Erməni düşmənçiliyi ədəbiyyatda – Elçin Hüseynbəyli yazır...

Erməni düşmənçiliyi ədəbiyyatda – <span style="color:red;">Elçin Hüseynbəyli yazır...
18 iyul 2017
# 17:10

Bu yaxınlarda “Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı almanaxın Bakıda və Tiflisdə təqdimatı nəzərdə tutulur. Topluda yazıçı Elçin Hüseynbəylinin “Qafqazın taleyi qafqazlıların öz əlindədir” adlı məqaləsi də yer alıb. Kulis.az məqalənin aktuallığını nəzərə alıb onu oxuculara təqdim edir.

...Qüruba gedən günəşin fonunda sərv ağaclarını və Kürün parlayan nəhrini görürəm...

Biz, yəni mən və dostum Quram Odişariya Kürün kənarında dayanıb pivə içirik. Qara çörəklə duzlu balıq yeyirik. Pivəsevərlər sahilboyu sıralanıb. Biz danışa-danışa sahil məhəccərinin üstünə qoyduğumuz pivədən aralanmışıq. Bu zaman sərxoş bir gürcü bayaq durduğumuz yerə yaxınlaşır və bizim pivəmizi dədə malı kimi içir.

Quram mənim təəccübümü görüb deyir:

- Bizdə belə adət var. Əgər pivədən aralanmısansa, deməli, o sənə lazım deyil. Başqası da ondan bəhrələnir və bu normaldır. Sonra o, həmellisinə gürcücə nəsə deyir, yəqin, “qonaqdan ayıbdır, pivəni qoy yerə” deyir. Gürcü də öz növbəsində nəsə deyir və mahnı oxuya-oxuya oradan uzaqlaşır...

İndi fikirləşirəm ki, torpaq da sahibsiz qalanda, kimsə ona sahib çıxır...

“Türk Dünyası” İctimai Birliyinin sədri, qələm dostum Dəyanət Osmanlı mənə Qafqaz xalqları arasında olan münasibətlər barədə, on doqquzuncu əsrin sonları, iyirminci əsrin əvvəllərində Qafqazın mədəniyyət mərkəzi Tiflis haqqında xoş xatirələrimi yazmağı təklif edəndə ilk olaraq yadıma 2003-cü ilin yayı düşdü. Həmin vaxt gözəl yazıçımız, “Azərbaycan” jurnalının əməkdaşı, rəhmətlik Sara Nəzirova mənə dedi ki, Bakıya Tiflisdən iki yazıçı gəlib və onlar müharibə və ondan əziyyət çəkən insanlar barədə obyektiv, mərkəzində müharibə yox, insan dayanan əsər axtarırlar. Həm də ünsiyyət üçün o yazıçı rus dilini də bilməlidir. Səni münasib bildim. Həm “Əsirlər” povestin var, həm də rus dilini bilirsən.

Elə həmin gün, axşamüstü məşhur gürcü yazıçısı Quram Odişariya və Abxaz publisist Batal Kobaxiya yanıma gəldi, tanış olduq, söhbətimiz alındı və ondan sonra bir sıra layihələrə imza atdıq. Və həmin il, bəlkə də ondan bir il sonra Quram Odişariyaya yazdığım məktubu axtarıb tapdım, oxudum və üstündən xeyli vaxt keçməsinə baxmayaraq, məktubun hələ də aktual olduğunu görüb, onu bu yazımda da oxuculara çatdırmaq istəyirəm. Birgə oxuyalım, dostlar, sonra davam edəlim:

“...Əziz Quram, həmin o yay səhəri, biz Bakıda yeraltı kafedə oturub pivə içəndə hələ bir-birimizi yaxşı tanımırdıq. Bir-birimizin kədərindən xəbərsiz idik. Və sən məğlub bir ölkənin (müvəqqəti məğlub) vətəndaşının müharibəylə bağlı fərqli baxışlarını eşidəndə sevinmişdin. Bu sevincin səbəbləri sənə aydın olsa da, mən bundan xəbərsiz idim. Ona görə də sən dedin: “Mənə elə gəlir ki, Bakıda axtardığımızı tapmışıq.”

Yəqin, bu, taleyin işiydi. Və sən Suxum qaçqını, mən isə ətrafı Qarabağdan qaçqın düşmüş qohum-əqrəbasının yükü çiynində Bakıda qara, hərdən də xoş günlərini yaşayan bir cəbrayıllıydım. Və sən 1993-cü ilin oktyabrında, bir suxumlu qaçqın kimi Tiflisdə olarkən, elə həmin vaxtlar doğulduğum Cəbrayıl və Mahmudlu kəndi yadellilərin tapdağı altındaydı. Bəlkə elə buna görə də biz bir-birimizi dərhal duyduq və bu təsadüfi görüşü tanrının hədiyyəsi kimi qəbul etdik.

Və sənin “Suxuma qayıdış” əsərini oxuduqdan sonra Bakı barında sevincinin səbəbini anladım. Çünki sən “müharibəni xoş sözdən üstün tutan ölkələrin” taleyinə acıyanlardansan.

Sənin Suxumu tərk edib Saken-Çubersk aşırımı ilə təhlükəsiz şəhərə yol gedərkən qələmə aldığın düşüncələr o qədər təsirlidir ki, adam ona biganə qala bilmir və boynuma alım ki, sentimental səhnələri yazmağı xoşlamayan bir yazar olsam da, bəzi səhnələri oxuyarkən həyəcanlanmaya bilmirdim və istər-istəməz gözlərim yaşarırdı. Mən həmin vaxt dünyanın hansı ölkəsində olursa-olsun ölümün gözünə baxarkən gözləri bərəlmiş insanları, günahsız körpələrin yalvarış dolu baxışlarını təsəvvür edirdim və az qala metro qatarının elektriçkasında ağlamaq istəyirdim. Həmin vaxt Sumqayıtda, Quqarkda, Xocalıda öldürülən günahsız insanları da fikirləşirdim və qafqazlılara xas olmayan bu antiinsani hərəkətləri anlaya bilmirdim.

Kəlbəcərdən qaçıb canını qurtarmaq istəyən, qarlı Murov aşırımında həlak olan qocaların, qadınların və körpələrin hayqırtısını, ağlayışını eşidirdim və dəhşətə gəlirdim. Ancaq bu dəhşət qəzəblə müşayiət olunmurdu, bu, insanların əməlindən utanan bir insanın keçirdiyi hisslər idi. İnsanların allahlarını yadından çıxarması doğurdan da dəhşətdir.

İki uşağını itirən qadının özünü qayadan atmasını oxuyanda isə Kəlbəcər qızlarının əl-ələ tutub “Gəlin qayası”ndan özlərini uçuruma atdıqlarını gözlərimin qabağına gətirirəm. Müharibə din, dil, millət, qadın, uşaq tanımır. Müharibənin bir dili var. Fəlakət.

2001-ci ildə Xankəndindən qayıdarkən “Bakıdan Xankəndinə uzun bir yol” yazımda mən Qafqaz xalqlarının (xüsusən də ermənilərin) siyasətin girovuna çevrildiyindən acılar çəkdiyimi bildirmişdim. Öz millətim haqqında bəzi acı həqiqətləri yazarkən isə pis vətənpərvər olduğumu boynuma almışdım. Çünki yazıyla bağlı qınaqları öncədən duyurdum və ondan sığortalanırdım. Güman ki, qalib ölkənin vətəndaşı olsaydım, müharibəni lənətləməkdən başqa heç nə yazmazdım.

Hər halda mənə elə gəlir ki, Qafqaz xalqları hələ də həmin faciədən nəticə çıxarmayıblar.

Bir zamanlar mən evimizin böyründən axan Araz çayının qəfil quruyacağından qorxurdum. Və indi də yuxularımda Arazın quruduğunu, balıqlarının yoxa çıxdığını görürəm və kədərlənirəm. Sən Suxumun gəzdiyin küçələrini xatırlayarkən kəndimizin “Yal oba”, “Tək tut”un dibi, “Söyüdlərin altı”, “Dəhnə” yadıma düşür və onların indi mənim üçün nə qədər əlçatmaz, eyni zamanda nə qədər yaxın olduğunu düşünərkən kədərlənməkdən başqa əlacım qalmır...

Quram, mənim gülüm Edelveysdir. Qismət olsa, Saken-Çubersk aşırımına qalxıb o güllərdən dərərik və orada əbədi dəfn olanların ruhuna dua oxuyarıq. Xüsusən də o soyuq, qarlı zirvədə titrəyən, zərif əllərilə o gülləri dərən 70 yaşlı qadının xatirəsini yad edərik.

Vaxtından qabaq saçı ağarmış rəssamın uşaq vaxtı onu gül dalınca göndərən müəlliməyə dediyi sözləri həyəcansız oxumaq olmur: “Bənövşələr elə məsumluqla otlara sığınıblar ki, onları qoparmağa adamın ürəyi gəlmir”. Biz bu zərif insanın da xatirəsini yad etməyə borcluyuq və yəqin ki, onların yad edilməsi biz ölümlülərin günahlarının azacıq da olsa yuyulmasına kömək edər.

“Suxuma qayıdış” əsərini oxuyarkən adam inana bilmir ki, üzündə bu qədər işıq olan bir insan bütün bu ağrılardan keçib, daha doğrusu həmin ağrıları, insanların çəkdiyi əzabları, gördüyü dəhşətləri özündən keçirib. Bu cür adamlara bizdə ölümsüz deyirlər.

Quram, əzizim, Qafqaz xalqlarını ayıltmaq, Tanrı yoluna qaytarmaq baxımından bu kitabın dəyəri ölüçəyəgəlməzdir. Mən sənə yeni yaradıcılıq uğurları və bir daha həmin dəhşətlərlə üzləşməməyi arzulayıram. Allah biz qafqazlıları özümüzün düşünülməmiş addımlarımızdan qorusun! Amin!..”

Bu məktubun yazılmasından təxminən 13 il keçir. Amma vəziyyət hələ də dəyişməyib. İnsanlar özgələşib, dəyərlər mahiyyətini dəyişib, müharibə isə hələ də davam edir...

2003-cü ildəki ilk görüşdən sonra biz bir sıra müştərək layihələr həyata keçirdik. Bu layihələrin hamısı Qafqaz xalqları arasında keçmiş dostluq əlaqələrini yada salmaq, hər kəsin öz haqqını özünə qaytarmaq barədədir. Hər bir görüşdə çalışırdıq ki, kimsə o birisinin xətrinə dəyməsin. Düzdü, ermənilər Dağlıq Qarabağı layihələrdə tərəf kimi göstərməyə can atsalar da buna nail ola bilmirdilər. Bu məsələdə məni gürcülər, erməniləri isə abxazlar dəstəkləyirdi.

Regional münaqişələrlə bağlı səfər və görüşlərimizdə Dağlıq Qarabağ erməniləri ilə abxazların həmrəy olduğunu görürdüm. Onların hər ikisini seperatçılığa meyllik birləşdirirdi.

Amma öz çıxışlarımda Ermənistan-Azərbaycan münaqişəsinin mürəkkəbliyini daim vurğulayırdım. Çünki bizim düşdüyümüz vəziyyət tam fərqlidir. Əgər abxazlar, osetinlər öz torpaqlarındadırlarsa, bir milyona yaxın qarabağlı hələ də məcburi köçkün vəziyyətindədir.

Məsələnin həssaslığıyla bağlı Quramla (hazırda Gürcüstan baş nazirinin münaqişələr üzrə müşaviridir) çoxlu yazışmalarım var və həmin yazışmalarda adını çəkdiyim almanaxlarla bağlı konstruktiv dialoqlara rast gələ bilərsiniz. Onlardan bir neçəsini burda verirəm:

“Əziz, Quram, Bizim Kütləvi İnformasiya Vasitələri xəbər yayıblar ki, Dato (yazıçı Dato Turaşvili nəzərdə tutulur – E.H) Dağlıq Qarabağa səfəri zamanı ermənipərəst bəyanatlar verib. O öz hisslərini necə istəsə ifadə edə bilər, amma unutmaq olmaz ki, sizin də Osetiya və Abxaziya kimi problemləriniz var. Bizim qafqazlılar gərək bütün incəlikləri nəzərə alsınlar.

Hələlik.

10.04.2012”

Quramın cavabı:

“Əziz Elçin! Mən və Julyet (Avropa Birliyi tərəfdən layihə rəhbəri) Dağlıq Qarabağa getmədik. Qorxduq ki, jurnalistlər ağıllarına gələni yazarlar. Düz deyirsən ki, ehtiyatlı olmaq lazımdır. Amma Datoyla Beso (yazıçı Beso Xvedelidze nəzərdə tutlur – E.H) getdilər. Beso Katmandudadır. Bir az əvvəl isə Datoyla danışdım. O, məni əmin edir ki, heç bir ermənipərəst bəyanat verməyib. Yəqin, jurnalistlər onu başa düşməyiblər...

Gözəl ailənə salamlar! Səni bağrıma basıram.

10.04.2012”


“Əziz, Quram. Məsələni aydınlaşdırdım. Problem yoxdu. Amma bir məsələ var ki, layihədə Dağlıq Qarabağı ayrıca tərəf kimi göstəriblər. Bu, qəbuledilməzdir. Onların nümayəndəsinin isə yazıçılığa heç bir aidiyyəti yoxdur. Hansısa QHT funksioneridir və hər şeyi siyasiləşdirməyi sevir. Əsas problem ondadır ki, ermənilər tərəfdaşlarını zərbə altında qoymağı xoşlayırlar. Yəqin ki, bu incəlikləri London səfərimizdə müzakirə edəcəyik...

Sənin alicənab ailənə və dostlara salamlar.

Bağrıma basıram.

11.04.2012”


“Əziz Elçin, Datoyla Besonun Dağlıq Qarabağa səfərlərilə bağlı məlumatları bir də yoxladım. Beso hələ də Katmandudadır. Dato da deyir ki, ermənilərin dedikləri absurddur. Mən dəfələrlə uşaqları xəbərdar etmişdim ki, öz çıxışlarında ehtiyatlı olsunlar. Çünki jurnalistlər hər şeyi şişirtməyi xoşlayır.

Sən alicənab adamsan. Ermənilərlə problemlərə baxmayaraq, almanaxın Bakı təqdimatı əla keçdi. Düzü, mən Beso və Datoya acıqlıyam. Qaldı o biri məsləyə, biz danışmışdıq ki, heç bir qurumdan söhbət getməyəcək. Sadəcə almanax beş millətin yazıçılarını təmsil edəcək Batal (Batal Kobaxiya, Abxaz publisisti və deputatı – E.H) təkid etdi ki, tərəflərin adı göstərilsin. Amma mən də onun əleyhinəyəm. Batalı da özün yaxşı tanıyırsan. Layihə sponsorları da çəkinirlər ki, aramızdakı münasibətlər dərinləşər və layihə yarımçıq qalar.

Bütün bunlar barədə London görüşümüzdə ətraflı danışarıq. Mən səninlə həmrəyəm. ..

Gözəl ailənə və dostlara salam . Bağrıma basıram.

11.04.2012”

Bütün bunları mən elə belə yazmadım. Bu cür, qıcıq doğuran, yaxud qıcıq doğura biləcək layihələrdə ehtiyatlı və bilgili olmaq vacibdir. Diplomat olmasan da, işin xarakteri diplomat olmağı tələb edir...

Tiflis səfəri mənim üçün həmişə maraqlıdır, çünki bu şəhərdə bizim əcdadlarımızın ruhu uyuyur. “Şah Abbas” romanımda Tiflisin Səfəvilər dövrü barədə ətraflı yazmışam. Burda həm də mənim etibarlı dostlarım yaşayır...

Hərdən fikirləşirəm ki, Qafqaz öz təbiətinə və relyefinə görə dünyanın turizm məkanlarından biridir və çox cəlbedicidir. Turistlər uğrunda mübarizə aparan Avropa, yəqin ki, bu regionu azad və firavan görmək istəmir, ona görə də xəstə təfəkkürlü insanlardan, toplumlardan, separatçılardan istifadə edir...

Bununla belə, Qafqazın taleyi biz qafqazlılardan çox asılıdır. Hər şey ağıl və ədalətlə ölçülüb-biçilsə, münaqişələr də öz yoluna qoyular. Hələ ötən əsrin 90-cı illərinin əvvəlində “Ümumi Qafqaz evi” ideyası gündəmə gəlmişdi və indi onun aktuallaşdırılıması vacibdir. Düşünürəm ki, ötən ilin dekabrında Bakıda elan olunmuş Ermənistan-Azərbaycan Sülh Platforması da bu yolda atılmış mühüm addımdır. Mən də bu platformaya qoşulmuşam, çünki xalq diplomatiyasının effektliyinə inanıram. Ötən iyirmi beş il beynəlxalq təşkilatların və bu münaqişədə vasitəçilik rolu oynayan ATƏT-in, onun Minsk Qrupunun dişsizliyini, vecsizliyini nümayiş etdirdi...

“Old Tbilisi” (“Qədim Tiflis”) mehmanxanasının eyvanında oturub Kürə baxıram və fikirləşirəm. Bu çay üç ölkəni birləşdirir: Türkiyənin Böyük Dəlik Dağından başlayan Kür çayı Gürcüstandan keçərək Azərbaycana adlayır və Sabirabad-Saatlı rayonu ərazisində - Suqovuşanda Arazla birləşir. Araz çayı da Türkiyədən başlayır, amma Ermənistan ərazisindən keçir. Çaylar qovuşduqdan sonra Xəzərə tökülürlər.

Xəzərsə beş ölkənin sahillərini yuyur və həmin ölkələrdən ən boyüyünün bu münaqişəyə bir başa dəxli var və onun uzanmasında maraqlıdır...

Aprel, 2017

# 3498 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #