Qaynanama ürək dərmanı əvəzinə “Tetrasiklin” verdim – Bircənin Romanı

<b>Qaynanama ürək dərmanı əvəzinə “Tetrasiklin” verdim – <span style="color:red;">Bircənin Romanı </b>
1 iyun 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Səhəri mən işdən qayıdanda yenə evdə bağa başını, it yiyəsini tanımırdı. Təzə gəlini hələ görməmişdim. Olan-qalandan yeyib hərə öz kahasına çəkilmişdi.

Cavidi yedirib qaynımın balalarına qoşandan sonra daraşdım evlərə. Kirli-bulaşıq pal-paltarı, əsgi-üsgünü sıyırıb seyvanda tayaladım. Astadan zümzümə eləyə-eləyə evləri təmizə çıxardım. Toydan qalma sür-sümükdən bir qazan borş, göy-göyərtidən dovğa bişirdim. Heç kimdən qorxub çəkinmirdim, elədiklərimi öz rahatlığım üçün eləyirdim. Dağınıq, bulaşıq, zibilli yerdə dinclik tapa bilmirdim.

Axşam işdən qayıdanda qaynım evi tanımadı:

- Allah bu evi-eşiyi sənsiz eləməsin, ay Bircə, - dedi, - nə gözəl təmizləmisən!

Yeməyə oturanda Zöhrə xala da dilə gəldi:

- Hayıf səndən, gərək Yaradan səni belə bədbəxt eləməyəydi. Sən Allah o bişirdiklərindən bir siniyə yığ apar, o gəlin də yesin.

Pörtdüm, Elgizin üzünə baxdım. Emin öləndən bəri hər əziyyətimizi çəkən, yanında anasına cavab qaytaranda belə mənə üzünü turşutmayan qaynımın xətrinə əlimi boşqaba uzatdım. Elgiz mən tərəfə baxmadan yavaşca anasına dedi:

- Lazım deyil, ürəyi istəyir gəlsin yesin, Bircə ona yemək daşımayacaq ha.

Sonra mənə sarı çöndü, amma yenə üzümə baxmadı:

- Otur yerində, zəhmət çəksin hazır yeməyi gəlib burda yesin. Utanılası kim qalıb ki bu evdə?

Təzə gəlin yeni tərkibdə ilk süfrəmizə gəlmədi. Gecə hərə öz otağına çəkiləndən sonra mən həmişəki kimi Cavidə yatmazdan qabaq nağıl oxuyurdum. Zöhrə xala qapını açıb ləngərli yerişiylə yanımıza gəldi. Emin öləndən bəri bəlkə də ilk dəfəydi bizim otağa girirdi.

- Bala, gəlin yeməklərin heç birini bəyənmədi, özünə kartof qızardır.

Bir əlim oxuduğum kitabda, bir əlim Cavidin kürəyindəydi. Başımı qaldırıb mat-mat qaynanamın üzünə baxdım: onun nə demək istədiyini, nə məqsədlə gəldiyini anlamağa çalışırdım.

- Bəlkə xoşuna gəlmir, - dedim. - Qoy nə istəyir onu da yesin, get gir yerinə yat.

Arvad əməllicə təşvişə düşmüşdü:

- Yox ey, ay bala, həyasız qıza oxşayır. Sizin hansı biriniz gələn kimi özünüzə ayrıca tava asdınız?

Onun üzünə baxa-baxa qalmışdım; nəsə bir cavab gözləyirdi məndən, amma hansı cavabı verim – bax bunu bilmirdim. Cavid məni bu dar dəkədən qurtardı:

- Nənə, get yat, nağılın maraqlı yeridi. Nurəddin meşədə azıb, qoy görək uşağın başına nə gəldi...

Cavidin etirazından sonra Zöhrə xala ayaqlarını yerə çırpa-çırpa gəldiyi kimi də otaqdan çıxdı.

***

Dekabr sazağıyla çəpərimizi aşmışdı. Evimizdə hələlik dinclik hökm sürürdü. Çəpərdən bu üzə evin hər yükü, ağırlığı yenə mənim çiynimdəydi. İşim günortayacan çəksə də ürəyimcəydi, məktəbə həvəslə gedirdim. Məni ən çox Zöhrə xalanın səhhəti, onun qulluğunda durmaq yorurdu.

Nərgiz bişirdiyim yeməyi necə bişirdiyimi görəndə yeyirdi, yeməyin hazırlanmasına şahid olmayanda yemirdi. Mənim kitab oxumağıma, evcik qurmağıma, uşaqlara qoşulub dava-dava oynamağıma o da lağ eləyirdi. Hamama girəndə öz paltarlarını əlində yuyub çıxırdı, qalan kirli camaşıra əlini vurmurdu. Zöhrə xala onun belə işləklərini gördükcə mənlə daha mehriban davranırdı.

Təzə gəlinin anası bizə tez-tez gəlirdi, bu da qaynanamı hövsələdən çıxarırdı. Gəlişlərinin birində Elgizin qaynanası hamımız eşidə-eşidə qızına dedi:

- Məzuniyyətin bitəndən sonra da qoymayacam ha işləyəsən! Sən işləyib xalxa yetim saxlayası deyilsən.

Qudasının sözünə qaynanam bərkdən güldü. Təzə eltim kənd sovetində katibə işləyirdi. Elgiz onu onsuz da işə buraxmaq istəmirdi. Ancaq bu görməmiş ağbirçəyin dediyi doğrudan da gülməliydi – bu külfət Emin öləndən bəri mənim atamın, qardaşlarımın qazancına şərik idi.

Nərgizin sözünə, hərəkətinə məhəl qoymurdum, heç nəyin üstündə onla öcəşmirdim. Aramızda elə yaş fərqi də yoxudu, mən ondan vur-tut bircə yaş böyük idim (o da Elgizdən bir yaş böyük idi). Bir dəfə də ürəyimdən keçməzdi ki, mən paltarı yudum, o da ütüləsin, ya mən yeməyi bişirdim, o da qab-qacağı yusun. Atam mənə dönə-dönə tapşırmışdı: bu evdən söz çıxsa hamı səni qınayacaq.

Bir gün yenə yarpaqları tökülüb keçəlləşmiş qovağın dibində Elgizin saçını qırxırdım. Nərgiz pilləkəni güllə kimi düşüb yanımıza gəldi, bir az duruxub xoflu-xoflu soruşdu:

- Siz neylirsiz burda?

Səksəndim, elə bildim nəsə pis bir iş üstə tutulmuşam. Elgiz qurşağına doğru sallanmış başını bir az qaldırıb:

- Korsan, - dedi, - görmürsən neylirik?

Gəlin gəldiyi havayla da geri qayıtdı. Mən pərtliyi aradan götürmək üçün Elgizə sataşdım:

- Vallah gəlin səni bu qovaqdan asacaq.

- Qələt eləyəcək, işini gör.

Səbirlə qaynımın saçını səliqəyə saldım, pilləkənin başındakı paltarlarını qoltuğuna verib onu hamama göndərdim, özümü arxın üstünə atıb əllərimi sabunladım, pilləkənlə evə qalxanda qulağım Nərgizin dediyi bu sözləri çaldı:

- Mənim ərimin başını o niyə qırxır?

Zöhrə xala eşitdiyimi görüb yorğanı başına çəkdi, mən də özümü karlığa vurub mətbəxə keçdim. Bundan sonra qara günlərimiz başlandı: qaynımın paltarını yudum – gəlin dava saldı, ütülədim – dava saldı. Hər paltar yumağa hazırlaşanda Zöhrə xala mənə yalvarırdı:

- Bala, sən qardaşlarının canı Elgizin paltarlarını ayır at bir tərəfə, yuma.

Ayırıb qoyurdum, az sonra yenidən qaynımın kirli paltarlarını qapıb dəli kimi yuyurdum. Pisimə gəlirdi – axı Emin öləndən bəri Elgiz mənim bir sürü mal-qarama çobanlıq eləyirdi, hara buyururdum təpəsi üstə gedirdi. İndi mən onun paltarlarını nə təhər seçib ataydım bir kənara? Özümlə bacarmırdım, gəlin hər nə desə də fikir vermirdim, yuyurdum.

Bir gün də xəmir yoğurmağa hazırlaşırdım; ələnmiş unu qarşıma qoyub qollarımı çırmayanda Zöhrə xala əlimi havada saxladı:

- Bircə, sən gəl məni çimizdir, qoy xəmiri Nərgiz yoğursun.

Sonra da dəyişəyini qoltuğuna vurub məni qabağına qatdı, Nərgizə boynunun ardıyla baxa-baxa:

- Bəsdi neçə aydı at oynatdığın, - dedi, - gəl qollarını çırmala, xəmiri yoğur.

Qaynanamı hamamda sürtüb sabunlayıb təmizə çıxarıb yuxarı qalxanda Nərgizin anasını pilləkənin başında gördüm. Salamsız-kəlamsız iri can dəsmalına bükdüyüm Zöhrə xalaya hücum çəkdi:

- Mənim qızım incə biləkləriylə sənin yetimçələrinə çörək bişirəndi?

Qaynanam arvada fikir vermədən içəri adladı, zalı keçib öz otağında çarpayısına çökdü. Onu tələsik geyindirib özümü mətbəxə atdım – Nərgiz ələnmiş unun ortasına bir azca su əndərib qaçıb anasının yanında dayanmışdı. Təzə qudanın üzündəki ifadə canımı üşütdü – əlacı olsaydı arvad məni parçalayardı.

Onları qaynanamın yanında qoyub başladım xəmir yoğurmağa. Zöhrə xalayla Nərgizin anası əməlli-başlı davaya çıxmışdılar. Qaynanam arvadı təmkinlə başa salmağa çalışırdı ki, qızı evdar deyil, Cavidi burunlayır, əlindən bir iş gəlmir, üstəlik, mənim elədiklərimi pisə yozur. Uzun deyişmədən sonra Nərgizin anası açıldı, nə açıldı, qulağım eşidə-eşidə məni hədəfə götürdü:

- Sən bunu yanıbalalı bu evdə niyə saxlayırsan, niyə qoymursan çıxıb dədəsinin xarabasına getsin? Mənim qızımın evini bu niyə yığışdırır, ərinin paltarını niyə bu yuyur?

Arvad sözü bu yerə gətirən kimi Zöhrə xala yaylı çarpayıdan özünü yerə atdı:

- Aazzz, götür qızını da s...dir burdan! Sənin kimi ananın belə də qızı olar. Siz ana-bala mənim gəlinimə qara yaxırsız?! Sənin qızın heç ərinin köynəyini ütüləyə bilmir, qabağına bir istəkan çay qoya bilmir. Bu ev Cavidindi, götür qızını da sürük mənim qapımdan!

Az qaldım Zöhrə xalanın ayaqlarından öpəm. Qapının ağzında quruyub qalmışdım, bilmirdim dillənməliyəm, ya yox; dinməliyəmsə dinib nə deməliyəm. Yenə Maral təcili yardım kimi özünü hayımıza yetirdi, əsəbindən sir-sifətinə qan çilənmiş qaynanamızı yerinə oturdub üzünü Nərgizin anasına tutdu:

- Ay bacı, ayran içməyə gəlmisən, yoxsa ara açmağa? O gəlin sənin qızına qulluqçuluq eləyir, o gəlin Emin kimi kişinin arvadıdı, sizin onla nə işiniz ola bilər? Başını aşağı salıb yetimini böyüdür, qaynına göz eləyən hayıxmışlardan deyil. Bilmirdin qızını hara verirsən, xoşun gəlmir götür get!

Maral arvada Zöhrə xaladan betər toy tutdu. Arvad da dediyindən dönmədi, pilləkəni düşə-düşə:

- El elə sığar, ev evə sığmaz, - dedi, - bu evdə ya o gəlin qalacaq, ya mənim qızım!..

***

Beləcə, taleyim ovcuma qoyuldu. O gecə qovağın altında o qədər var-gəl elədim ki, palçıq ayağımın altında təpiyib bərkidi, payızın soyuğu iliyimə işlədi. İndi mən neyləməliydim, təzədən bu ana-balayla cəngə başlamalıydım? Nəyin, kimin uğrunda?..

Yenə tarazlığım, sahmanım pozuldu, gecələri ayıq, gündüzləri yuxulu keçirməyə başladım.

Anasıyla davadan sonra Zöhrə xala Nərgizə ultimatum verdi:

- Get özün bişir, özün ye, bu gündən Bircənin bişirdiyi yeməkdən, çörəkdən gözünü çək!

Qaynım bütün bunları gülə-gülə yola verdi, yenə yeməyi məndən istədi, köynəklərini mənə ütülətdi. Gəlin də gah özünə şorba bişirdi, gah da mən bişirəndən oğurlayıb yedi. O davadan sonra qaynanam məni gəlindən, anasından qoruyurdu, onları özünə, bizə yaxın buraxmırdı.

Bir axşam yenə arvadın ürəyinin əsməsi tutdu. Dərmanı qurtarmışdı. Dərmandan o qədər asılı vəziyyətə düşmüşdü ki, belə hallarda başağrı, ya soyuqdəymə həbi də versəm, onu udan kimi sakitləşirdi.

Bu səfər də təzyiqi qalxıb ürəyini gücə salmışdı. Evi ələk-vələk elədim, “Tetrasiklin”dən başqa heç nə tapmadım. Yarım istəkan suyla dərmanı arvada uddurub ayaqlarını isti vannaya qoydum. Üstündən bir limon da soyub verəndən sonra qaynanamın təzyiqi normallaşdı, arvad yuxuya getdi...

Ertəsi gün günorta üstü işdən gəldim ki, baldızım da bizdədi. Salam verdim, məni qanlı-qanlı süzüb salamımı dilucu aldı. Əynimi dəyişib mətbəxə keçdim, başladım süfrə hazırlamağa. Bu vaxt Bəsti ley kimi üstümü aldı:

- Axşam anama nə dərmanı vermisən?

Əlimdəki kələm turşusunu doğraya-doğraya ona baxmadan soruşdum:

- Neylirsən ki?

- Bilirəm axı onun dərmanı çoxdan qurtarıb, de görüm nə vermisən arvada?

- Qurtarıb – alaydın, mən də tetrasiklin verməyəydim.

Baldızım duruxdu, mənim sakitcə işimə davam elədiyimi görüb bir az da irəli yeridi:

- Yox ey, boynuna al görüm nə dərmanı vermisən anama?

Buna sarı çönəndə Nərgizin qapı ağzında durub qulağını şəklədiyini gördüm. Bildim ki, o xəbərləyib.

- Ay balam, anan ölürdü, dərmanı da bilirsən ki, əlindən yerə qoymur. Mən də sakitləşsin deyə ürək dərmanı adına bir tetrasiklin uddurdum. Vəssalam.

Baldızım pərt-pərt məndən aralanıb Nərgizi qabağına qatdı. Demə mənim bu əyrimçə eltim onun beynini doldurub ki, mən nəsə şübhəli bir dərmanla qaynanamı zəhərləmək istəyirmişəm.

Əlimi işdən çəkib onların arxasınca Zöhrə xalanın otağına girdim. Daha bu gəlinin əlindən canım boğazıma yığılmışdı. Kirli qəlbinə, paslı düşüncəsinə görə onun özündən də, əli dəydiyi qab-qaşıqdan da iyrənirdim. İndi də bu köndələn canıyla məni belə şərləməyə çalışırdı.

Hirsdən-hikkədən əsirdim, cumub onun armud saplağına oxşayan hülqumunu ovcuma yığdım:

- İndi mən sənin boğazını cücə boğazı kimi üzüm, sən də bax! Məni şərləyirsən, ay qancıq?

Bəsti Nərgizi əlimdən alıb öz otağına saldı, qapını çəkib məni zərblə geri itələdi. Kürəyim divara dəyən kimi burnumdan qan açıldı. Elə bil yuxudan ayıldım. Gedib pilləkənin başında oturdum, burnumu nə qədər sıxdımsa qanı dayanmadı. Baldızım mənə tərəf gələndə pilləkəni cüt-cüt enib qovağın dibinə qaçdım:

- Yaxın gəlmə, əlin mənə dəyməsin!

İlk dəfəydi Emini yadıma salıb ağlayırdım, məni bu ləçərlərin əlində qoyub getdiyinə görə qışqıra-qışqıra onu söyüb qarğıyırdım, Allaha yalvarırdım ki, burnumun qanı kəsməsin, qanım axıb qurtarsın.

Baldızım quruyub qalmışdı, gəlin pilləkənin başından mənə baxıb qımışırdı. Üst-başım qan içindəydi, öz qanıma bələnmişdim.

Bu vaxt Maral balalarıyla birgə özünü yetirdi, məni qucaqlayıb elə qanlı-qanlı bağrına basdı. Qaynım uşaqları ağız-ağıza verib mələşdilər. Maral qulağıma pıçıldadı:

- Niyə sevindirirsən o yançaqları yerdə qalmışı, niyə özünə zülüm eləyirsən? Ölüb gedəcəksən, balan əllərdə qalacaq. Kimdi ki, onun qarşısında bu qədər kiçilirsən?

Ondan da çox uşaqların ağlaşması məni sakitləşdirdi. Maral məni qovağın dibindəki köhnə kətillərdən birinə oturtdu, Bəhruzun hıçqıra-hıçqıra tökdüyü suyu ovuclayıb üz-gözümü yudu. Sonra Bəstiyə sarı çöndü:

- Anası qoçaq dul toy gecəsi qız çıxar, - dedi. - Sən də o soytarı törəməsinin sözüylə Eminin arvadının üstünə ayaq açırsan?! Götür dəhrəni, doğra pöhrəni, niyə durmusan?!

Maral ağzının hərcayı qapısını taybatay açmışdı:

- Qorxun o göydəkindən, tifağınızı dağıtdı, yenə özünüzə yığışmadınız! Nə istəyirsiz xalxın qızından? Evinizin hambalıdı, ananın zibilini yuyur, əzizlərini atıb sizi tutub, qoyun yetiminizi yekəltsin də!..

İçində nə ki odu-alovu vardı, Maral hamısını bunların üzünə püskürdü. Daşa desən daş çatlayardı, ağaca desən ağac quruyardı, suya desən su qaynayardı. Onun söyüşlərinə gəlin aralıdan nəsə bir qorxaq reaksiya verdi, onda Maral kamerasını Bəstidən yayındırıb Nərgizin üzünə tuşladı:

- Ağlın Bircəyə getməsin haaa, çıxıb səni orda iki bölərəm! Özünü yığışdır, get şorunu ye!

Şor sözünü eşidəndə məni dəli gülmək tutdu, mənə qoşulub uşaqlar da gülməyə başladılar. Az sonra Maral Cavidi də balalarına qatıb evinə apardı. Son vaxtlar Cavidin də mənə münasibəti dəyişmişdi – incidildiyimi, ağladığımı gördükcə əmisi uşaqlarına qoşulub o da mənə sırmanırdı, hərdən onlar kimi məni “bibi” deyin çağırırdı...

***

Hərə bir yana çəkildi, o sazaqda çılpaq qovağın altında, soyuq kətilin üstündə təkcənə qaldım.

Xeyli keçmiş evin qapısı zərblə açıldı, Zöhrə xala qoluna girən Bəstini acıqla özündən aralayıb çəliyinə söykənə-söykənə pilləkənin başına yeridi. Çölün işığında alacalanmış gözləriylə məni tapıb hökmlə dedi:

- Dur bura gəl!

Oturduğum yerdən qımıldanmadım:

- Gəlmirəm. Neylirsən məni, get sözünü onlara de. İndən belə sənə nə bir dərman verəcəm, nə bir iynə vuracam. Özümə and içmişəm, ta bu evdə heç kəsə yaxın durmayacam.

- Düz də eləyəcəksən, lap haqlısan. Amma sən qardaşlarının canı dur bura gəl, mən pilləkəni düşə bilmirəm.

Könülsüz yerimdən durdum, gözlərimin yaşını silə-silə pilləkəni qalxıb Zöhrə xalanın qarşısında dayandım. Arvad çəliyini yerə atanda səksənib bir addım geri çəkildim. Tutulduğumu görüb özü mənə yaxınlaşdı, əllərini uzadıb məni qamarlayanda yenə qorxdum. Qaynanam məni köksünə sıxdı, qaxaca dönmüş bədənim onun ətli qollarının arasında itdi. Arvad başını sinəmə söykəyib başladı, nə başladı:

- Səni boynuburuq qoyanın anası mələr qalsın, necə ki qaldı! Səni itin-qurdun ağzına verib gedənin qanı daşlara dağılsın, necə ki dağıldı! Səni yoxuşun başında, yenişin ayağında qoyanın tifağı dağılsın, necə ki dağıldı! Səni gəlin olub gəlinlərə, arvad olub arvadlara, ana olub analara qoşulmağa qoymayanın bacısı mələr qalsın, necə ki qaldı! Emin fələklə dəyirmana getdi, fələyin dənini üyütdü, fələklə əlbir olub ikimizi də yiyəsiz qoydu. Balam ikimizin də düşməni oldu, ta ona ağlamayacam, sən də ağlama.

Matım-qutum qurumuşdu, bu nəydisə olacaq bir iş deyildi! Zöhrə xala qaynana kimi yox, əsl ana şəfqətiylə mənə sarılıb ağlayırdı, söylənirdi, arada da yaş süzülən üz-gözümdən öpürdü. Heç Eminin ölümü də bizi birləşdirə bilməmişdi, amma bu dərd birləşdirdi.

Danışıb-deyinib ürəyini boşaldandan sonra Zöhrə xala biləyimdən möhkəm tutub məni içəri çəkdi:

- Bura sənin evindi, burda heç kəs sənə söz deyə bilməz! Bu evdə ürəyin nə təhər istəyir, elə də yaşayacaqsan.

Sonra üzünü təzə gəlinə tutdu:

- Ağız ey, aç qulağını eşit! Gəldiyin dünəndi, evin sözü qonşularda, kəndin ayağında gəzir. Bu gündən girirsən öz xarabana, mənim yetimlərimlə işin olmur! Qazanımı da ayırıram, get ərinin qazancını ye. İndən belə Bircəyə yaxın gəlsən, səni bu evdən iti qovan kimi qovacam!

Bəstiylə gəlin tazısı ölmüş ovçu kimi burunlarını sallayıb qaldılar.

Qaynanam Nərgizin qazanını gerçəkdən ayırdı. Evimizdə bir müddət firavanlıq hökm sürdü.

ardı var

# 2660 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #