Bu evdə kimsəyə yük olmamağa çalışırdım – BİRCƏNİN ROMANI   

<b>Bu evdə kimsəyə yük olmamağa çalışırdım – <span style="color:red;">BİRCƏNİN ROMANI    </b>
11 may 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Eminin ilinə az qalmış qaynanamla aramız yenə sərinləmişdi. Diləyə gələn qonum-qonşunun üstündə tez-tez üz-göz olurduq. Biri çörək üzlüyü üçün yumurta istəyirdi, biri ağartıya gəlirdi – Zöhrə xala hamını əliboş qaytarırdı. Özümlə bacarmırdım, oğurlayıb verirdim. Üstü açılanda qaynanam günümü göy əsgiyə düyürdü.

Bir dəfə gecə yarısı Mahmud əminin qonşuluqda yaşayan bacısının nəvəsi nədənsə zəhərlənmişdi. Uşağın anası başılovlu, gözüyaşlı qatığa gəldi. Qaynanam pəhsinib-eləmədən yox dedi. Gözüm kəlləmə çıxdı:

- Axı hamı bilir bizim beş inəyimiz sağılır, niyə qatıq vermədin arvada?

Zöhrə xala acıqlı-acıqlı üzümə baxıb:

- Mənə cip-cip öyrətmə, - dedi, - gecə vaxtı evdən ağartı çıxarmaq mənim ocağıma düşmür. Bir də o, gün uzunu oğlanlarını yüyrüyə qoyub yüyrüyür, qoymur əllərini ağdan-qaraya vursunlar, amma mənimki gecə-gündüz çöllərdədi. Vermirəm.

Yenə dayana bilmədim, otağımın pəncərəsindən hoppanıb özümü verdim ərzaq saxladığımız dama, iri bidonlara yığılmış qatıqdan bir abgərdən götürüb çaparaq qonşuya verib qayıtdım. Səhəri qaynanam duyuq düşdü, üzümə demədiyi söz qalmadı. Heç demə qatıq qabdan süzülüb bidonun üstünə axıbmış, qaranlıqda görməmişəm. Arvad oğurluğumdan xəbər tutan kimi əliqılınclı kəsdirdi başımın üstünü:

- Özünü xalxın yanında şirin salırsan? Mənim adımı pisə çıxarıb özünə hörmət qazanırsan?

Danmaq istəyəndə bidonun ağzından üzü aşağı sallanan nazik ağ cığıra barmağını tuşutdu:

- Korsan, bəs bu nədi?

Başımı aşağı salıb dillənmədim. Üstündən ikicə gün ötmüş qapımızın ən gözəgəlimli, bol südlü inəyi Muncuq yoncadan köpüb şar kimi üfürüldü. Kəndin baytarı gəlib inəyin qarnını iti neştərlə yırtdı, yırtıq yerə uzun yaş qarğı taxdı. Ancaq heyvanın sağalacağına boyun olmadı. İri anaş inək qapıda əriyib çöpə döndükcə Zöhrə xala məni itdən alıb itə verirdi:

- Gördüüün? Dedim axı gecə vaxtı ağartı vermək mənə düşmür! Dağarcıq çuvaldan böyük olub, ilin-günün bu vaxtı halal malım qapıda mor oldu.

Ancaq Muncuğun üzü bərkmiş – ölmədi, məni töhmətdən qurtardı.

***

Bundan az sonra bir məsələ də qaynanamla aramıza nifaq saldı. Yaxın kəndlərin birində əri ölüb iki uşaqla qalan gəlini evdəki subay qaynına almışdılar. Bu əhvalat mahala ildırım sürətiylə yayılmışdı, hər yerdə müzakirə olunurdu; bu evliliyi qınayan da vardı, o gəlinə, onun qaynına bəraət verən də.

Bir gün yenə Zöhrə xalanı çimizdirdim, dırnaqlarını tutdum, saçını darayıb yığdım, ehmalca qoluna girib aparıb yerinə uzandıranda arvad əlimdən tutdu:

- Eşitdin də, qaynata gəlinin evdən çıxmağına razı olmadı. Gör necə ağıllı iş tutdular.

- Eşitdim, bunun nəyi ağıllıdı?

- Neyləməliydi, tifillərini atalıq əlinə verməliydi?

- Nə vacibdi atalıq? Ana özü baxaydı da uşaqlarına.

- Dünyanın işini nə bilmək olar? Nə yaşın var ki, yəqin bir vaxt sən də ailə quracaqsan. Yenə şükür, qızın olmadı, oğlan doğdun.

- Qız olsa nolasıydı?

- Qız olsaydı atalığı pis gözlə baxardı.

Az qaldı arvadın dilini çəkib boğazından çıxaram.

- Siz hardan bilirsiz mən yenə ailə quracam?

- Qurmayıb neyləyəcəksən, sənin tayların hələ ərə getməyib.

Güllü yorğanla Zöhrə xalanın üstünü basdıra-basdıra dedim:

- Ərdən nə gördüm ki, onu bir də arzulayam?

Qaynanam dediyimə məhəl qoymadan yorğanı başına çəkdi:

- Mən istəyirəm böyüklərinlə danışam, sən heç bu evdən çıxmayasan. Uşağın yad əllərə düşməsin, olanımız da sənə qalsın.

- Hara çıxıram, oturmuşam da yanınızda, nəyiniz var verin.

Arvad ürəkləndi:

- Yox ey, deyirəm bəlkə səni elə Elgizlə evləndirək?..

Dostum, sinəmin altında ürəyim üşüdü; dizim, dilim, kürəyim yox ey, ürəyim üşüdü. Yorğanı hirslə arvadın üstünə atıb qapıları taybatay aça-aça eşiyə çıxdım. Pilləkənin başında üz-gözümə hava dəydi, bir az toxtadım. Birdən gözüm qapının cəhəngindəki baltaya sataşdı. Baltanı qapıb qapıları arxamca örtə-örtə geri qayıtdım, dəmir çarpayının ortasında oturub gözləriylə gülən qaynanama yaxınlaşdım. Dinməzcə çölə çıxmağımı razılıq kimi başa düşən arvad ağappaq ağardı. Baltanı onun gözünün qabağında əsdirib:

- Bunu görürsən, - dedim, - bayaqkı sözü bir də dilinə gətirsən bax bu baltayla sənin başını üzəcəm! Onsuz da bezmişəm, onsuz da həyatım irin-qana dönüb. Bir Caviddi, onu da qardaşlarım saxlayacaq. O sözü bir də təkrarlasan, aparıb lotu mollaya verdiyin o Quran haqqı səni doğrayıb türməyə gedəcəm!

Əlimdəki baltaya, mənim qırımıma bir xeyli mat-mat baxandan sonra qaynanamın keyi açıldı:

- Az, yaxşı, yaxşı, qələt eləmədik, apar əlindəkini tulla çölə, demərəm bir də. Pis eləmədim ha, dedim sən də yazıqsan, kim bilir neçə qapıdan baş təpəcəksən... Yox, öldürərsən, sən adam da öldürərsən.

- Qapılardan qızın, bacıların, bacın qızları baş təpsin! İl çıxandan sonra məni burda görməyəcəksən, - deyib həyətdə uşaqlarla oynayan Cavidin üstünə yüyürdüm, onu bağrıma basıb qoxladım.

Qaynanamın dediyini xəyalımda canlandırdıqca, oğlumu atalıq əlində əsir-yesir, boynuburuq gözümün qabağına gətirdikcə dizlərim titrəyirdi. Yox, mən dünya dağıla bircə balama qarşı belə dönüklük eləməzdim. Heç vaxt! Heç vaxt!! Heç vaxt!!!

***

Eminin ili çıxandan bir həftə sonra Aqil Cavidlə məni Bakıya apardı. Ərim öləndən bir yol atamgilə getmişdim, bir yol da Səməndərgilə, vəssalam. Bunlardan başqa bu bir ildə heç yana çıxmamışdıq.

Aqilə dedim:

- Gəlmişkən gedək bizim evə də baxaq, Allah bilir indi nə gündədi.

Aqil hər dəfə bir bəhanəylə məni yubadırdı. Deməyəsən Emin ölən kimi qaynım Akif ailəsiylə köçübmüş bizim evə. Qardaşlarıma da xəbər göndəribmiş ki: “Gəlin Bircənin cer-cehizini aparın, qaynanamla yola getmirəm, hələlik burda yaşayacağıq”. Qardaşlarım da mənim cehizlərimin xeyli hissəsini gətirib yığıbmışlar atamın çoxdan aldığı həyət evinə.

Bu xəbər Eminin ölümü qədər gözlənməz oldu mənə. Pərtliyimi, çarəsizliyimi sezən Aqil:

- Pis olma, - dedi, - neylirsən o evi, heç sənə düşərli də olmadı. Gözünü çək ordan, inşallah məsləhətləşib özümüz bir yuva qurarıq sənə.

Dözəmmədim, səhəri Aqil işə gedən kimi birbaşa yollandım evimə. Zəngi basdım, qapını rus eltim açdı, ancaq kandardan çəkilmədi:

- Bircə, incimə, Akif tapşırıb sizinkilərdən heç kimi içəri buraxmayım.

- Mən nə sizinkilərdənəm, nə də bizimkilərdən, - dedim, - mənim cehizim bu evə yığılıb, bura mənim evimdi.

Qadını kənara itələyib içəri keçdim. Eltim evi öz əşyalarıyla bəzəmişdi. Küncdəki pianinonun üstünə isə mənim iri, bahalı vazlarımı yığmışdılar. Hər gələndə qulluğunda durduğum, gözümün yağını yedirtdiyim qadın indi mənə qanlısı kimi baxırdı. Evin hər bucağını diqqətlə, həm də lal heyrətlə gözdən keçirdiyimi görən eltim mənim sualımı gözləmədi:

- Mama (Zöhrə xalanı deyirdi) özü belə məsləhət bildi, açarları da özü verdi.

Elə bildim əmgəyimə guppul vurdular:

- Mənim niyə xəbərim yoxdu?

- Sənlik nə var ki burda?

- Bəs mən uşağımla harda yaşayım?

- Sənə atan, qardaşların ev alsınlar. Ərə gedəcəksən, kim bu evi sənə verər ki, sən də gəlib ərinlə burda yaşayasan.

Əlim-ayağım əsirdi, bu ləçəri yerə yıxıb sinəsinə çökməkdən özümü güclə saxlayırdım. Hirsimi-hikkəmi yelə vermək üçün mətbəxdən eyvana çıxdım. Bir ucu balkona, o biri ucu küçədəki dirəyə bağlanmış ipdən Eminin köynəkləri, tumanları yuyulub asılmışdı. Bunu görəndə səksəndim, dinməzcə balaca mətbəx stuluna çökdüm.

Eminin qırxı çıxandan sonra baldızım, qaynanam onun altlı-üstlü bütün paltarlarını yığıb qaynıma vermişdilər ki, gətirib öz evimizdən assın. Demək, mən ev davalayıram, busa mənim ərimin paltarlarını yuyub havaya verir! Gəlinə qarşı qəzəbli olduğuma, onunla kobud davrandığıma görə utanıb yerə girdim.

Akif işdən gələnəcən mətbəxdə oturdum. Eltim mənə çay da təklif eləmədi. Qapı döyülüb qaynım içəri girəndə hər şey mənə aydın oldu. O, üzünü bəri çevirənə qədər elə bildim ərim dirilib qayıdıb: Akifin əynində nə vardısa hamısı Emindən qalmaydı, hətta belindəki kəmər də. Emin yaxşı geyinib-kecinməyi çox xoşlayardı, getdiyi ölkələrdən həmişə dəbli, bahalı pal-paltarla qayıdardı.

Qaynım ona heyrətlə baxdığımı görəndə mənə dilucu xoşgəldin eləyib özünü verdi yataq otağına. Qayıdıb eyvandan küçəyə uzanan şəridin üstündəki yaş paltarları gözümlə yenə sanadım; ipdən asılı paltarlar indi gözümə çarmıxa çəkilmiş əzabkeşlər kimi görünürdü. Akif əynini dəyişənəcən pianinonun üstündəki vazlardan ikisini qoltuğuma vurub evdən çıxdım.

Təndir kimi yanan asfaltın istisi üzümü qarsdıqca, bir-birinin dərdindən xəbərsiz şəhər adamları yanımdan laqeyd-laqeyd ötüb keçdikcə ağlamaq tuturdu məni. Bir yuvam, bir sığınacağım olmaya-olmaya təkcə qollarıma yox, ürəyimə də ağırlıq eləyən bu vazları bu istidə nə deyib daşıyırdım mən ağılsız, hara aparırdım? Bu halımla sürünü selə verib axsaq keçiylə geri dönən çoban kimiydim.

Əprimiş, suyu süzülmüş canıma mərhəmət qarışıq heyrətlə baxan qardaşlarıma bircə bunu deyə bildim:

- O alçaq Eminin bütün paltarlarını geyinib.

Hakim uzun sükutdan sonra handan-hana dilləndi:

- Halaldı kişinin oğluna, gör nə böyük ürəyi var! Geyinə bilir qoy geyinsin, bundan bizə nə? Elə düz eləyir, qalacaqdın o paltarların əlində, nə atmağa ürəyin gələcəkdi, nə kiməsə verməyə. Qoy elə qardaşı geyinsin...

***

Aqil həm mənə, həm də Cavidə bahalı geyim-kecim, çoxlu şirniyyat, ərzaq alıb Hakimin maşınıyla bizi kəndə yola saldı. Qardaşım həmişə olduğu kimi Zöhrə xalanı, Maralı da unutmamışdı, onların da hər birinə ayrıca pay tutulmuşdu. Bir dolu maşınla geri qayıdırdıq. Yol boyu Hakim məni dilə tuturdu ki, evə görə Zöhrə xalaya heç nə deməyim:

- Ay bacı, mal-mülk onlarındı, bizim ixtiyarımız yoxdu o işlərə qarışmağa. Qoy necə istəyirlər elə də barınsınlar. Evi Emin almışdı, indi də Akif yiyələnib, indən sonra bizim qarışmağa haqqımız yoxdu.

- Bəs mən haqqımı kimdən istəyim? Bəs Cavid, onun da haqqı çatmır atasının mülkünə?

Hakim maşının güzgüsündən gözünü gözümə zillədi:

- Qoy görək böyüklərimiz nəyi məsləhət bilirlər. Məndən olsa daha sənin orda qalmağının bir mənası yoxdu.

Oyuncaqlarını qucağına yığıb, nənəsinə çatası torbanı bir qoluyla bərk-bərk qucaqlamış Cavid də bu yerdə söhbətə qarışdı:

- Mən heç hara getməyəcəm, nənəmlə qalacam.

Hakim yenə güzgüdən mənə baxdı:

- Bu meymuna görə sən hələ bir az da orda qalmalısan. Görək Allah nə vaxt bunun ürəyinə mehir salacaq, nə vaxt bu bizə isinişəcək.

Cavid əlindəki oyuncağı sinəsinə sıxıb qışqırdı:

- Mən meymun deyiləm, mən Cavidəm!

Bacı-qardaş yenə güzgüdə baxışıb yüngülcə qımışdıq...

Hakim məni qaynanama təhvil verib atamgilə getdi. Ona verdiyim sözə bir müddət əməl elədim, amma ürəyim partlayırdı, hər saat dava salmaq istəyirdim. Mənə evin əlimizdən həyasızcasına alınmasından da çox Akifin özündən neçə yaş kiçik nakam qardaşının paltarlarını geyinib elə rahat-rahat, arsız-arsız gəzməyi yer eləmişdi. Mənə elə gəlirdi Zöhrə xala bunu bilsə topal ayaqlarıyla düz Bakıya, Akifin üstünə hücum çəkəcək, o evi də, o paltarları da oda qalayacaq.

Bilməyinə bildi, ancaq arvadın əvvəlki halı-hökmü qalmamışdı. Ağladı, sızladı, saçını yoldu, üzünü cırdı, sonra da:

- Görüm onun paltarını geyinən Eminin getdiyi yolla getsin, - dedi.

***

Mahmud əminin bizə qonşu bacısının bir gözəl qız nəvəsi vardı. Emin öləndən bəri o qız bu evdə mənə dost, bacı, həmdəm olmuşdu. Xasiyyəti o qədər ürəyimə yatmışdı ki, hətta bir ara onu Hakimə almaq istəyirdim. Di gəl, Zöhrə xala işi burdu, əsassız söz-söhbətlə aranı pozdu. Qatığı da evdən o qızın qardaşı üçün oğurlayıb vermişdim.

Biz Bakıdan qayıdandan bəri Sevda tez-tez məni yanlayıb soruşurdu:

- Bircə, il də çıxdı, indi fikrin nədi, burda qalacaqsan?

Siftə-siftə əhəmiyyət vermirdim, düşünürdüm yəqin özünə görə soruşur, çünki həmişə mənə belə deyirdi: “Üzüm-gözüm sənə necə öyrəşibsə bilmirəm burda olmasan neylərəm”.

Bir gün o yenə həmin sualı verəndə mən üzümü bozartdım:

- Qocalıb ölənə kimi burda qalacam. Nolub, niyə hər gün bunu məndən soruşursan?

Qız iri yaşıl gözlərini məndən gizləməyə çalışdı. Mən səsimi bir az da qaldıranda başladı ağlamağa:

- Bircə, qurbanın olum, məndən küsmə. Nərgiz canımı boğazıma yığıb, o maraqlanır, o soruşur.

Baxışlarım Sevdanın gözlərini pəncərə kimi çilikləyib qızın içinə işlədi:

- Nərgiz kimdi?

- Elgizin nişanlısı.

Qıjıltıyla axıb gedən arxın yaxasına çökdüm:

- Onun nəyinə gərək mənim burda qalıb-qalmayacağım?

Sevda da çöməlib məni bərk-bərk qucaqladı:

- Bircə, başına dolanım, heç anam da bilməsin bu söhbəti. Qız məni and verib ki, bunları sənə çatdırım.

Onun gözəl əndamı nazik donunun altında titrəyirdi. Bir az duruxub yenə yaşıl gözlərini yazıq-yazıq üzümə zillədi:

- Nərgiz deyir get Bircəyə denən ki, Elgizlə evlənib elə o evdə qalsın, mən bir oğlan tapıb ona gedərəm.

Yerimdən dik atılıb vulkan kimi püskürdüm:

- Pooxxx yeyir Nərgiz dədəsinin ağzıyla! Əgər məni bircə qırıq istəyirsənsə, səndən cavab gözləyən o qancığa elə belə də çatdır. Di dur get!

Qız qalxıb ütələk gözümdən itdi. Arxın palçıq tutmuş suatında oturub ayaqlarımı suya salladım, azacıq bulanmış ilıq sudan ovuclayıb üzümə çırpdım. Mən nələr düşünürdüm, iç-içə olduğum adamlar gör nəylə əlləşirmişlər! Mən elə bilirdim çiy kərpicdən tikilmiş bu qocaman evin samanına, torpağına, qəzilinə qarışıb divarlarına hörülmüşəm. Ahıllığımı, qocalığımı Mahmud əminin nəfəsi hopmuş bu divarların arasında görürdüm. Bu evdə kimsəni bezdirməməyə, kimsəyə yük olmamağa çalışırdım. Hamının ağırlığını döyənək bağlamış çiyinlərimə yükləyirdim, atamın, qardaşlarımın var-yoxunu talayıb bu qapıya daşıyırdım – təki burda qala bilim, təki uşağım ata ocağında böyüsün. Gör bunlar nə düşünürdülər!..

Zalın arxa baxan pəncərəsinin şaqqıltıyla açılması məni ayıltdı, Zöhrə xalanın səsi qulaqlarımda zindan kimi cingildədi:

- Ay bala, özünü palçığa niyə bələmisən? Gün qızır, dur o gülləri yığ, qaç qəbiristanlığa dəy qayıt. Bakıdan gələndən qəbir üstə getməmisən.

Sıçrayıb sudan çıxdım, ayaqyalın yüyürüb açılmış qızılgüllərin hamısını yolub toza-torpağa bələdim. Lehməli ayağımı pilləkənə qoyanda təndirin ağzındakı dəmirin üstünə atılmış dəhrəyə gözüm sataşdı. Qayıdıb dəhrəni qapdım, açılmış güllərini yoluqladığım gül kollarını verdim dəhrənin ağzına:

- Al bu da sənə güllər! Gəl hamısını birdəfəlik götür, apar qoy oğlunun qəbrinə! Çağır qızın getsin, ölmüş qardaşının miraslarını geyən Akif oğlun aparsın, təzə gəlinin aparsın! Getməyəcəm bir də o xarabaya!

Dəhrəni hər qaldıranda tikanlı budaqlar gah yerə, gah da üstümə aşırdı, gözüm heç nəyi görmürdü. Hikkəylə endirdiyim dəhrənin burnu kolun budağından keçib sağ ayağımın sümüyünə dəyəndə ağrıdan çənəm əsdi. Dayandığımı görən Maral özünü üstümə atıb məni qucaqladı:

- Bircə, Bircə, bir toxta! Az qız, ürəyin yarıldı bu istidə, toxta görüm nolub?!

Maral məni süpürləyib pilləkənə oturtdu, başımı ana şəfqətiylə top kimi üfürülmüş döşlərinin arasına sıxdı, əllərini kürəyimdə gəzdirdi.

Elə bil göydən üstümə yağış ələndi, sinirlərim ilan kimi qıvrıldı. Handan-hana onu özümdən aralayıb gözümü köşək gözlərinə dikdim:

- Elgizin nişanlısı bilirsən mənə nə xəbər göndərib?

Maralın tükü də tərpənmədi:

- Aaazzz, pox yeyib nəslinin ağzıyla! Elə ona görə özünü bu günə qoyursan? Əlində bir yetimin var, ağlını başına yığ, özünü ələmyesir eləmə...

Maral mənə qoşulub ağlaya-ağlaya pilləkənin başında quruyub qalmış qaynanamızı süzdü:

- Dedim axı ona deyin ağzının poxunu yığsın! Bu qız sizi adam yerinə qoyub içinizdə oturub, elə bilirsiz yiyəsizdi? Ay ağbirçək, sənə demişdim axı...

Maral Zöhrə xalanı danlaya-danlaya vedrədə su gətirib ayağımın lehməsini yudu, yaxasından döşlüyü açıb ayaqlarımı quruladı, palçıqlı xalatımı əynimdən sıyırıb yerə atdı, büzüşmüş əndamımı enli donunun ətəyinə büküb məni evə saldı.

- Sən yerindən tərpənmə, bu dəqiqə gedirəm birbaş onun ata-anasının yanına.

Adətən Maral hara gedirdisə uşaqları da dalına düşürdü. Çox vaxt Cavid də onlara qoşulurdu. Bu dəfə də elə oldu. Gerisini evə qayıdandan sonra mənə uşaqlar danışdılar:

Nərgizin anası nə qədər dirəşirsə Maral evə keçmir, elə darvazanın ağzındaca arvada ürəyini boşaldıb geri dönür. Qayıdanda işdən gələn Nərgizlə qarşılaşır, bir ağız da onun üstünə hirsini tökür:

- Utanmırsan Bircəyə elə xəbər göndərirsən? Sənə də, anana da dedik axı bu sözü bükün qoyun palazınızın altına!

Qız da söz altında qalmır, başlayır Maralla dilləşməyə:

- Düz deyirəm də, Emin öləndən Elgiz mənlə bir dəfə də maraqlanmayıb. Bircə də deyib ki, onun ayağı düşmədi bizə.

- Elgiz sənlə maraqlanmırsa burda Bircənin günahı nədi?

Nərgiz də sözü-söhbəti mahala yayılmış o gəlinə işarə vurur:

- Odey, Əmirqulunun gəlini əri öləndən sonra getdi qaynına. Bunlar da evlənsinlər, mən başımın çarəsini qılaram.

Söz qızın ağzından çıxar-çıxmaz qaynım balalarının hərəsi yerdən bir ovuc daş götürüb onu daşa basırlar. Cavid də qoşulur bunlara. Maral balaca qisasçıları saxlaya bilmədiyini görəndə Nərgizi yaxınlıqdakı həyətlərdən birinə itələyir, sonra da uşaqları qabağına qatıb geri qayıdır.

ardı var

# 1589 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #