Belə çıxır ki, Allah qərəz sahibidir - Sayman Aruz yazır...

Belə çıxır ki, Allah qərəz sahibidir - Sayman Aruz yazır...
15 mart 2018
# 17:30

Kulis.az Sayman Aruzun “Müasir irfan nəzəriyyəsi” silsiləsindən növbəti yazını təqdim edir.

4-cü hissə

Sayman Aruz

Klassik irfanın 7 (yeddi) məqam və 10 halı var idisə, “müasir irfan nəzəriyyəsi”ndə də irfani mərhələlər elə 7 (yeddi) pillədir. Ancaq klassik irfanın (Əttari Neyşaburi, Mövlanə və s.) təriflədiyi yeddi mərhələ “müasir irfan nəzəriyyəsi”ndə qəbul edilmir. “Müasir irfan nəzəriyyəsi”nin öz irfani mərhələləri vardır. “Sufiyani müqəddəm”, yəni ən birinci sufilər irfanı bu yeddi “məqam” və on “hal” ilə tanıyırdılar:

Məqamlar:

  1. Tövbə -Salikin Mətlubuna çatmaq yolunda olan maneələrdən eraz (uzaqlaşması) etməsi.
  2. Vərə - Şübhə etməmək.
  3. Zöhd - Dünya və zahiriyyatdan imtina etmək.
  4. Fəqr - Həzrəti Haqqın qarşısında tam kasıb olmaq.
  5. Səbr - Haqq yolunda bütün çətinliklərə dözmək.
  6. Riza - Haqq yolunda salikin başına gələn hər şeylə razılaşmaq.
  7. Təvəkkül - Haqqı özünə vəkil seçib, öz ixtiyarlarından imtina etmək.

Hallar:

  1. Müraqibə - Nəfsin keşiyində dayanmaq.
  2. Qürb - Yaxınlıq.
  3. Məhəbbət
  4. Xovf - Qorxu.
  5. Rəca - Rücət, qayıtmaq.
  6. Şövq - Haqqa çatmaq üçün salikin ürəyindəki ehtiras.
  7. Üns - Mənus olmaq, həmsöhbət olmaq.
  8. İtminan - Yəqin hasil etmək.
  9. Müşahidə - Haqqı görə bilmək.
  10. Yəqin - Haqqı görüb onu təsdiqləyə bilmək.

Əttari Neyşaburinin təriflədiyi yeddi irfan vadisi (mərhələsi):

  1. Tələb-İstəkdən doğan axtarış. Salikə talib, məşuqa mətlub deyilir.
  2. Eşq-Təsəvvüf və irfanda işlənilən eşq fəlsəfədə əqlin müqabilində işlənib.
  3. Mərifət-Mərifət, ariflərin yanında elmi əvəz edir.
  4. İstiğna-İlahi sevgi və nurdan qəni olmaq, dünya malına ehtiyacı olmamaq.
  5. Tohid-Allahın bir və tək olduğuna inanmaq.
  6. Heyrət-Təfəkkür və düşüncə zamanı möminlərin ürəyinə daxil olan və onlardan düşüncə gücünü səlb edən, yəni düşüncə gücünü alan bir əmrdir.
  7. Fəqr-ü-Fəna ya fənafillah-Allahın böyüklüyündə qərq olmaq. Bu mərhələyə “kəsrəti-riyazət” ya çoxlu riyazətdən sonra nail olmaq olar.

Gördüyünüz kimi, istər qədim sufilərin, istərsə də klassik ariflərimizin hazırladığı kamillik mərhələlərinin hamısı demək olar ki, bir növ ehtiyacdan yaranıb. Yəni insan zəifliyinə əsaslanaraq, həmin zəifliyi aradan qaldırmaq üçün Allaha ehtiyac duyulur və mərhələlərin hamısında Allahın yaratdığı nemət və dünyadan imtina etməklə, ehtiyacsız, mütləq və kamil Allaha ehtiyac, zəiflik və imtina ilə varmağa çalışılır. Halbu ki, Allah, ehtiyacdan yaranan bir zat deyildir. O, mənadan yaranan, hər bir varlığın mahiyyətində olan, onu yaradan, idarə edən bir zatdır . Cism və ruhumuzda hər daim var olan Allahın axtarışına özünü onda cari edən mühitdən imtina etməklə çatmaq olmaz.

Əslində klassik irfanın təriflədiyi bütün mərhələlər həmin dövr insanların düşüncəsi və hakimiyyətlərin ideologiyasına əsasən hazırlanmışdır. İnsanları kontrol altında saxlamağı, əbd-ü-əbid (ibadət edən və ibadət olan) münasibətini yaradıb insanları müəyyən dini çərçivədən çıxmağa qoymamaq klassik irfanın dini hakimiyyətlər tərəfindən boynuna qoyulduğu görəv idi. İrfan da həmin görəvi yüksək səviyyədə yerinə yetirə bildi. Klassik irfanın yaratdığı “Allaha vəsl metafizikası” , mahiyyət etibarı ilə ehkamçıların təriflədiyi ilə heç bir fərq etmir. Hər ikisində də Allah, sanki bir ölkə başçısı kimi cəza və mükafat sistemi olan, yuxarıdan hər şeyə nəzarət edən, mələklərin simasında əsgər və məmurlar ordusu olan və təşəkkürə möhtac olan bir varlıqdır. Hansı ki, ona çatmaq üçün A nöqtəsindən B nöqtəsinə qədər getməli və müəyyən məqam baxımından yüksəlişə nail olmalısan. Bu düşüncə tamamilə absurt bir düşüncədir. Qeyd etdiyim kimi Allah nə yuxarı, nə aşağı, nə də heç yerdə deyil, məhz hər yerdədir. Yəni insanın daxilində var olan Allah, vəhyini də, ilhamını da elə oradan göndərir. Mövlanə Allahın belə təsvir edir:

“Ey təqazagər dərun həmçon cənin!”

Yəni “ey o Allah (duaları icabət, qəbul edən) ki, bizim daxilimizdə cənin, hələ doğulmamış uşaq kimisən”. Bizim hər birimizin içində bir “təqazagər” var. Hansı ki, bizim dualarımız məhz onun vasitəsilə eşidilir. Və ya:

Ey ke dərune cane mən təlqine şeirəm mikoni,

Gər tən zənəm xamoş konəm, tərsəm ke fərman beşkənəm.

Yəni, “ey o Allah ki, mənim canımın içində mənə şeir öyrədirsən, qorxuram ki, şeir yazmasam sənin əmrini yerə salmış olaram” .

Allah öz vəhyini insanın daxilindən başqa bir yerdən insana göndərmir. Biz elə vəhy məkanının özüyük. Cəbrəilimiz əql, asimanımız nəfsimizdir.

Mən irfanı xoşbəxtlik quşu kimi hesab edirəm ki, dini hakimiyyətlərin, ehkamçıların zindanında öz azadlığını gözləyir. İrfani məfkurənin azadlığı isə bütöv ictimaiyyətimizin azadlığıdır desək, tamamilə doğru demişik.

“Müasir irfan nəzəriyyəsi” klassik sufi-ariflərin təriflədiyi yolu və mərhələlərin tərtibatını qətiyyən qəbul etmir. Müasir irfanın gedəcəyi yol, yəni salikinin gedəcəyi yol, ehtiyacdan deyil, mənadan yaranıb. Məqsəddə isə fəna deyil, məhz bəqa dayanır. Müasir irfan fərdin inziva və başqa fərdlərdən uzaqlaşmasına deyil, onun ictimailəşməsinə, digərləri ilə yaxınlaşmasına çalışır. Ona görə də tərtib etdiyim müasir irfan mərhələlərinin doğru olduğuna təkid edərək onları təqdim edirəm:

İrfani pillələr:

Birinci mərhələ: Nəzər etmək

İkinci mərhələ: Sülh etmək

Üçüncü mərhələ: İstedadları kəşf etmək

Dördüncü mərhələ: Xəlq etmək

Beşinci mərhələ: Həll etmək

Altıncı mərhələ: Bəqafillah

Yeddinci mərhələ: Şəhadət ya şahidlik.

Təklif etdiyim məqamlar:

Birinci məqam: Nazir

İkinci məqam: Saleh

Üçüncü məqam: Said

Dördüncü məqam: Xaliq

Beşinci məqam: Mühil

Altıncı məqam: Baqi

Yeddinci məqam: Şadid

Təklif etdiyim hallar:

Birinci hal: Mənzur

İkinci hal: Məsluh

Üçüncü hal: Müsaid

Dördüncü hal: Məxluq

Beşinci hal: Məhlul

Altıncı hal: Məqbu

Yeddinci hal: Məşhud

Təklif etdiyim kəramətlər:

Birinci kəramət: Münazirə

İkinci kəramət: Müsalihə

Üçüncü kəramət: Müsaidə

Dördüncü kəramət: Müxaliqə

Beşinci kəramət: Mühəllil

Altıncı kəramət: Mübaqiə

Yeddinci kəramət: Müşahidə

Mən “nəzər ” sözünü heç də təsadüfi şəkildə işlətmədim.

1-2:Nəzər, klassik ədəbiyyat, xüsusilə də klassik irfan ədəbiyyatında ayağını az qala şahidlik mərhələsinə çatdıran şair-ariflərin tez-tez işlətdiyi sirli sözdür. Hansı ki, bu sözü anlamaq, elə irfanın əsas istəyini anlamaq kimi təsir bağışlaya bilər. Cism gözü ilə dünyaya göz açan insan, həqiqətləri görmək üçün hər şeydən öncə görməyə, görə bilməyə və bir sözlə nəzər yetirməyə ehtiyacı var. Yəni, həqiqi irfanın birinci mərhələsi nəzərdir desək qətiyyən yanılmamışıq. Hafiz deyir:

Dər nəzərbaziye ma bixəbəran heyranənd,

Mən çeninəm ke nemudəm, degər işan danənd.

“Bizim nəzərbazimizdə (baxmaq, görmək və şahidlik etməyimizdə), yəni nəzər oyunumuzda, xəbərsizlər heyran (cavabsız) qalırlar, mən olduğum kimi özümü göstərdim, qalanını özləri bilərlər.”

Nəzər, Allahın “ümumi rəhmanlığı”nın göstəricisidir. Nəzər edə bilməyən, baxmaqdan əlavə görmə, müşahidə etmə qabiliyyəti olmayan heç bir göz, yəni heç bir insan, Allahın ümumi rəhmaniyyətindən istifadə edə bilməz. Allah öz rəhmanlığını nemətləri vasitəsilə bütün kainata yayıb və kəmiyyət-keyfiyyətindən asılı olmayaraq, heç bir fərq qoymadan öz mərhəmətini vücudların, varlıqların arasında bölüb. Bu rəhmanlıq hər şeydən öncə gözlə müşahidə olunur. Yəni salik hər şeydən öncə nəzər etmək qabiliyyətinə malik olmalıdır. Xəyyam deyir:

Bər mən beheşt ər be taət bəxşi,

İn mozd bovəd, lotfo ətaye to kojast?

“Ey Allah, cənnəti sənə etdiyim ibadətlərə görə mükafat kimi bağışlayırsan, bəs sənin öz mərhəmətin, lütfün hardadır”?

Əslində Xəyyam dolayı yolla buna işarə edir ki, cənnətdə əldə etdiyimiz nemətlər Allahın rəhmanlığı deyil, bəlkə bizim itaətkar bəndə olduğumuz üçün bizə verilən muzd və ya mükafatdır. Düzdür ki, Xəyyam rəhmanlığın harada və necə olduğuna dair heç bir işarə vermir, amma həqiqət buradadır ki, Allahın muzd və mükafatla yanaşı, böyük bir rəhmanlığı və rəhmanlığı əsasında nemətləri var ki, onları məhz bu dünyada əldə etmək mümkündür. “Lazəmanlıq”, “laməkanlıq” və “fənafillah”la deyil, məhz məkan, zaman və şahidliklə həmin nemətləri əldə etmək olar. “Post irfan” nəzəriyyəsi bu nemətlərin əldə edilə bilməsi yollarını saliklə öyrədir. Post irfan salikləri riyazət, dərvişlik, cismə ziyan yetirmək və bu kimi heç bir nəticəsiz yollara qarşıdır. Nəfsin təmiz saxlanması üçün cismə ziyan vurmaq ən yalnış yol hesab olunur. “Post irfan”da cism salikin həmrahı və köməkçisi kimi, onunla ta axıra qədər gedir. Ona görə də cismin zəifləməsi deyil, əksinə cismin daha da güclü və sağlam olmasına mütləq ehtiyac vardır. “Tərki dünyalıq”, özünü ac saxlamaq, nehilizm, və dünyanın puç olmasına işarə edən hər bir fikir və ya vasitə kənara qoyulur. Ruh və cism, yəni kəmiyyət və keyfiyyət bir tərəzinin iki tərəfi kimi hər zaman bərabər səviyyədə olmalıdırlar. Nə kəmiyyətin keyfiyyətə, nə də keyfiyyətin kəmiyyətə heç bir üstünlüyü yoxdur. Klasssik irfanın da problemi məhz buradadır. Problem oradan başlayır ki, biz mütləq keyfiyyətə sahib olmaq üçün hərəkət mahiyyətini tam şəkildə dərk etmədən hardansa haraya getmək üçün can atırıq. Bir çox hallarda da cismi tamamilə unudur, bütün axtarış gücümüzü ruh və təxəyyüllər əsasında qururuq.

Müşahidə edə bildiyimiz, görə bildiyimiz dünyanın hərəkət əsasında yaranmasını nəzərə alsaq, klassik ədəbiyyatın bu istəyini hardasa anlamaq olar. Ancaq belə bir sual ortaya çıxır ki, hər bir varlığın cismini yaradan hüceyrələrin içində, bir mərkəz ətrafında dövr edən elektronların hərəkəti hərəkət deyilmi? Elə həmin elektronların hərəkəti əsasında bizim və bütün varlıqların şəkli formalaşmırmı? Bəs həmin elektronlar bir anda hərəkətdən dayansalar bizim və dünyanın şəkli necə formada olacaq? Təsəvvür edin ki, əlinizdəki kitabı eyni mehvər ətrafına sürətlə fırladırsınız. Hərəkətin sürəti müəyyən həddə çatandan sonra artıq o kitab, kitab şəklindən çıxaraq dairə bir qara şəkil formasında görünəcək. O kitabın varlığı həqiqətdə olsa da, hərəkət halında tapdığı forma onun reallığıdır. Biz bir çox hallarda kitabın, yəni axtardığımız hər şeyin hərəkətdə olan halını görürük deyə, həmin vücudun həqiqətini də elə onda axtarırıq. Amma sizcə həqiqəti dürüst şəkildə bilmədikdə nəyinsə barəsində danışmaq doğrudurmu? Cavab təbiidir ki, “xeyr”dir. Hər şeydən öncə biz təyin etməliyik ki, kitab, yoxsa elektronların hərəkəti nəticəsində yaranan qara bulud və ya dairənin axtarışındayıq. Mövlanə deyir:

Yar dər xane və ma gerde cahan migərdim,

Ab dər kuze və ma teşne ləban migərdim.

“Yar evdədir, amma biz dünyanı onun axtarışında gəzirik, kuzəmizdə su var, amma biz bütün həyatımız boyunca susuz gəzirik”.

Və ya deyir:

“Dər dərune Kəbe rəsme qeble nist,

Çe ğəm ər ğəvva sra paçile nist?”.

“Kəbənin içində qiblə axtarmazlar, dalğıcın ayağında pəl olmasa da, bu, dalğıc üçün qəm və dərd deyil”.

Demək ki, hər şeyi aydın və dürüst görmək üçün boşu-boşuna fırlanmaqları dayandırmalı və bir an öncə özümzə dur deməliyik. Yenidən öz daxilimizə qayıtmalı və sıfırdan axtarışa başlamalıyıq. Ancaq bu dəfə “post irfan” təlimlərinə əsasən doğru və səhih yolla yürüməliyik. Ətraf mühitə həqiqətbin gözlə, yəni həqiqəti görə bilən gözlə nəzər yetirməli və daha sonra hara gedəcəyimizlə bağlı qərar verməliyik. Bir daha təkrar edirəm ki, hərəkətə qərar verdiyimiz təqdirdə kəmiyyətdən keyfiyyətə deyil, kəmiyyətiksə keyfiyyəti, keyfiyyətiksə kəmiyyəti özümüzə güzgüyə çevirməliyik. İrfanın daxilində baş verən hərəkətin mahiyyəti məhz budur və bundan başqa heç nə deyil. Məcnunun Leyliyə olan sevgisi Məcnunun özündən Leyliyə qədər hərəkət etməsi kimi başa düşülməməlidir. Əslində Məcnun Leylidən özünə güzgü yarada bilmiş və Leyli güzgüsünün içində şəhadətə doğru hərəkət etmişdir. Leylinin bütün hərəkətləri, zahiri görünüşü, insani keyfiyyətləri əslində Leylinin deyil, Məcnunun keyfiyyətləri idi.

Nizami Gəncəvi deyir:

“Ayene çon ruye to benmud rast,

Xod şekən ayine şekəstən xətast”

Yəni “güzgü sənin eybəcərliklərini əks edirsə, güzgünü sındırmaq problemi həll etmir. Özünü, içindəki həqiqətləri sındırmalı, dəyişməlisən”.

Şərq və Azərbaycanın ən böyük mütəfəkkir-şairi də təkid edir ki, bizim axtardığımız “yar”, əslində bizim özümüzü tanımaq yolunda tapa bildiyimiz, əldə edə bildiyimiz məna güzgüsüdür. Orada özümüzə baxır, tanıya, duya bilirik. Eyni zamanda biz də qarşı tərəf üçün güzgüyə çevrilməli, onun həqiqətlərini ona əks etdirməliyik. Yəni biz bir pulun iki tərəfi deyil, iki güzgünün qarşı-qarşıya gəlməsi kimi sonsuz və qiymətsiz bir dəyərlərin şahidinə çevrilməliyik. Həyatımızda bunu yaşaya və yaşada bilmiriksə, demək ki, Mövlanə demiş:

“Sirrini gər güzgün etmirsə əyan,

Bil ki, tozdur surəti sirri nihan.”

Yəni “güzgün həqiqətləri əks etdirmirsə, əmin ol ki, güzgün, yəni sənin gizli surətinin üzü və keyfiyyət tərəfi tozludur. “Birinci gərək daxilimizdəki güzgünü gərdü qubardan, yəni toz-torpaqdan təmizləyək, daha sonra həqiqətə uyğun yol ilə hərəkətimizə davam edək.

Klassik irfan bu toz-torpağı müəyyən riyazət və cismə vurulan ziyanlarla əldə etməyə çalışırdı. Məsələn, bildiyimiz kimi sufiliyin minbir tərifi var ki, hər biri ayrı-ayrılıqda doğru hesab elədiyi məcra ilə öz müridlərini məqsəd kimi ayarladığı nöqtəyə aparmağa çalışır. Kimisə arifliyi yun paltar geyinib dərvişlik etməkdə, kimisə qidadan imtina etməkdə, kimisə saçını dibdən kəsdirib qələndər olmaqda, kimisə evdən bayıra çımadan gecə-gündüz ibadət etməkdə və s. görürdü. Bu yolların hər biri saliki müəyyən yerlərə apara və çatdıra bilsə də, tam fərdi və şəxsi xarakter daşıdı və toplum bir şəkildə yaşayan insanların, yəni ictimaiyyətin heç bir dərdini dərman etmədi. “Post irfan” qətiyyən məzhəb və ya təriqət deyil, sadəcə insanlara öyrədir ki, ictimaiyyətdə həm özü, həm də qarşı-qarşıya gəldiyi hər bir insanın xoşbəxtliyi yolunda güzgüyə çevrilə bilsin.

Biz nə qədər fərd olsaq da, nə qədər tək, tənha və məhdud olsaq da, daxilimizdə daşıdığımız “təbiətin mütləq şüuru ” bizim ümumiləşməyimizə, yəni fərd qala-qala toplumun güzgüsünə çevrilməyə şərait yaradılır. “İsmi əzəm” və ya “bismillah əlrəhmani əlrəhim”də deyilən “əlrəhman” sözünün izahında dediyimiz “ümumi rəhmanlıq”dan istifadə edə bilmək də məhz bu zaman başlaya bilir. Yəni biz fərd olaraq ümumiləşə və ümumiləşdirə bildiksə, yəni “küll”ü təmsil və əks edə bilən biri ola bildiksə, Allahın təbiətə yaydığı bütün kəmiyyət və ya keyfiyyət xarakterli nemətlərindən istifadə edə biləcəyik. Məsələnin daha da rahat dərk edilməsi üçün bəzi xırda məsələlərə toxunmağı vacib hesab edirəm.

İrfan tarixinə, xüsusilə də İslam dinindən bu tərəfə cərəyan edən bəzi proseslərə nəzər salsaq görərik ki, irfani düşüncə müxtəlif dönəmlərdə müxtəlif hakimiyyət və ya təriqətlər tərəfindən müsadirə edilərək, ondan öz ideoloji maraqlarının yayılması və qorunması yolunda sui-istifadə ediblər. İrfan fərdi və şəxsi olduğu qədər də ictimai bir hadisədir. Ona görə də bəzi dini və ya məzhəbi hakimiyyətlər irfanın bu tərəfindən sui-istifadə edib, hər zaman kamilliyə meyilli olan fərd və ictimaiyyətlərin yeridiyi yolun sonunda “Qara dəliyə” çeviriblər. Bu “qara dəliyin” sonu və mahiyyəti görünmür, hiss və izah olunmur deyə, insanlar həmən “qara dəliyin” köləsi, ibadətçisi və onun yer üzündəki nümayəndəsinin itaətkarına çevrilirlər. Nəticə etibarilə də inkişaf və xoşbəxtlikdən uzaq, Allahın əsl mahiyyətini anlamayan, rəhman və rəhimliyin nə olduğunu bilməyən, nə öz, nə də birgə yaşadığı insanların haqqı və həqiqətinə agah olmayan toplum yaranır.

Allahın adı varmı?

Allah, adsızların adıdır. Hakimiyyətlər isə onun bu keyfiyyətindən sui-istifadə edərək ona ad qoşur, öz xeyrləri naminə müsadirə edirlər. Varlığı bütün kainata yayılan, özünü nişanə və nemətləri ilə tanıdan o müqəddəs zat, bir neçə ad və adresin daxilində məhsur (məhbus) olunur. Mövlanə deyir:

Dər bəharan zado mərgəş dər dey əst,

Pəşşe key danəd ke in bağ əz key əst”?

“Baharda doğulur və qışın birinci ayında da ölür. Ağcaqanad hardan bilsin ki, bu bağ nə vaxtdandır ki, var?”

İnsanların həyatları boyu təcrübə və öyrəndikləri, eyni zamanda ömürlərinin məhdudluğu onlara kainat barəsində bütöv bir həqiqətin dərkinə imkan vermir. Əslində bizim həqiqətimiz doğulduğumuz gündən başlayaraq öldüyümüz günə qədər bildiyimiz, öyrəndiyimiz həqiqətlərdir. Bəs necə olur ki, bizdən öncə və sonra baş verib və verəcək hadisələr barəsində bu qədər detallı iddialar edə bilirik? İddialarımızın doğru olduğuna dair bir sübutumuz varmı?

Bir divarın ortasına asılmış bir qapını təsəvvür edin ki, o divarlarla birlikdə bütöv bir otağın nə olduğunu formalaşdıra bilir, otağa mahiyyət və məna bağışlayır. Materialları və həyat fəlsəfələri tam fərqli olan bu divar və qapı, bir məqsədə köklənsələr də eyni tale, əhəmiyyət və mahiyyəti daşımırlar. Bəlkə heç birinin digərindən xəbəri belə yoxdur. Ancaq məsələ burasındadır ki, əgər bir gün o qapı dil açsa və ondan qapının nə olduğuna, otağın nə olduğuna dair sual soruşsaq, o bizim cavabımzı verə biləcəkmi? Qapı, divar və ya otaq olmaq tamamilə ayrı-ayrı hadisələrdir. Onların birləşməsindən otaq, otaqların birləşməsindən ev yaransa da, öz dünyalarında hansısa bir vəhdətə xidmət etsələr də, bu təkcə onların vəhdətə olan meylinin göstəricisi deyil, bəlkə daxili keyfiyyət və istedadlarının nəticəsidir. Məsələn, daşda divar olmaq, ağacda qapı olmaq istedadı var. O ev isə onların istedadının məhsuludur. Yəni bu ki, biz Əttari Neyşaburinin “Simurq” əfsanəsi, yəni otuz müxtəlif toyuğun bir araya gəlib vəhdətə çatmasını bura qədər bizə yalnış məna ediblər. Vəhdət əslində heç də müxtəlif toyuqların birləşməsindən əmələ gəlmir.

Kimya və fizik elmləri, hətta sosiologiya elmi bizə öyrətdi ki, bir-biri ilə birləşməyən bir çox maddə və mədəniyyətlər var ki, onları birləşdirmək mümkün deyil. Demək ki, vəhdət dediyimiz əsl, eynicinsli, eyni ruhlu, eyni taleli və eyni doğum və ölüm mahiyyətini daşıyanlar arasında məna ola bilər. Ağcaqanadın insanla vəhdəti insanla insan arasındakı vəhdətə deyil, insanla təbiət arasındakı vəhdətə xidmət edir. Ancaq heç birinin vəhdəti digərinə aid edilə bilməz. Biz, vəhdəti öz güzgülərimizdə axtarmağa başlamalı və daha sonra istedadımızın yardımı ilə bütöv bir xoşbəxt mənzərəni yaratmalıyıq. İmam Məhəmməd Qəzzali deyir: “Mən Allahı vəhdət dili ilə vəsf edirəm” sözü belə ikilik və ziddiyyətə düçardır. Ona görə ki, “mən” və “Allah” sözləri bir-birinin ziddiyyətindədirlər. Mən olan yerdə Allah və Allah olan yerdə mən ola bilməz.

Mövlanə deyir:

Zin vəsiyyət kərd mara Mostəfa,

Bəhs kəm cuid dər zate xoda.

Anke dər zatəş təkəffor kərd nist,

Dər həqiqət an nəzər dər zat nist”.

“Məhəmməd peyğəmbər Allahın zatı barəsində axtarış və mübahisə etməməyə çağırırdı. Ona görə ki, zat və bu kimi şeylərə ehtiyacı olmayan, zatı dərkimizin dairəsində yerləşməyən bir şeyin zatını axtarmaq, onun haqqında düşünmək yalnışdır”.

Mövlanənin məqsədi budur ki:

Abe dərya ra əgər nətvan keşid,

Həm be qədre teşnegi bayəd çeşid”.

Yəni “dənizin suyunun hamısını özününküləşdirə, dərk edə və duya bilməsən də öz susuzluğun qədər dada və duya bilərsən”.

Biz, özümüzə “mən” olmaq haqqını tanıyaraq “O”nun axtarışındayıq, bu isə qapının ev axtarışında olması kimi bir şeydir. Biz evin qapısıyıq, nə divarı nə pəncərəsi, nə də özü deyilik, ola da bilmərik. Axtarışlarımızı həqiqi və məcazi imkanlarımızın əsasında formalaşdırmalı və bacarsaq imkanlarımızın çərçivəsini genişləndirməliyik. Bu isə müasir dövrdə birmənalı olaraq insanları fərdlikdən uzaq olmaqla yanaşı, daha da ictimailəşdirməyə, ümumi xoşbəxtliyə nail olmağa aparır ki, onu “post insan”ın nümunəsi kimi də göstərmək olar. Müasir irfan və ya “post irfan” ,yəni şəxsi və ümumi arzuların şəxsə və ümumi imkanlara bölünə bilməsi. “Post irfan”ın yaratdığı “post insan” qətiyyən bədbəxt və tənha ola bilməz. Olsa da bu onun imkansızlıqdan deyil, öz seçimi sayəsində mümkün ola bilər. “Post irfan”ın yaratdığı “Post cəmiyyət” isə fərdlərin “şüuri-küll”ü, yəni ümumictimai (istər psixoloji, istərsə də maddi) rifahıdır.

Əqli elm yoxsa eşqi-irfan?

Unutmayaq ki, müasir dövrdə insan azadlığı və rifahını təmin edən sahə nə məzhəb, nə təsəvvüf, nə də klassik irfan oldu. Əslində bu elm idi ki, teyyül-ərz, laməkan və lazəmanlıq kimi irfani iddia və arzuları texnologiya vasitəsi ilə reallığa çevirdi. Demək ki, müasir ariflər yazının əvvəlində apardığım bölgüyə əsasən irfanı məzhəblə deyil, elm ilə paralel görə bilməlidirlər. Müasir insanın isə hər şeydən öncə öz istedadının kəşf və fərdi-ictimai vəhdəti yolunda istifadə etməlidir. Arif və ya ədəbiyyatçıların dediyi kimi eşq, insanı xoşbəxt etmirsə o irfan ya eşq deyil, iblis və köləlik yoludur. Müqəddəs Quran və Peyğəmbərimizin, habelə Nizami, Mövlanə kimi mütəfəkkir-ariflərimizin də dediyi kimi, insanın ən böyük ibadəti Allahın nemətlərindən istifadə, şükr etməli digərlərinin də istifadəsini təmin etməlidir. Əslində iman və küfrün ayrılma nöqtəsi də elə bu nöqtədir. Özü və ictimaiyyətin rifahı və xoşbəxtliyi yolunda mərifət və imkanlara sahib olan, çalışan şəxs imanlı və bu əsllərə riayət etməyən şəxs kafirdir. Sədi Şirazi deyir:

Əbro bado məho xorşido fəlkə dər karənd,

Ta to nani be kəf ari və be ğəflət nəxori.

“Bulud, yel, ay, günəş və fələk bütün günü çalışırlar ki, sən bir tikə çörək qazanıb, onu qəflətlə yeməyəsən”. Yəni Sədinin təbiri ilə desək, nə və necə yediyinin mahiyyətini anlayaraq yemək, yəni şahidlik və təsdiq mərhələsinə çatmaq bəlkə də bütün həyatın fəlsəfəsini ehtiva edir.

Dini təbirlə desək, müqəddəs Quran da “Bismillah”, yəni adı olmayan, zatı zatımızdan olmayan Allahın adı ilə başlayır, “Sədəqallah”, yəni “şəhadət mərhələsinə çatın və təsdiq edin” ilə bitir. Halbu ki, bir çox rəvayətlərə görə nə “bismillah”, nə də “sədəqəllah” Quranın surələrinin daxilində işlənsələr də ayrı- ayrılıqda Quran ayələri hesab edilmirlər.

İttihad, ittifaq və bu kimi sözlər vəhdət sözü ilə tamamilə fərqli mənalara sahibdirlər. Əttari Neyşaburi deyir:

“Holul və ettehad anja məhal əst,

Ke dər vəhdət doi eyne zelal əst.

Holulo ettehad əz qeyr xizəd,

Vəli vəhdət həme əz xiş xizəd”.

Hülul və ittifaq Allahın nəzdində mümkün deyil. Ona görə ki, vəhdət məsələsində iki qeyri-cinsin birləşməsi qeyri-mümkün. Hülul və ittifaq ayrı-ayrı varlıqlarda baş verə bilər, amma vəhdəti hər şeyin özü və öz zatı məna edə bilər. Əttar da təkid edir ki, bizim vəhdətə, yəni “fənafillah”a çatmağımız mümkün deyildir. Allahın zatı özünə məxsusdur və “O” zata qeyri bir zat birləşə bilməz. Bizim, yəni bütün varlıqların o cümlədən insanın öz eynicinsləri ilə vəhdətə deyil, ittihad və ittifaqa ehtiyacı var. Bir aşiq və məşuqu nəzərə alın ki, birlikdə bir eşqi yarada və məna edə bilirlər, amma bu vəhdətlərində ikilik, yəni iki “mən”in birləşməsi, iki surət vardır. Hansı ki, biri naz və digəri niyazın surətidir. Birində istək (cazibə), digərində isə müdafiə (dafiə) var. Demək ki, iki surətin hər biri ayrı-ayrılıqda düşüncə və təfəkkürə malikdirlər. Yəni onların birləşməsi vəhdət deyil, ittihad və ya ittifaq kimi məna olunmalıdır.

Niyə “Mütərəqqi irfan”?

“Mütərəqqi irfan” salik və insanlara öyrədir ki, başqa varlıqlarla qarşılaşdıqda surət kimi deyil, güzgü kimi olsunlar. Hansı ki, surət deyil, amma daxilindəki surət vasitəsilə bir çox həqiqətlərə nail olmaq mümkündür. Hansı həqiqətlər ki, insanı fərddən başlayaraq ictimai xoşbəxtliyə qədər yüksəltmək qabiliyyətinə malikdir.

Xoşbəxtlik və səadət ümumi, bəzən anlaşılmaz və nisbi bir məfhumlar olsalar da onlara “post irfan”la çatmaq mümkündür. Bu imkanı isə “post irfan” ın “sülh” pilləsi bizə tanıya və yarada bilir. Sülhün nə və nə dərəcədə əhəmiyyətli olduğunu anlamaq üçün izah etməyə tamamilə ehtiyac vardır. Sual oluna bilər ki, bəs haqqında danışdığımız sülhün məna və izahı nədir?

İrfan “saleh” olmaq, yəni heç bir şey ilə ziddiyyətdə olmamağın axtarışındadır. Ziddiyyət, irfanın gözündə zəhərli bir məfhumdur ki, salikin yalnış və xəta dolu düşüncəsi vasitəsilə onun ürəyinə, yəni Allahın var olduğu məkana iblisi daxil edir. Ona görə də salik gərək hər şeydən öncə “sülh”də, yəni paradokslardan uzaqda olsun.

1-2: Sülh dörd mərhələyə bölünür:

2-1-Allahla sülh etmək:

Allahla sülh etmək ən rahat və real sülh mərhələsidir. Allahın məskəni insanın ürəyidirsə, bütün dünya Onun nəfəsi və ruhu ilə idarə olunursa, demək ki, Ona, yəni Allaha vəsl olmaq çox rahatdır. Allaha çatmaq üçün müəyyən dini və ya şəriət maneələri yaradanlar əslində iblisə xidmət edirlər. Ona görə ki, həmin şəriət maneələri möminin ürəyində müəyyən ziddiyyətlərə səbəb olur ki, bu da öz-özlüyündə ürəyi Allahın deyil, şəkk və şübhələrin məkanına, yəni iblisin məkanına çevirir. Quran insanların ürəyinə işarə edərək deyir: “və fi qolubehom mərəzon”, yəni “münafiqlərin ürəyində mərəz ya xəstəlik var”. Bu ayədən belə başa düşülür ki, Allahın özü də möminləri “ürək xəstəliyi” deyilən və ziddiyyətlərin məhsulu olan bu xəstəlik növündən uzaq durmağa çağırıb. Demək ki, salik öz yolu qarşısında maneə yarada bilən hər növ paradokslardan uzaq durmalı, birbaşa öz Allahı ilə dialoqa girməli və sülh yaratmalıdır.

2-Kainatla (cahani-həsti) sülh etmək:

Kainat, Allahın yazılmamış (kitabət olunmamış) amma gözlə sübut olan, müşahidə edilə bilən ayələridirlər. Bu ayələr “kitab-ı mübin”, yəni “aşikar ayələr”dilər ki, bir çox hallarda biz onlarla ziddiyyətdə oluruq. Kainatın dilini bilmir, onu öz düşüncəmiz etibarı ilə dərk edirik deyə, səhv başa düşürük. Kainatda baş verən hadisələrin hikməti və mahiyyətinə vara bilmirik deyə, onunla mübarizə etməyə başlayırıq. Bizimlə mübarizə etmək kainatın qanununa uyğun deyil. Ona görə ki, biz özümüz də həmin kainatın bir parçası kimi onun əleyhinə deyil, lehinə hərəkət etməliyik. Yəni, biz də kainatın bir hissəsi və üzvü kimi eyni məbdə və məqsədə xidmət edirik. Kainat bizdən mübarizə deyil, müşahidə və idrak tələb edir. Bu idraka çatmaq isə olduqca asandır. Gözəl bir təbiətin qarşısında dayanarkən heç bir maneəsiz onunla əlaqəyə girə bilirsiniz. O gözəl təbiət sizə gözəllik və sonsuzluq, siz isə ona idrak bəxş edirsiniz. Bu “al-veri”in kökündə də qarşılıqsızlıq və İlahi rəhmanlıq vardır.

3-Fərdin özü ilə sülh etməsi:

Fərdin özü ilə barışması onun daxili istedadlarının üzə çıxmasına səbəb olur ki, bu da dini nöqteyi-nəzərdən “ilahiyyat” və ya “xudaşünaslıq”, yəni Allahı tanımağın ən vacib mərhələsidir. Özü ilə sülh etmək, özünə düşgün olmaq və heyvani xüsusiyyətlərə əsaslanaraq məğrur olmaq demək deyil. Əksinə fərd bu mərhələdə ehtiyacları əsasında qazandığı bütün xüsusiyyətlərdən imtina edir və daxilində daşıdığı, amma bura qədər ziddiyyətlərin kölgəsi altında gizli qalan ilahi xüsusiyyətlərini dərk edir və onlarla birlikdə özünü yenidən yaradır. Mövlanə Cəlaləddinin Məsnəvi kitabının “Neynamə” adlanan ilk 18 beyti məhz bu məsələyə xidmət edir. Yəni fərdin özünə qayıtması, özünü tanıması və daha sonra cəmin və ya cəmiyyətin ağuşuna dönməsi.

4-Digər insanlarla sülh etmək:

Bu mərhələ istər irfan-fəlsəfə, istərsə də sosioloji baxımdan olduqca vacib mərhələdir. Günü-gündən ictimailəşən insanları birləşdirən, daha da sıx şəkildə bir araya gətirən və eyni zamanda onları bir və bərabər şəkildə eyni məqsədə tərəf apara bilən yeni bir vasitəyə ehtiyac vardır. Qeyd etdiyim kimi, irfan fərdi olduğu qədər də ictimai hadisədir. Biz, ictimaiyyətin ümumi xoşbəxtliyi naminə gördüyümüz işləri başqa fərdlərlə ziddiyyətdə olduğumuz halda məqsədə çatdıra bilmərik. Ona görə də mütləq şəkildə hər kəslə sülh etməli və ümumi bir harmoniyanı yarada bilməliyik.

“Qurani-Kərim”də belə bir ayə var: “Mən ləm yəşkorolməxluq, ləm yəşkorol xaliq”. Yəni “bəndədən təşəkkür etməyən kəs, Allaha naşükür olmuş kimidir”. Demək ki, biz hər şeydən öncə ətrafımızda olan fərdlərə təşəkkür etməyi bacarmalıyıq. Yalnız ondan sonradır ki, Allaha şükr etmək mərhələsinə qalxa bilərik. Bu isə o mənaya gəlir ki, əslində ibadət, xoşbəxtlik, cənnət və hətta ilahi varlığın mənası elə xalqa xidmət etməyin içindədir. Bizdən yalnız özümüzün nicatımızla bağlı deyil, həm də digər insanların nicatı ilə bağlı da suallar verəcəklər. Məsələn soruşa bilərlər ki, sən özünü nicat verdin, amma bacını, qardaşını, ata-ananı, dostunu da nicata çağırdın, nicat verdinmi? Sədi Şirazi özünün “Gülüstan” kitabının “Əxlaqi dərvişan” bölümündə belə yazır:

“Sahebdeli be mədrəse aməd ze xaneqah,

Beşkəst əhde söhbəte əhle təriq ra.

Qoftəş miyane alemo abed çe fərq bud,

Ta extiyar kərdi əz an in fəriq ra?

Qoft: an gelime xiş be dər mibərəd ze moc,

İn cəhd mikonəd ke rəhanəd qəriq ra”.

Sədi qeyd edir ki: “bir sahibdil və ya dərviş gördüm ki, dərvişlərin yığışdığı xanigahı tərk edir və məktəbə tərəf gedir. Soruşdum ki, xanigah ilə məktəbin nə fərqi var idi ki, sən məktəbi seçdin. Cavab verdi ki, xanigahda yalnız özünü nicat verə bilirsən, amma məktəbdə bütün batanları nicat vermək olar”.

Dostluq da ibadət kimi iki mərhələyə bölünür:

1-Nəzəri və ya sözdə dostluq:

Bu növ dostluq yalnız şirin sözlərin məhsuludur. Yəni zahirən biri-birimizə “səni sevirəm, dərdindən ölürəm, səndən ötrü ölərəm, sənə qurban olaram” kimi sözləri desək də, bu yalnız sözdə məna edilə bilir və əmələ gəldikdə həmin sözlərin arxasında dura bilmirik. “Nəzəri ibadət” də belədir. Bütün günü şükr və namaz qılmaq, namazın sözlərini demək ibadətin yalnız balaca bir hissəsini təşkil edir. Bu növ ibadət və ya dostluq çox asandır və demək olar ki, bizim hər birimiz hər gün müxtəlif insanların dilindən bu növ söz və münasibətin şahidi oluruq. Ancaq sual oluna bilər ki, doğurdan da insanlar zahirən bu qədər bir-birini sevir, hörmət edirlərsə bəs dünyada baş verən bu qədər müharibələrin səbəbi nədir? Niyə bir-birimizlə dost ola bilmirik?

2-Əməli və ya praktik dostluq

Azanda hər gün eşitdiyimiz “həyyə əlas səlat” yəni “namaz qılmağa tələsin”, “həyyə ələf fəlah”, yəni “pak olmağa tələsin” ayələrinin arxasında belə bir ayə ilə üzləşirik: “həyyə əla xeyril əməl”, yəni “xeyir əməllərə tələsin”. Bax, məsələ də elə burasındadır. Əməli və ya praktik dostluq və ya ibadət xeyir əməllə bitməsə demək ki, heç bir fayda və məfhumu olmamışdır. Bizim etdiklərimiz məqsədimizdən asılı olmayaraq düşündüklərimizin məhsuludur. Demək ki, nə düşündüyümüz deyil, necə etdiyimiz əhəmiyyət kəsb edir. Sözdə “qurban” olduğumuz dostlarımızın böyük əksəriyyətini unutduğumuz kimi, “aləmi bala” ya “Allahın dərgahı” da bizləri çoxdandır ki, unudub. Biz isə bəndələri unudan bir sözdə mömin kimi əlimizi duaya qaldırır, Allahın dərgahından nəisə xahiş edirik. Halbu ki, unutduğumuz kimi unudulduğumuzdan xəbərsizik. Allah keyfiyyəti mütləqdir. Mütləq keyfiyyətə yalnız və yalnız praktika və ya əməl vasitəsilə çata bilərik. Düşündüyümüz, arzu etdiyimiz bir çox şeyləri əldə edə bilmərik. Ona görə də kamilliyə çatmaq üçün düşüncəmizi əməlimizə deyil, əməllərimizi düşüncələrimizə yaxınlatmağa cəhd göstərməliyik. Arzuları imkanların səviyyəsinə endirməkdənsə, imkanlarımızı arzularımızın səviyyəsinə qaldırmalıyıq.

Sual oluna bilər ki, “heç bir şeyə ehtiyacı olmayan ehtiyacsız Allaha necə xidmət etmək olar? Cavab isə çox sadədir, biz Allahın xəlq elədiklərinin, təcəlliyyatının xidmətində olsaq, elə Allaha xidmət etmiş olarıq. “Aləmi bala”nın bizim ibadətimizə heç bir ehtiyacı yoxdur. O, nemət və ehtiyacı öz bəndələri üçün yaradıbdır ki, istifadə edib, bir-birinə xeyir verib, şükr etsinlər. Allahın nəzdində alim və şakir ən uca məqamdadırlar. Allahla möminin arasındakı bağların möhkəm olmasının zəmanəti məhz bəndələri ilə ilahi xüsusiyyətlə davranmasındadır.

Sədi Şirazi deyir:

“Ebadət be coz xedməte xəlq nist,

Be təsbiho, səccade və dəlq nist”.

Yəni İbadət təsbeh, səccadə və dəlğək oyunları ilə ölçülmür. İbadət, xalqa xidmət etməkdən başqa bir şey deyildir.

Həyatın keyfiyyət və ya irfani pilləsində sülhə çatmaq “nəzəri ibadət” və ya dostluqla mümkün deyildir. İrfan özü-özlüyündə keyfiyyətdir, ona görə də dünyada olan bütün əşya və ya məfhumların məhz keyfiyyət tərəfi ilə uyğunlaşa bilir. Klassik irfan da elə bu tərifə əsasən hərəkət etmişdir. Ancaq unutmaq lazım deyil ki, keyfiyyət dünyasında Mövlanənin də sevmədiyi “istidlal” və ya məntiq yoxdur deyə, heç bir şey, o cümlədən iblis belə müsbət xarakter daşıya bilər. Yəni ziddiyyətlər, aşiq və məşuq kimi bir-birinin lazım və məlzumdular deyə, nə bir-birindən ayrıla, nə də inkar edə bilərlər. Ona görə də mənim yazdığım “müasir irfan nəzəriyyəsi”ndə sülh deyiləndə insanların gözündə zahirən mənfi olan hər şey ilə sülh etmək nəzərdə tutulur.

Azərbaycanın böyük həkim-şairi Nizami Gəncəvi “Leyli və Məcnun” da Leylinin dilindən xəlifəyə belə deyir:

Dideye Məcnun əgər budi to ra,

Comle aləm bixətər budi to ra.

Yəni, “ey xəlifə, sən də Məcnun gözü ilə mənə baxsaydın, bütün dünyanı xətərsiz, təhlükəsiz və gözəl bilər, sevərdin”.

Nizami Leylinin dili ilə hər kəsə demək istəyir ki, eşq və ya keyfiyyət dünyasında heç bir ziddiyyətə yer yoxdur deyə hər şey gözəldir. “Cəmali yar” və ya yarın surəti (siması) elə onun surəti, yəni zatı ilə eynidir. Keyfiyyət dünyası bütün ziddiyyətlərin sülh etdiyi və ittifaq yaratdığı dünyadır. İnsan və daha sonra cəmiyyətlərin problemi oradan başlayır ki, fərd özü və ətraf mühitində olan əşya və ya hadisələrlə halal-haram, pis-yaxşı, ağ-qara və s. kimi ziddiyyətlərin müharibəsinə girir. Bu müharibə, fərdin hansı düşüncə tərzinə sahib olmasından asılı olaraq həmin fərdi cinayətə, təriqətçiliyə, radikalizmə və sonunda da dünyada hər zaman cərəyan edən beynəlxalq müharibələrə aparıb, çıxarır. Bizim nəzəriyyə fərddən başlayaraq ictimaiyyətdə olan ziddiyyətlərin aradan qaldırılmasına və ümumbəşəri sülhə xidmət edir.

Bəs sual oluna bilər ki, sülh bizə nə vəd edir? Ziddiyyətlər aradan qaldırılandan sonra nə baş verəcək?

İstedad, hansısa bir əməlin edilməsi üçün fərdin daxilində müsaid zəminin olmasıdır. Bu müsaid zəmin ola bilər ki, müxtəlif fərdlərdə müxtəlif formalarda özünü büruzə versin. Əşyalar da insanlar kimi istedada sahibdilər. İstər canlı, istərsə də cansız varlıqların istedadı başqa bir istedadla birləşdikdə özünü göstərə bilir. Məsələn, ağac insan istedadı ilə birləşdikdə qələm, kağız və s. çevrilə bilir. İnsan istedadı ağacın istedadı olan qələm və kağızla birləşdikcə kitaba çevrilir. Canlı və ya cansızların istedadları arasındakı fərq bundan ibarətdir ki, insanların istedadı, həmin insanın “özünükəşf”inin məhsuludur. Bu özünükəşfə sahiblənmək üçün görən göz və sülhə ehtiyacı vardır. Ancaq cansızların istedadı özünükəşfin məhsulu deyil, təbii hadisədir. Cansızların istedadı yalnız kainatla sülh etməklə əldə edilə bilər. İnsan həyatı cansızların istedadı nəticəsində yaranmışdır desək, qətiyyən yanılmarıq. Yaşadığımız evlər, sürdüyümüz maşınlar, istifadə etdiyimiz əşyalar, geyindiyimiz paltarlar hamısı cansızların istedadının məhsuludur ki, insanların istedadı ilə ittifaqın nəticəsində yaradılıb.

İstedad, sülhün məhsuludur. Mən “müharibələr insanların istedadını üzə çıxarır” sözü ilə qətiyyən razı deyiləm. Müharibələr yaradıcı deyil, dağıdıcı bir hadisədir. Ümumiyyətlə, mən ziddiyyətlərin olmasına qətiyyən inanmıram. Bizim ziddiyyət kimi təqdim etdiyimiz antonim sözlər eyni məfhumun dərki üçün köməkçi vasitələrdilər. Bizim problemimiz oradan başlayır ki, məqsədə, mahiyyətə deyil, haşiyəyə xidmət edir, öz gücümüzü sərf edir, sonda da nihilizmə, boşluğa düçar oluruq. Gecə-gündüz ilə ziddiyyət təşkil etmir, bəlkə hər ikisi həyatın davam etdirilməsi üçün cərəyan edirlər. Əsrlər boyu bizə ziddiyyətlər kimi təqdim edilən anlamlar əslində bizimlə dost pillələrdilər ki, onların vasitəsilə öz istedadımızı kəşf edə bilərdik. Problem oradan başlayır ki, biz “çəşme bimar”, yəni xəstə gözlə ətraf mühitə baxır, həqiqətləri görmürük.

Mövlanə deyir:

Eyb dani əz çe xizəd?

Xizəd əz çəşme məlul.

Yəni “bilirsənmi eyib nədən başlayır? Eyb məlalətə, narahatlığa, xəstəliyə düçar olan gözdən başlayır”.

Sülh salikə kömək edir ki, həm özü, həm də ətrafında olan hər şeyin istedadını kəşf edə bilsin. Daşın istedadını kəşf edə, ondan özünə ev qura bilsin. Küçədə yerə düşən adi daş, dəmir, plastik parçasına təpik vurmaqdansa, onlara ev olan bilən bir istedad mərkəzi kimi baxsın. Salikin kəşf edə biləcəyi ən mühim istedad ölümdür. Yəni biz ölümün istedadını kəşf edə bilsək, ölümün bizə nə verə biləcəyini fəhm edə bilsək, demək ki, bütün həqiqəti anlaya bilmişik.

Ölüm nədir?

Mövlanə deyir:

Əz cəmadi mordəmo nami şodəm,

Vəz nəma mordəm be heyvan dəm zədəm.

Mordəm əz heyvani o adəm şodəm,

Pəs çe tərsəm, key ze mordən kəm şodəm?

Həmleye digər bemirəm əz bəşər,

Ba bərarəm əz məlayek balo pər.

Əz məlek həm bayədəm costən ze cu,

“kolli şərün halik illa vəchəhu”*.

Bare digər əz məlek qorban şəvəm,

Ançe əndər vəhm nayəd an şəvəm.

Pəs ədəm gərdəm, ədəm çoc ərğəvun,

Quyədəm “inna iləyhe raciun”.

Yəni: “Cansız bir varlıq idim, öldüm və özümə bir ad qazandım. Adlı bir varlıq olaraq da şlüb heyvan olmağı bacardım. Heyvanlıqdan da öləndən sonra insan oldum. Ölüm məndən nəyisə azaltmır deyə, niyə ölümdən qorxmalıyam? Bir başqa hücumla insan olmaqdan da öləcəm ki, mələklər kimi qanad aça bilim. Mələk olandan sonra da gərək axtarışa davam edim, ona görə ki, dünyada gördüyünüz hər şey onun simasının bir əksidir. Mələklikdən də öləcəm ki, gümana, xəyala sığmayan bir varlıq olum. Ədəm olacam, yoxluğa çevriləcəm ki, hər şey mənə tərəf geri qayıda bilsin!”.

Mövlanəyə inansaq, əslində ölüm deyilən bir həqiqət yoxdur. Yəni özümüzə düzəltdiyimiz bu qorxunc hadisə, yəni ölüm, seyri-təbii təbiət və ya Həqiqət (təkamül) yolunda cisimlərin bir formadan başqa formaya keçməsidir. Salik bu gözəl həqiqəti anlayandan sonra ölümə fəna kimi deyil, bəqa kimi baxır, hətta onunla dialoqa belə keçə bilir.

Allahın dünyanı yaratmaqda məqsədi nə idi?

Bu sual bütün din, fəlsəfə və şairlərin zehnini məşğul edən sualdır. Dinlər bu suala Quranın “Əlzariyyat” surəsinin 54-cü ayəsi ilə cavab verirlər. Bu surə deyir ki:

“Və ma xələqtül insi vəlcinni ella liyəbudun”. Yəni “mən insan və cinləri mənə ibadət etdiklərinə görə yaratdım”.

Bu ayədən belə çıxır ki, Allah qərəz və məntiq sahibidir. Yəni insan kimi düşünür, qərar verir və öz məqsədinə çatmaq naminə addımlar atır, yaradır. Bu yalnış düşüncə o yerdən başlayır ki, biz insanlar Allahımızı da özümüzə yuğun bir şəkildə, yəni kamil bir insan formasında görmək istəmişik. İnsanların Allahı, bütün insani xüsusiyyətləri özündə daşıyan, məntiq və məqsədi olan, hökmlərinin icrası üçün müəyyən məmurları göndərən və cəza-mükafat sistemi olan bir varlıqdır. Bu Allah, kainatın Allahı deyil, məhz insanların Allahıdır. Ona görə də bütün kainatı xəlq edən Allah kimi qəbul edilə bilməz. İnsanlar yaşadıqları mühitlərdən, ehtiyac və arzulardan asılı olaraq müxtəlif Allahlara sahibdilər ki, hər biri həmin insan kütləsinin ən yüksək və ali saydığı zirvəyə layiqdirlər. Təsəvvür edin ki, bir aslan və ya bir bəbir özünə Allah yaratsa, həmin Allah necə formada ola bilər. Yəqin ki, həmin aslan və ya bəbirin arzuladığı ən güclü və kamil aslan və ya bəbir formasında özünü zühura verəcəkdir.

Image result for sayman aruz

# 3637 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #