Cavidan Fatihi: “Meyxananı ciddi sənət kimi sırımayın” – Müsahibə

Cavidan Fatihi:  “Meyxananı ciddi sənət kimi sırımayın” – Müsahibə
26 yanvar 2024
# 09:00

Kulis.az El Romanla müğənni Cavidan Fatihinin müsahibəsini təqdim edir.


- Müğənnilərlə hansısa layihədə işləmisənmi, yaxud işləmək planın varmı?

- Hələ ki, ortaq layihələrimiz olmasa da, ötən il bir çox dəyərli sənətçilərimizlə səhnəni bölüşmək fürsətim oldu. Özəlliklə də Çingiz Mustafayevin konsertindəki solo çıxışım və divamız Aygün Kazımovanın konsertində qrupla birgə ön çıxışımız mənim üçün yadda qalan idi. Bu il isə bəzi məşhur ifaçılarla duet planlanlarımız var. Üstəlik, dinləyicilərimi və oxucuları martın 10-u, saat 20:00-da "Hayal Kahvesi Bakı"da gözləyəcəm. Konsertdə həm öz mahnılarımı, həm də müxtəlif sənətkarların mahnılarını ifa edəcəm.

- İdeal hesab etdiyin musiqiçi varmı? Varsa kimdir?

- Qəribə də olsa, ideal olaraq gördüyüm musiqiçi, ümumiyyətlə, yoxdur. Fikirlərinə dəyər verdiyim insanların isə heç biri musiqiçi deyil. Bəlkə, bəzi məqamlarda nümunə olaraq adlarını çəkdiyim musiqiçilər olub, amma heç biri tam olaraq ideallıq anlayışıma uyğun gəlmir. Bu baxımdan özümü aktyor və ya yazıçılara daha yaxın hiss edirəm. Dönəm-dönəm xarakter olaraq aktyorlardan Robert De Niro, Daniel Day-Luis, yazıçılardan isə Milan Kundera və Viktor Pelevinə bənzəmək istəmişəm. Təəssüf ki, bu istəklərimin heç biri uğursuz təqliddən irəliyə keçməyib.

- Musiqidə yüksəlmək nədir? Uğurlarınla ən çox hara qədər yüksəlmək olar?

- Həvəskar formada da olsa, musiqiyə başladığım vaxtlarda, bu seçimin mənə təhsilini aldığım peşədən daha çox və ya az dəyərli olacağını düşünməmişdim. Hüquq təhsilimi təzəcə başa vurmuşdum. Başlanğıcda sənətdə yüksəlmək, ya da uğur qazanmaq niyyətində də deyildim. İnsanlar tərəfindən bəyənilmək, özünü dəyərli hiss etmək kimi ibtidai hisslər daha öndə dayanırdı. Əsl sənət və qarşılığında əldə edilən uğur isə bu ucuz motivasiyanın yerinə daha dəyərli bir hiss qoyduqdan sonra başlayır. Sənətin sərhədi yoxdur, amma uğurların bir həddi var. Populyar musiqi nümunələri ilə bağlı amerikanların “youth dictated” dediyi bir ifadə mövcuddur. An etibarilə musiqiyə yön verən şəxslər gənclərdir. Əgər bir gün hesab etsələr ki, onlarla frekanslarımız əvvəlkitək üst-üstə düşmür, o andan etibarən uğur qazanmaq və sənətdə yüksəlmək üçün artıq çox gec olacaq.

- Hərdən elə mahnıları seçib oxuyursan ki, həmin mahnıların illər əvvəl unudulmaz sənətkarlar tərəfindən onsuz da möhürü vurulub. Bu riskli addım deyilmi?

- Köhnə mahnıları “cover” eləmək, yəni vaxtilə populyar olmuş mahnıları yeni tərzdə ifa etmək musiqi dünyasının, əsasən də, bizim kimi gənclərin ən böyük xilasolma metodudur. Əslində, bu həm də tənbəllikdən qaynaqlanır. Bəzən ağlımıza yeni musiqilər gəlir, amma bunlara söz yazmaq zəhmətinə qatlaşmaqdansa, köhnə mahnıları bu yeni musiqilərə uyğunlaşdırırsan, canın qurtarır. Əlbəttə, bu işin də öz riskli tərəfləri var. Bir mahnını ilk dəfə eşitdiyində yaşadığın emosiya, o mahnıyla bağlı düşüncələrinin təməlini formalaşdırır. Təzə-təzə qulaq asanda mahnıdan xoşunuz gələ də bilər, gəlməyə də. Bir müddət keçdikdən sonra isə həmin düşüncələriniz yerli-dibli dəyişə də bilər. Möhürü dəyərli sənətkarlarımız tərəfindən vurulmuş ifaları yenidən səsləndirən zaman ən çox əhəmiyyət verdiyim şey mahnının ilkin versiyasını dəyərdən salmamaqdır. Orijinaldan daha yaxşı oxumaq… - Bu işi döyüşə bənzədirəm. Çox şükür, hələ ki, bu cür mübarizələrdən məğlub ayrılmamışam.

- Dinləyicin sənin konsertinə niyə pul xərcləyib gəlməlidir? Ümumiyyətlə, konsert nəyə lazımdır?

- Sənətinə arxayın olan bir insan üçün nə pab, nə restoranlardakı gündəlik çıxışlar, nə də ora yığışan dinləyicilər göstərici sayılmalıdır. Bu, bir növ, özünü məşqlərdə yaxşı göstərdiyi halda, heç vaxt meydana çıxıb, əsl mübarizədə sınanmamış idmançıların vəziyyətinə oxşayır. Əsl musiqiçi üçün də ən real göstərici böyük konsert zallarındakı çıxışlar və ora gələn dinləyici kütləsidir. Biz iştirakçılara sənət nümayişinə dair söz veririk. Buna görə də, məncə, bir neçə manatdan keçib, bu konserti izləməyə dəyər.

- Musiqi ilə nə vaxtdan məşğulsan?

- Hələ liseydə oxuyurdum. O vaxt fortepiano təhsili alırdım. Gitaranı sonradan, - yutubdan öyrəndim. Səhnəyə çıxmağa isə 21 yaşımdan başlamışam. Təhsilimi yekunlaşdırdıqdan sonra bir qərar verməliydim: ya prokuror olacaqdım ya musiqiçi. Hələ də bilmirəm, düz seçim eləmişəm, yoxsa yox.

- Kimlərdən təsirlənmisiniz?

- Hazırda olmasa da, vaxtilə sənətdə özümə nümunə götürdüyüm bir çox şəxs olub. Bir vaxtlar Conni Keş, Leonard Kohen və ya Bob Dilan kimi, sənətə olan inancını sonuna qədər qoruyan insanların iziylə getməyi arzulayırdım. Hərçənd ki, bu istəyimi reallaşdırmaq üçün bir addım belə atmamışdım. Günlərin birində təsadüfən qarşıma Müqəddəs Tereza ananın ölümündən bir qədər əvvəl verdiyi müsahibəsi çıxdı. Jurnalist ondan etiraf etmək istədiyi bir sirrinin olub-olmadığını soruşmuşdu. Tereza ana isə cavabında ömrünün son illərində inancını tamamilə itirdiyini, amma yenə də tanrı qarşısında sözünü tutduğunu və ona sadiq qalmaqdan əsla boyun qaçırmadığını demişdi. Bu cavab həmin vaxt mənə çox təsir eləmişdi. O müsahibədən sonra bir daha heç kimi özümə nümunə olaraq götürmədim. Anladım ki, mənim də sənət qarşısındakı öhdəliyim hardasa buna bənzəyir. Ara-sıra müxtəlif işlər görməyə, yeni mahnılar ərsəyə gətirməyə olan həvəsimin tam olaraq itdiyini hiss edirəm, lakin yenə də sənətə olan sadiqliyimi qorumağa çalışıram.

- Müğənnilərdən çoxunun mütaliəsi yox həddindədir. Ümumiyyətlə, kimləri oxuyursan?

- Düzünü desəm, əvvəllər kitab oxumağa daha çox vaxt ayırırdım. Yarım-yamalaq da olsa, oxuduğum ilk kitab “Min bir gecə” nağılları olub. Azyaşlı biri üçün reallıqdan qaçmağın ən gözəl yolu özünə xəyali qəhrəmanlar yaratmaqdır. Məktəb illərində və ya yeniyetməlik çağlarında seçicilik qabiliyyətin olmur. Ədəbiyyat kitablarında ixtisarla verilmiş romanlar, evdə böyüklərin aldıqları kitablar və s. Böyüdükdən və ən əsası, zövq formalaşdıqdan sonra oxuyacağın kitabın müəllifini və janrını özün seçirsən. Milan Kunderanın, Saramaqonun külliyyatını həmin o “zövq” formalaşdıqdan sonra bitirdim. Boş vaxtlarımda isə, Borxesdən və ya Çexovdan hekayələr oxumağı sevirəm. Lakin son vaxtlar aldığım kitab sayı, oxuduğum kitab sayından daha çoxdur.

- Təhsil vacibdir, yoxsa istedad yetərlidir?

- 6 il əvvəl ən böyük arzularımdan biri xaricdə musiqi təhsili almaq idi. Düşünürdüm ki, təhsil istedaddan daha önəmlidir. İndi isə hesab edirəm ki, müasir musiqidə ikisinə də ehtiyac yoxdur. Biz musiqini kütlə dinləyib zövq alsın deyə, yazır və oxuyuruq, akademiklər tənqid eləsin deyə yox. Bu dəqiqə ən istedadsız müğənniyə elə bəsit tonallıqda və bol effektli musiqilər yazırlar ki, dinləyici heç müğənnin əsl səsini eşidəndə tanımır. Məncə, hazırda ən vacibi işinə peşəkar yanaşan adamlarla çalışmaqdır. Amma gərək özün də işinə bir o qədər peşəkar yanaşasan. Əks halda sürətlə unudulacaqsan.

- Səncə, ölkədəki total bayağılığın səbəbləri nələrdir?

- Fransızlarda belə bir ifadə var: “Heç bir fikrim yoxdur, amma əminəm”. İndi mən də ölkədəki total bayağılığın səbəbləri barədə heç bir fikrim olmasa da, əminəm ki, səbəbkarların başında dayanan kütləvi informasiya vasitələridir. TV-lərdəki oxşar məzmunlu verilişlər, mənasız seriallar və ya kinoteatrlarda yayımlanan yerli filmlərin hansına baxırsansa, görürsən ki, bu işləri ərsəyə gətirənlər əksərən eyni adamlardı. Hansından da soruşsan ki, niyə məhz bu tərzdə bir iş görmüsən, bir ağızdan deyəcəklər ki, camaat bunu bəyənir. Camaat komediyadan başqa heç nəyi izləmir. Bu yaxınlarda Emil Quliyev digər işlərlə müqayisədə azacıq da olsa, keyfiyyətli bir iş ortaya qoydu deyə, hara gedirdimsə həmin serialdan danışırdılar. Bəs deyirdiniz ki, bu camaat guya komediyadan başqa heç nə izləmir? Onda necə oldu ki, Emilin işləri bu qədər izləndi, populyarlıq qazandı? SSRİ-də 1990-cı ilə qədər “McDonalds” yox idi və elə düşünürdülər ki, buna ehtiyac da yoxdur. Halbuki tərsinə oldu. SSRİ dağıldı, yerində yeni “Mcdonalds”lar açıldı. Qısacası, yeni addımların bizə nələr gətirəcəyini köhnə vərdişlərimizin üstündə dayanaraq öyrənə bilmərik. Rahata qaçmamalıyıq. Kütləvi informasiya vasitələrinin seçimləri dəyişsə, kütlənin də seçimləri dəyişib, bu yeniliyə adaptasiya olacaq. İlkin variantda bu yolla total bayağılıqdan az da olsa, qurtula bilərik.

- Bəs meyxanaya münasibətin necədir?

Bu mövzu da mənim üçün hardasa bayağılıqla eyni pillədə dayanır. Modernizmdə insanlar əsl sənətin nə demək olduğunu çox yaxşı bilirdilər. Əsl sənətçini də digərlərindən ayırırdılar. Ancaq qara camaat yenə də, - bəzən beynini çox yormamaq üçün o dövrün folkloruna qulaq asırdı. Yəni deyirdilər ki, biz bilirik ki, filankəs sənətkardı və onun nümayiş elədiyi iş də əsl sənət nümunəsidir, lakin özümüzü çox yormaq istəmirik, bugünlük bu xoş günümüzü meyxanaya, aşığa və sairəyə qulaq asaraq keçirmək istəyirik. Və bunu da xüsusi vasvasılıqla, ancaq kişilərin yığışdığı məclislərdə edirdilər.
Postmodernizmlə birgə hər şey kəlləmayallaq oldu. İnsanların zövqsüzlüyünə “müxtəliflik gözəldir, bu da onun zövqüdür” tərzində don geyindirdilər. Halbuki belə bir şey yoxdur. “Hərənin öz həqiqəti var” fikri nə qədər düzgündürsə, bu fikir də o qədər düzdür. Meyxanaya qulaq asanlara iradım yoxdur, kim nəyə istəyir, ona da qulaq asır, amma meyxananı bizə ciddi sənət kimi sırımağa çalışmayın. Yolda, maşın sürəndə, mümkünsə, meyxanaya asta səslə qulaq asın.

# 1868 dəfə oxunub

Müəllifin son yazıları

# # #