Hər ay üç-dörd adamın ölməsini istəyən molla – Alpay Azərdən Yeni Hekayə

Hər ay üç-dörd adamın ölməsini istəyən molla – <span style="color:red;">Alpay Azərdən Yeni Hekayə
30 may 2018
# 21:00

Kulis.az yazıçı Alpay Azərin “Balıncın altındakı pullar” adlı yeni hekayəsini təqdim edir.

Üzə vurmasam da, molla Vəliylə heç aram yox idi, elə bilirdim, cibinə pul axsın deyə, ayda üç-dörd adamın ölməsini arzulayır. Tək bizim qəsəbədə yox, qonşu kəndlərdə də kimsə öləndə, gəlib onu aparırdılar. Bir dəfə bəxtindən üç ayın içində qəsəbəyə Rusiyada kriminal atışmalarda öldürülən doqquz adamın meyitini gətirmişdilər, hamısının hüzründə də harda aş, orda baş məsələsi.

Qırx məclislərində moizələrinə ara verən kimi, cavanlardan üç-dördü mütləq onunla məzələnməliydi. Şitlik edənlər də olurdu:

“Hacı, adam öləndən sonra inkir-minkirə hörmət eləmək mümkün olsa, görən, adamı sorğu-suala tutmamaqçün nə qədər pul istəyərlər?”

Ərinmədən səbirlə cavab verirdi belə suallara.

“Ay kişi, görmürsən səni doluyurlar? Hələ durub həvəslə hər axmaqla əngə verirsən” - ürəyimdə danlayırdım onu.

Sonra sual verən sırtığa baxıb görürdüm, üzündəki ifadə yavaş-yavaş dəyişir, başını tərpədə-tərpədə diqqətlə qulaq asır deyilənlərə.

“İndi başa düşdün, ay oğul?” - Molla Vəli bu sualı verəndə, cavan oğlanın şitliyindən əsər-əlamət qalmırdı, peşmançılığın elə bir həddinə gəlib çıxırdı, sanırdın, sabahdan namaza başlayacaq. Başa düşə bilmirdim, molla bu cür suallara həvəslə cavab verəndə, özünü bicliyə qoyurdu, yoxsa doğrudan, cavanların onunla məzələndiyini hiss etmirdi, sonda birincini seçirdim, elə bilirdim, pulpərəstliyini bir növ, məsum sadəlövhlük maskasıyla ört-basır edir.

Budur, bir əlində Quran, o birində kəhrəbalı sarı təsbeh mağara daxil olub yastı addımlarıyla keçdi yuxarı başa. “Allahu mən yəqrəu bil fəətihə....” Ölən (xərçəngdən) qırx iki yaşlı qonşumuzuydu, məktəbdə oxuyan üç qızı atadan yetim qalmışdı. Molla Vəli isə Qiyamət günü haqda moizələriylə beynimi deşirdi. O biri tərəfdən də şeytan sanki özünü vermişdi yanıma:

“Qayıdıb deyəsən, hacı, onsuz da bir Allah Qiyamət gününün vaxtını bilir. Sən başqa şeydən danış. Olmazdı ki, Allah-təala imkan verəydi, bu bədbəxt qızlarını oxutdurub ərə verəydi, heç olmasa, bircə nəvə görəydi? Ya sual verəsən, hacı, sən özün necə, bircə oğlun rəhmətə getsə, beləcə rahat... Lənət sənə şeytan”.

Bir dəfə məhəllədə mollaların Fatihə, Yasin oxumalarına görə pul almaq məsələsi üstündə dostlarımla bərk mübahisəm olmuşdu. Eldarla Tural bunu Quranla alver eləməyə bərabər tuturdu. Mənsə demişdim ki, yayın istisində, qışın soyuğunda qəbiristanlıqda Yasin oxuyurlar, səhərdən axşama qədər mağarda məclis aparırlar, halal pulla ailə saxlayırlar da. Sonda soruşmuşdum ki, bütün bunları pulsuz eləməlidirlər. Dostlarım yenə öz dediklərindən əl çəkməmişdi: “Getsinlər özlərinə peşə tapsınlar, nə məcburdu mollalıq eləsinlər”. - “Hə, qəsəbədə iş o qədər çoxdu ki, yığıb-yığışdıran yoxdu, - demişdim. - İkincisi, bu adamların bacardığı elə moizə oxumaqdı, biz onları tutaq ki, Quranı düz, yoxsa səhv oxuduqlarına görə qınaya bilərik, mollalıq elədiklərinə görə yox”.

Molla Vəlinin üç qızdan sonra dünyaya gələn oğlu Cəfərin iyirmi üç yaşı olanda, dostlarının köməyilə Rusiyanın Urenqoy şəhərinə işləməyə getdi. Əvvəllər qəsəbədəki marketdə malları maşından boşaldıb anbara yığmaqla beş-on manat qazanan Cəfər bir müddət sonra Urenqoyda maşın təmiri sexi açdı, işləri yaxşı gedəndə, şəhərin bir neçə yerində təkər təmiri sexləri işlətməyə başladı. Bu xəbərlər qəsəbəyə gəlib çatanda, cavanlar zarafatla öz aralarında danışırdılar ki, yəqin bundan sonra molla Vəli evində oturub arvadıyla bir yerdə oğlunun göndərdiyi pulları xərcləyər, vaxtını qız nəvələriylə oynamaqla keçirər. O isə yenə kəndlərə gedib hüzr məclislərini apara-apara arada cavanların şit, duzlu atmacalarını dəf eləməyindəydi...

- Ay hacı, oğlun maşallah, yaxşı qazanır, axı nə məcburdu bu yaşında hüzrlərə gedib özünü yorursan? Sənin indi nəvələrinnən oynamaq vaxtındı, - bir dəfə Tural dedi.

- Sən malı mala qatma, nəvə ayrı, baba ayrı. Nə qədər canım sağlamdı, mollalıq eləyəcəm. Qaldı ki, nəvələrə, harda görünüb, baba səhərdən axşama qədər öz nəvələriylə oynasın, hə? Bir də, mən hər gün hüzrdə olmuram ki, nəvələrimi görməyəm. Ona görə sən narahat olma, lazım olan qədər vaxt tapıram onlara.

- Hacı, sirr deyilsə, yaslarda qazandığın pulları neynəyirsən? - ilk dəfəydi hacıya sataşırdım.

- Neyniyəcəm, balışımın altına qoyuram, - “sənə nə oldu birdən-birə?” ərkiylə mənə baxdı.

- Onda yata bilməzsən axı. Başın dik vəziyyətdə qalar, boynun ağrıyar, - dediklərim özümə necə ləzzət elədisə, az qala çönüb yanımdakı dostuma göz vuracaqdım.

- A bala, sən lap uşağıymışsan ki. Bəyəm bizim evdə bir dənə balış var? Əsas odu Allah ruzimi bol eləsin, bəlkə düz demirəm? Yoxsa qazandıqlarımın Allah ruzisi olmağına şübhən var?

- Yox, əstağfurullah, o nə sözdü, hacı. Allah ruzini beşqat artırsın.

“Zibilə düşmədik. Söhbəti elə fırlatdı, buna beşqat ruzi arzu elədim. Acından ölür elə bil”.

- Hacı, bir şey soruşum, İslamda sədəqə vacibdi, yoxsa müstəhəbdi?

- Hə, bu, başqa məsələ, - molla razılıqla köks ötürdü. - Dinimizə görə sədəqə müstəhəbdi, amma vacibə yaxın müstəhəbdi...

“Qayıdıb sual verəsən, sel kimi gələn pulları balıncların altına yığmaq da müstəhəbdi?”

Moizələrinin birində qabağa çıxmış qarnını sığallayanda, narazı-narazı başımı buladım. Ölən qoca kişiydi, molla Vəli rəhmətliyin oğluyla şirin-şirin söhbət edirdi, arada hər ikisi xısın-xısın gülürdü. Plov yeyəndən sonra dünyanın ən tox və qayğısız nümunələrindən biri olan molla Vəli halvayla çay içməklə mənə sanki yandıq verirdi. Yaşıdım olsaydı, qırağa çəkib deyərdim, sədəqəni vacibə yaxın müstəhəb sayırsan, amma qazandığından kasıb-kusuba bir manat belə sədəqə vermirsən. Əminiydim ki, o mövzuda suallar versəm, həmişəki kimi məzəli cavablarıyla məni başından edəcəkdi, onda lap əsəbiləşəcəkdim. Həm də mollayla məzələnmək artıq məni bezdirmişdi.

Hüzrlərdən birinə özünün sürdüyü maşınla gələndə, o dəqiqə pıçıldaşıb belə bir nəticəyə gəldik: yüz faiz oğlunun puluyla alıb. Mersedesin işlənmiş, köhnə modeliydi. Bunu mollanın gözdən pərdə asmağına, “təzəzini almağa imkanım yoxdu”-ya yozduq. Sonralar qonşu kənddəki hüzrə avtobusla getdiyini eşidəndə, məhəllədəki uşaqlardan biri əlini-əlinə bərk vurub belə demişdi:

“A kişi, on beş kilometr nədi ki, benzinə pul verməyə simiclik edəsən”.

“Bəs pulu elə yığırlar da,” - o birisi tez izah eləmişdi. Halbuki, maşını xarab da ola bilərdi.

Bir müddət sonra Mersedesi satdığını eşitdik, səbirsizliklə mollanın alacağı təzə maşının markasını müzakirə elədiyimiz bir vaxtda o, qəfil ürəktutmasından rəhmətə getdi və biz onu yavaş-yavaş unutduq.

Üç il sonra Həcc ziyarətinə getdim. Məndən onlarçün dua oxumasını istəyənlərin adlarını kağıza yazıb özümlə götürmüşdüm, Kəbədə qıldığım saysız-hesabsız namazların arasında əllərimi açıb əziz-yaxınlardan sonra atamın əmisi nəvəsi Nazimin bu il BDU-nun tarix fakültəsinə daxil olması, anamın dayısı nəvəsi otuz yaşlı Firəngizin yaxşı bir oğlan tapıb ərə getməsi, bibim Elmiranın şəfası, dostum Mircamalın iş tapması üçün, kimsə yaddan çıxmasın deyə, yaxın, uzaq qohumların hamısının sağlamlığı üçün bir xeyli dualar oxudum. Oturub təvaf edənlərə tamaşa edirdim, elə bir haldaydım ki, iyirmi il məktəbdə coğrafiyadan dərs deyən atamı haqsız yerə işdən çıxaran direktoru görsəydim, ona salam verib, “Allah ziyarətinizi qəbul eləsin, Məcid müəllim” deyərdim. Birdən necə oldusa, molla Vəli yadıma düşdü, içim titrədi, elə bildim, düz qabağımda dayanıb yazıq-yazıq mənə baxıb deyir:

“Bəs mən?” - İlk dəfəydi, xəyalımda bic-bic gülümsəmirdi.

Növbəti namazımda “O dünyan rahat olsun, hacı” duasını elədim, bir az rahatlandım.

Həccdən bir ay sonra qonşu kəndə, uzaq bir qohumumuzun hüzrünə getmişdim. Bir stəkan çay içib, mərhumun ruhuna Fatihə oxuyub mağardan çıxhaçıxda yaşlı bir kişi mənə yaxınlaşdı.

- Bala, sən qəsəbədənsən? - gülərüzlə soruşdu.

- Hə, nədi ki? - təəccüblə ona baxdım.

- Sən rəhmətlik hacı Vəlini tanıyırdın?

- Əlbəttə, tanıyırdım. Onu bizdə tanımayan varıydı ki?

- Bilirsən, o, nə aləm kişiydi?

- Həə, elədi, - əlavə nəsə demək istəmədim, fikirləşdim, yəqin, rəhmətlik hacı bir vaxtlar bununla məzələnib kefini açıb.

- Gəl sənə bir şey göstərəcəm.

Hardasa əlli metr gedib hündür bir təpəyə çıxdıq, kənd burdan əl içi kimi görünürdü.

- Ora bax, - kəndin ortasını göstərdi. - Görürsən o məscidi?

Gözümə yaşıl günbəzli, iki minarəli böyük bir məscid dəydi.

- Hə, yadımdan çıxdı adımı deyim, adım Nəcəfdi, məşədi Nəcəf kimi tanıyırlar məni bu kənddə. Hacı sağ olanda, mən köhnə məscidin axunduydum. Beş-altı il əvvəlin söhbətidi, mayın sonlarıydı, hardasa olardı gecə on bir, on ikinin yarısı, radioya qulaq asırdım, çöl qapı taqqıldadı. Gedib qapını açdım, görəm kim, rəhmətlik hacı, əlində diplomat. Nəysə, oturduq, çay içə-içə ordan-burdan danışdıq, sonra diplomatını açdı, içində pul dolu torba. Torbanı mənə verib dedi ki, içində on beş min manat var, bəs eşitmişəm, təzə tikilən məçidivizçün pul çatmır. Dedi, on mini oğlu verib, beş mini özününküydü. Çıxanda gülə-gülə dedi ki, qəsəbədə cavanlar mənə sataşırlar, bəs pulları balışıvın altına yığırsan, balış hündür olur, boynun ağrıyır deyə yata bilmirsən.

Bunları deyib Məşədi Nəcəf güldü, sonra mənə kəndin təzə körpüsünü göstərib, onun tikilməsiçün molla Vəlinin yenə gecə onlara gəldiyini danışdı.

- Bu dəfə beş min manat gətirmişdi. Dediyinə görə, satdığı maşının puluydu. Yenə gülə-gülə dedi, ay məşədi, bu cavanlar məndən əl çəkmirlər də, hələ də balınc-döşək söhbəti eləyirlər...

Yolda fikirləşirdim, axı hacı niyə qəsəbəmizdə məscidin, ya məktəbin tikintisinə on manat xərcləməyə-xərcləməyə, durub bizdən on yeddi kilometr aralıdakı kəndə gedirmiş savab qazanmağa.

Sonralar rəhmətliyin ortancıl kürəkəniylə söhbət edəndə, hər şey aydın oldu mənə. Deməli, Stalinin kilsələri, məscidləri ucdantutma sökdürdüyü, anbarlara çevirtdirdiyi vaxt həmin kənddə allahsızlıq kampaniyasına qoşulub köhnə məscidin divarına külüng vuranlardan biri də molla Vəlinin böyük əmisi, orda dil-ədəbiyyat müəllimi işləyən Əlizamin olur. Üstəlik, məscidin həyətindəki nəzir qutusunu sındırıb ordan götürdüyü pulları camaatın gözü qarşısında yelləyərək, “Bilmirəm sizin Allahınız hardadı, mənimki yerdəki kommunist partiyasıdı, ona görə də bu pullar partiyanın hesabına keçəçək!” qışqırır. NKVD qorxusundan namazı atan o biri qardaşları buna görə Əlizaminə evdə belə bir kəlmə deməyə cürətləri çatmayıbmış.

- Rəhmətlik səsi titrərəyə-titrəyə mənə deyirdi ki, - kürəkəni sonda əlavə elədi, - bu həyatda mənimçün qaranlıq qalan məsələlərdən biri də əmimin ölənə yaxın qardaşlarına yazıq-yazıq baxıb “Birdən o dünya olsa, görən, Allah məni bağışlayacaq?” deməsi oldu. Qaynatam uşaq olanda, əmisi onu belinə mindirib həyətdə gəzdirirmiş, oyuncaqlar alırmış. Deyirdi, onda bütün uşaqlar kimi Allahı göydə yaşayan saçı, saqqalı ağ olan baba kimi təsəvvür edirdim, ağlıma girmirdi ki, Allah baba əmimə necəsə pislik edə bilər. Qardaşları bir tərəfdən Əlizaminə təskinlik verirmişlər ki, bəs Allah bağışlayandır, əgər ürəkdən tövbə edirsənsə, hər şey yaxşı olacaq. Hacı tez-tez mənə zərrə qədər imanı olan xilas olacaq ayəsini misal gətirib özünə təsəlli verirdi ki, Allah əmisini bağışlayacaq. Deyirdi, gərək elə eliyəm, heç olmasa əmimin o dünyada əzabları az olsun. Elə ona görə eşidəndə ki, həmin kənddə nəsə tikirlər, remont eliyirlər, rəhmətlik gecəynən pul dolu diplomatla qaçırdı ora.

4 mart – 10 may, 2018

Bakı

# 3375 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #