Səni bütün yerlərindən tanıyıram – Orxan Bahadırsoydan Yeni Şeirlər

Səni bütün yerlərindən tanıyıram – Orxan Bahadırsoydan Yeni Şeirlər
24 iyul 2018
# 11:30

Kulis.az Orxan Bahadırsoyun yeni şeirlərini təqdim edir.

Yol gözləyən

Gözləmə, yol gözləyən,
yollar adamsız gəlir.
Üstünə kabus olub,
qollar adamsız gəlir.

Hərdən işıqlar sönür,
enir sonuncu pərdə.
Hərdən də Allah kimi,
nə göydəsən, nə yerdə.

Bu zəhər ümid ki var,
hər zülümdən çətindir.
Ümidi ölmüş yetim,
nə bəxtəvər yetimdir!

Gözləmə, yol gözləyən,
yollar iz də saxlamır.
Yollar gətirdiyini
alır, bizdə saxlamır.

Hər gedənin yerinə
başqa biri gəldisə,
ayrılığın ünvanı
sonuncu mənzildisə.

ölənlərə düşən pay
bir anlıq sükutdusa,
bütün gedənlər səni
rahatca unutdusa.

gözləmə, yol gözləyən,
göz yolunda yağışdı.
Yollara düşüb qalan
gözlərini yığışdır!

Son tamaşa

Xəyalını çək başımdan, həyatım,
hicrandandı bu darağın dişləri.
Təzə eşqə qalmayıb ki, taqətim,
tərgitmişəm daha bütün eşqləri.

Bir mahnı var: səsin kimi həzindi.
Dinləyirəm, dərddi, qəmdi, hüzndü.
Soruşdular: - nədəndi bu üzüntü?
Dedim: - onu boş ver, könül işləri...

Mən ki sevib, bir büt kimi öpürəm...
Allah şərik istəmir ki! Bilirəm!
Hərəyə bir sevda düşür ömürdən,
mənə çıxır ayrılığın püşkləri...

Bu ömürdə yer qalmayıb sənə, yar!
Bu taledən özümü də atırlar!
Eşitsən bir başqa ömrə bilet var,
xəbər elə, gəzim bütün köşkləri.

Çıx fikrimdən, dincliyimə dəymə də!
Bu sevdanın qapısını döymə də!
Gözləyirəm bu qaranlıq səhnədə,
başlayır son tamaşamın məşqləri!

Elə çıxıb gedərəm...

Ağrıyan ürək deyil,
ağrıyan könüldüye.
Doğulmayan ümidlər
bətnimdəcə öldüye.

Köməyə gəlmədi ki,
çağırdığım tanrılar,
Könlümdən ruhumacan
yoluxdu bu ağrılar.

Özümə dönük çıxdım,
ruhuma xəcil oldum.
Qaçıb öz taleyimdən
sənə mühacir oldum.

Bu qapıda gördüyüm
bir yığın nifrət oldu.
İlk və son sözün mənə,
"qayıt, get, yaxşı yol"du?

Mənə "yaxşı yol" demə,
ya qalmağımı istə,
ya səndən getmək üçün
ən yaxşı yolu göstər.

Belə də ki, asandı,
get deyirsən, gedim də.
Sözümü yaddan çıxar,
bir söz idi, dedim də.

Yolsuz, cığırsız da mən
gedərəm, dərd eləmə.
Min yaxşı yol taparam,
döşəyərəm önümə.

Sən yox idin, ölmədim,
olmasan, ölmərəm ki.
Bundan sonra yalvarıb
çağırsan, gəlmərəm ki.

Elə çıxıb gedərəm,
yuxuda görməzsəne.
Sən Allahı ölümlə
qorxuda bilməzsəne.

Allah, səndən iraq-iraq

Allah, mənə yaraşmadı,
gendi xoşbəxtlik əynimə.
Mənə bir qarış əzab ver,
ver atım e, öz çiynimə.

Deyirlər ki, yaradanlar
dərdlə yaşayır həyatı.
Allah, sən nə əzab çəkib
yaratdın bu kainatı?

Məqsəd nəydi? Məram nəydi?
Tənhalıqdan başmı qatdın?
Ruhun tək olmasın deyə,
bunca yaradan yaratdın?

Ömür bilinməyən yüksək -
hara qalxaq nərdivanı?
Necə qalxaq əzik-üzük,
sınıq-salxaq nərdivanı?

Biz burda daş-divarlara
yazırıq öz dərdimizi!
Sən göylərin divarına
yazıb-çizirsənmi bizi?

Dayanmağa səbrim yoxdu,
Allah, yeridim, yeridim.
Çək göylərin soyuğuna
məni, çürüdüm, çürüdüm.

Sənə gətirən yolların
biri yaxın, biri uzaq.
Sancılanıb dualarım,
Allah, səndən iraq-iraq.

Başqa adam

Yaddaşımda sancı verər əzgilər,
içimdə bir ruh ağlayar, üz gülər.
Daha mənə tanış gəlmir güzgülər,
- güzgülərdən baxan başqa adamdı.

Vəd edirəm öz-özümlə görüşə,
gözləyirəm üfüqlərdən gün düşə.
Eyni olmur nə o yorğan, nə döşək,
- döşək başqa, yorğan başqa adamdı.

Məndə səni unutmağa güc hanı?
Çəkirəm də bu bitməyən hicranı.
Ölsəm əgər üzülmə də, sən canın,
- canım məndən çıxan başqa adamdı.

Sinəmdəki bər-bəzəkli yerdə qal!
Xatirəmdə necə qaldın? Bir də qal!
Görüm səni mənim kimi dərdə qal,
- dərdə qal ki, Orxan başqa adamdı.

Əllərinlə təyəmmüm

Ömrün sonu ölümdü,
gəl, səni görüm, gedim.
Gəl, sənin əllərinlə
alım təyəmmüm, gedim.

Sinən üstə yoxuş var,
saçlarında uçurum.
Bu çərpələng ruhumu
hansı səmtə uçurum?

Bu sərsəri ömür də
yük oldu öz çiynimə.
Səssizliyimə səs ver,
ümidimi çeynəmə!

Bir mehriban adamdım,
uyuşmuram heç nəyə.
Qollarından o yana
bir yer göstər keçməyə.

Mən hər günaha batdım,
axı sənə nə vardı?
Məktub yazdım Allaha,
verdim, çaylar apardı.

Sular yumağa yetməz
bu taleyin çirkini.
Sənsən son ümid yerim,
saxlamışam sirr kimi.

Gəl, sənin əllərinlə
alım təyəmmüm, gedim.
Gəl, barı son nəfəsdə
gözəl görünüm, gedim.

Necədi

Nə fikrimi soruşur, nə də ki, istəyimi,
hara gedirəm gəlir, dəlidi də bu sevda.
Gəlişi də zülümdü, gedişi də zülümdü,
hər halından axırı bəllidi də bu sevda.

Yolaram kirpiyimin şeh tutan tellərini,
düzərəm tikan kimi yollarına, bilərsən!
Öldürüb bu sevdanı, nəşinə kəfən büküb,
sərərəm balan kimi qollarına, bilərsən!

Sevin e, hər gün sevin, sevənin var, ay yazıq!
Sevmərəm, Allah səndən əlin üzdü, deyərlər.
Elə unudularsan, elə tənhalaşarsan,
hər bayram nəzir verib, kimsəsizdi, deyərlər!

Çevrilər xəyalların, yuxuların kabusa,
halına baxan kimi ağlayarlar həkimlər.
Tutarlar qollarından, göy xalat geyindirib
əllərini belində bağlayarlar həkimlər.

Hərdən qurumuş dilin çağıracaq adımı,
onda nə mən olaram, nə də sevdam, necədi?
Ağlına sükut verən iynələrin diliylə,
deyərsən məni sevən həmin adam necədi?

Hərdən elə olur ki…

Hərdən elə olur ki...

Səsinə diksinirəm,
quşun, pişiyin, itin.
Hərdən yaşamağa da
çatmır səbrim, taqətim.

Bütün xoşbəxtliklərə
pəncərədən baxıram.
Döyülməyən qapımın
sükutundan qorxuram.

Hərdən elə olur ki...

İstəyirəm gələsən,
gələsən bircə dəfə.
Təkcə qarışqaların
xoşbəxt olduğu evə.

İstəyirəm görəsən,
görəsən ömür nədi.
Sənin yıxdığın evi,
heç kim qura bilmədi.

Hərdən elə olur ki...

Ovuluram divardan
tökülən əhənglərə...
Adını pıçıldayır
səsim bütün zənglərə.

Qollarımda yurd salan
ətrinə göynəyirəm.
Dadına doyum deyə,
qolumu çeynəyirəm.

Hərdən elə olur ki...
Elə olur ki, hərdən...
Gah hirsimdən coşuram,
gah düşürəm təhərdən.

Bilsəm

Bilsəm başqa yerdə mümkündü bu eşq,
mən bu yaşayışdan əl də çəkərdim.
Sürünüb, sürünüb sənə gəlməyə,
yırtıb dizlərimi qan da tökərdim.

Axı sağalmayan yara qaşınmaz,
qarışqa olmasan, hər yük daşınmaz.
Əzizim, belə də ömür yaşanmaz,
sənin ətəyində şah da nökərdi.

Bu kimsəsiz qalan köçə günahkar,
gündüz günahkardı, gecə günahkar...
Bu şəhər, məhəllə, küçə günahkar,
gəlsən, rəhmin üçün diz də çökərdi.

Dərdinə yoluxmuş adam sənindi...
Kəndirim əlində, edam sənindi...
Bütün gedənlərə vidam sənindi,
ciyər ciyərdi də, digər digərdi!

Çəkib əllərini Allah da məndən,
savab da məndəndi, günah da məndən.
Sənə son xatirə - bir ah da məndən,
getdin, uzaqlığın ipimi gərdi.

Tanıyıram

Səni şərab nəfəsindən,
səni tütün əllərindən,
səni bütün yerlərindən
tanıyıram.

Tanıyıram saçlarının qoxusunu,
barmağının süd dadını,
gözlərinin ovsununu,
sözlərinin inadını
tanıyıram.

Səni məğrur baxışından,
yerişindən, duruşundan,
cənnət kimi ağuşundan
tanıyıram.

Tanıyıram dodağının istisini,
qucağının alovunu,
sığalını, öpüşünü,
nəfəsinin od səsini,
yanağının atəşini
tanıyıram.

Unutmaram, gözəl adam,
səni bütün tanışlardan soruşaram.
Soruşaram, gözəl adam,
evimin sənsizliyinə
hər gün səndən danışıram.

İndi mənim taleyimdə
yoxsan, amma xatirən
mənimlə hər yerdədir.
İndi mənim yaşayışımda
təklik mənsubiyyətdə,
sənsizlik məsdərdədir.

Hər şey ölüm deyil ki…

Cəhənnəmdir tənhalıq,
yandırmaz ki, üşüdər.
Qışqırarsan, səsini
nə göy, nə yer eşidər.

Elə soyuqlayarsan
çürüyər içalatın.
Əsərsən küləyinə
bir avara həyatın.

Vitamin se, kompress,
nanəcövhər, siroplar...
Görərsən ki, qoxundan
həşəratlar qaçıblar.

Masa üstə səpilən
yod, spirt, tör-töküntü.
Ruhunu parçalayar
içindəki söküntü.

Qalanan ocaqların
sənə düşüb yekəsi.
Pərdələrdə rəqs edər
öz tüstünün kölgəsi.

Pəncərələr istidən
çat-çat olar, tökülər.
Sən elə üşüyərsən,
qəddin, belin bükülər.

Yenə ümid et, adam,
hər şey ölüm deyil ki.
Səksənin qırxa təzyiq,
temperatur qırx iki.

Ümid boşboğazlığı

Özümlə danışıram, yastığım gülür mənə.
Baxıram güzgülərə, yazığım gəlir mənə.
Bu elə bir oddu ki, yanır min ildi, sönmür.
Alovu da görünmür, tüstüsü də görünmür.


Bu yanğı öldürmədi, yoxluğun öldürmədi,
məni öldürmək üçün əzrayıl nə karədi?
Bu ömrün ipi uzun... ucu kimin əlində?
Axsayan bir it oldu, o hakimin əlində!


Tökdüm ətəklərimdən bu ömrün daşlarını.
Daradım saçlarımı, oxşadım qaşlarımı.
Üzümün qırışını ənlik-kirşanla örtdüm.
Dodağımın çatına rəngbərəng boya sürtdüm.


Öpdüm öz əllərimdən, öpdüm öz dizlərimdən.
Mənə qayıtmaq üçün tutdum öz izlərimdən.
Ruhuma ən yad olan qucaqlarda ovundum,
Hər gecəyə bir ovuc bəxşiş oldu ovuntum.


Nə axmaq təsəllidi, belə bitərmiş adam.
Özünü öz əliylə edam edərmiş adam.
Mənəm hələ səbr edən, mənəm hələ gözləyən.
Özümdən bezdirdiyim bir ruhu əzizləyən.


Gəlməyinçün önünə yoltək sərilən mənəm.
Mən o sənin gördüyün həmin səfiləm! Mənəm!
Hər səni düşünəndə "gələr" dedi ümidim.
Aldandım bu ümidə, gəlməzdin ki, əmindim.


Gözlədim, ha gözlədim, gəlmədin yenə, gördük!
Ümid də "səbr et" deyir, nə danışır bu sürtük?

İlahi

Mən düşdüyüm bu çuxurdan
necə çıxım, İlahi?
Bəs səni görməkdən ötrü
hara baxım, İlahi?

Bir ömürdü sürüdüyüm,
daha bəsdi çürüdüyüm.
Bəxtimə vurduğun düyün
nədir axı, İlahi?

Sevdalar uzaqda qaldı,
saçlarım daraqda qaldı.
De görüm, nə vaxta qaldı
yaşamağım, İlahi?

İndi bir yükdü bu tale,
məndən böyükdü bu tale.
Zəhləmi tökdü bu tale,
necə yığım, İlahi?

Qaçdım bu bəndin əlindən,
min cürə fəndin əlindən,
tutub bir kəndir əlindən,
gəldim axır, İlahi!

Hər şeyin intəhası

Məni qara torpaqdan
yığıb-yaratdı tanrı.
Azacıq can verməyi
unutdu, intəhası...

Mən sənə sarılardım,
mən səni sevərdim e,
bütün sevən yerlərim
buz tutdu, intəhası...

Gözlərim qırpılmadı,
dodağım tərpənmədi,
əllər üzü qibləyə
qunutdu, intəhası...

Bu torpaq vücudumun
üstündə bağça saldım,
səndən əvvəl bir xəzan
qurutdu, intəhası...

Bir kül rəngli heykələm,
dayanmışam yerimdə.
Gəl, hərdən bir şəkil çək,
sübutdu, intəhası...

Əllərimin sən yeri
göynəyir göyüm-göyüm.
İçimdəki boşluğun
məsuddu, intəhası.

Daha sənə deməyə
bir "salam", "sağ ol" da yox.
Bundan sonra hər şeyin
sükutdu intəhası.

# 3197 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #