarsa, bədii-psixoloji romandır (psixologiya romanıdır) və buradakı atalar və oğullar problemi ənənəvi nəsillər problemindən fərqli olaraq, ayrı-ayrı məktəblər, zövqlər, dəblər problemi yox, dərin psixoloji ziddiyyətlər problemidir.

Övladların zarafatı, gülüşü atanın daxili aləmini sarsıdır, hətta həmin daxili aləmi məhv edir və mənə elə gəldi ki, buradakı psioloqizm “Qaratoxmaq qadın”dan(7) “Karamazov qardaşları”na gedən möhtəşəm rus bədii-psixoloqizminin davamıdır.

Bəlkə hissə qapılıram? Ola bilər.

Onsuz da oxucunun fikri – subyektiv fikirdir və burada mütləqlik axtarmaq lazım deyil.

------------------------

* “Salombo” povestində.

** Rus dilindən sətri tərcümədir.

*** O zaman Yazıçılar İttifaqında katib işləyirdim, rəhmətlik Sabir isə “Azərbaycan” jurnalında nəsr şöbəsinin müdiri idi.

****O, 1979-cu ilin sonlarında vəfat etmişdi.

*****Bu povestlər mənim ön sözümlə nəşr olundu (Çinar kəhrizinin suyu. Bakı, “Yazıçı”, 1985).

****** “Səfillər”in qəhrəmanı.

******* A.Puşkinin povesti.

# 2472 dəfə oxunub

Müəllifin son yazıları

# # #