Anarın bütün əsərlərində kinli qəhrəman var – İradə Musayeva yazır...

Anarın bütün əsərlərində kinli qəhrəman var – <span style="color:red;">İradə Musayeva yazır...
7 mart 2018
# 15:20

əvvəli burada

Kulis.az İradə Musayevanın “80 ilin Anarı...” silsiləsindən sonuncu yazısını təqdim edir.

E.M.Remarkın “Zəfər tağı” romanında humanist, xeyirxah insan doktor Ravikin intiqam məqamında necə dəyişdiyini, qəddarlaşdığını müşahidə etmişdik. Bu “remarkizm” idi... Məlumdur ki, qisas, kin və intiqam hissi hər kəsin xislətində, hətta ən humanist insanlarda da olur. Sadəcə o hissi oyatmaq, qıcıqlandırmaq, ayağa qaldırmaq və reallaşdırmaq üçün situasiya olmalıdır. Anarın bəlkə də bütün əsərlərində bir kinli qəhrəman var. Bu kinli adamın ayrıca adı yoxdur. “Adam içində adam” kimi gizlənən bir kabusdur sanki... “Remarkizm” nəzəriyyəsində vurğulanır ki, bu dünyada tam yaxşı və ya tam pis adam yoxdur... Bütün itirəcəklərinə razı olub dəyişməyən və bir də nəyin bahasına olursa olsun istəklərini reallaşdıran, “qazanan”, “udan” və sonda dəyişən, özlüyündən çıxan, başqalaşan adamlar var. Daha doğrusu, “başqalaşdırılan”, “dəyişdirilən”, şəxsinə, “mən”inə uduzan adamlar... Belə əsərlərdə yazıçıdan daha güclü yaradıcı təfəkkür tələb olunur. Yəni, qəhrəmanını sadəcə təsvir və təqdim etmək yox, müxtəlif vəziyyətlərin obyekti, əsas aparıcı qüvvəsi, hərəkətverici mexanizmi kimi yarada bilmək qabiliyyəti gərəkir. Dəyişilən vəziyyətlərin, mühitin, dramatik situasiyaların qəhrəmanını yaratmaqdan gedir söhbət... Yazıçı xarakteri bu cür obrazların simasında daha aydın cizgiləri ilə diqqəti cəlb edir, məlum olur ki, onlar çox zaman öz qəhrəmanları ilə ruh qohumu çıxır...

1977-ci ldə yazılan “Macal” povestinin baş obrazı Fuad Mehdiyevin həyat fəlsəfəsində də tanış cizgilər var... Fuad Salahlıları, Oqtayları sevmək, onlara rəğbətlə yanaşıb, onlar kimi düşünmək, duyğulanmaq, kədərlənmək, amma Şövqü Şəfizadə kimi yaşamaq! “Oqtay, yazıq başa düşmür ki, həyat ayrı-ayrı triumflardan ibarət deyil, gündəlik, hər saatlıq, hər dəqiqəlik çətin, ağır mübarizədir. Bu mübarizədə, ancaq güclülər qalib gələ bilər, yalnız inadlılar uda bilərlər. Oqtay bunu heç cür başa düşmək istəmir. Heç Fuadın özü də, yəni böyük Fuadın, Salahlı Fuadın özü də bunu əməlli-başlı başa düşmür, daha doğrusu, başa düşmürdü, rəhmətlik. Elə bütün bunları başa düşməyə- düşməyə də getdi bu dünyadan. Axıra qədər başa düşmədi ki, bir şey qazanmaq istəyirsənsə, bir şeyə çatmaq istəyirsənsə gərək sənin gücünü bilsinlər, qüvvəni, təpərini duysunlar, imkanlarından xəbərdar olsunlar, yoxsa...

Bu ideyanın müəllifi əslində Şövqü Şəfizadə idi, o Şövqü ki, deyirdi: “Bax bütün bunları mən sənə oğlum kimi deyirəm... Güclü olmaq lazımdır, bala, güclü... Mənim babam rəhmətlik həmişə deyərdi ki, dağ olmaq istəyirsən, dağa söykən...”

Şövqü həyatın özü, yaşamağın yolu, düsturu idi. O reallıqdan çıxış edərək deyirdi ki, bir yaltaq və qorxaq Zülfüqarovla yüz nəfər Fuad Salahlı kimisi bacarmaz, amma yüz Zülfüqarovun öhdəsindən bir Şövqü Şəfizadə gələ bilər...

Fuad Mehdiyev əqidəsini, yolunu, məramını tədricən dəyişir və “güclü” olmaq naminə “dağa”- Şövqi Şəfizadəyə söykənir... Amma o (Fuad Mehdiyev) da tənhadır, Anarın o biri qəhrəmanları kimi... Fəqət bir kənara çəkilib təkliyini yaşayanlardan deyil. Həyatın və “inkişafın” ən qaynar nöqtəsində çırpınan, özü ilə mübarizədə elə hey özünə uduzan qəhrəman... İnstitutda oxuyanda tələbə, Don Kixot romantikası ilə haqq, ədalət mübarizəsinə müəllimi, idealı Fuad Salahlının yolu ilə başlayır, amma sonda tam bu yolun tərsini gedir, Fuad Salahlının dostundan rəqibinə çevrilən Şövqü Şəfizadənin ən “nümunəvi” davamçısı olur. Onun atası Qurban müəllim Fuad Salahlının eyni olan bir adamdır. Fuad Mehdiyev Fuad Salahlı məsləkinə xəyanət etməklə həm də atasının yolundan, oğul kimi “gen daşıyıcılığı qanunu”ndan da çıxmış olur, sanki. Tam Şövqüləşir... “İkinci Fuad”dan “ikinci Şövqü”yə çevrilir. Çünki o, Şövqüdən çox şey əxz etmişdi ömrü boyu, ancaq əxz etdiyi ən vacib şey-dünənsiz yaşamağa öyrənməsi idi. “Elə yaşamağa ki, guya heç dünənki gün yerindən-dibindən olmayıb hər şey bax, bu gün səhər başlanıb...”

Anarın obrazlarının bir özəlliyi də ondadır ki, onların təkcə həyatında deyil, düşüncə, əqidə, yaşam tərzi və iradəsinin formalaşmasında da bir dinamiklik, kuliminasiya həddində partlayış yarada bilən çevrilmə, dəyişmə, dönmə nüansları müşahidə olunur. Fuad Mehdiyev obrazını yaratmaqla müəllif insanın özünün də xəbəri olmadan necə özünəxəyanət missiyasının daşıyıcısına çevrildiyinin anatomiyasını açır.

Fuad Mehdiyev tələbə olanda memarlıqla bağlı məruzə edir. Memarlıqda bir-biri ilə yola getməyən iki mütəxəssis, lider, nəzəriyyə, konsepsiya vardı. Biri həyatın nəbzini tutub axına qoşulan, məqsədi yolunda istənilən dəyərləri “incə-incə”, başqalarının sezə bilmədiyi bir ustalıqla ayaqlayıb keçən Şövqü Şəfizadə, o birisi isə öz sənətinə, müəllimliyinə və insanlığına ölən günə qədər sadiq qalan Fuad Salahlı... Fuad Mehdiyev Şövqünün əleyhinə, onu tənqid edən məruzəsi ilə institutda qalmaqal yaradır. İnstitut bir-birinə dəyir və onun bu cəsarəti “tələbə yekabaşlığı” kimi qəbul edilir. Hər halda rektor və dekan Zülfiqarov bu cür ad qoyur həmin davranışa. Amma Fuad Mehdiyevi elə Şövqü Şəfizadə özü “humanistlik” edərək onların “əlindən alır”. Evinə aparır, və çox ustalıqla bu mübariz tələbəni Fuad Salahlıya zidd mövqeyə gətirə bilir. “Balaca Fuad”ı – Mehdiyevi “xilas” edib, “Böyük Fuad”ı - Salahlını zərbə altında qoyur, ona bir “həyat dərsi” keçir... Və zaman gəlir ki, Şövqi Fuadın qaynatası olur və s.

Şövqünün çox dəqiqliklə hesablanmış addımı öz rəqibi Fuad Salahlını “vurmaq”la tamamlanır. (Fuad Salahlı bir müddətdən sonra “tələbələr arasında zərərli fikirlər təbliğ etdiyinə görə, müasir milli memarlığımıza xor baxıb nihilist münasibət bəslədiyinə görə, konstruktivizmə və Qərb memarlığına aludəçiliyinə görə” institutdan çıxarılır və 8 ay işsiz qalır).

Tale elə gətirir ki, Şövqi Fuad Salahlının dəfnində “dost” adıyla çıxış da edəsi olur. Ondan əvvəl isə Fuad Mehdiyev danışır. Tale elə gətirir ki, vaxtilə Fuad Salahlını işdən çıxaran rektor indi onun dəfn mərasimini təşkil edən komissiyada sədr olur. Tale elə gətirir ki, bu adamlar illərlə onlara mənəvi əziyyət verən bu vicdan etalonunu - Fuad Salahlını dəfn edərkən özlərində hətta bir yüngüllük, rahatlıq da hiss edəsi olurlar. “Tabuta qoyulmuş vicdan”ın başı üzərində çıxış edirlər, mikrafon belə dözmür bu saxtakarlığa, riyakarlığa, uğuldayır, xışıldayır, sözləri təhrif edir... “Bizim Fuad Salahlı, — deyə sözünə davam elədi, — lakin bu zaman mikrofon nədənsə ulamağa başladı — qulaqbatıran, aramsız, uzun, cingiltili bir səs yüksəldikcə yüksəldi. Vızbaş oğlan sıçrayıb mikrofonun yanına çıxdı, onu ora-bura hərlədi, qurdaladı, aşağı-yuxarı dartdı. Uğultu kəsildi, Şövqü nitqini davam elədi, amma indi də mikrofon onun sözlərini əks-səda kimi iki-üç dəfə təkrar edirdi: —Yoldaşlar... yoldaşlar... yoldaşlar... Fuad... Fuad... Fuad... Salahlının... Salahlının... Salahlının... xatirəsi... xatirəsi… xatirəsi... qəlbimizdə... qəlbimizdə... qəlbimizdə... həmişə... həmişə... həmişə... yaşayacaq... yaşayacaq... yacaq... yacaq...”

Fuad Mehdiyev qaynatası Şövqü Şəfizadənin hesabına vəzifə sahibi olub, başını qaşımağa belə macalı yoxdur. Görüşlər, tədbirlər, iclaslar və s. Fuad Mehdiyevin bir günü təsvir edilir. Əsərdə bütün obrazlar və hadisələr o bir günün içərisində bir insan beyninin mərkəz nöqtəsində təhlil edilir. Adamlar Fuad Mehdiyevin yaddaşından, xatirələrindən, nisgilindən və ağrısından boylanır. Adamlar üçün heç nəyin fərqi yoxdur, amma biz dəyişən, başqalaşan, özündən və doğmalarından çox-çox uzaqlara baş alıb gedən məmurlaşmış Fuad Mehdiyevin vicdanı üçün yükə çevrilmiş xatirələrin süjetini çözməyə çalışırıq. Fuad ölməli olduğu gecədən sağ çıxmışdı... Amma o gecəyə qədər ölmüşdü bəlkə? Fuad Salahlını Şövqü Şəfizadə ilə dəyişən günlərin birində?

Fuad bir günün içərisində neçə obrazda, neçə qiyafədə səhnəyə çııxır. Məsələn, xaricdən gələn qonaqları aeroportda qarşılayıb qonaqlıq masası arxasında otururlar və Fuadı tamada seçirlər. Onda Fuad: “Bu gün bizimçün çox sevincli bir gündür, — dedi. — Bizə qonaq gəlməyinizə çox şadıq. Bu badələri sizin şərəfinizə qaldırırıq” –deyir, bir neçə saatdan sonra isə: “Bu gün bizimçün çox kədərli bir gündür, — dedi. — Memarlığımıza ağır itki üz vermişdir. Görkəmli sənətkarlarımızdan biri, hörmətli müəllimimiz, istedadlı həmkarımız Fuad Salahlıdan həmişəlik ayrılırıq...”

Fuad Mehdiyevin bir gününə həsr olunmuş povestdə bir insan ömrünün paradoksallıqları, ziddiyyətləri, qalibiyyətləri və məğlubiyyətləri ifadə olunur. Fuad rəngsiz bir obrazdırmı? Axı onun portretini rəsm etmək mümkün olmur? Mənfi çalarlı, ya müsbət cizgilidir? Onun rəsminin ağ-qara tonlarını tapmaq çətindir. Onun bir günlük “görüləcək işlər siyahısı”nda da bu absurdluq öz ifadəsini tapır. Mexaniki gedişlərlə davranan, gününü saatlara, iclaslara, çıxışlara bölüb yaşayan Fuad axı hərdən, lap elə bəlkə daima həm də özünü tapmaqla məşğuldur? Onun gündəlik iş rejiminin siyahıya alınmış qrafikində bir “Öz-özümlə görüş” maddəsi də var axı... 20 ildən çox bir zaman ərzində itmiş adamı axtarmaq ehtirası, ağrısı şüuraltında gizli-gizli yaşamırmı? Əslində bütün əsər boyu Fuad Mehdiyev - müəlliminə öz “seçim” yanlışlığı ilə xəyanət edən bir fərari təsiri bağışlayırmı? Ya əksinə, xəyanət etmədiyini sübuta yetirməyə çalışan, təmizlənmə, katarsis prosesində özü ilə mübarizə aparan daha səmimi obrazdır?

Anarın tənha qəhrəmanları sırasında anlanılmayanlar, hətta qəbul edilməyənlər də var. Onlar çoxdur.. Az qala 40 ildir, ədəbiyyatımızda bir Təhminə obrazı müzakirə obyektinə çevrilib. Təhminəni obraz kimi yox, real şəxs kimi mühakimə edənlər, bəzən isə haqq qazandırıb sevənlər artıq nəsil-nəsil dəyişməkdədir. Bu əsər haqqında ədəbiyyatşünaslığımızda çox yazıldığı üçün diqqəti başqa bir əsərə yönəltmək istəyirəm.

Anarın son zamanlarda yazdığı və hardasa, bir az “Əlaqə” povestinin tələbə qəhrəmanı, bir az da “Macal” povestinin Fuad Mehdiyevini xatırladan Əhlimanın faciəsi, taleyi, düşüncələri, başına gələn sirli hadisələrin məzmunu ilə tanış oluruq. “Amma, bəlkə... bəlkə, yuxudu bu... Hamısı yuxudu, vahiməli yuxu... Qarabasma. Dədə Qorqud demiş, yuxu da kiçik ölümdü axı... Yuxudumu, ölümdümü? Gözlərimi qapayıram. Gözlərim qarşısında sarı, çərhayı, yaşıl dairələr. Dairə içində dairə, görünür, sonra uzaqlaşıb itirlər. Bəlkə, uzaq planetlərdir bu. Bəlkə, oralara uçuram. Uçuram, Bəlkə... bəl...”

Bunu “Əlaqə” əsərindəki tələbə oğlan demir, Anarın son illərdə yazdığı “Göz muncuğu” povestinin qəhrəmanı düşünür...

Əhliman şər simvolikasımıdır? Bəs ona Diri Baba nə üçün “Hörmüzd” deyə müraciət edir? Bəlkə çinlilərin xeyir və şər anlayışlarına münasibətinə əsaslanır bu yanaşma? Yəni “nə xeyirin tərəfində dur, nə şərin. Çünki onlar ikisi də bir şeydir. Yəni biri-birindən doğur”... Əhliman şər çalarlıdır, amma niyyəti və xisləti müsbətdir. Bəs onda niyə ona rast gələnlər uğursuzluğa düçar olur? Gözü, nəzəri daşı parçalayır az qala... Deməli, şər içində xeyir, qaranlıqda işıq, işıqda qaranlıq absurdluğu, həm də reallığı var. Klassik ədəbiyyatımızda və şərq fəlsəfəsində, eləcə də Sührəverdinin “İşraqiyyə” fəlsəfi nəzəriyyəsində bu barədə çox oxumuşdum vaxtilə... Qaranlıq olmasa işıq anlayışı təsəvvür belə edilməz. İşığı işıq edən elə qaranlıqlardır. Çirkinlik, eybəcərlik olmasa gözəllik meyarı çıxarmıdı ortaya?

“Əlaqə” povestindəki suallar davam edir. Zamansızlıq, məkansızlıq bozluğunda fikir azır, insan özünü itirir, dünən, bu gün, sabah yoxdur. Şər də yoxdur, xeyir də anlaşılmır. Zaman yoxdur, amma yaddaş var! Necə olur bu? Əhlimanın bütün pisliklər yaddaşına hopub. Hətta bədən yaddaşı da var. Atasının toqqa ilə vurduğu hissələr hələ də zol-zol qalıb, gör-gör göynəyir. Nəsibin mənəvi alçaltmaları şüuraltında sızıldayır. Amma bütün pisliklərin əvəzini gözü ilə çıxıb. Göz onun silahıdır. Heç nəyi nəzərindən yayındırmır göz. Beyinə ötürür. Beyin gözdən keçən hər şeyin haqq-hesabını aparır... Nəsib onu məktəbli olarkən alçaltmışdı, gözü onu qəzaya mübtəla etdi. Param-parça oldu. Qarşısına çıxan, ona mane olan hər kəs-şura üzvləri belə, hərəsi bir zavala gəldi və s. “Göz” bu əsərdə təkcə obraz kimi yox, yüzlərlə məqamda həm də sətiraltı mənaların açarı kimi açılır. Sözün hər iki mənasında... Göz açılır və insan içinə, dünəninə, yaddaşına, ətrafına boylana bilir.

Anarı bütün ömrü boyu düşündürən suallar burda həm geniş şəkildə verilmiş epiqraflarda, həm də onun müəllif təhkiyəsində izah olunur. Amma povest yenə sualla bitir. Hadisələr “Olubmu, olmayıbmı?”- mücərrədliyi ilə təsvir edilir. Yenə də başqa planetlərin, yad dünyaların qapısına göz dikilir. “Göz” ifadəsi bütün məna yükünün izahedici missiyasını öz üzərinə götürür. Bu göz onun öz varlığına, daxili dünyasına və ətrafına dikilir. Amma o gözün bir “yaddaşı” da var ki, o da ruhlar aləmi, o biri dünyalar, müəmmalı yuxular diyarında dolaşır.

Əhliman Əshabi-Kəf tilsimindən keçir. Adicə bir mağara ekskursiyası onu başqa zamana salır. Daha doğrusu, zamansızlığa. Küllün zərrəsi kimi hiss edir özünü. Və adamlar onu tanımır mağaradan çıxanda. Bu zaman mağaranın içərisində bir, çölündə isə başqa sürətləmi keçir? “- Salam, Mədət dayı, - dedim. Təəccüblə mənə baxdı: -Haçandan dayın oldum? Elə bir yaşda olarıq da. -Mədət deyilsən? -Mədətəm. Nə olsun? Sən kimsən? -Məni tanımadın? Bəs Möhsün hardadı? -Hansı Möhsün? -Necə yəni hansı Möhsün? Bayaq birlikdə gəlmədik bura? Bibin oğlu deyil Möhsün? Mədət qaş-qabağını salladı: Möhsün bibioğlu beş il bundan qabaq rəhmətə getdi. -Necə yəni rəhmətə getdi. Dəli olmusan? Məni dolamısan? Piyan deyilsən ki... -Piyan özünsən ki, belə-belə zarafatlar edirsən. -Sən Möhsünün dayısı Mədət deyilsən? -Dayısı mənim atam idi, o da bu il rəhmətə getdi”.

Əsərdə dini-fəlsəfi yozumlar, şərq və qərb alimlərinin, sufi mütəfəkkirlərin ibrətamiz fikirləri yer alıb. Mətndə publisistik üslub bədii intonasiyanı üstələyib. Daha doğrusu, müəllifin fəlsəfi suallara cavab arama iddiası bədii mətn mükəmməlliyinə xələl gətirib. Elə bil, Anar nə zamansa yazacağı elmi-publisistik məqalələr silsiləsinin materialını povest janrının qəlibinə yerləşdirib. Və bu yerləşdirmədə uduzan bədii mətn olub...

“Göz muncuğu” əsərində qoyulan sualların yaşı qədimdir, Anarın yaşından da qədim... Anarın 80 yaşı var. Onun 60 ilini yazıçılığa, 30 ilini AYB sədrliyinə və yenə yazıçılığa həsr edib... Anarın Azərbaycan mədəniyyətində özünəməxsus yeri var. Onun bədii, publisistik və elmi- ədəbiyyatşünaslıq fəaliyyəti əhəmiyyətlidir. Biz tələbə olanda onun “Nəsrin fəzası” adlı dəyərli araşdırmasını çox diqqətlə oxumuşdum. Anarın “Kitabi Dədə Qorqud”, M.Cəlil, Ü.Hacıbəyov sevgisi onu bizə bir az da doğmalaşdırır. Ssenariləri, dram yaradıcılığı, ictimai fəaliyyətinin böyük bir hissəsi də gözlərimiz qarşısında baş verib. 1980-ci illər təlatümündə Anarın bir ziyalı kimi mövqeyi, nüfuzu, xidmətləri danılmazdır. Anarın milli təəssübkeşliyi də rəğbət doğurur. Bütün prinsipial məsələlərdə bu mövqe aydınca görünür. Qeyri-prinsipial məsələlərdə də Anar dəyərləri qoruma mövqeyində olur. Məsələn, adicə Dədə Qorquda münasibət estetikasına diqqət edək. Anar Dədə Qorqud obrazından hətta bədii mətn, bədii üslub güzəştliliyindən belə istifadə edib postmodern oyunlarda onun obrazını gülünc durumda əks etdirməzdi (baxmayaraq ki, bədiilik prinsipi buna da icazə verir...). Necə ki “Dədə Qorqud” filmi ilə bunu ifadə etdi...

Amma mənim Anarla bağlı tam aydın olmayan təsəvvürlərim hələ də suallar doğmaqdadır...

Və məqaləmin bu məqamından etibarən Anarın yaradıcılığından ayrılmaq istəyirəm. Baxmayaraq ki, onun yaradıcılığı ilə bağlı daha irihəcmli məqalələr yazmaq olar və mən bu yazılarımda bir neçə əsərə müraciət etdim. Diqqət etdinizsə, dəyişən, tərəddüdlü, daxilən daima komplekslər yaşayan qəhrəmanların əks olunduğu nəsr nümunələrinə marağı yönəltdim. Bu siyahını da artırmaq olardı... Amma, amma burdan o yana “Anar” adlı bir roman haqqında bəhs etmək istəyirəm. Anar hekayələr, dramlar, romanlar, tənqidi məqalələr, memuarlar nələr, nələr yazdı... Anar həm də bu illər ərzində yazıldı. Bir cəmiyyətin roman qəhrəmanı kimi kitablaşdı. Bu kitabın səhifələrində hər şey eyni rəngdə deyil. Anar dramatik, kuliminativ, kontrastlı zaman keçidlərini bir az da faciə qəhrəmanı kimi yaşadı... 1960-cı illərdə ədəbiyyata R.Rza və N.Rəfibəylinin övladı kimi gəldi, ordan bir sirr dolu nağıl qəhrəmanı kimi çıxdı, 80 yaşına çatdı... 1938-ci ildə doğulmuşdu, qorxu, təşviş illərində... daha sonra o illər haqqında qorxulu, amma “sənədli” hekayələr eşidə-eşidə böyüdü. Həyatının böyük bir hissəsi repressiya suallarına, ata-anası haqqında yazılan qərəzli yazılara cavab verməklə keçdi, o illərin hadisələrini və adamlarını analiz etməklə həm də... Anar sosializmin dağılması prosesini nəinki gördü, həm də o prosesdə iştirak etdi. Anar sovet yazıçısından müstəqillik dövrü yazıçısına çevrildi. Qarabağ mübarizəsində, milli azadlıq hərəkatında öndə oldu. Tez-tez dəyişən dövlət başçılarının hamısı onu birmənalı olaraq qəbul etdi. Anar da onları... O zaman “Yaxşı padşahın nağılı” düşdü camaatın yadına... Millət vəkili, AYB sədri, komissiyalar, iclaslar sədri, mükafatlar, titullar sahibi oldu. “Macal” povesti düşdü hamının yadına... Anarın oxucuları çoxdur, onun yaradıcılığını sevənlər də... Bəs ona qarşı daima ayaqüstə olan qıcıqlandırıcı və qınayıcı qüvvələr hansı divarların arxasındadır? Gözdən salmaq, onun tutduğu yerləri bir-bir boşaltmaq marağında olanları qoyuruq bir kənara...

Biz Anardan nə istəyirdik? Biz-yəni, onun əsərlərini oxuya-oxuya müasir ədəbiyyatımıza marağı yaranan tələbələr... Biz-yəni, Anarı seçilən ziyalılar sırasında görən adamlar. Biz - yəni, Anarı yeni, müstəqillik dövrü ədəbi prosesində prinsipial mövqeyi ilə mücadilədə olacaq biri kimi görmək istəyən insanlar...

Anar 30 il AYB sədri oldu, bəlkə hələ nə qədər də olacaq... AYB zamanın ədəbi ruhuna yad bir mühit kimi susqun, “sözəbaxan”, divarlarında repressiya qurbanları və repressiya ittihamçılarının şəkilləri qoşa asılan qurum statusundan çıxmadı. AYB müstəqil, başqa “ədəbi məmur” idarəetməsində olan təşkilatlardan fərqlənmədi... Ədəbi mətbuatı da həmçinin... Anar Şövqü Şəfizadənin dediyi kimi “güclü olmaq”, daima “ayaqda qalmaq” yolunumu seçdi? “Rəqiblər sevinməsin” – prinsipini? Bəs biz? Bir millət, xalq, cəmiyyət kimi dara düşəndə gözü ziyalılarının, sevilən şəxsiyyətlərinin üzündə olan adamların rəğbəti, münasibəti önəmli deyildimi? Axı millətin səsi olmaq etimadı hər kəsə nəsib olmur. Bax, bu etimad üçün narahat olmaq lazım idi... Hərdən mənə elə gəlir ki, Anar küsdü... Onu qısqanan dostlardan, “satan” həmkarlardan... İntriqaçı ədəbi başçıların acığına “güclü olmaq, güclü qalmaq” istədi..

Amma bir məsəl var. Uman yerdən küsərlər... Anardan həmişə ummuşuq... Bir cəmiyyət, elmi-ədəbi mühit adamları olaraq dramatik situasiyalarda onun mövqeyi düşündürüb çox adamları... Bütün aqressiyaların səbəbini də məhz bu güvənlə bağlayıram. Biz Anarı bir yazıçı kimi yenə də sevirik, yenə də oxuyacağıq, oxunacaq! Onun haqqındakı mübahisələrdə həmişə təkrarladığım bir fikri xatırladıram: “Dantenin yubileyi” əsərinin müəllifini qəbul etməmək ədəbiyyatı sevməməyə bərabərdir!”

80 yaşınız mübarək, Anar müəllim!

SON

07.03.2018

# 1828 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #