"Nəhəng" - Fazil İsgəndərin hekayəsi

"Nəhəng" - Fazil İsgəndərin hekayəsi
1 avqust 2016
# 11:10

Kulis.Az Svetlana Turanın tərcüməsində Fazil İsgəndərin “Nəhəng” hekayəsini təqdim edir.

Mən uşaq olanda yay aylarında bizim şəhərə Leninqraddan basketbol komandası məşq etmək üçün gəlirdi. Onlar bizim evin yanındakı gürcü məktəbinin həyətində yerləşən basketbol meydançasında yerli komanda ilə oyunlar keçirirdilər.

Mən bizim məhəllənin uşaqları ilə birlikdə onların oyunlarına tez-tez tamaşa edərdim. Təxminən on yaşım olardı. Leninqrad komandasının oyunçuları arasında qeyri-adi hündürlüyü ilə seçilən bir basketbolçu var idi. Qalan basketbolçular onun yanında balacaboy görünürdülər. Heç vaxt belə bir nəhəng görməmişdim. Əslində, biz məhz ona tamaşa etmək üçün oyuna gedirdik. Onun uzun sifətində ata bənzərlik vardı: ön tərəfdən üzünə tökülən uzun saçları, iri çəp gözləri, yekə dolu dodaqları.

O, əlində topla rəqib komandanın səbəti yaxınlığında peyda olanda heç tullanmadan, eləcə əllərini uzadıb topu səbətə atırdı, dağa doğrusu, qoyurdu. Amma o elə uzaq məsafədən də qalan oyunçulara nisbətən topu səbətə daha dəqiq atırdı. Adama elə gəlirdi ki, o, nəhəng boyu ilə səbətlə öz arasındakı məsafəni azaldırdı. O, topu uzaq məsafədən atanda üzündə heyvani bir ifadə yaranırdı. Onun adı Yura əmi idi.

Bəlkə də, bu mənə elə gəlir, amma bizim oraya toplaşan uşaqların içindən onun münasibəti hamıdan çox mənə qarşı yaxşı idi. Bunun səbəbi ya mənim ona hər kəsdən daha çox azarkeşlik etməyim, ya da fasilə vaxtı onların hamısına “Vokruq sveta” jurnalından qanqster hekayələrini ucadan oxumağım idi. Hekayələrin amerikalı müəlliflərə məxsus olması onları daha da inandırıcı edirdi. Mənə elə gəlirdi ki, Amerika çoxlu maşın, zənci və qanqsterlərdən ibarət olan ölkədir. İndi isə elə fikirləşirəm ki, belə hekayələrin o cür çoxluqla çap olunması təbliğat məqsədi daşıyırdı. Yəni ki, görün də Amerikada həyat necədir. Ancaq o zaman bu mənim heç ağlıma da gəlmirdi.

Bir sözlə, mən bu nəhəngin vurğunu idim. Lakin mən başqa bir şeyi də ürək ağrısıyla görürdüm. Bəzən mən ona şəhərdə rast gəlirdim, həmin vaxt onun boyuna təəccüb edən oğlan uşaqları onun arxasınca qaçır və onu məsxərəyə qoyurdular. O, adətən, özünü saxlayırdı, ancaq bəzən bu onu bezdirirdi. O onlara tərəf üzündə çıxılmazlıq ifadəsi ilə dönür və yumruğunu onlara sarı elə qəzəblə yelləyirdi ki, oğlanlar aradan çıxaraq yox olurdular.

O məni tez-tez özü ilə dənizə aparırdı və mən yol boyunca buna oxşar səhnələri müşahidə edirdim. Ancaq bəzən hətta böyüklər də onu görcək ayaq saxlayır və gözlərini ona zilləyirdilər. Mən bilirdim ki, bu onun xoşuna gəlmir, amma əlimdən heç bir şey gəlmirdi. Bir dəfə orta yaşlı bir kişi dayanıb Yura əmiyə xeyli baxdı, biz onun yanından keçib gedəndə isə ucadan dedi:

- Gör indi bu boyda adam günə nə qədər çörək yeyir!

Mənə elə gəldi ki, mən həyatım boyu bundan daha bayağı heç bir şey eşitməmişəm. Ancaq, bəlkə də, o vaxt mən bu sözü hələ heç bilmirdim də. Yura əmiyə baxsam da, onun üz ifadəsindən bu sözləri eşidib-eşitmədiyini müəyyən edə bilmədim. Dərindən ah çəkərək mən elə qərara gəldim ki, o eşitməyib.

Amma bircə dəfə o, qətiyyən hirslənmədi. Bizim dondurmasatan şən, zarafatçıl Suliko qəflətən tindən çıxdı və Yura əmini görüb içində dondurma olan, təkərlərinin taqqıltısı aləmə səs salan mavi yeşiyini saxladı.

- Ay div, – o qışqırdı, – sən hansı planetdənsən?

- Sənin yolun ora düşməyəcək, – Yura əmi cavab verdi.

Biz dənizə gedirdik.

- Özününkülərin yanına qayıtdıqdan sonra bizimkilərdən nə danışacaqsan? – Suliko əl çəkmək bilmirdi.

- Deyəcəm ki, dünyada ən pis dondurmanı Suliko satır, – Yura əmi dedi.

- Amma bizim şəkərlə bağlı çətinliyimiz var, – Suliko söz altında qalmadı. – Elə isə bunu da deyərsən.

Yura əmi cavab vermədi. Sulikonun yeşiyi taqqıldaya-taqqıldaya öz yoluna davam etdi. Ola bilsin ki, onlar daha əvvəl də rastlaşmış və Yura əmi ondan dondurma almışdı.

Bəzən mən onu komanda yoldaşları ilə birlikdə şəhərdə gəzərkən görürdüm. Adətən, onlar öz sevgililəri ilə birlikdə olurdular, ancaq mən qısqanclıqla müəyyən edirdim ki, bu qızların arasında bir qız, məhz onun sevgilisi çatışmır. Kədər içində anlayırdım ki, qızları qorxudan onun qeyri-adi boyudur.

Basketbolçular otun üstündə uzanıb istirahət edərkən o, bəzən onlarla zarafat edir, amma, demək olar ki, heç vaxt ümumi söhbətdə iştirak etmirdi. O, kədərli halda ağzında ot çeynəyə-çeynəyə ya uzanmış, ya da oturmuş vəziyyətdə olurdu. Bir dəfə onlar beləcə istirahət edən vaxt basketbol meydançasına şəhərdə məşhur olan bir bandit gəldi.

Qanunda oğru, qanunda oğru, – deyə bizim basketbolçular səslərində hörmət notları ilə pıçıldaşdılar və bununla da, Leninqraddan gələnlərə vacib bir qonağın təşrif buyurduğunu bildirdilər.

Bu, orta boylu, kök kişi idi, onun üst köynəyinin altından motros köynəyi görünürdü.

Hamı onu görcək ayağa sıçradı, təkcə dizlərini qucaqlayaraq oturmuş Yura əmidən başqa. Mənim ürəyim bəla qorxusunu hiss edərək sancdı.

- Xoş gördük, uşaqlar! – bandit basketbolçulara yaxınlaşaraq dedi. O hamı ilə bir-bir əl verərək görüşür və bununla yüksək mənsəbinə baxmayaraq lovğa olmadığını göstərməyə çalışırdı.

Başqaları ilə görüşən vaxt o, Yura əmiyə tərəf bir neçə dəfə sərt şəkildə baxdı. O sanki Yura əminin yerindən nə vaxt qalxacağını gözləyirdi, Yura əmi isə yerindən qalxmırdı ki, qalxmırdı.

Belə olduqda bandit ona yaxınlaşdı və soruşdu:

- Elə bu cür oturmağa davam edəcəyik?

- Elə bu cür, – Yura əmi sakitcə dedi.

- Hörmət etmirsən?

- Mən ilk dəfə gördüyüm adama hörmət edə bilmərəm.

Banditin üzü anındaca vəhşi bir ifadə aldı.

- İndi hörmət edərsən, it oğlu it! – deyə o fısıldadı və ağappaq ağararaq pencəyinin içəri cibindən fin bıçağı çıxardı. Hamı dəhşət içində donub qalmışdı. Çox sonralar mən anlamışdım ki, özünü ətrafındakılara təsir edəcək dərəcədə dəlilik həddinə çatdırmaq cinayətkarların istedadına daxil olan bir bacarıqdır.

- Qalx, itin biri it! – o bağırdı və bıçağı havada oynatdı.

Və elə bu an tamamilə gözlənilməz bir şey baş verdi.

Yura əmi elə oturduğu yerdəcə sağ ayağını azacıq irəliyə ataraq banditin ayağından vurdu və o bıçağı əlindən düşürərək yıxıldı. Yura əmi oturmağa davam edərək əlini uzadıb bıçağı götürdü və onu əlini kəsməməkdən ötrü ehtiyatla tutaraq iki yerə elə böldü, sanki adi qələmi ortadan sındırdı. Parçaları da yerə tulladı.

Bandit yerindən sıçradı. Dəhşətli qəzəb onun üz-gözünü əymişdi. Yura əmi isə yenə də sakitcə oturmağında idi. Ola bilsin ki, o məhz elə bu sakitliyi ilə banditi sındırmağa müvəffəq oldu.

- Səni yaşatmayacam! – bandit çığırıb tez-tələsik uzaqlaşdı.

- Mən heç kəsə çox yaşayacağım barədə söz verməmişəm, – Yura əmi onun arxasınca dedi.

Sonradan mən bu sözləri dəfələrlə xatırlayırdım, dəfələrlə! Amma o vaxt o sözlər vecimə də deyildi, mən sevindiyimdən özümə yer tapa bilmirdim! Bax budur – əsl insan!

Elə bu an hərənin səsi bir tərəfdən gəldi, əsasən də, yerli basketbolçuların. Onlar Yura əmini vaxtında ayağa qalxmamaqda qınayır və onun həyatının indən belə təhlükədə olduğunu deyirdilər.

- Odlu silaha qarşı heç bir şey edə bilmərəm, – Yura əmi dilləndi, – amma bıçağı gələn dəfə alıb onun götünə soxacağam.

Bu dəm bizim məhəllənin oğlanlarından biri yerindən sıçrayıb bıçağın parçalarını “Mənimdir ha!” çığırtısı ilə yerdən götürdü.

Bir neçə gün ötdü. Banditdən səs-soraq çıxmadı. Biz sakitləşdik.

Mən yenə də Yura əmi ilə birlikdə dənizə getməyə davam edirdim. Onun yanınca addımlamaq necə də gözəl, necə də sevincli idi. Xuliqanlar, hirsli sahibsiz köpəklər, hər şey, hər şey onun yanında cəfəngiyat idi!

Yura əmi hər şeydən çox dənizi sevirdi. Bəlkə də, dənizin böyüklüyü onun öz nəhəngliyini labüd edirdi. O, boş çimərlikdə xeyli müddət oturur, bəzənsə lap uzağa üzüb gedirdi. O, istənilən cür üzməyi bacarırdı. Kürəyi üstə krol üsulu ilə üzdükdə onun üzündə həzz ifadəsi yaranırdı. Bu təsirli və bir az da gülməli görünürdü. Onun üzü elə ifadə alırdı, sanki onun öz əl və ayaqlarının işləməsinə heç bir aidiyyatı yoxdur.

Bir dəfə biz onunla suyun kənarında oturanda bir qız çimməyə gəldi. O, paltarlarını bizdən onca addım aralıda çıxardı və mavi rəngli çimərlik geyimində qaldı. Yəqin ki, o, Yura əminin xoşuna gəlmişdi, çünki o, qıza sarı maraq dolu baxışlarını tez-tez yönəldirdi. Qız çantasından kağız-kuğuz çıxarıb onlara bir-bir baxmağa başladı, ola bilsin ki, lazım olanı axtarırdı. Qəflətən külək onun əlindəki kağızlardan birini alıb apardı, kağız havada dəlicəsinə ziqzaqlar cızaraq bizə tərəf uçdu və bizim yanımıza çatdıqda birdən dənizə tərəf götürüldü. Qızsa bütün bu vaxt ərzində gözünü çəkmədən kağızı izləyirdi və Yura əmi kağızı tutduqda qızın üzü allandı və mən həmin an anladım ki, o, həqiqətən də, gözəldir. O, Yura əmiyə tərəf qaçdı və o, kağızı qıza verdi. Demə, bu Moskvaya bilet imiş.

- Çox saq olun, çox saq olun, – qız nəfəsi kəsilə-kəsilə dedi. Onun üzü minnətdarlıqla alışıb yanırdı. Yura əminin də üzündə həmin ifadə vardı. Mən hələ heç vaxt Yura əminin üzünün belə işıldadığını görməmişdim! Başa düşdüm ki, onların bir-birindən xoşu gəlib. Qız gözlərini ondan çəkmir və minnətdarlıq dolu zərifliklə baxırdı. Onların xoşbəxtliyi mənə də təsir edirdi.

- Gəlin tanış olaq, – deyib qız əlini uzatdı. Hələ də oturaq vəziyyətdə olan Yura əmi onun əlini sıxaraq yerindən qalxmağa başladı. O, yavaş-yavaş qalxırdı, sanki bununla qıza onun boyuna alışması üçün imkan yaratmaq istəyirdi. Bircə an sonra nəhəng Yura əmi nərmənazik qızın qarşısında hələ də onun əlini sıxaraq dayanmışdı. Və mən bu an mən gördüm ki, qızın işıq saçan üzü getdikcə sönməyə başladı. Mənə elə gəldi ki, qız qorxduğunu gizlətməyə çalışırdı. Yura əminin üzü ölü rəngi aldı və o, qızın əlini buraxdı. Qız çevrilib öz paltarlarına tərəf getdi.

“O, yaxşı adamdır, yaxşı, axmaq qız!” – sözlərini onun ardınca qışqırmaq istədim. Yura əmi səssizcə suya girdi. O, sürətli krolla üzürdü. Onun ayaqları altından çıxan su elə qaynayırdı, sanki motorlu qayığın altından çıxırdı. Bu dəfə o lap uzağa üzmüşdü. O qayıtdıqda qız artıq yox idi. Mənə elə gəlir ki, mən onda bu həyatdakı ən parlaq və ən qısa sevginin şahidi oldum. O, bir dəqiqəyə yaxın sürmüş və puç olmaqla bitmişdi.

Biz onunla dənizə getməyə davam edirdik. Bəzən biz geri dönərkən hər dəfə eyni köşkdə qazlı su alıb içirdik. Satıcı Yura əmiyə böyük maraqla baxırdı və bir dəfə dözməyib soruşdu:

- Dostum, bağışla ki, belə şey soruşuram, ancaq mənə çox maraqlıdır, sən atana çəkmisən, yoxsa anana?

- Xalama, – Yura əmi kifayət qədər sakit səslə cavab verdi və boş stəkanı piştaxtanın üstünə qoydu. Biz getdik.

- Necə yəni – xalana? – satıcının təəccüb dolu səsi bizim arxamızca səsləndi. Yura əmi heç nə demədi, mənsə yerlimin axmaqlığına görə dəhşətli dərəcədə pərt oldum.

Basketbol meydançasının qurtaracağında kiminsə bağçası vardı. Bağça tikanlı məftillə əhatə olunmuşdu. Çəpərin o tərəfində əzgil yetişirdi. Onun üstü sarı, artıq büzüşməyə doğru gedən meyvələrlə dolu olan bir budağı məktəb həyətinə doğru uzanırdı. Amma budaq çox hündürdə idi. Ona ancaq Yura əminin əli çatardı. Bir dəfə mən ondan həmin budağı aşağı salmağı xahiş etdim. Hətta o da budağa güclə dartınıb onu tuta bildi və o dərəcədə aşağı əydi ki, əzgillər, az qala, gözümə girmişdi. Uşaq vaxtı əzgili elə sevirdim ki! Mən meyvələri tez-tez dərib ağzıma aparırdım. Yura əmi də əzgilin birini ehtiyatla ağzına qoydu.

Hiss olunurdu ki, o heç vaxt əzgil dadmayıb. Bəlkə də, alışıq olmadığı üçün onu xoşlamadı.

- Qəribə daddır, – o dedi və tumunu tüpürdü. İndi o, budağı yalnız mənim üçün tuturdu.

- Yura əmi, siz basketbolu sevirsiniz? – mən ondan nədənsə soruşdum. Bəlkə də, mən bu sualı verməklə onun budağı müəyyən qədər gərginliklə yalnız mənim üçün tutmağa davam etdiyinə görə minnətdarlığımı bildirmək istəyirdim.

- Nifrət edirəm, – onun qəfil cavabından mən donub qaldım.

- Onda nə üçün oynayırsız?

- Sən bunu başa düşməzsən, – o, fikirli halda dedi. – Basketbol yeganə yerdir ki, mən burada özümü adam kimi hiss edirəm.

Mən kədərləndim, üstündə meyvə qalmayan budaq isə sevinclə yuxarı uçdu.

Növbəti il Leninqrad basketbolçuları yenidən gəlib elə həmin meydançada məşq edirdilər. Amma Yura əmi onlarla deyildi.

- Bəs Yura əmi hanı? – mən onların birindən soruşdum.

- Yura ölüb, – o ah çəkərək dedi. – Guya ki, hansısa xəstəlikdən. Amma, məncə, qüssədən.

Həmin an içimdə nə isə darmadağın oldu və mən o dəqiqə düşündüm ki, bunu başqaları görməməlidir, çünki ayıbdır.

Bir neçə dəqiqə sonra mən yerimdən qalxdım və evə yollandım.

O vaxtdan bəri bir daha basketbolla maraqlanmadım.

# 3581 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #