Kulis.az Orxan Bahadırsoyun yeni şeirlərini təqdim edir.
Dönərsən
Acı-şirin xatirələr qəfildən,
Ürəyində buz bağlasa, dönərsən.
Üz çevirib zalım-zalım getdiyin,
O döngəli yol ağlasa, dönərsən.
Bir həsrətlə o yolun da tən olar.
Üzərini duman alar, çən alar.
Başın üstdən ötüb keçən durnalar
Məni səndən soraqlasa, dönərsən.
Bəlkə sənə bu ayrılıq yük gələr.
Dar ayaqda ümid olur bəlkələr.
Gedə-gedə dörd yanından kölgələr
Əllərini qucaqlasa, dönərsən.
Yol yoldaşın - bir ayrılıq, bir də qəm...
Nağıllara çevriləcək üç həmdəm.
Darıxarsan mənim kimi, birdənəm,
Gözlərində sel çağlasa, dönərsən.
Yol üstündə bir qərib də yol gözlər,
Əllərində bir dəstə gül əzizlər.
Səfərinə qəm gətirən bu izlər,
Xatirəni varaqlasa, dönərsən.
Yuxun şirin olmasın
Açmıram otağımın
pəncərəsin haçandı,
qoy küçədən keçənlər
üşüməsin, amandı...
Bədənimin təri də,
göz yaşım da soyuqdu.
Damarım buz bağlayıb,
isti qanım da yoxdu.
Bu sənsizlik ağrısı -
ən qorxulu dilemma.
Ya sən varsan, ya da sən,
başqa yolum yox, amma...
Amma sən haqlı idin,
mən qəribə adamam.
Gah səninçün ağlayır,
gah unuduram tamam.
Ha çalışdım, unuda
bilmədim ki, bu axşam.
Vaxtın varsa, oyan, gəl,
mən hələ yatmamışam.
Yuxun şirin olmasın,
yastığımdan o yanda.
Axı məndən savayı
hamı yatıb, oyan da!
Bax, belə...
Bilirəm,
bir gün sən də gəlib
deyəcəksən - “gedirəm”...
“Getmə” - deyəcəyəm astaca.
Soruşacaqsan – “nə?”
“Heç, getdiyin yerdə darıxma deyirəm”.
Bax, belə...
Calanacaq gün-günə, ay-aya, il-ilə.
Bir gün mənə baş çəkməyə gələcəksən
yanında bir özgəsi ilə.
Köhnə dosta dönəcəyəm mən onda.
Bir dost kimi əl uzadıb sıxacaqsan əlimi.
Heç bilməzsən,
tam da səni unutduğum zamanda,
mənə təzədən sevdirərsən unudulmuş sevgilimi.
Bax, belə...
Belə səni yenə sevəcəyəm,
yenə mənə hakim olar sənin üçün darıxmaq.
Yenə gözlərimin növbəsinə duracaq
sən getdiyin yollara baxmaq.
Göy üzündən o yollara
yağış yağar, qar səpilər.
Demə yeni sevgililər gələndə
köhnə dosta çevrilirmiş bütün köhnə sevgililər.
Gəl, qurula saçımı
Gəl, qurula saçımı,
əlimdə güc qalmayıb.
Sayılası qədərdi,
saçım da heç qalmayıb.
Gəl, oxşasın saçımı
əllərin anam kimi.
Bu baş da bir dünyadı,
telləri adam kimi...
Adam deyirəm sənə,
gül kimi dəstə-dəstə.
Gör, nə qədər adam var
mənim başımın üstə?!
Sən gəlmirsən, darıxır,
dözmür, saçım tökülür.
Keç inaddan, a zalım,
başımda adam ölür.
Yastıqda can tapşıran,
döşəməyə düşən var.
Öz əlimdə yolunan,
darağa ilişən var.
Gəl, qurula saçımı,
islanıb göz yaşımda.
Sən də bir telsən, hələ
düşməmisən başımdan.
Düzün de
Mən bütün filmlərə ağlamışam, bilirsən?
Həm də mühüm bir şeyi anlamışam, bilirsən,
Bir xoşbəxtlik görəndə niyə ağlayır adam?
Bir gün xoşbəxt olmağa ümid bağlayır adam.
Sən xoşbəxt sonla bitən filmə ağladınmı heç?
Sən xoşbəxt adamlara həsəd apardınmı heç?
Sənin də ürəyindən xoşbəxt olmaq keçdimi?
Sevilmək istədinmi xoşbəxt adamlar kimi...?
Ağlayanda gözünü gizlədə bildinmi heç?
Köynəyin biləyinə yaşını sildinmi heç?
Yalandan gözlərinə çöp düşdümü sənin də?
Soğan göynətdimi heç gözlərini, düzün de...!?
Üst-üstə yığıldımı boğazında düyünlər?
Gözündən damladımı köksünə ötən günlər?
Titrəməkdən sənin də əllərin yoruldumu?
Gülən adam görəndə ağlamağın oldumu?
Yataqda tərli-tərli üşüdümü bədənin?
Gecələr bir adamı canın çəkdimi sənin?
Yolunu gözlədinmi gəlməyən bir adamın?
Sən heç ölü bildinmi ölməyən bir adamı?
Heç süni gülüşləri sezdirdinmi üzündə?
Sən də bütün bunları yaşadınmı, düzün de...!?
Düzün de, dost, yaşamaq səni də yordumu heç?
Bu yolu tək yerimək gözünə durdumu heç?
Düzün de, istədinmi, xoşbəxt olmaq, düzün de...?!
Bunu kim istəməz ki, mən demirəm, özün de...?!
Bilirəm, çətin gəlir adama düzün demək!?
Səncə ayıb deyilmi xoşbəxt olmaq istəmək,
Bu qədər bədbəxt adam var ikən yer üzündə...?!
Onlardan utanmağa gücün varmı, düzün de...?!
Çıx, canım
Bir ömür yaşamısan,
o da ala-yarımçıq!
Nədən gileylənirsən?
Çıx, canım, səssizcə çıx!
Günəş gələndə çıxma,
dostlar biləndə çıxma,
düşmən güləndə çıxma,
ay canım, gizlincə çıx!
Xətrinə də dəyməsin,
başqa dünyada gəzin!
Nankor qədirbilməzi
dəlitək sevincə, çıx!
Yaman gərdişdə qaldın,
ən pis vərdişdə qaldın!
Bəsdir təşvişdə qalın,
birdəfəlik dincə çıx!
Mən
Mən avropoidəm, monqoloidəm,
neqroidəm, avstraloidəm,
amerikanoidəm və bütün irqlərdənəm.
Mən türkəm, rusam,
gürcüyəm, erməniyəm,
yəhudiyəm, farsam,
ərəbəm, talışam,
avaram, ləzgiyəm
və bütün millətlərdənəm.
Mən müsəlmanam, xristianam,
musəviyəm, buddistəm,
atəşpərəstəm
və bütün dinlərdənəm.
Mən uşağam,
mən qocayam,
mən gəncəm,
mən otam,
mən güləm,
mən heyvanam,
mən daşam,
mən qumam,
mən torpağam,
mən səmayam,
mən bir planet ya da göy cismiyəm.
Sevəcəksən sev, öldürəcəksən öldür.
Bütün hallarda mən
bu kainata gəlmiş milyon zərrədən biriyəm
və sən də həmçinin...