Mirmehdi Ağaoğlu: “Düşündüm mükafat ala bilməsəm, biabır olaram” - MÜSAHİBƏ

<span style="color:red;">Mirmehdi Ağaoğlu:  <b>“Düşündüm mükafat ala bilməsəm, biabır olaram”</b> - <span style="color:red;">MÜSAHİBƏ
29 dekabr 2017
# 15:00

Kulis.az-ın redaktoru, yazıçı Mirmehdi Ağaoğlunun "85-ci gün” hekayəsi İslam Əməkdaşlıq Təşkilatı Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun keçirdiyi Birinci Qısa hekayələr müsabiqəsində birinci yerə çıxıb. Müsabiqəyə adı gedən təşkilata üzv olan ölkələrdən mindən artıq hekayə təqdim olunub.

İƏT Gənclər Forumunun keçirdiyi Birinci "Qısa hekayə” müsabiqəsində M.Ağaoğlu "85-ci gün” hekayəsi ilə qatılıb. Artıq aradan təxminən 10 gün keçib. Qələbə sevincini yaşayan yazarımızın münasib olduğunu zənn edərək onunla əlaqə saxlayıb, sözügedən müsabiqə və qalib təəssüratlarını öyrəndik.

Maraqlıdır, yazara İslam Əməkdaşlıq Təşkilatı Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun keçirdiyi müsabiqəyə qatılmaq ideyasını kim verib?

- Müsabiqənin keçirilməsi ilə bağlı xəbəri saytımıza verəndə gördüm ki, gənc yazarlar arasında keçirilir. Yaş məhdudiyyəti isə 35-ə qədər götürülmüşdü. Elə həmin vaxt hekayələrimdən birini ingilis dilinə tərcümə etdirib, bu müsabiqəyə qatılmaq fikrinə düşdüm. Sözün düzü, mükafatın məbləği də cəlbedici gəldi. Müsabiqəyə qatılan şəxsin bütün səfər xərclərinin təşkilat tərəfindən ödəniləcəyini oxuyan zaman artıq qəti qərar verdim. Düşündüm ki, bütün hallarda itirəcəyim bir şey yoxdur. Əgər hekayəm yer tutmasa belə, əlimdə ingilis dilində hazır material olacaqdı və istənilən xarici mətbu orqanlarda nəşrinə nail ola bilərdim.

- Deməli, müsabiqə üçün yeni hekayə yazmamısız. Hazır əsərlərinizdən birini göndərmisiz?

- "85-ci gün” hekayəsini üç il əvvəl Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan "Quran motivləri əsasında hekayələr” müsabiqəsi üçün yazmışdım və o zaman da birinci yerin qalibi olmuşdum. Müsabiqədən sonra isə hekayəm kifayət qədər maraq doğurmuşdu. Çoxları bəyənib, hekayə ilə bağlı ünvanıma təriflər deyib, müsbət rəy vermişdilər. İslam Əməkdaşlıq Təşkilatı Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun keçirdiyi Birinci Qısa hekayə müsabiqə barəsində oxuyar-oxumaz düşündüm ki, məhz "85-ci gün” hekayəsini ingilis dilinə tərcümə etdirsəm, daha uğurlu olar. Amma onu deyim ki, hekayənin orijinal variantında həcmi daha böyükdür. İngilis dilinə tərcümə etdirəndə isə dörddə biri qədər qısaltmalı olduq. Çünki adından da göründüyü kimi İslam Əməkdaşlıq Təşkilatı Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun keçirdiyi müsabiqədə qısa hekayələr tələb olunur.

- Bəs, mətnin məzmununda hansısa dəyişikliklər oldu?

- Xeyr, heç bir söz və ya cümlə belə dəyişmədim. Mətnin tam variantı ingilis dilinə tərcümə olunandan sonra gördüm ki, tələb olunan həcmdən xeyli böyükdür. Bizdən cəmisi 1500 sözlük bir hekayə istənilirdi. İngilis dilim bədii tərcümə üçün yetərli olmadığı üçün tərcüməçidən xahiş elədim ki, hekayədəki əlavə təsvirləri çıxartsın, ancaq əsas süjet xəttinə toxunmasın.

- İngilis dilini bilmirsizsə, qaliblərinin mükafatlandırılması mərasimində necə çıxış etdiz?

- Əvvəla onu deyim ki, bizim dünyaya inteqrasiyamız, əsərlərimizin xarici dillərə tərcümə olunub, bir çox ölkələrdə satılması üçün dil baryer rolu oynayır. Rus dili ilə birtəhər "çulumu sudan çıxarıram”, amma ingilis dilini o səviyyədə bilmirəm. Düzdür, kursa gedib öyrənmişəm, ancaq praktikada istifadə edəcəyimiz bir mühit yoxdur deyə, yadırğamışam. Əslində ingiliscə bilgi səviyyəm sıfır deyil. Oxumaq və nisbətən başa düşmək qabiliyyətim var. Amma bir bədii mətni tərcümə edəcək qədər bu dilə hakim deyiləm. Mərasimdə bir az öz bazam, bir az da tərcüməçilərin köməyi ilə fikrimi izah edə, suallara cavab verə bildim.

- "Birinci yerin qalibi olacam” kimi bir hiss vardı içinizdə, yoxsa ümidiniz az idi?

- Açığı, belə bir ümidim vardı ki, məni mütləq İrana çağıracaqlar. Hətta bununla bağlı bir mistika da yaşamışam. Sadəcə bu barədə yazmağı düşündüyüm üçün danışmaq istəmirəm. Qaliblərin elan olunacağı gün mənə cavab gəlmədiyi üçün çox məyus oldum, amma səhəri günü mənə təşkilatdan zəng elədilər və finalçılar arasında yer aldığımı dedilər. Sağ olsun, media orqanları da bunu ictimailəşdirdilər və bir çox internet saytlarında bu barədə məlumatlar yer aldı. Mənə zəng gələndə elə başa düşdüm ki, 3 nəfər finalçı var. Sən demə, 5 imiş. Bunu sonradan öyrəndim, istər-istəməz qorxdum ki, birdən qalib olmaram. Nəzərinizə çatdırım ki, müsabiqəyə mindən artıq hekayə təqdim olunub. 5 nəfər finalist seçilib və cəmi 3 nəfər mükafatlandırılıb. Üçlüyə düşməmə ehtimalı məndə həyəcan yaratdı və öz-özümə düşündüm ki, ölkə mediasında mənim finalçı olduğum yayılıb. Mükafat ala bilməsəm, biabır olaram. Bu, çayı keçməmiş hop deməyə bənzəyir. Həm də ki, finalçı olmağım barədə xəbər dostlarımı, yaxınlarımı kifayət qədər sevindirmişdi. Elə oldu ki, tədbir zamanı birinci yerin qalibini elə əvvəldə çağırıb mükafatlandırdılar. Bizdə isə axırdan başlayırlar. Birinci yerin qalibi olduğumu biləndə isə sevindim və həyəcanım azaldı, nə yalan deyim?!

- Bu müsabiqəyə Azərbaycandan təkcə siz qatıldız, yoxsa digər imzalar da vardı?

- 5 finalist arasında Sevda Məmmədova və Fikrət Yusifovun imzalarına rast gəldim, amma heç birinin imzasını tanımırdım. Müsabiqəyə təqdim olunan min hekayə arasında digər azərbaycanlı imzaların olub-olmadığını isə dəqiq deyə bilmərəm.

- Bu bir ilk idi və sizə də kifayət qədər uğur qazandırdı. Bəs bundan sonrası üçün nə düşünürsüz?

- Ümumiyyətlə, beynəlxalq müsabiqələr yeni tanışlıqlar, dünya ədəbiyyatının mənzərəsini daha yaxından görmək və avtobioqrafiya üçün lazımlıdır. Yuxarıda da qeyd etdiyim kimi, "85-ci gün” hekayəsi ölkəmizdə keçirilən Quran motivləri əsasında hekayələr” müsabiqəsində də qalib olmuşdu, amma onlarla ölkə arasında keçirilən beynəlxalq müsabiqədə 1-ci yerə çıxmaq tamam başqa hissdir, daha böyük uğurdur. Görünür, Azərbaycan ədəbiyyatı deyildiyi kimi özünün tənəzzül dövrünü yaşamır. Sadəcə olaraq cəhd etmək və bizim ədəbiyyatımızın müasir tendensiyalarla ayaqlaşdığını göstərmək lazımdır. Mən idmançı deyiləm ki, bu uğurla kifayətlənim və ya başqa bir müsabiqə elan olunana qədər əlimi-qolumu yanıma salıb oturum. Qələm adamı daima axtarışda olmalı və öz əsərlərinin dünyaya çıxması üçün onun tərcümə edilməsində maraqlı olmalıdır.

- Mükafatın miqdarından narazılığınız yoxdur ki?

- Mənə 800 dollar mükafat verdilər. Halbuki şərtlərdə 1000 dollar veriləcəyi qeyd olunmuşdu. Hər halda qaneedicidir və heç bir narazılığım yoxdur. İl sonunda qaliblərin təşkilat hesabına Şiraza aparılması və geri göndərilməsi də az məbləğ deyil. Bu bəhanə ilə 1500 illik tarixi olan xarabalığı, Persepolis şəhərinin qalıqlarını gördüm. Bunun özü mənim üçün ayrıca bir mükafatdır. Bu mənada həm ziyarət, həm də ticarət nöqteyi-nəzərindən İslam Əməkdaşlıq Təşkilatı Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun keçirdiyi Birinci Qısa hekayələr müsabiqəsi mənim üçün çox uğurlu oldu.

Mənbə: sherg.az


# 1737 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #