Hadı Rəcəbli: “Varlılara neqativ münasibət həsəddən yaranır” - MÜSAHİBƏ

<span style="color:red;">Hadı Rəcəbli:  <b>“Varlılara neqativ münasibət həsəddən yaranır”</b> - <span style="color:red;">MÜSAHİBƏ
29 yanvar 2018
# 09:00

Kulis.az “İşdən kənar” layihəsində millət vəkili Hadı Rəcəbli ilə müsahibəni təqdim edir.

- Hadı müəllim, yaş artdıqca mütaliəyə vaxt azalır, ya artır?

- Azalır. Müasir dövr elədir ki, ətrafımızdakı yeni texnoloji vasitələr bizi kitabdan bir az ayrı salır.

- Bəs mütaliə vaxtı daha çox hansı sahəyə aid kitablara üstünlük verirsiniz?

- Daha çox fəlsəfəyə, siyasətə, iqtisadiyyata aid kitablar oxuyuram. Bədii ədəbiyyat da oxuyuram, amma az. Hamısını çatdırıb oxumaq olmur. Bu qədər vaxt darlığı içərisində çalışıram heç olmasa dostum Hüseynbala Mirələmovun əsərlərini oxuyum.

- Deməli, yalnız Hüseynbala Mirələmovu oxuyursunuz?

- Nə edəsən ki, çox məhdud vaxt limitimi bu müəllifin əsərlərinə çatdıra bilirəm. Başqaları da gərək elə yazsınlar ki, mən onları da oxuya bilim (gülür).

- Bəlkə burda sizin Hüseynbala müəllimlə dostluq münasibətləriniz də rol oynayır?

- Düzünü desək, bir az da o rol oynayır.

- Hüseynbala Mirələmovun necə yazır?

- İlk oxucusu kimi mənə bəzən material verir, hərdən fərqli fikir də səsləndirirəm, dost kimi ikilikdə açıq-açığına tənqid də edə bilirəm.

- Onu Azərbaycan ədəbiyyatında harda görürsünüz?

- Hüseynbala yeganə Azərbaycan yazıçısıdır ki, əsərləri dünyanın 41 dilinə tərcümə olunub. Hüseynbalanın altı ssenarisinə film çəkilib. O, sevgi-məhəbbət dolu yazıları ilə də mənim xoşuma gəlir, Azərbaycanın qədim tarixindən, şahlarından yazdığı əsərləri ilə də yadda qalır. Yəni yaradıcılığında bu iki istiqaməti məni daha çox cəlb edir. Özü də çox gərgin işləyir. Onun yaradıcılığı mənim üçün daha maraqlıdır. İndiki yazıçıların çoxunu tanımıram və oxuya da bilmirəm. Bəlkə də yaxşı yazan dəyərli yazıçılarımız var, amma mən Hüseynbalanı oxuyuram. Çünki ona vaxtı güclə çatdıra bilirəm.

- Ancaq mənim sualıma cavab vermədiniz. Hüseynbala Mirələmovu Azərbaycan ədəbiyyatında hansı yazıçılarla yanaşı görürsünüz: Mirzə Cəlilləmi, İsa Hüseynovlamı, İsi Məlikzadəyləmi?

- Mən Hüseynbala yaradıcılığını Çingiz Aytmatovla yaxın görürəm. Çingiz Aytmatovun həyati, şirin yazıları var. Hüseynbalanın “Gəlinlik paltarı”, “40-cı otaq”, “Cəza”, “Gecə bənövşələri” və başqa əsərlərində də o ruh var. Çingiz Aytmatov “Azdrama”da Hüseynbala müəllimin “Xəcalət” tamaşasına baxanda demişdi: “Bu tamaşa ruhən mənə o qədər yaxındır ki, elə bil bu əsəri özüm yazmışam.” Amma bütövlükdə mənim oxuduğum əsərlər fəlsəfi əsərlərdi. Mən siyasi elmlər doktoruyam. Siyasət elmi ilə bağlı olan əsərlər daha çox diqqətimi çəkir. Əlbəttə, mənə Hüseynbalanı kimləsə müqayisə eləmək bir az çətindir. Sən özün yazıçısan, onu bizim müasir Azərbaycan yazıçıları ilə daha yaxşı müqayisə edə bilərsən.

- Etiraf edim ki, ədəbi mühitdə Hüseynbala Mirələmova ciddi imza kimi yanaşılmır.

- Amma Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli tamam fərqli fikir deyir. Hüseynbala müəllimin əsərlərinin bir hissəsi orta və ali məktəb dərsliklərində tədris edilir. Bu gün yazıçıları narahat edən nədir? Hüseynbalanın istehsalatdan gəlməsi, deputat olması...

- Bayaq dediniz Hüseynbala Mirələmova iradlarınızı da bildirirsiniz. Reaksiyası necə olub?

- Elə şey olub iradımı demişəm, o da qəbul edib. İlk illər Hüseynbalanı heç qəbul etmirdilər. Bir dəfə biri yanımda dedi ki, Hüseynbalanın özü yazmır, onun yerinə kimsə yazır. Bax, sənin içində də bu fikir var, ancaq dilə gətirmirsən.

- Yox-yox, o cür düşünmürəm. Bu fikri adətən Çingiz Abdullayev haqqında deyirlər ki, o, əsərlərini özü yazmır, çünki bu qədər əsəri yazıb çatdırmaq olmaz.

- Bax görürsən? Sən bilirsən ki, Aleksandr Düma, Cəlil Məmmədquluzadə və başqaları haqqında da eyni fikri deyiblər? Dünyanın tanınmış yazıçıları var, onlar haqqında da deyirlər ki, xüsusi adamlar tutub yazdırıblar. Amma mən nə vaxtdan Hüseynbalanın qələm sahibi olduğunu bilirdim? Biz yeddinci sinifdə oxuyanda Hüseynbalanın “Bir tikə çörək” hekayəsi yerli qəzetdə çıxmışdı. Və biz sinifdə o hekayəni oxuyub dəhşətə gəlmişdik. Qısası onu deyim ki, mənim qəbul elədiyim müasir, populyar, sevilən və oxunan yazıçısı Hüseynbala Mirələmovdur. Bunu Elçin Əfəndiyevdən də eşitmişəm, Çingiz Abdullayevdən də eşitmişəm, bunu Anardan da, Nəriman Həsənzadədən də, İsa Həbibbəylidən də eşitmişəm.

- Teatra tez-tez gedirsiniz?

- Vaxtaşırı gedirəm. Hüseynbalanın tamaşalarına çox baxmışam. Və deyim ki, onu bir çox dramaturqlardan üstün tuturam. Həmişə o səhnələrdə həyəcan, emosiyalar, sevinc və kədər yaşamışam.

- Yeni nəsil yazarlardan heç tanıdığınız yoxdur?

- Yeni nəsil yazıçılarla mənim əlaqəm çox zəifdir. Onların yaradıcılığı zəif təbliğ olunur. Mən buna görə özümü də tənqid edirəm, Yazıçılar Birliyini də tənqid edirəm. Gərək bizi çağıralar, gedək, tədbirlərində iştirak edək. Bəzən dəvət edirlər gedirəm, ancaq vaxt yoxdur, çatdırıb oxuya bilmirəm. Mənim mütaliəm təkcə kitab oxumaqdan ibarət deyil. Mətbuatı izləyirəm, saytları oxuyuram. Bundan başqa, özüm kitab yazıram. Səkkiz kitabım çap olunub. Onları yazmaq üçün araşdırmalar edirəm. Auditoriyaya girirəm, televiziyaya çıxıram və bunlar üçün hər dəfə hazırlaşıram. Yəni mən bu yaşımda da mütaliə edirəm, sadəcə istiqamətim təkcə ədəbiyyat deyil.

- Hadı müəllim, mütəmadi qayıtdığınız başqa sevimli yazıçınız varmı?

- Cavanlığımda çox oxumuşam. Tolstoyu, Dostoyevskini, Çexovu, Qorkini oxumuşam. Eyni zamanda Anarı da oxumuşam, Nəbi Xəzrini də sevmişəm, Elçin Əfəndiyevin də yazılarını oxumuşam. Əkrəm Əylislini də oxumuşam. Baxmayaraq ki, onun əsərlərinin böyük hissəsi mənim xoşuma da gəlib, amma Əkrəm Əylislinin əqidəsi və başqa mövqeləri məni qane eləməyib. Son vaxtlar onu oxumuram. Köhnə əsərlərini oxumuşam, qurtarıb. Qabilin şeirləri mənim xoşuma gəlib. Hüseyn Ariflə şəxsən tanışlığım olub.

- Şeiri çox sevirsiniz, yoxsa nəsri?

- Şeiri daha çox sevirəm. Bu da nədən qaynaqlanır? Hüseynbala nəsr yazırdı, mən də istəyirdim şeir yazım (gülür). Ancaq o şeirlər mənim özüm üçündür, mətbuat üçün deyil.

- Nə əcəb şeir kitabları çıxartmamsınız?

- Elə şey eləmərəm, ayıbdı. Mən özümü şair hesab etmirəm. Mən öz nəvələrimə, övladlarıma şeir yazıram. Məsələn:

Mən Rəcəbli Hadıyam,

Öz babamın adıyam,

Babam məni çox sevir

Ləzzətiyəm, dadıyam.

Babam üçün Mehinəm

Sevirəm şux geyinəm

Elə bil qısqanırlar

Qoymurlar çox öyünəm

Nənəyə oxşar Nurayam

Allah vergisi bir payam

Xalq elçisi babam üçün

O dənizçün mən bir çayam

Bax belə, nəvələrimə aid şeirlərdi.

- Gəlin bir az da yazıçıların sosial vəziyyətindən danışaq.

- Mən düşünürəm ki, yazıçılara dövlət dəstəyi həmişə olmalıdır. Möhtərəm prezidentimiz Heydər Əliyev hələ o dövrlərdə daim yazıçılara qayğı göstərirdi. Düşünürəm ki, bu gün jurnalistlərə yaradılan şərait və qayğı bir az o tərəfə də transfer etməlidir.

- Amma belə fikir var ki, istənilən mükafat yazıçını dövlətdən asılı edir.

- Onda gərək yazıçının maliyyə dəstəyi ola. Sovet dövründə necə idi? Əsərlər çap olunurdu, satılırdı. O dövr başqaydı. İndi bizim yazıçı Çingiz Abdullayev, buyurun, əsərləri neçə yerdə çap olunur, satılır. Satılmasaydı, o, necə dolanardı?

- Bir problem də var: Kitab alıcılığının aşağı düşməsi. Bunun səbəbi nədir? Bəlkə bunun bir səbəbi də əhalinin gəlirlərinin az olması, yoxsulluqdur?

- Sosial durumun buna heç bir dəxli yoxdur. Kitabları bəzən elə maddi durumu çətin olan adamlar alır. Ailə tərbiyəsi, mədəniyyət, təhsil - bunlar mütaliəyə təsir edir. Bu gün niyə kitab oxumurlar? Bütün günü telefon əllərində, televizorun, kompüterin qabağında otururlar.

- Eyni proses Rusiya, Türkiyə, Gürcüstan kimi qonşu ölkələrdə də gedir, ancaq oralarda kitab oxuyurlar.

- Deməli, nəyə gəlib çıxırıq? Maarifləndirməyə! Məktəbdən kitaba həvəs oyadılmalıdır. Bu günlərdə “Azərkitab” adlı kitab evi açıldı. Gərək bunu təbliğ edək. Mən oraya gedib kitablarımı hədiyyə elədim və Sabir Rüstəmxanlının üç kitabını aldım.

- Bəlkə kitab biznesi ilə məşğul olan sahibkarlara müəyyən güzəşt edilməlidir ki, kitab mağazaları bağlanmasın?

- Sovet dönəmində kitab evləri dotasiya ilə işləyən qurumlar idi. Gəlir gətirməsələr də dövlət onlara pul ayırırdı. Bazar qanunları olanda iki istiqamət seçilməlidir. Birincisi, bazar üçün yazılan kitablar: detektivdi, erotik kitab və sair. Bir də dövlət dəstəyi ilə buraxılan kitablar. Bunlar da milli-mənəvi dəyərlərimizə, tariximizə, dövlətimizə aid olan kitablardı. Bu gün Azərbaycan Yazıçılar Birliyi dotasiya ilə yaşayır, bilirsiniz. Yəni deməyim odur ki, iki istiqamət müəyyənləşdirilməlidir və bunu da Yazıçılar Birliyi tənzimləməlidir.

- Ancaq yazıçılar arasında belə düşünürlər ki, Azərbaycan Yazıçılar Birliyi artıq köhnəlmiş qurumdur, ləğv edilməlidir.

- Dünyanın hər yerində mütləq əlaqələndirici qurum var. Bizdə də bu funksiyanı AYB həyata keçirir.

- Nəvələrinizin mütaliəsindən razısız?

- Onlar təkcə Azərbaycan yox, rus və ingilis dillərində də oxuyurlar. Ancaq mənim haqqımda yazılan kitabı vermişəm, nə qədər eləyirəm tələsmirlər, ləng oxuyurlar (gülür). Babaları haqqında yazılan maraqlı kitabı qısa vaxta oxumaq istəmirlər. Həm də, əlbəttə onlar universitetə hazırlaşırlar, dərsləri çoxdur deyə indi daha çox belə məşğələlərlə vaxt ayırırlar. Bir də Çingiz Abdullayevi oxuyurlar.

- Siz sevirsiniz Çingiz Abdullayevi?

- Oxumuşam. Mən onunla Amerikada fəxr eləmişəm. Girmişəm kitab mağazasına, görmüşəm Çingizin kitabları satılır. Gələndən sonra bunu Çingizə danışdım, o da dedi ki, mən də fəxr edirəm sən Amerika kimi ölkədə vaxt tapıb kitab mağazasına girmisən (gülür).

- Xarici səfərlərdən tez-tez kitabla qayıdırsınız, yoxsa?

- Mən hər il Yessentukidə istirahət edirəm. Yoldaşımın bir dənə qorxduğu şey odur ki, çamadanları kitabla çox doldurmayım. Hər dəfə ordan bolluca kitab alıram. Çox təəssüf ki, onların arasında bədii ədəbiyyat az olur, əsasən, ixtisasıma aid kitablar olur.

- Vaxtınız da az olur, yəqin, hamısını oxuya bilmirsiniz...

- Oxuya bilmirəm. İndi göstərəcəm onları necə oxuyuram (Ayağa qalxıb, Milli Məclisdəki kabinetində qurduğu kitab rəfinə yanaşırıq). Gəl buna bax. (Kitabdakı qeydi göstərir). Mən bu kitabları oxuyuram, qeydlər götürürəm, sonra mətbuata çıxıram, misal üçün, deyirəm ki, adamlarımızı ələbaxan böyütməyək. Götürüb mənim fikrimi təhrif edib yazırlar: Hadı Rəcəbli - pulların içində üzən adam bizə təklif edir ki, uşaqlarımızı ələbaxan böyütməyək. Yazırlar, hökumət bizə ucdantutma uşaqpulu vermir, ordan da deyir ki, uşaqları zəhmətkeş öyrət. Halbuki mən elə düşünülməmiş danışmamışam. Mən elmlə danışıram, bax bu kitablarda yazılanlarla danışıram.

- Sizin müəllimlər haqqındakı fikriniz də vardı, ona görə indiyə qədər tənqid olunursunuz.

- Onu da mən o cür deməmişdim. Mən başqa fikir səsləndirmişdim, götürüb fikri kontekstindən çıxarıb dəyişiblər. Digər bir fikir: Guya demişəm ki, Qarabağ əlillərinə pulsuz dərman verilməsin. Yalan! Kökündən iftira!

- Ümumiyyətlə, məmurlara, dövlət adamlarına xalq arasında, qələm adamları arasında niyə həmişə neqativ münasibət olur?

- Bu fikir əski dövrlərdən, sinifsiz deyilən cəmiyyətlərdən qalıb. Sovet dövründə bir az imkanı olan adama necə baxırdılar? Düşmən kimi. Bu, bazar iqtisadiyyatı dövründə ən yanlış metoddur. Məsələn, Amerikada əksinədir, imkanı olan adamları təbliğ edirlər ki, baxın, görün halallıqla o necə pul qazanıb.

- Amerikada kapitalist sistem idi, bizdə sosializm, xüsusi mülkiyyət yox idi.

- 29-cu ildə Amerikada necə keçid olub, xəbərin var? Qanqsterlərin pulu üzərində kapitalizm qurulub, xəbərin var? Yəni Amerikanın təməli bu cür qurulub. Sənin dediyin adamlara neqativ münasibət həsəddən, cəmiyyətdə olan nöqsanları o adamlarda görməkdən yaranır. Biz hazırda bu neqativlərin qarşısını almaq istəyirik. Siz özünüz də görürsünüz ki, nə qədər dəyişikliklər olub. Dünyada analoqu olmayan “Asan xidmət” sistemi yaradılıb. Sadəcə təəssüf ki, bizdə sahibkar ətrafında pis fikir formalaşdırılıb.

- Hadı müəllim, son illər kino sənayesində dirçəlmə yaranıb. Yeni filmlər çəkilir. Heç filmlərə baxırsınızmı?

- Televiziyada çoxseriyalı primitiv filmlər çox verilir. Bəzən mövzular bir-birini təkrarlayır. Ancaq bu yaxında iki filmə baxmışam: “Toydan sonra nağara” və “Kəklikotu”. Birinci xoşuma gəlmədi. “Kəklikotu” filmi xoşuma gəlib, zəng edib aktyor Müşfiq Şahverdiyevi təbrik elədim, qüsurları, çatışmayan tərəfləri dedim.

- Çatışmayan tərəfləri nə idi?

- Bəzi məqamlar var idi ki, mən bilən bu da olmalıdır. Açıq-saçıqlıq, vulqarlıq var idi, özü də həddindən artıq idi. Gərək belə olmasın. Filmin yaradıcı heyətinin işini bəyəndim. Düzdü, bəzi aktyorlar bir az zəif oynayırdı, ancaq bunu da keçmək olar. Bütövlükdə film alınıb. Səkkiz manata idi bilet, amma zal dolmuşdu. Deməli, gəlirlər, baxırlar. Lənkəranda Coşqunla Rafaelin tamaşasına bileti 100 manata satırdılar. Mənə 50 manatlıq biletdən vermişdilər (gülür). Gedib tamaşa eləmişdim. Sosial durumun çətinliyindən danışırlar, bu cür halları deyən yoxdur.

- Bəyənmişdiniz?

- Pis deyildilər.

- Bəs KVN-çilər necə? Sizin məşhur müəllim əhvalatınızla bağlı yumor hazırlamışdılar. Yəqin görmüsünüz?

- Görmüşəm. Mən onların səhnəciyini o zaman yaxşı qəbul edərdim ki, onlar həqiqətən deyilən fikrin şarjını göstərəydilər. Zəng eləyib özlərinə iradımı da bildirdim. Mən guya çıxış edirəm ki, müəllimlər saat altıdan sonra getsin daş daşısın. Birincisi onlar bilmirlər ki, müəllim həftədə maksimum 18 saat işləyir, başqaları kimi 41 saat yox. Və yalan materiallardan ədalətsiz səhnə düzəltməyə də pis baxılır. Mən müəllim ailəsində böyümüşəm. İki bacım, bir qardaşım, bir qızım, bir oğlum, mən özüm, yoldaşım müəllimlik edirik. Bu isə hər şey deməkdir.

- Axı bu tamaşadır, yumordur, müəyyən ümumiləşdirmə, şişirtmə ola bilər.

- Müəllim səhər doqquzda məktəbə gedib axşam altıya qədər işləyir? Gərək yumor da həqiqətə bir az oxşasın. O səhnəcik iki səbəbdən xoşuma gəlməyib. Birinci, obyektiv deyil, primitiv və yalandır, ikinci, onun icrası da düz olmayıb, mən heç vaxt müəllim gedib daş daşısın deməmişdim.

- Yeri gəlmişkən, KVN üzvləri şikayət edirlər ki, məmurları canlandırdıqlarına görə efirə buraxılmırlar, təqib olunurlar.

- Biri var kimisə təhqir edirsən, biri də var sən deyən kimi, yumorla yanaşırsan. Məsələn, Hadı müəllimlə söhbət elədik, ancaq fəlsəfədən danışdı. Bax bu yumordur. Amma sən mənim adımdan yalan desən ki, Hadı Rəcəbli deyir, axşam altıdan sonra müəllimlər daş daşısınlar, bax bu olmaz.

- Belə çıxır, məmurlar KVN-ə etiraz etməkdə haqlıdırlar?

- Əgər KVN düz eləmirsə onlar haqlıdırlar. Əgər KVN həddini aşırsa onlar haqlıdırlar. Obyektiv yumor olanda mən də qəbul edirəm, yox, təhqir olanda qəbul etmirəm. Buna görə gərək diqqətli olsunlar.

- Ancaq cəmiyyətdə sevilirlər.

- Mən görməmişəm. Coşqunla Rafaelin elədikləri ilə indiki KVN-nin elədikləri arasında böyük fərq var. Onlar ikisi daha böyük nailiyyət əldə edirlər, xalq arasında daha çox sevilirlər.

# 3238 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #