Dilimizdə ilk dəfə: “İtmiş zamanın axtarışında” – MƏTN

<span style="color:red;">Dilimizdə ilk dəfə:  “İtmiş zamanın axtarışında” – <span style="color:red;">MƏTN
25 iyun 2018
# 11:45

Kulis.az dahi fransız yazıçısı Marsel Prustun 6 cildlik “İtmiş zamanın axtarışında” romanının “Svana doğru” bölümünün birinci hissəsini təqdim edəcək. Məqsəd azərbaycandilli oxucuda əsər haqqında ümumi təsəvvür yaratmaqdan ibarətdir. Mətn yazıçı-tərcüməçi Zahid Sarıtorpaq tərəfindən rus dilindən çevrilib və "Xəzər" jurnalında çap edilib.

Əvvəli burda

İlk saniyələrdə o, nə baş verdiyini anlamadı, mənə heyrətlə baxdı. Sonra üzündə qəzəb ifadəsi göründü; mənə bir kəlmə də söz demədi; bununla belə, mənimlə bir neçə gün bu boş şey üstə danışmadılar. Anam mənə heç olmasa bircə kəlmə nəsə demiş olsaydı, bu, mənimlə danışmağın mümkünlüyünü göstərərdi və olsun ki, bu, mənim üçün daha qorxunc bir hala çevrilərdi: təsəvvür edirdim ki, məni gözləyən qorxunc cəzayla müqayisədə, susmaq, təcrid olmaq mənasızdı. İşdən çıxarılmasına qərar verilmiş qulluqçuya deyiləsi sözü sakit tərzdə söyləyərlər, ya da bu söz hərbi qulluğa çağırılmış oğula bəxş edilən öpüşə bərabər olardı ki, bu da başqa vaxt heç zaman ona bağışlanmazdı, məni iki günlüyünə gözdən salmaqla cəzalandırırdılar, yəqin məsləhət beləydi. Bu zaman anam soyunub-geyinmə yerindən paltarını çıxarıb gəlməkdə olan atamın addım səslərini eşitdi, mənim başıma həngamə açmasın deyə həyəcandan qırıq-qırıq eşidilən bir səslə dedi: "Qaç! Qaç! Bircə o çatmır ki, atan sənin burda bir səfeh kimi durduğunu görsün!" – "Mənimlə sağollaşmağa gəl", – deyə mən pıçıldadım, atamın şamından divar boyunca üzüyuxarı düşən şölələrdən üşəndim, eyni zamanda, içimdə bir ümid oyandı ki, atamın məni burada görməsindən qorxaraq anam israr etsə, yəqin: "Sən get otağına mən indi gələcəyəm" söyləyəcək. Amma artıq gec idi, atam qarşımızda dayanmışdı. "Məhv oldum!" kəlmələrini özümdən ixtiyarsız o qədər sakit pıçıldadım ki, heç kim eşitmədi.

Amma bu baş vermədi. Ana və nənəmin tətbiq etdiyi geniş imtiyazları atam daim ləğv edirdi: o, "insan haqlarıyla" hesablaşmır[1], bundan irəli gələn "prinsiplərə" fikir vermirdi. Tamamilə təsadüfi bir səbəbdən, əslində isə, heç bir səbəb olmadan, o, son anda, yetərincə vərdiş olunmuş, kifayət qədər əziz olan gəzintidən məni məhrum edirdi, bu, onun tərəfindən əsl anda xilaf çıxmaq idi və ya, bu axşamkı kimi, təyin olunmuş vaxta xeyli qalmış: "Danışıqsız-filansız, get yat!" deyə bildirirdi. Prinsipi olmadığı üçün (nənəmin dərk etdiyi anlamda), belə demək mümkünsə, onu səbirsizlikdə də qınamaq olmazdı. Mənə təəccüblə və incik halda baxırdı, anam dili dolaşa-dolaşa nə baş verdiyini qısaca başa salanda isə, o, dedi: "Onda, get onun yanına, özün deyirdin ki, yuxun gəlmir, bir az onun yanında ol, mənə heç nə lazım deyil". – "Əziz dost, – deyə anam qorxaqcasına etiraz elədi – yatmaq istəyirəm, ya istəmirəm, bu, heç nəyi dəyişmir axı, uşağı belə şeylərə vərdiş elətdirmək olmaz... " – "Heç kim heç nəyi vərdiş elətdirmir, – atam çiyinlərini çəkərək qeyd etdi, – özün görürsən ki, uşağın əhvalı pozuqdu, görünüşü kədərlidi, nədi, biz səninlə cəlladıq yoxsa? Səndən ötrü ağlayıb-sızlasa onda necə olsun bəs? Onun otağında iki çarpayı var, Fransuazaya de, sənin üçün böyük çarpayını hazırlasın, yat onun yanında. Gecən xeyirə qalsın! Mən səni kimi əsəbi deyiləm, yatırsan, tək yat".

Atama minnətdarlıq etmək olmazdı: onu "sentimentallıq" deyilən şey, yəni, "yersiz həssaslıq göstərmək" qıcıqlandırırdı. Yerimdəcə donub qalmışdım; o, öz qədd-qamətiylə, bəyaz gecə xalatıyla və nevroloji ağrılara düçar olandan bəri başına bağladığı bənövşəyi hindli kəşmirindən çəhrayı damalı ləçəyiylə hələ də bizim qarşımızda dayanmışdı, duruşundan isə Svanın mənə hədiyyə etdiyi Benotso Qotsolinin[2] nəqqaşlıq qravüründəki Saraya İshaqla vidalaşmağı əmr edən İbrahimə[3] oxşayırdı.

Həmin axşam çoxdan tarixə qovuşub. Şam işığının şölələnib dikəldiyi divarlar artıq çoxdan yoxdu. Mənim öz içimdə də, o zaman əbədi sarsılmaz bildiyim çox şeylər uçulub-dağılıb, o zaman öncədən görə bilmədiyim, ötüb keçəndən sonra hələ də anlamadığım, təzə kədər və sevinc gətirən bir çox yeni nəsnələrsə tikilib-ucalıb. Atam artıq çoxdandı anama: "uşaqla get" demir. Elə anlar mənim üçün bir daha təkrar olmayacaq. Amma eşitdiyimi gərginləşdirməyə dəyər, bir müddət sonra güc taparaq atamın yanında çox yaxşı saxlaya bildiyim, anamla ikilikdə qalınca içimi doldurub-daşdıran hönkürtümü çox yaxşı saxlaya bilirəm. Mahiyyətcə hönkürtülər heç zaman səngimirdi, onları yenidən eşitməyimsə, həndəvərimdə həyatın susqun duruma düşməsindən irəli gəlir, eynən beləcə, məbəd zəngləri küçələrin hay-küyünü öz sədaları altında boğur, sonra sanırsan ki, ara verirlər, amma axşam səssizliyində yenidən səslənirlər.

Anam bu gecəni mənim otağımda keçirdi; günahım ucbatından evdən qovulacağımı gözlədiyim halda, valideynlərim mənə elə iltifat göstərdilər ki, heç zaman heç bir yaxşı cəhətimə görə bu cür mükafatlandırılmamışdım. Hətta, indi özümə qarşı belə bir iltifat göstərildiyi bir məqamda, atamın mənə münasibətində layiq olmadığım bir ədalətsizlik vardı ki, bu da, ümumiyyətlə, onun mənə yönəlik mövqeyinə xarakterik idi, heç də qabaqcadan düşünülmüş niyyətiylə deyil, təsadüfi ovqatıyla izah olunurdu. Hətta onun məni yatmağa yollaması daha az ciddilik adlana bilər, nəinki anamın və nənəmin tələbkarlığı, çünki bəzi şeylərdə atamla mənim təbiətim bir-birindən kəskin fərqlənirdi, nəinki onlarınkıyla və o, görünür, bu vaxtacan axşamlar mənim necə bədbəxt olduğumu duymamışdı, halbuki, həm anam, həm də nənəm bunu gözəl bilirdilər, amma onlar məni elə sevirdilər ki, ruhumu iztirablardan xilas etməyə gücləri çatmırdı: onlar daha çox əzablarımı azaltmaq və iradəmi möhkəmlətmək üçün qəlbimi üzüntülərə qalib gəlməyə alışdırmaq istəyirdilər. Atam məni başqa cür sevirdi, deməyə çətinlik çəkirəm, görəsən, buna əzmi çatırdımı; tək bircə kərən, o anlayanda ki, mənə ağırdı, anama dedi: "Onu sakitləşdir!" Anam həmin gecəni yanımda qaldı, görünür mənim nəsə başqa şeylər gözləməyə haqq etdiyim zaman kəsimini heç bir inadıyla korlamaq istəmirdi, nəsə qeyri-adi şeylər baş verdiyini (anam yanımda oturaraq əlimdən tutmuşdu, məni məzəmmət etmirdi və ağlamağıma imkan verirdi) başa düşən Fransuazanın: "Xanım! Bu oğlan niyə belə ağlayır?" sualına belə cavab verdi: "O, özü də bilmir, Fransuaza, sadəcə əsəbiləşib; mənim yerimi böyük çarpayıda sal və get yat". Beləliklə, ilk dəfəydi ki, kədərlənməyim mənim üçün cəzalanmağa layiq görülən bir cəhd hesab edilmirdi, bu, məndən asılı olmayan bir xəstəlik, rəsmən isə cavabdehlik daşımadığım əsəb durumu kimi qəbul olunurdu; bu üzdən özümdə bir yüngüllük hiss edirdim, artıq acı göz yaşları tökməkdən yana utanmaq lazım gəlmədiyini, bunun günah olmadığını anlayırdım. Hər şeydən qabaq Fransuazanın önündə hadisələrin bu cür bir yön almasına görə qürurlanırdım: çünki anamın yanıma gəlməkdən imtina etməsindən bir saat sonra mənə təşəxxüslə yatmaq əmri göndərməsi məni bir böyüklük mərtəbəsinə ucaltdı, kədərim sanki birdən-birə yetkinliyimin işarəsi kimi qəbul edildi və mən artıq ağlamaqda sərbəst idim. Əslində, bu məqamda xoşbəxt olmalıydım, amma özümü xoşbəxt hesab etmirdim. Məndə belə təəssürat yaranmışdı ki, anamın etdiyi ilk güzəşt ona əzab verirdi, bu, onun mənim üçün yaratmış olduğu idealından ilk imtinasıydı, cəsurluğuna baxmayaraq, o, özünü həyatında ilk dəfə məğlub olmuş hiss edirdi. Məndə belə təəssürat yaranmışdı ki, qələbə çalmış olsam belə, bu qələbəm məhz onun üzərindədi, bu qələbə bir xəstəliyin, kədərin və ya qocalığın qələbəsinə bərabərdi, bu an bu qələbə onun iradəsini zəiflədir, düşüncə qabiliyyətini haldan salır və yeni bir dövr açan bugünkü axşam onun yaddaşında kədərli bir tarix kimi əbədi qalmalıdı. Cəsarətim çatsaydı, mən anama: "Yox, istəmirəm, mənim otağımda yatma" deyərdim. Mənə isə onun gün kimi aydın, real, necə deyərlər, nənəmin idealist xasiyyətinin incəliklərinə dözə bilən təmkinli ağlı bəlliydi; bilirdim ki, indi, səhv buraxılmışkən, anam hər ehtimala qarşı mənim dinclikdən zövq almağım üçün imkan yaratmağa üstünlük verər və atamı bezdirərək təngə gətirməz. Əlbəttə, əllərimi ovcuna alaraq nəvazişlə sığallayanda, anamın gözəl üzü o gecə gənclik şövqüylə daha da yanırdı və o, mənim kəsmək bilməyən göz yaşlarımı saxlamağa çalışırdı; elə sanırdım ki, belə olmamalıydı, onun qəzəbi mənim üçün daha yüngül ola bilərdi, nəinki uşaqlıqdan bəri dadını bilmədiyim bu qeyri-adi nəvazişi: elə bilirdim ki, namərdcəsinə və oğrun bir əllə mən indicə onun qəlbinə ilk şırımı açmışam, mənim ucbatımdan saçına ilk dən də düşüb. Bu fikirlərə qapılaraq, ovunmaq bilmədən daha da hönkürdüm, bu vaxt mənə heç zaman nəvaziş göstərməyən anamın qəfil doluxsunduğunu və göz yaşlarını güclə saxladığını gördüm. Anlayınca ki, onun kövrəlməsi gözümdən yayınmayıb, o, gülümsünərək dedi: "Ay mənim gül balam, ay ürəyimin parası! Gözünün yaşını bu saat kəs, yoxsa, bax, anan da qoşular sənə. Qulaq as: biz ikimiz də yatmaq istəmiriksə, gəl onda bir-birimizin ovqatını təlx etməyək, gəl nəyləsə başımızı qataq, nəsə bir şey oxuyaq". Otağımda kitabım yoxuydu. "Əgər nənənin sənə ad günündə hədiyyə etmək istədiyi kitablı indi gedib gətirsəm, əhvalın korlanmaz ki? Fikirləş, ovqatın təlx olmayacaq ki?" Əksinə mən məftunluğumu bildirdim; anam bir yığın kitab gətirdi, onların bükülü olduğu kağızın altında ayrı-ayrı biçimdə olduqlarını sezdim, hətta ilk andan ötəri bir baxışla əmin oldum ki, bu kitablar Yeni ildə hədiyyə aldığım boya qutuma da, ötən il ad günümdə mənə bağışlanmış ipək qurduna – baramaya da kölgə salır artıq. Bunlar "Şeytan bataqlığı", "Fransua le Şampil", "Balaca Fadetta", "Tuluq zurnaçıları" kitablarıydı[4]. Belə məlum oldu ki, nəticədə nənəm məndən ötrü öncə Myüssenin şeirlərini, Russonun və "İndiana"nın[5] cildlərini seçibmiş: səthi oxumağın konfet və tort kimi zərərli olduğu fikrinə söykənərək, o, belə düşünməyə meylli idi ki, dühaların uşaq qəlbinə güclü təsiri, heç də saf havanın və dəniz küləyinin onun bədəninə həyatverici təsirindən zəif deyil. Onun mənə nə bağışlamağa hazırlaşdığını biləndə, atam: "Bu, ağılsızlıqdı" dedi, o isə, hədiyyəsiz qalmayım deyə, Juilye-Vikontdakı kitabsatanın yanına gedərək həmin kitabları Corc Sandın dörd kənd romanına dəyişdirdi (həmin gün hava istiydi, o, çox yorğun qayıtdı və həkim, anama xəbərdarlıq etdi ki, nənəmə bu cür əldən düşmək olmaz). O, anama: "Qızım! – dedi, – mən sənin uşağının əlinə heç vaxt zərərli kitab verməzdim". Doğrudan da, o heç vaxt ağıla qida verməyən bir şey almazdı: yəni təkcə dünyəvi rifahla bağlı, şöhrətpərəstlik yanğısını söndürməyə yönəlik boş nəsnələr deyil, bizə gözəlliklər bəxş edən, zövq almağı öyrədən və düşüncəmizi qidalandıran başqa şeylər alardı. Hətta, nənəm kiməsə, necə deyərlər, "xeyirli" bir hədiyyə, məsələn, kürsü, qab-qacaq dəsti, əl ağacı bağışlamaq istədikdə, hökmən əşyaları "qədimliyinə" görə seçərdi, yəni bu əşyalar olsun ki, insanların xidmətinə uzun müddətlik yararlı olmazdı, amma keçmiş insanların məişəti haqda xeyirli bilgilər verərdi. O, istəyirdi ki, mənim otağımda divardan arxitektura abidələrinin rəsmləri və digər gözəl görünüşlü şəkilləri asılsın. Hətta onun aldığı fotoşəkillərdə görüntülənənlərin bədii dəyəri olsa da, nənəmə elə gəlirdi ki, fotoşəkil yaradıcılığın mexaniki üsuludu və əsərə bayağı, mənfəət güdən bir çalar verir. O, bicliyə əl atırdı, çalışırdı ki, tacir bayağılığını bütünlüklə qova bilməsə də, barı yetərincə məhdudlaşdırsın, onu mümkün qədər incəsənətlə əvəzləsin, incəsənətlə "zənginləşdirsin": o, Svandan hansısa məşhur bir rəssamın Şartr məbədini[6], Sen-Klunun[7] böyük fontanlarını, Vezuvini çəkib-çəkmədiyini soruşurdu və fotoşəkil əvəzinə mənə Koronun "Şartr məbədi"nin, Güber Roberin[8] "Sen-Klunun böyük fontanları"nın, Ternerin[9] "Vezuvi"sinin surətlərini bağışlamağa üstünlük verirdi, çünki bunlar artıq incəsənətin daha yüksək pillələriydi. Burada, fotoqraf incəsənət və ya təbiət əsəri yaratmaqdan kənar tutulurdusa və böyük rəssamlarla əvəzlənirdisə, bunun müqabilində o da şərh etmək üçün öz təkrar müraciət hüququnu önə çəkirdi. Beləcə, vulqarlığı sıxışdırıb kənarlaşdıran nənəm əlləşirdi ki, onu daha da uzaqlaşdırsın. O, Svandan hansısa bir əsərin qravürü olub-olmadığını soruşurdu və imkan daxilində qədim bir oyma işi almağa üstünlük verdiyini söyləyirdi; yəni elə bir rəssamlıq işi ki, nəinki özü-özlüyündə maraq doğursun, həm də ondan bizim üçün indi əlyetərsiz olan incəsənət əsəri bərpa edilmiş olsun (məsələn, "Şam yeməyi" korlanmamışdan öncə, Leonardonun "Sonuncu şam yeməyi"indən[10] işlənmiş Morqenin qravürü). Qeyd etmək lazımdı ki, nənəmin hədiyyə etmək məharəti hər zaman parlaq nəticələrlə sonuclanmırdı. Titsianın, güman olunduğu kimi, fonunda dənizdən ayrılmış göl olan rəsmi əsasında Venesiya haqda özümdə yaratdığım təsəvvür, təbii ki, daha az inanılan idi, nəinki adi bir fotoşəkildən aldığım təəssürat. Böyük xalam nənəmlə bağlı iddianamə tərtib etməyə başlayanda, onun nə qədər gənc ailə quranlara və ya yaşlı cütlüklərə, elə birinci oturuşdan sınıb-dağılan kürsü bağışladığını hesablamağa cəhd göstərsə də, səyləri puça çıxırdı. Üstlərində hələ də gül rəsmləri, təbəssüm, ötən zamanların cazibədar əfsanələrinin izləri qalmaqda olan mebellərin möhkəmliyini sınamaq nənəm üçün con dərəcə xırda bir şey idi. Hətta onu cəzb edən bağışladığı əşyaların rahatlığıydı ki, bundan da biz istifadə edə bilmirdik, çünki, o münasibliyin, rahatlığın özü bizə yad şeylər idi, çünki, keçmiş ifadə tərzlərində məcazlar bizi məftun etsə də, çağdaş dilimizdən artıq o deyim tərzləri silinmişdi. Ad günümdə nənəmin mənə bağışlamağa hazırlaşdığı Corc Sandın kənd romanları qədim mebelləri xatırladır: onlar artıq unudulmuş və bu romanlarda yenidən ilkinliyinə qayıtmış, həm də kənd yerində heç də əhəmiyyətini itirməmiş ifadələrlə doludu. Nənəm seçimini edərək diqqətini onların üzərində saxlamışdı, necə ki, o çox istəyərdi qotik təsvirli göyərçinləri olan və ya keçmiş zamanlara həsrət dolu mümkünsüz səyahətlər istəyilə insan qəlbinə rəhm sindirən qədim bir ev, bir tikili kirayələsin.

Davamı var


[1] (..."insan haqlarıyla" hesablaşmır) – 1789-cu il fransız inqilabı zamanı qəbul olunmuş "İnsan haqları və vətəndaş bəyannaməsi"nə eyhamlı işarə

[2] Benotso Qotsoli (1421-1497) – Florentiya məktəbinə məxsus İtaliya rəssamı; İbrahimin qurbankəsmə səhnəsi onun Pizada – Kampo Santo qəbiristanlığındakı freskaları arasındadı.

[3] İbrahim (Avraam) – Bibliyaya görə yəhudi patriarxı; o, Saradan doğulmuş oğlu İshaqdan törəyən yəhudi xalqının (İsaak) ulu babası sayılır; Rəbbinin əmriylə İbrahim İshaqı qurban kəsməliydi, amma son anda uçub gələn mələk bıçağı onun əlindən vurub salmışdı.

[4] Bu kitablar Corc Sandın kənd romanlarıydı – "Şeytan bataqlığı"(1846), "Fransua le Şampil"(1850), "Balaca Fadetta" (1848), " Tuluq zurnaçıları" (1853)

[5] "İndiana" (1832) – Corc Sandın azad sevgini tərənnüm edən romanı

[6] Şartr məbədi – Paris yaxınlığında, Şartrda XI-XIII əsrlərdə tikilmiş qotik məbədi

[7] Sen-Klu – imperatorlar I və III Napoleonların Versal yaxınlığındakı iqamətgahları

[8] Güber Rober (1733-1808) – fransız mənzərə rəssamı

[9] Terner Uilyam (1755-1851) – ingilis təsviri sənət ustası

[10] "Sonuncu şam yeməyi" (1495-1497) – Leonardo da Vinçinin Milan məbədi Santa Mariya delle Qratsiyedəki süfrə freskası; səriştəsiz bərpa işlərindən və üstündən adlayan zamandan zərər görmüş bir əsər; xüsusilə, 1796-cı ildə fransızlar Milanı işğal etdiyi zaman böyük zərər görmüşdü; İtaliya rəssamı Rafael Morqenin (1758-1833) qravürü həmin freskanın bu dağıntıya qədərki durumunu əks etdirir.

# 2039 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #