Tanrı səni ayırmasın itirdiyin itkidən – Salam Sarvandan Yeni Şeir

Tanrı səni ayırmasın itirdiyin itkidən – <span style="color:red;">Salam Sarvandan Yeni Şeir
23 iyul 2018
# 11:31

Kulis.az tanınmış şair Salam Sarvanım yeni yazdığı “Can duası” şeirini təqdim edir.

Dünyada başqa heç nə yox, hər şey elə qabdı, qab...

Haçan dolar bu çuxurlar, bu çalalar, ey cavab?

Ey hamının hamisi,

Kimin ömrü uzun oldu, kimin ömrü lap gödək –

nə vaxt boy-boya duracaq axırların hamısı?

İtilənə-itilənə yeyilib çıxsam yoxa...

Bir gözəlin qırağında ağac əkib böyütsəm...

Bir də görsəm ürəyimdə çürümüş bir meyitsən,

bir qızılgül göndər çəkim qoxusunu içimə.

Kəsən çoxdu – balta, bıçaq, qayçı,qılınc... day nədi?

Tikən təkdi bu dünyada – tikən təkcə iynədi.

Amma Qızım, elə bilmə çox genişdi Göy və Yer:

əlini ver, qoy qaldırım, qoy dikəldim mən səni –

sənin deyil yıxılanda tutduğun əlavə yer.

Yolun səmti bəllidisə – həqiqət yolu deyil.

Boğulanda əl-qol atmaq lalların dili deyil.

Bu mənim vətənim deyil, bu mənim elim deyil –

mənə bir yer göstər gedim gecə qar işığında...

Qara külək qaldıranda pəncərənin ətəyin

görəcəksən qamışlıqda o bakirə tütəyi.

Bir gün axır tapacaqsan öz qoxunu bitkidə.

Tanrı səni ayırmasın itirdiyin itkidən...

Bu əyilmiş qəddimizdə yay dartılır tarıma:

sancılırıq bir ox kimi hörümçəklər toruna...

Bir zamanlar adan idim, indi sənin qurunam.

Bir zamanlar adam idim, indi sənin qulunam.

Mənə bir yer göstər gəzim adamlar işığında.

Daş dəyən bir yerin çatı sanma gün şüasıdı.

Hələ çox su aparacaq halal ət kötükləri.

Gör ki sənə necə açır ucalığın sirrini

kötüklərin dibindəki siqaret kötükləri.

Açıq darvaza üstündə əl dəyməyən qapılar,

gün gələr ki, Günəş gələr – qara gözlər tapılar...

İndi sən də günəş kimi... küləş kimi sarısan,

bir də görsəm elə gündən qaralıbsan – qarısan,

mənə bir can göstər alım ilk bahar işığında...

Sənsə qayıt qabağına qara pişik çıxanda...
Sənsə qayıt həmin pişik dalınca da baxanda...
Sənsə qayıt başın üstdə ildırımlar çaxanda...
Sənsə qayıt kürəyinə boz yağışlar yağanda...
Sənsə qayıt o yağışın sularıyla axanda...

Tanrı səni ayırmasın itirdiyin itkidən.

# 2835 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər