Tez-tez əllərinizi yuyur, ağacları sayır, vərəmdən qorxursunuzsa ARAŞDIRMA

Tez-tez əllərinizi yuyur, ağacları sayır, vərəmdən qorxursunuzsa  ARAŞDIRMA
30 iyul 2013
# 13:52

Təsəvvür edin ki, günəşli bir gündə meşədə gəzirsiniz. Meşə zolaq şəkillidir və zolaqların arasında tarlalar, körpülü çay var. Hava əladır, təbiətin rənglərindən zövq alırsınız və dincəlirsiniz. Birdən bir şam ağacı diqqətinizi çəkir. Sonra ikincisini, daha sonra üçüncüsünü görürsünüz. Hər şey gözünüzün qabağında itir və sadəcə ağacları saymağa başlayırsınız. Onlar səliqəsiz, orda-burda bitiblər. Təngnəfəs olursunuz, gözləriniz və bütün bədəniniz gərilir, başınız ağrımağa başlayır. Və budur meşə qurtardı və tarla başladı. Siz isə yalnız 97 şam ağacı saya bilmisiniz. Yüzə cəmi 3 ağac qalmışdı. Hər şey korlanır. Və budur, siz obsessiv-kompulsiv bataqlıqdasınız.

Gəzinti məhv oldu. Evə qayıtdıqdan sonra ən kiçik şeylərə görə ailə üzvlərinizlə dalaşırsınız. Onlar evdən çıxanda əhvalınız yaxşı olduğu üçün təəccüblənirlər. Bəs nə baş verib? Axı siz onlara izah edə bilmirsiniz ki, yüz ağac saymanız üçün cəmi üçü çatışmadı.

Əgər belə epizodlar tək-tük hallarda baş verirsə qorxulu heç nə yoxdur: bu, sizin şəxsiyyət tipinizin neqativ çalarlarıdır. Amma əgər onlar tez-tez təkrar olunursa və sizin və yaxınlarınızın həyatına mane olursa deməli siz obsessiv-kompulsiv sindromdan əziyyət çəkirsiniz və müalicə olunmalısınız.

Kanal D-də yayımlanan baş rolunu Engin Günaydının oynadığıl “Galip derviş” teleserialının baş qəhrəmanı da məhz bu xəstəlikdən əziyyət çəkir. Çox sevdiyi arvadının qəfil ölümündən sonra bu xəstəliyi özündə tapan Galip Derviş çox sevdiyi polis xəfiyyəsi işində çalışa bilmir. O insanlarla əl görüşməyi bacarmır, bacarsa belə dərhal əlini yaş salfetlə silməli olur. Hər şeyi simmetrik görmək istəyir, simmetrik olmayanda bu onu darıxdırır, əsəbləşdirir. Bütün bunlar da onu insanlardan uzaqlaşdırır.

Obsessiv-kompulsiv sindrom nədir?

Obsessiv-kompulsiv sindrom təkrarlanan, arzuolunmaz və tənzimlənə bilməyən fikirlərin, fantaziyaların, təsəvvürlərin, qorxuların, şübhələrin, meyllərin və hərəkətlərin yaranmasıdır. Onlar mütəmadi təkrarlanır və insan onları qeyri-təbii, qorxulu və bezdirici hesab edir. Obsessiv-kompulsiv sindrom əsasən sarışan fikirlərdən (obsessiya) və təkrarlanan hərəkətlərdən (kompulsiya) ibarət olur. Obsessiv və ya sarışan fikirlər daima insanın ağlına gəlir və iradi səy göstərərək onlardan xilas olmaq mümkün olmur. Misal üçün bayaq verdiyimiz şam ağaclarını saymaq misalı obsessiv ya da sarışan fikrə misal ola bilər. Adətən bu fikirlər neqativ, aqressiv məzmuna malik olurlar.

Kompulsiv hərəkətlər isə hər hansı bir xoşagəlməz hadisənin baş verməsindən yayınmaq üçün icra edilən stereotip hərəkətlərdir. Bu sindromdan əziyyət çəkən insanların fikrincə bu hərəkətlər icra olunmasa həmin xoşagəlməz hadisənin baş verməsi qaçılmazdır. Bu ritualların əsasında bir qayda olaraq irrasional qorxu durur (sarışan qorxular, məsələn, çirklənməkdən qorxaraq durmadan əlləri yumaq). İnsan obsessiv fikirlər kimi kompulsiv hərəkətlərin də mənasız olduğunun fərqindədir, lakin onlara müqavimət göstərmək cəhdləri nəticəsiz qalır.

Zaman-zaman biz hər birimiz bu cür fikir və hərəkətlərdən əziyyət çəkirik. Amma əgər biz bu fikirlərdən azad olmağa çalışsaq da onlar bizim ağlımıza gəlirsə və hansısa hərəkəti etməkdən özümüzü saxlaya bilmiriksə çox güman ki, obsessiv-kompulsiv sindromdan əziyyət çəkirik.

Simptomları

Adətən sarışan fikirlər ağır qorxu və həyəcan hissi ilə müşayət olunur. Ən geniş yayılmış sarışan fikirlərə çirklənmə, yaxınlarını itirmə qorxusu, həmçinin sarışan şübhələr aiddir. OKS-dan əziyyət çəkən insanların ən çox yerinə yetirdiyi rituallara isə çirklənmə fikrini aradan qaldırmaq üçün daima paltarları təmizləmək və ya ağır infeksion xəstəliklərə yoluxmağın qarşısını almaq üçün gün ərzində dəfələrlə əlləri yumaq aiddir. Qapının bağlı olub-olmamasını dəfələrlə yoxlamaq, hər hansısa bir şeyi yenidən və yenidən saymaq, hər hansısa bir fikri neytrallaşdırmaq və ya hadisənin qarşısını almaq üçün eyni sözün təkrarlanması və ya hərəkətin icrası da bu sindromdan əziyyət çəkən insanlarda ən tez-tez rastlanan əlamətlərdir.

Səbəbləri

OKS-un dəqiq səbəbləri məlum deyil. Lakin bir çox mütəxəssislər sindromun inkişafında bioloji amillər və irsiyyətin rolunu vurğulayır. Bu sindromdan əziyyət çəkən insanlarin təxminən 6-7%-inin valideynlərində də sarışan fikir və hərəkətlər mövcuddur. Eyni zamanda OKS-dan əziyyət çəkən insanın uşaqlarında da bu sindromun olması ehtimalı 5%-dir.

Digər səbəbləri aşağıdakı kimi qruplaşdıra bilərik:

-Stress yaradan həyat hadisələri

-İnsanın məsuliyyəti öz üzərinə götürməli olduğu həyat mərhələləri, məsələn, yeniyetməlik dövrü, övladın doğulması və ya yeni iş

-Səliqəli, pedant, xırdaçı insanlarda bu əlamətlərin həddindən artıq çox təzahür etməsi OKS-a səbəb olur

-Həddindən artıq yüksək əxlaq standartlarına və məsuliyyətə malik insanlar obsessiv fikirlərdən daha çox əziyyət çəkir.

Psixoanalitiklər hesab edirlər ki, OKS şəxsiyyətin inkişafının anal mərhələsində, başqa sözlə desək, valideynlər uşağa tualet alışqanlıqlarını aşılayarkən formalaşır. Əgər bu proses həddindən artıq ciddi aparılırsa və qəzəblə müşayət olunursa (məsələn, tualetini saxlaya bilmədiyi üçün uşağı cəzalandırmaq) uşaqda çox ciddi Super-Eqo formalaşır və sonrakı bütün həyatı boyu o, maksimal dərəcədə “təmiz” (perfeksionist) və “qayda-qanunlara” tabe olan (rigid) biri olmağa çalışır. Bu mərhələdə sərt münasibətlə qarşılaşan uşaqlar öz qəzəblərini və instinktiv defekasiya təlabatlarını sıxışdırırlar, nəticədə də bu, onların lüzumundan artıq səliqəli, özünü tənzimləyə bilən şəxsiyyət kimi formalaşmasına səbəb olur. Bir çox hallarda belə insanlar kolleksionerliyə də meylli olurlar. Psixoanalitiklərin fikrincə ümumiyyətlə erkən yaşlarda uşağın valideynlərlə hakimiyyət və müstəqillik uğrunda istənilən mübarizəsi onun davranışında aqressiv çalarlar yaradır.

Kimlərdə daha çox olur?

Təxminən 50 adamdan biri həyatının hansısa mərhələsində OKS-dan əziyyət çəkir. OKS-un kişilərdə və qadınlarda rastlanma nisbəti eynidir. Sarışan fikirləri və hərəkətlərindən utandıqları üçün bu pozuntudan əziyyət çəkən insanlar çox vaxt peşəkar yardım almadan buna saatlar sərf etsələr də gündəlik rituallarını icra etməkdə davam edirlər. OKS-dan əziyyət çəkən insanların 1/3-də diaqnostika zamanı depressiya da müəyyən olunur. OKS əsasən yeniyetməlik və ya gənclik dövründə başlayır.

Kompulsiv hərəkətlər məişətin bir çox sahəsində təkrarlanan davranışlarda təzahür etsə də insanın icra edilmədiyi təqdirdə cəzalanmaqdan qorxduğu bəzi dini ritualları yerinə yetirməsi də bura aid edilə bilər.

Özünüzün bu sindromu yoluxub-yoluxmadığınızı bu testlə yoxlaya bilərsiniz.

# 2944 dəfə oxunub

Müəllifin son yazıları

# # #