Bu şeirdə bütün qaydaları pozacam, Allah baba - El Romandan şeirlər

Bu şeirdə bütün qaydaları pozacam, Allah baba - El Romandan şeirlər
20 may 2020
# 18:30

Kulis.az "Yeni imza" layihəsindən gənc şair El Romanın şeirlərini təqdim edir.

"Adamın bir dəfə on yaşı olur"

Adamın bir dəfə on yaşı olur.
Bir dəfə böyüyür uşaq yaşında.
Bir dəfə vurulur bulaq başında,
Bir dəfə qocalır uşaqlaşanda.

O yaşda nə bilim, nə etməliydim?
Elə bil, ürəyin parası gedir.
Adamın bir dəfə on yaşı olur,
Adamın bir dəfə atası gedir.

Adamın bir dəfə anası ölür.
Nə bilim, qismətim oyuncaq deyil?
Yıxıldım, özüm də dizimdən öpdüm,
Həmin gün anladım, anam sağ deyil.

Həmin gün böyüdüm, elə o gündən
İçimdə yaralar yetişir mənim.
Dodağım torpaqla, əlim kürəklə,
Çiynim tabutlarla sevişir mənim.

And içib haqqına az girməmişəm,
Bununçün içimi üşüdür Allah.
Adamı ömründə cəmi bir dəfə
Yalan and içəndə eşidir Allah.

Əslində, o səni öldürmür, ancaq
Səni həm kor edir, həm də lal edir.
Sağ ikən belinə mindiklərinin
Hamısı haqqını min halal edir.

Adamın bir dəfə on yaşı olur.
Bir dəfə böyüyür uşaq yaşında.
Bir dəfə vurulur bulaq başında,
Bir dəfə qocalır uşaqlaşanda.


"Fideliya"

Salam, Fideliya!
Yaxşı olduğunu bilirəm,
çünki səni mən yaratmışam.
Çünki səni mən sevmişəm.
Düz iyirmi iki il əvvəl,
yəni otuz beş yaşımda,
səni mənə dodağımdan qopan təsadüfi zümzümələr bağışladı.
Sənə qədər düz yeddi nəfər sevdim.
Amma onların hamısını toplasan,
bəlkə bir sən edər, Fideliya.
Əgər sənin anan olsaydım,
ən böyük doğum sancısını səndə çəkdiyim üçün
ən sevimli övladım sən olardın.
Əgər sevgilin olsaydım,
ilk səni tərk edərdim, Fideliya.
Çünki ilk sevdiyini unuda bilərsən,
ancaq ilk tərk etdiyini unuda bilməzsən.
Doğulandan eşidilir deyəsən,
Rekviyemin kobud səsi, Fideliya!
Milyon il də yapışacaq yaxandan
Faciənin badirəsi, Fideliya!
Sol yanımda quş qəfəsi, Fideliya!
Silinməyən xatirəsi, Fideliya!
Mən səni kar qulaqlarıma sırğa edəcəyəm,
sən isə məndən iki yüz il sonra
başqa qulaqlarla sevişəcəksən.
Mən səni səhra dodaqlarıma su edəcəyəm,
sən isə məndən iki yüz il sonra
başqa dodaqlarla öpüşəcəksən.
Və ən çox canımı yandıran şey nədir, bilirsən?
Bir gün qapımı döysən, eşidə bilməyəcəyəm.
Vyana, 26 mart 1827
"Hər kəsin gözünü kor edən eşq
Bethovenin qulağını kar etmişdi..."


"Allah baba"

Məni bircə şeirlik bağışla,
Bu şeirdə bütün qaydaları pozacam, Allah baba.
Məni bircə şeirlik bağışla,
Sonra bildiyim kimi də yazacam, Allah baba.
Gözümün qabağında uşaqlaşan,
Dərdimdən qaçıb uzaqlaşan
qızın xətrinə bağışla məni.
Çirkin ürəyimə rəğmən mənimlə qucaqlaşan
qızın xətrinə bağışla məni.
Çünki,
O məni allah bilib ucaltdı,
Mən onu allah bilib qocaltdım.
Əzbər bilirəm uşaqlıqda etdiyim bütün günahları-
Məsələn, qarışqaları qəsdən öldürürdüm həmişə,
Bir dəfə də səhvən donuz əti yemişəm.
Həyata bu yalanlarla qarışmışıq, Allah baba.
Biz anamla həmişə bir-birimizə
yalan danışmışıq, Allah baba;
Mən atam üçün darıxdığımı deyirdim,
O da atamın gələcəyini.
Nə mən atam üçün darıxırdım,
Nə də atam gələcəkdi.
Günahlarım o qədər böyükdü ki,
ancaq səninlə müqayisə edə bilirəm, Allah baba.
Və beləcə gecəyə çevrilirdi sabahlarım.
Allah baba, sən daha böyüksən, yoxsa günahlarım?
Hərdən özüm "ah" dedim,
Hərdən də "ah" deyənə günah dedim.
Böyüdükcə böyüklərə də böyük gözüylə baxdım;
Aydın əmimə Aydın,
Sevil xalama Sevil,
Allah babaya Allah dedim.
Böyüdükcə dilim də uzandı-
Məni də lal elə, Allah baba.
Mən hələ də yalandan and içəndə
"Allah haqqı" deyirəm.
Haqqını halal elə, Allah baba.


"Yanvar"

(Məlik Cahanın əziz xatirəsinə"


Yanvar elə gələ ki,
Birinci həftəsində gözlərin açıq qala,
İkinci həftəsində hər şey yarımçıq qala.
Daşıyır öz içində on bir ayın qəmini.
Yüz qırx yeddi şəhidin, bir şairin qənimi.
Həyat da imtahandı, imtahandan çıxasan,
Elə o vaxt son dəfə yumruğunu sıxasan;
Yumruğunun içində ürəyin də sıxıla.
İçindəki ümidlər kağızdan düzəlməyib
üfürəsən, yıxıla.
Dərdini göy dənizlə bölmək üçün gedəsən,
Sən onsuz da ölmüsən, o gün sonuncu dəfə
ölmək üçün gedəsən.
Gedəsən göyə baxan gözünü öldürməyə
Gedəsən qaça-qaça özünü öldürməyə.
Səpələyə dağlara, yola sənin canını,
Dərdin ən yekəsinə sala sənin canını.
Allah da təsadüfən başına bir daş salıb,
İntihara gedəndə ala sənin canını.
Sonra səndən soruşsa, niyə ölmək istədin?
Deyə biləcəksənmi, onsuz da yaşamırdım
deyə ölmək istədim?
Niyə ölmək istədin, soruşanda bir daha,
Nə üzlə danışasan bu dünyanın yalanın
o dünyada Allaha?
Deyəsən ki, yaramı qaşımaq istəyirdim,
Deyəsən ki, hər yükü daşımaq istəyirdim.
O da sözünü kəsib qısa danış deyəndə,
Deyəsən ki, sadəcə yaşamaq istəyirdim.
Yanvar elə gələ ki,
Birinci həftəsində gözlərin açıq qala,
İkinci həftəsində hər şey yarımçıq qala...

"Salam, ana"

Salam, ana, gözlərimdə xəyalın,
Bu axşam da sən tərəfdə ağrı var.
Pəncərəmdə sən sevdiyin çiçəklər,
Radiomda ən sevdiyin mahnı var.

Qoçaq idim, özün məni bilirsən,
Sən gedəli evə əmək vermədim.
İki gündür özüm heç nə yemirəm,
İki gün də itə yemək vermədim.

Yaxınlarda bizi qoyub gedəndən
Uzaqları olmamışdı anamın.
Anaların ayağında cənnət var,
Ayaqları olmamışdı anamın.

Nə qədər ki, nəfəs alıb veririk,
Ümidlərə hələ ölüm yaraşmır.
Bir övlada belə qəmgin yaşamaq,
Bir anaya belə ölüm yaraşmır.

Otağıma ən sevdiyi ətirdən
Vururam ki, bəlkə bir az güləcək.
Balasının yuxusuna gəlməyib
Bir ətirin qoxusuna gələcək?

Salam, ana, gözlərimdə xəyalın,
Bu axşam da sən tərəfdə ağrı var.
Pəncərəmdə sən sevdiyin çiçəklər,
Radiomda ən sevdiyin mahnı var.

# 4553 dəfə oxunub

Müəllifin son yazıları

# # #