Hərdən mən də evin kişilərinə qoşulub...BİRCƏNİN ROMANI

<b>Hərdən mən də evin kişilərinə qoşulub...</b> – <span style="color:red;">BİRCƏNİN ROMANI
9 fevral 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Ayrı vaxt gözümün yaşı ovcumda olsa da, indi daşa dönmüşdüm, hirslənə də bilmirdim. Yolboyu ikimiz də susduq, təkcə Cavid arada yemək istəyib ağladı. Anamın əlimizdən aldığı qazandakı yarpaq dolmasının, plovun qoxusu maşının salonuna yayılmışdı. Elə mənim də acından mədəm sıyrılırdı.

Evə çatanda Zöhrə xala bizi pilləkənin başında qarşıladı:

- Nooldu, balam, nə tez qayıtdınız?!

Sifətimizin sallanmasından qaynanam nəsə baş verdiyini anlamışdı. Emin onun cavabını gecikdirmədi:

- Orda ağzının-burnunun seliyini bunun üzünə yaxmayan kişi qalmadı.

Qaynanam mənə sual dolu nəzərlə baxanda:

- Orasını oğlun yaxşı bilər, - deyib otağıma keçdim.

Emin bizi düşürüb, tələsik harasa getdi. O, gedəndən sonra Zöhrə xala yenə boğazıma çöküb məni sorğu-suala tutdu. Mən hər şeyi olduğu kimi, yerli-yataqlı danışdım. Qaynanam oğlunu sudan quru çıxarmaq üçün söhbətin səmtini dəyişdi:

- Görürsən, sənin anan xalis eşşəkdi! O yeməkdən, şirniyyatdan niyə sənə bir pay qoymadı, heç olmasa uşağın yeyərdi.

Ömrümdə ilk dəfə anamın müdafiəsinə qalxdım:

- Bəlkə eşşək sənin oğlundu? İmkan verəydi adam balası kimi oturaydıq, uzaq yerə gedən bacımı yola salaydım. Oğlun bir elin içində anamın məclisinə söz-söhbət salır, sən də yemək davalayırsan...

Susmadım, nə dedisə cavabını qaytardım. Eminə nə qəzəbim vardısa hamısını anasının kürəyinə şəllədim. Emin də borclu qalmadı, axşam böyüklü-kiçikli bütün nəslimi söyüb söyüşdən keçirdi, məni bir də atam evinə aparmayacağına and içdi.

Telli mamanın bizə pay tutduğu qazandakı yeməklərin qoxusu axşamacan burnumdan çəkilmədi. Maral işdən agah olanda həmişəki kimi məni söyüb-buladı:

- Kül sənin qotur başına! Yan tulası kimi bunun böyrünə düşüb nəyə qayıdırdın, qohum-övladının içində oturub bacını yola sala bilmirdin?..

Maral danışdıqca beynim ayazıyırdı, ancaq anlayırdım ki, mən Eminə qoşulub gəlməyə bilməzdim, ərim o məclisdə oturmayandan sonra mənimkilər atam evində qalmağıma razı olmazdılar.

Yenə nənəmin sözləri qulağımda səslənirdi: “Ər tutanı el tutar”. Ərinin tutmadığı, sevmədiyi, saymadığı qadın elə mənim kimi olmalıydı. Ailə münasibətimiz bir balaca qaydasına düşməyə başlayanda belə-belə əcaib hadisələr ortaya çıxıb Eminlə aramızdakı düşmənliyin səngiməsinə yol vermirdi...

***

Qaynatamın ili çıxandan sonra Zöhrə xala qaynım Elgizi evləndirmək fikrindəydi, hər axşam Eminin yanında bu barədə söhbət salırdı. Bizim ayrılmağımız mövzusunda Eminlə açıq danışa bilməsə də, Elgizin məsələsini qaldırmaqla bir növ onu tələsdirmək istəyirdi. Qardaşlarım Eminə məsləhət görürdülər ki, bizi də götürüb paytaxta köçsün, uşaq balacaykən gələcəklə bağlı planlarını tutsun. Emin də hər dəfəsində:

- Mən arvad dalına düşüb şəhərə gedən deyiləm, - deyirdi, - özümün ayrı planlarım var.

İndi qaynanam Emini divara dirədikcə ürəyimdə bir sevinc, bir arzu pöhrələyirdi, istəyirdim öz evimdə, öz ailəmlə yaşayım. Ancaq gələcəklə bağlı bütün xəyallarımı, arzularımı qatlayıb büküb ürəyimin bir küncünə atmışdım, bu evdən çıxmayınca onların arasını açmaqdan, hələ bərkiməmiş qanadlarla uçmaqdan çəkinirdim.

Qurulu-bəzəkli evimizə yığışmağımızı ərimin “arvad dalına düşmək” kimi qiymətləndirməsi məni incidib ağrıtsa da, belə söhbətlərə çox bənd olmurdum, düşünürdüm təki tezliklə bu evdən çıxaq, ayrı yaşamağa başlayaq, qalan məsələləri zamanla yoluna qoyaram. Artıq Eminin hər xasiyyətini götürmüşdüm, nəyi bəyənib nəyi bəyənmədiyini ovcumun içi kimi bilirdim, ona görə də gələcəkdə elə bir problem yaratmayacaqdım ki, evimdə-ailəmdə söz-söhbətə səbəb olsun. Arxayın idim ki, nə qədər çətin də olsa, Emini yola verə bilərəm, hətta bəlkə onun sayğısını-sevgisini də qazanaram. İdeal ailə ola bilməsək belə ən azından ətrafımızdakı sadə ailələrdən biri olacaqdıq...

Mahmud əmidən sonra evdə alışmadığımız bir qıtlıq yaranmışdı. Bunu əvvəl də demişəm – ərim də, subay qaynım da tənbəl idilər, məişətdə əlləri yoxuydu, eləcə səhər evdən işə gedib, axşam işdən evə qayıdırdılar. Qapıda, həyət-bacada heç biri əlini ağdan-qaraya vurmurdu, üstünə cənnətin kölgəsi düşən bağ-bağatı vaxtlı-vaxtında suvarmağa belə can çəkirdilər. Kişinin sağlığında bağın meyvəsini, dirriyin tərəvəzini yığıb-yığışdıra bilmirdim, indi az qala göy-göyərtini də bazardan alırdıq. Ərimə də, qaynıma da dönə-dönə deyirdim:

- Siz bircə yeri əkin verin mənə, qalanıyla işiniz olmasın, hamısını özüm eləyəcəm.

Yox, yekə danışmırdım, Mahmud əmi bağ-bostan becərəndə əlinə baxa-baxa bu işlərin yolunu-yolağasını öyrənmişdim. Di gəl, oğlanlarına iş buyuranda Zöhrə xala tezcə ağzımdan vururdu:

- Əl çək uşaqlarımdan, qoy yatsınlar, günün altında eşələnəsi deyillər ki...

Məhlənin böyük qaynımın payına düşən parçasında da o işləri yazıq Maral balalarını başına yığıb özü görürdü, özü əkib özü becərirdi. Hərdən mən də evin kişilərinə qoşulub özümü bivecliyə qoyurdum, qapıdan çöldə əlimi ağdan-qaraya vurmurdum; amma həyətə adlayıb susuzluqdan bürüşmüş limonları, ağzını bərəmum tutmuş arı pətəklərini görəndə dayana bilmirdim, məhlədən axan arxın ağzını bağa döndərib özümü verirdim arıların içinə. Əlimdə bel meyvə ağaclarını suvardıqca Eminlə qaynım mənə baxıb gülürdülər.

Hər yeri gülüstan ola-ola barlı-bəhərli bağ-bağat yuyat yerinə dönmüşdü, vaxtında su verilməmişdi deyə yanıb qovrulmuşdu. Mahmud əminin əlləriylə yaratdığı gülüstan gözümüz baxa-baxa xarabaya çevrildikcə havalanırdım, kömək üçün evdəkilərə yalvarırdım, yalvarışıma məhəl qoyulmayanda umuddan kəsilib ağlayırdım. Ən çox da arılara hayıfım gəlirdi, di gəl, arıya baxmaq ayrı bilik, ayrı qabiliyyət istəyir. Bildiklərimi eləyirdim, yenə bir nəticə hasil olmurdu.

Külfət başçısının yoxluğu bu evi yavaş-yavaş çökdürürdü, ancaq ev adamlarına hələ isti keçməmişdi. Mən gözümün qabağında solan cənnətin müsibətinə yanıb-yaxıldıqca Maral:

- Əmiqızı, özünü yorma, - deyirdi, - bunlar belə şeylərlə isinən deyillər. Sən də əlini vurma, get onlardan yuxarı başa keç, özün də kölgənin lap qalın yerində uzan. Dörd uşağın çatısı keçib boğazıma, yoxsa mən də əlimi ağdan-qaraya vurmaram.

Bu adamların bunca bivec, bunca tənbəl olması məni dəhşətə gətirirdi. Onları belə gördükcə qarşıda bizi gözləyən aclığın, qıtlığın zəhmi indidən ürəyimi üşüdürdü. O günlər nənəmin bir xəbərdarlığı gecə-gündüz qulaqlarımda səslənirdi: “Ailədə hamı əlipayalı qapını kəsdirməlidi ki, kasıblıq evin içinə girməsin. Girdimi, çıxası deyil. Kasıblıq girdiyi evdən yüz ilə çıxar”.

Hə, bir söz də deyərdi nənəm, deyərdi ki: “Hərdən evin ruzusu bir adamın adına, üzünə, ayağına gəlir”.

Bax indi mən dəqiq bilirdim ki, bu külfətin də ruzusu Mahmud əminin adına-üzünə bağlıymış; kişi öləndən bəri evin bərəkəti yavaş-yavaş göyə çəkilirdi...

***

İyun ayı gəlmişdi. Adətən məktəblər tətilə çıxanda Bakıdakı qaynım oğlunu kəndə gətirib bizə tapşırırdı. İpə-sapa yatmayan bu uşağa baxmaq çox müşgül məsələydi. On üç yaşına çatsa da, hələ sünnəti olunmamışdı. O, gələndən gedənə kimi mənim işim üçqat ağırlaşırdı. Özündən xeyli kiçik olan Cavidi də, böyük qaynımın balalarını da çox incidirdi. Uşaqdan çox bağdan açılmış çoban itinə, yem dalınca meşədən qaçıb kəndə təpilmiş yırtıcıya bənzəyirdi: evin pişiyini döyürdü, gözdən oğurlanan toyuq-cücəni diri-diri yandırırdı, eyvanımızdakı qaranquş yuvalarını uçururdu...

Günorta hamı sərinə çəkilib yatırdı, mən qalırdım bu, nənəm demiş, gavur qızından olanın əlində. Uşaqları başıma yığıb nağıl oxuyurdum, başlayırdı məni ələ salmağa. Nağıllar dünyasını körpələrin başına uçururdu, deyirdi hamısı uydurmadı, yalandı. Koroğlunun bığlarına lağ eləyirdi, Məlikməmmədin barmağındakı yaraya şaqqanaq çəkib gülürdü. Uşaqlar kitabı əlimdən alıb gizləyirdilər:

- Bibi, oxuma, qoy bu harasa getsin, sonra oxuyarsan.

Dondurma düzəldirdim, hamı oturub yolunu gözləyirdi, bir də baxırdıq dondurmadan əsər-əlamət qalmayıb. Şirin piroq hazırlayırdım, gözdən oğurlanıb alaçiy içəri ötürürdü, yeyə bilmədiyini də toyuq-cücəyə atırdı...

Soyuducuda iki qutu qatılaşdırılmış şirin süd vardı. Bir günorta İlham ayağını dirədi ki, bunları yemək istəyirəm. Qutunun birini verdim ki, al bunu sən ye, o biriylə də ərikli piroq bişirəcəm. Birinə durmadı, ikincini də istədi, ancaq vermədim. Birdən qayıtdı ki:

- Üçə kimi sayıram, verməsən səni qanına bələdəcəm.

Mənim də tərs damarım tutmuşdu, əlimdə piroqun xəmirini yoğura-yoğura:

- Azca gözlə, - dedim, - yaxacam piroqun arasına, uşaqlarla birgə yeyərsən.

Bu yandan qaynanam işə qarışdı, o yandan Emin, faydası olmadı – uşaq əl çəkmədi, mən də südü vermədim. Zöhrə xala geyimli-kecimli hazır durub piroqun bişməyini gözləyirdi ki, qızının payını götürüb baldızımgilə getsin. Emin yanını yerə qoyub atasından qalma tapançanı silib təmizləyirdi. Balaca dostlarım sıraya düzülüb mənim əlimə baxırdılar ki, qaynanam gedəndən sonra yerdə nə qalsa, qıraq-bucağından onlar da yesinlər.

Birdən İlham hoppanıb düz Eminin qarşısına qondu:

- Emiş (Cavid kimi o da nənəsinin diliylə Emini belə çağırırdı), yadına gəlir Cavid xəstələnəndə Bircə bizdə qalmışdı?..

Doğrudan da, arada bir dəfə Cavidi Bakıya yoxlatmağa aparanda bir-iki gün qaynımgildə qalmışdım.

Emin əlindəki yağlı əsgini qırağa qoyub gözünü uşağın ağzına dikdi:

- Hə, yadımdadı.

İlham sevincək sözünün gerisini gətirdi:

- Bax onda Bircə anamla araq içdi, Vovayla tans oynadı.

Vova dediyi rus eltimin qardaşı, yəni İlhamın dayısıydı, bizim evdə hamı onu tanıyırdı.

Eminin gözü kəlləsinə çıxdı, heyrətlə qayıdıb üzümə baxanda mən bərkdən güldüm. Sonra ox kimi sancılan baxışlarını yenidən İlhama tuşlayıb:

- Bəs atan hardaydı? – soruşdu.

- Bilmirəm, atam evdə yoxuydu.

Mən bayaqkından da oynaq səslə güldüm. Balaca dostlarım xorla dilləndilər:

- Əmi, yalandan deyir! Bibim ona squşonka vermədi, o da dedi səni Emişə döydürəcəm.

Eminin halı özündə deyildi, mən bunu görə-görə yenə gülürdüm. Bu dəm Maral da pilləkəni çıxa-çıxa söhbətə qoşuldu:

- Əmiqızı, neyləmisənsə boynuna al, elə o vaxtdan səndən gözüm su içmir, - deyib əllərini qoşaladı, Eminlə İhama sarı bir yağlı “aley” göndərdi, - kül ikinizin də başına!

Heç kimin ona inanmadığını görən İlham düz Eminin çənəsinin altına yeridi:

- Babamın qəbri haqqı düz dedim, - deyib əmisini özünə sarı çəkdi, sinəsini Eminin qarnına söykəyib qollarını onun belinə apardı, - bax belə oynadılar.

Bu səfər məni lap dəli gülmək tutdu. Balaca dostlarım yenə üstümdən gəldilər:

- Əmi, vallah yalan deyir, özü axşamacan yerdən kömçük dənləyib çəkir, heç biz onu demirik.

Üzümdə partlayan şillənin səsi gülüşümün səsini batırdı. Ərim üstümə atılıb harama gəldi vurmağa başladı. Çaşıb qalmışdım, Emin nə səsimi çıxarmağa, nə də tərpənməyə aman verirdi, ayaqlarına dolaşan körpələrin fəryadına məhəl qoymadan məni top kimi çiləyirdi.

Birdən o, yaxamı buraxdı, bir göz qırpımında əl atıb yerdəki tapançanı götürüb başıma dirədi. Maral necə çığırdısa qulaqlarım açıldı, əlimdəki balaca qablamanı yerə atdım. Sonra eltim Eminin qoluna altdan-yuxarı bir yumruq vurdu, tapança partıltıyla açılıb tavanı oydu.

Pilləkənin başından yerə tullandım, qaçıb evin sol qoluyla axan arxa girdim, suyun axarı boyunca əyilə-əyilə gedib məhlənin aşağısındakı ərzaq anbarının açıq qapısından özümü içəri atdım. Nə baş verdiyini hələ də düz-əməlli anlamadığımdan bir o qədər qorxmamışdım, amma çox pərt, çox da həyəcanlıydım.

Durduğum yerdən evin seyvanı görünmürdü, ancaq danışılanı eşidirdim. Mən özümü pilləkəndən uçurlayan kimi Maral İlhamı yerə yıxıb sinəsinə çökmüşdü. Yaramaz uşaq indi də durmadan:

- Babamın goru haqqı yalan dedim, - bağırırdı, - Bircə südü mənə vermədi, mən də onu şərlədim...

***

Ara sakitləşəndə Emin məni axtarmağa başladı. Anbarın kiçik pəncərəsindən onu izləyirdim: novun üstündən bir əmisi Misirin, bir də bibisi oğlu Afiqin məhləsinə boylandı, anbara sarı gələndə qaynım oğlu Bəhruz özünü ondan qabaq içəri atdı.

Bir anlıq uşaqla göz-gözə qaldıq, elə bildim Bəhruz indicə qışqırıb mənim burda olduğumu deyəcək. Uşaq qorxu dolu gözləriylə üzümə baxıb cəld geri qayıtdı:

- Yox, yox, burda yoxdu.

Sonra biləsiyəm ki, Maralın balaları mənim anbara girdiyimi görübmüşlər. Dörd uşağın dördü də yerimi bilə-bilə Eminin yanına düşüb bağı ələk-vələk eləyib məni axtarırdılar. Qaynanam guya canıyananlıq eləyirdi, əslində isə hələ sönməmiş odun üstünə nöyüt tökürdü:

- Yormayın özünüzü, gəlin arxüstü yolla çoxdan evlərinə çatıb. O gün də qardaşından kəsə yolun səmtini soruşurdu.

Düz deyirdi, Səməndər mənə dəyməyə gələndə bunu ondan soruşmuşdum, üstəlik, Yunusun sürücüsü də məni atam evinə aparanda o yolla aparmışdı.

Qaynanam deyəsən mənim öz kəndimizə qaçdığıma tam inanmışdı, dalımca elə sözlər deyirdi, həm də elə arxayın danışırdı, indi də xəcalətimdən üzə çıxa bilmirdim.

- Nolsun qoçaqdı, təmizdi, - deyirdi, - tərsin, yekəbaşın biridi.

Sözündən belə çıxırdı guya mən rus eltimin uşağını gözümçıxdıya salmışam. Maral belə yerdə susardımı:

- Ay ağbirçək, imanını yandırma, o gəlin gün axşamacan o uşağın nazını çəkir. Bax indi nə olmuşdu ki, beşcə dəqiqənin içində evə qan saldı? Özünün bir uşağına göz açıb baxa bilmir, oğlun da bu əfi ilanı gətirib buraxıb yazığın üstünə.

- Neylədim, qoymadım onu doğmağa? Doğsun, onunku da bir olmasın.

Emin bizim kəndə aparan kəsə yola qaçaraq dəyib qayıtdı:

- O yolla getmiş olsaydı, uzaqdan da olsa görərdim. Yoxdu, heç yerdə yoxdu.

Maral qəlbiqara ana-balanı mən sarıdan sağ salmağa çalışırdı. Zöhrə xala ərimin təlaşını amansız bir məmnunluqla, onu sözsüz bir tərzdə mənim qətlimə itələyirmiş kimi izləyirdi.

Emin ora-bura çovuyub əldən düşəndən sonra Maralın İlhamın üzündəki dırnaq yerlərinə yod sürtən qaynanama:

- Qonşulardan birinin evinə qaçmış olsa, öldürəcəm onu, - deyəndə anası da bayaq dediyini dedi:

- Ay bala, yorma özünü, o, çoxdan dədəsinin xarabasındadı.

Bu arada Bəhruz gözdən oğurlanıb mənə içməli su da gətirmişdi. Maral qaynanamızı, Emini bir də yuyub-sərəndən sonra pilləkəni düşə-düşə onlara ultimatum verdi:

- Bu küçüyün də merətlərini yığın bir torbaya, günü sabah göndərin ata-anasının üstünə.

Zöhrə xala əlüstü onu iynələdi:

- Qoy bir üzünə vurduğun yaralar sağalsın, sonra göndərərik...

Mən gizləndiyim yerdən çıxıb arxın üstünə doğru gedəndə Maralın dörd uşağı dörd cangüdən kimi məni aralığa almışdı. Axar suda üz-gözümü yuyub pilləkənləri çıxanda ana-bala yerindəcə qurudu:

- Boy, sən hardaydın ki?

Uşaqlar mənim yerimə xorla cavab verdilər:

- Anbarda.

Emin:

- Biz anbara neçə kərə baxdıq, - dedi, - orda yoxuydu axı.

Bəhruz balaca canıyla irəli durub sinəsini qabağa verdi, erkək-erkək dilləndi:

- Ölənnəyimizin goyu haqqı oydaydı.

Hələ də “r” deyə bilməyən uşağın bu kişiyana jesti istər-istəməz evin ağır havasını yumşaltdı. Mən anasının az əvvəl ölümdən qayıtdığını qanmayan, uşaqlar qışqırışanda qışqıran, ağlaşanda ağlayan Cavidi qucağıma alıb otağıma çəkildim.

ardı var

# 1546 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #